Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2143/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X5 ibarət tərkibdə, Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin ləğvedicisi «X1 Company» MMC Cavabdeh qarşı kredit borcunun və faizlərin tutulması tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli, 2(005)-6136/2015 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin ləğvedicisi «X1 Company» MMC Cavabdeh qarşı kredit borcunun və faizlərin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış 24 iyun 2011-ci il tarixli, 276 saylı kredit müqaviləsinə xitam verilməsi, kredit müqaviləsinə əsasən əsas borc üzrə 61.000 (altmış bir min) ABŞ dolları, normal faiz borcu üzrə 49.643,58 (qırx doqquz min altı yüz qırx üç 58) ABŞ dolları, cərimə məbləği üzrə 26.367 (iyirmi altı min üç yüz altmış yeddi) ABŞ dolları, cəmi 137.010,58 (bir yüz otuz yeddi min on dollar 58) ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin ,xx.xx.2015-c il tarixli, 2-1(81)-3854/2015 saylı Qərarı ilə "xxxx" ASC-nin ləğv edilməsi, "xxxx" ASC-nin ləğvedicisi qismində “X3 Company” MMC-nin təyin edilməsi qərara alınmşdır. "xxxx" ASC ilə Cavabdeh arasında 24 iyun 2011-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən ona illik 19 (on doqquz) faiz ödənilməsi şərti ilə 6 (altı) ay müddətinə istehlak məqsədi üçün 61.000 (altımış bir min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh ilə gəlinmiş razılığa əsasən xx.xx.2011-ci il tarixli, KM/FŞ 276 saylı müqaviləyə 1 saylı əlavə sazişə əsasən həmin kreditin ödəmə müddəti 12 (on iki) ay müddətinə, xx.xx.2011-ci il tarixli, KM/FŞ 276 saylı müqaviləyə 2 saylı əlavə sazişə əsasən isə həmin kreditin ödəmə müddəti 24 (iyirmi dörd) ay müddətinə uzadılmışdır. Bütün bunlara baxmayaraq borclu şəxs, hazırki iş üzrə Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində də cavabdehin Banka olan əsas borc üzrə 61.000 ABŞ dolları, faiz borcu üzrə 49.643,58 ABŞ dolları, cərimə məbləği üzrə 26.367.00 ABŞ dolları, cəmi 137.010,58 ABŞ dolları məbləğində borcu qalmışdır. 24 iyun 2011-ci il tarixli, 276 saylı kredit müqaviləsinin 4.1.4-cü bəndinin tələbinə görə kreditorun müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş zərərin əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi, gecikdirildiyi bütün hallar üçün cavabdehdir və kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə Cavabdeh xəbərdarlıq edilməsinə və ona bildiriş göndərilməsinə baxmayaraq, bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli, 2(005)- 6136/2015 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 61.000 ABŞ dolları əsas borc, 23.280 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları dəbbə pulu, cəmi 89.280 (səksən doqquz min iki yüz səksən) ABŞ dolları məbləğində borc qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu nun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki işin materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, qətnamədən verilən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə tərəflərə göndərilməsi üçün 29 dekabr 2015-ci il tarixində poçt orqanına təqdim olunmuş, cavabdehin ünvanına göndərilən qətnamə “qapı bağlı” əsası ilə geri qaytarılmışdır. Məhkəmənin qətnaməsi icra edilməsi üçün 19 fevral 2015-ci il tarixdə Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir. Daha sonra ləğv prosesində olan "xxxx" ASC məhkəməyə və icra şöbəsinə ərizə ünvanlayaraq kredit borcunun ödənilməsi ilə əlaqədar Cavabdeh ilə gəlinmiş razılığı nəzərə alıb, “İcra haqqında” AR qanununun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə geri qaytarılması üçün qanuna müvafiq göstəriş verilməsini xahiş etmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin məktubuna əsasən Nərimanov Rayon İcra şöbəsi tərəfindən icra vərəqəsi icrasız geri qaytarılmışdır. 16 noyabr 2017-ci il tarixdə ləğv prosesində olan "xxxx" ASC yenidən Nərimanov Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, borclu razılaşmanın şərtlərini pozduğu üçün icra vərəqəsinin yenidən icraya yönəldilməsi zərurəti yaranmışdır, odur ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-6136/2015 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin ərizəsinə əsasən 23 noyabr 2017-ci il tarixdə Nərimanov Rayon Məhkəməsi tərəfindən icra vərəqəsi təkrar icra olunması üçün Nərimanov Rayon Şöbəsinə göndərilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh məhkəməyə ərizəyə ünvanlayaraq qətnamənin ona rəsmi qaydada təqdim edilmədiyini, belə bir məhkəmə prosesinin mövcudluğundan Nərimanov Rayon İcra və Probasiya şöbəsindən xəbər tutduğunu bildirmiş və qətnamənin ona rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. Göründüyü kimi, cavabdeh hazırda mübahisələndirdiyi qətnamədən şikayəti qətnamənin qəbul edilməsindən təxminən 7 il sonra vermiş, lakin müddətin ötürülməsinin üzrlü hesab edilməsinə dair ərizə verməmişdir. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Nəzərə alınmalıdır ki, cavabdeh qətnamənin ona təqdim edilməsi barədə ərizəsində qəbul edir ki, belə bir işin mövcudluğundan icra mərhələsində xəbər tutmuşdur, iş materiallarından da görünür ki, qətnamə birinci dəfə 2015-ci il tarixdə, növbədə dəfə isə 2017-ci il tarixdə icraya yönəldilmiş, bununla bağlı icra şöbəsində müvafiq icra hərəkətləri aparılmış, ona icra sənədinin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir, həmçinin təsadüfi deyil ki, bank 2016-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, borclu Cavabdehla kredit borcunun ödənilməsi ilə bağlı razılıq əldə edilmiş, daha sonra isə cavabdeh tərəfindən razılığın şərtləri pozulduğu üçün bank 2017-ci ildə qətnamənin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh mülki işin və qətnamənin mövcudluğundan qətnaməni rəsmi qaydada almamışdan uzun müddət əvvəl xəbərdar olmuşdur. Lakin birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyini araşdırmadan şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti ağlabatan müddət ötürüldükdən sonra verilmişdirsə, məhkəmə həmin müddətin ötürülməsinin üzrlü olub-olmamasını yoxlamalı və bu zaman Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə formal yanaşmamalıdır. Oxşar mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Belə ki, “Məhəmmədov və digərləri Rusiyaya qarşı” xx.xx.2017-ci il tarixli Qərarında Məhkəmə qeyd etmişdir ki, “məhkəməyə çatım hüququ ədaləti məhkəmə araşdırması hüququnun aspektlərindən biridir (bax X9rşı qərarına, xx.xx.1975-ci il, §36), mütləq deyil və xüsusilə şikayətin mahiyyəti üzrə baxılmasının qəbuledilənliyinə münasibətdə dolayı məhdudiyyətlərə məruz qala bilər (bax X4rşı qərarına, xx.xx.1985-ci il, §57). Lakin bu cür məhdudiyyətlər elə bir qaydada və ya həddə olmalıdır ki, hüququn özünə xələl gəlməsin. Məhdudiyyətlər qanuni məqsəd daşımalı, eləcə də istifadə edilmiş vasitələrlə nəzərdə tutulmuş məqsədlər arasında ağlabatan mütənasiblik olmalıdır (bax Guerin Fransaya qarşı qərarına, xx.xx.1998-ci il, §37; Lupeni X2rşı qərarına, №76943/12, §§84-89). Şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir (bax Pérez de X8rşı qərarına, xx.xx.1998-ci il, §45). Buna görə, müəyyən müddət keçdikdən sonra və inandırıcı olmayan əsaslara görə icraata götürülmüş apellyasiya şikayətinin verilməsi üçün müddətin uzadılması ilə nəticələnən hər hansı müddətin bərpa edilməsi Konvensiyanın 6cı maddəsinə əsasən hüquqi müəyyənlik prinsipini və ədalətli məhkəmə araşdırması hüququnu poza bilər (bax: Ponomaryov Ukraynaya qarşı qərarına, §42). Baxmayaraq ki bur cür qərar yalnız yerli məhkəmə orqanlarının səlahiyyətlərinə aiddir, bu səlahiyyətlər məhdudiyyətsiz deyil. Apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə üzrə qərar qəbul edən məhkəmə, hər bir halda, qərarını əsaslandıran səbəbləri göstərməli, eləcə də, bu cür ərizəni əsaslandıran səbəblərin qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxilə, xüsusilə səlahiyyətləri nə müddət, nə də ki əsaslara görə daxili qanunvericiliklə məhdudlaşdırılmadığı hallarda haqq qazandırıb-qazandırmamasını yoxlamalıdır (bax Ponomaryov Ukraynaya qarşı qərarına, §34). Avropa Məhkəməsi daha sonra xatırladır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü özlüyündə kifayət etmir (bax: Karen Pogosyan Ermənistana qarşı qərar, §47). Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax Raihani Belçikaya qarşı qərarına, §38) Göründüyü kimi, bu qərarlarında Məhkəmə prosessual müddəti ötürmüş şəxsin qərardan şikayət vermək üçün xüsusi diqqətlə, yəni qərarın mövcudluğundan xəbərdar olduğu andan dərhal hərəkət etməli olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Cavabdeh tərəfindən verilmiş şikayətin prosessual müddətin tələblərinə uyğun verilib-verilməməsi barədə hər hansı sübut mövcud olmadığından apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDİ : Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli, 2(005)- 6136/2015 saylı qətnaməsindən Cavabdeh vermiş olduğu apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2143/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2143/2023
21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver