Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2148/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (kredit reyestrindan borcun silinməsi) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ("xxxx" MMC və Azərbaycan Respublikası Mərkəzi Bankı ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “kredit reyestrindən borcun silinməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4470/2024 saylı işi üzrə 24 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı, onun "xxxx" ASC-nin Səbail filialı ilə aralarında bağlanmış xx.xx.2004-cü il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə və "xxxx" MMCyə məlumat verilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2004-cü il tarixdə «BMW 728» markalı **-MS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin alğı-satqı yolu ilə alınması üçün "xxxx" ASC-nin Səbail filialı ilə kredit müqaviləsi bağlayaraq 15500 ABŞ dolları məbləğində kredit əldə etmiş, həmçinin həmin tarixli girov müqaviləsinə əsasən sözügedən avtomaşını götürülmüş kreditin qaytarılması zəmanəti kimi bank qarşısında girovla yüklü etmişdir. Avtomaşını əldə edib təxminən 2-3 ay idarə etdikdən və aylıq ödənişləri ödədikdən sonra, sözügedən avtomobilin oğurluq olması, başqa nömrə və başqa rənglə digər bankda girovda da olması ona bəlli olmuşdur. Bununla bağlı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi tərəfindən cinayət işi başlanılmış və istintaq aparılmışdır. Aparılmış istintaq zamanı o, iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Belə ki, avtomaşın alınan zaman onun tərəfindən ilkin ödəniş olaraq verilmiş 4000 ABŞ dollarına münasibətdə istintaq orqanı onu zərərçəkən qismində tanımışdır. Həmçinin, həmin iş üzrə "xxxx" ASC-nin Səbail filialı da zərərçəkmiş şəxs qismində tanınmışdır. Onun avtomaşını aldığı şəxs X8 cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, cinayət işi baxılması üçün Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilmiş və təqsirləndirilən şəxs X3 Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli A № 0594 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə eyni zamanda mülki iddialar təmin edilmiş, avtomaşını ona satmış X4 milli pul məzənnəsi ilə onun xeyrinə 4000 ABŞ dolları, "xxxx" ASC-nin Səbail filialının xeyrinə 12 847 ABŞ dollarının tutulması, cinayət işi üzrə maddi sübut hesab edilən və həmin vaxt DYP-nin «Siqnal» idarəsinin dayanacağında saxlanılan «BMW 728» markalı, Ban VVBAÇE21000 DJ47726, mühərrik 51200969 olan avtomaşın və BMCMİ-də saxlanılan «Mercedes Bens 320» markalı Ban WDB 2200651A023560, mühərrik **********2386 olan avtomaşınlar məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinin vasitəsilə hərrac yolu ilə satılıb alınan pulların mülki iddiaların ödənilməsinə yönəldilməsinə hökm edilmişdir. Təqsirləndirilən tərəfindən həmin hökmdən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış və həmin qərardan verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2006-ci il tarixli 4k-60/06 N-li qərarı ilə təmin edilməmiş, Ağır Cinayətlər məhkəməsinin və Apellyasiya məhkəməsinin hökm və qərarı Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qısaca olaraq sadalananlardan da göründüyü kimi "xxxx" ASC-nin Səbail filialı ilə onun arasında bağlanılmış xx.xx.2004-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası onun iradəsindən kənar təsir nəticəsində mümkün olmamışdır. Ona və "xxxx" ASC-nin Səbail filialına dəymiş maddi ziyanın girov qismində bank qarşısında yüklü edilmiş avtomobilin və R.Rzayevə məxsus digər daşınar əmlakın satılaraq onlara vurulmuş ziyanların ödənilməsi barədə bütün məhkəmə instansiyalarının hökm və qərarları vardır. Qeyd edir ki, bankla onun arasında bağlanmış müqavilələrin müddəti bitmiş, hökmə əsasən onun bank qarşısında öhdəliyi aradan qalxmış, həmin öhdəlik ona və digər şəxslərə qarşı cinayət törətmiş Rəmşan Rzayevin üzərində qalmışdır. Lakin, buna baxmayaraq təxminən 20 ildir ki, onun bank qarşısında öhdəliyi olmadığı halda adı kredit reyestrində borclu kimi göstərilir, 20 ildir ki, bank adının həmin reyestrdən borclu kimi çıxarılması üçün heç bir tədbir görmür. Bununla bağlı olaraq o, 2024-cü ilin aprel ayında "xxxx"-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına ərizə ilə müraciət edərək adının kredit reyestrindən borclular siyahısından çıxarılmasının təmin edilməsini xahiş etmişdir. Lakin, Bank ərizəsini təmin etməmiş, başdan sovdu heç bir qanuna istinad edilməyən bir cümlədən ibarət cavab yazaraq qeyd etdi ki, «ərizəsində göstərilənlərin icra edilməsi məqsədəuyğun deyil». Hesab edir ki, bu qeyri-hüquqi mövqedir, məhkəmə tərəfindən kredit öhdəliyi üzrə iddia ona münasibətdə deyil, təqsirləndirilən şəxs Rəmşan Rzayevə münasibətdə təmin edilib, hətta bank ona qarşı sözügedən müqavilə üzrə pulun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, onun iddiası üzrə icraata xitam verilmişdir ki, artıq bu iş üzrə qüvvədə olan məhkəmə hökmü vardır. Belə olan halda, bankın onun adının borclular siyahısından çıxarmaması ilə bağlı hərəkətsizliyi qanunsuzdur.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4470/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı adına "xxxx" ASC-nin Səbail Filialında bağlanmış xx.xx.2004-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə və Azərbaycan Kredit Bürosu MMC-yə məlumat verilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi, hazırki qətnamə mərkəzləşdirilmiş kredit reyestrindən xx.xx.2004-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı borcunun olmasına dair qeydin silinməsi üçün əsas olması, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3; “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 6.1, 6.3, 10.1, 10.2, 18.1; “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X7 xx.xx.2021-ci il tarixli, 32/1 saylı Qərarının 3-cü bəndinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarından göründüyü kimi, İddiaçı cavabdeh "xxxx" ASC qarşısında xx.xx.2004-cü il tarixli kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyinin (borcunun) olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. "xxxx" MMC tərəfindən İddiaçı adına verilmiş çıxarışdan görünür ki, "xxxx" ASC ilə onun arasında bağlanması göstərilən xx.xx.2004-cü il tarixli kredit müqaviləsi üzrə aktiv borcunun olması qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş digər sənədlərdən görünür ki, iddiaçı qeyd olunan məsələ ilə əlaqədar istər cavabdehə, istərsə də Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etsə də, onun haqlı müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. Bu səbəbdən, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, iddiaçının yuxarıda adı qeyd olunan reyestrdə "xxxx" ASC qarşısında xx.xx.2004-cü il tarixli kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyi (borcu) olan şəxs kimi qalması üçün hər hansı qanuni və müqavilə əsası yoxdur. Halbuki, qanunvericiliyin tələblərinə görə öhdəliyin yaranması üçün başlıca əsas kimi müqavilə çıxış edir. Tərəflər arasında müqavilə olmadığı halda, iddiaçının bağlamadığı müqavilə üzrə borclu kimi göstərilməsi qanunla qorunan hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
3. Birinci instansiya məhkəməsində müəyyən edilən hallar: - Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 iyul 2005-ci il tarixli A-№ 0594 saylı hökmündən görünür ki, Rzayev Rəmşan Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona həmin məhkəmənin 7 dekabr 2004-cü il tarixli hökmü ilə 2 il 6 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanın 24 fevral 2005-ci il tarixdə R.Rzayev tutulduğuna görə çəkilməmiş 2 il 2 ay 17 gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirərək onun üzərində qəti olaraq 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış; R.M.Rzayevin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin 24 fevral 2005-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, mülki iddianın təmin edilməsi, R.M.Rzayevdən milli pul məzənnəsi ilə M.Rəhimovun xeyrinə 11.000 ABŞ dolları, O.Sikarevskinin xeyrinə 4.000 ABŞ dolları, E.Zahidovun xeyrinə 22.100 ABŞ dolları, İddiaçı xeyrinə 4.000 ABŞ dolları, "xxxx" ASC-nin Səbail filialına 12.847 ABŞ dolları, «Standard» bankının xeyrinə 32.672 ABŞ dolları, «Azər-Asiya» Sığorta şirkətinin xeyrinə 15.305 ABŞ dollarının tutulması, maddi sübut olan - DYP-nin «Siqnal» idarəsinin dayanacağında və DİN BMCQMİ-də saxlanılan avtomobillərin məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinin vasitəsi ilə hərrac yolu ilə satılıb alınan pulların yuxarıda qeyd olunan mülki iddianın ödənilməsinə yönəldilməsi hökm edilmişdir; - Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Cinayət işləri və İnzibati xətalara dair işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli qərarından görünür ki, məhkumun müdafiəçisi və zərər çəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 iyul 2005-ci il tarixli A-№ 0594 saylı hökmü dəyişiklik edilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2006-cı il tarixli 4k-60/06 saylı qərarından görünür ki, vəkil A.Z.Əliyevin kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Cinayət işləri və İnzibati xətalara dair işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli qərarı dəyişiklik edilmədən saxlanılmışdır; - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Səbail filialının cavabdeh İddiaçı qarşı tələbin girov əmlaka yönəldilməsi tələbinə dair iddiası təmin olunaraq İddiaçı 11973 ABŞ dolları əsas, 874 ABŞ dolları faiz borcu, cəmi 12847 ABŞ dolları məbləğində pulun ödənilən günü manata olan məzənnəsi ilə tutularaq "xxxx" ASC-nin Səbail filialına ödənilməsi, həmin məbləğin İddiaçı tərəfindən ipotekaya qoyulmuş BMW-728 minik markalı, tip-sedan, buraxılış ili – 1998, mühərrik 30561826, şassi WBAGE 210** DJ ***26, tünd göy rəngli avtomaşına yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və əldə olunan məbləğin borcun qaytarılmasına yönəldilməsi qət edilmişdir; - Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinin ləğv edilərək, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsininxx.xx.2024-cü il tarixli, 2(006)- 4470/2024 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən yeni qətnamə qəbul edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 399.4, 442, 443.1, 443.8, 448.1, 448.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.1, 217.3, 218-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qanunvericilik fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilmək hüququnu, müqavilənin ləğv edilmə qaydasını müəyyən etmiş, eyni zamanda öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə əməl etməli olmasını təsbit etmişdir. Qeyd edilməlidir ki, öhdəlik avtomatik olaraq öz-özlüyündə xitam olmur, onun icrasını tələb etmək hüququna müəyyən şərtlərlə xitam verilir. Eyni zamanda, Məcəllənin 554.1-ci maddəsinə əsasən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Beləliklə, müddətin keçməsinin hüquqi nəticəsi olaraq mükəlləfiyyətli, yəni öhdəlik yükü daşıyan borclu öhdəliyin icrasından imtina etmək hüququ əldə edir ki, bu hüququ realizə edib-etməmək də onun öz ixtiyarına buraxılır. Burada o da nəzərə alınmalıdır ki, yalnız mövcud olan öhdəliyin icrasından imtina etmək mümkündür. Hazırki iş üzrə iddiaçı ilə cavabdeh Bank arasında xx.xx.2004-cü il tarixli kredit müqaviləsi bağlanmış, müqavilə üzrə 11973 ABŞ dolları əsas, 874 ABŞ dolları faiz borcu, cəmi 12847 ABŞ dolları məbləğində borc qalmış və sözügedən öhdəlik indiyədək icra edilməmişdir. Bu halda borcun silinməsinə hər hansı qanuni əsas mövcud deyildir və kredit müqaviləsinin bağlanmasından uzun müddət keçməsi öhdəliyə xitam verilməsinə əsas təşkil edə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, Mülki Məcəllənin 554.2-ci maddəsi həmin Məcəllənin iddia müddəti bitdikdən sonra vəzifənin icrası adlanan 383-cü maddəsi ilə mahiyyətcə eynilik təşkil edir. Belə ki, həmin maddəyə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Bu ondan irəli gəlir ki, iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir. Göründüyü kimi, natural öhdəliklərin iki əsas əlaməti mövcuddur: - borclu tərəfindən öhdəliklərin icra edilməməsi halında kreditorun tələbinin məhkəmə müdafiəsi (iddia qaldırmaq hüququ) ilə təmin edilməməsi; - borclu tərəfindən icra edilmişlərin geri tələb edilməsinin yolverilməzliyi. Beləliklə,natural öhdəliyin icrası öhdəliyin mövcudluğu, etibarlılığı və icra edən tərəfin onu tanıması prezumpsiyasını yaradır ki, borclunun həmin öhdəliyin hüquqi təbiətini (artıq iddia ilə təmin olunmamasını) bilmədiyi təqdirdə də icra edilənləri geri istəyə bilməməsi məhz bundan irəli gəlir. Bu hüquq münasibətlərinin məhkəmə tərəfindən araşdırılması qeyri-mümkün olduğundan, həmin prezumpsiya təkzibedilməz xarakter daşıyır. Göstərilənlərə əsasən, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Buna görə də iddia tələbinin təmin edilməsi və mövcud öhdəliyin silinməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi əsassız hesab olunmalıdır.
5. İddiaçı Mansur oğlu apellyasiya şikayətinə dair etiraz ərizəsini təqdim edərək, cavabdeh ” Azərbaycan Beynəlxalq Bank “ ASC-nin apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Beynəlxalq Bank ASCnin nümayəndəsi X5 apellyasiya şikayətinə uyğun izahat verərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə şərtlərinin cavabdeh tərəfindən lazımi qaydada yerinə yetirilmədiyini, hazırkı vaxtadək cavabdehin banka olan borcunun ödənilmədiyini, bu halda reyestrdan borcun silinməsinin ağlabatan olmadığını qeyd etmiş, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməsini xahiş etmişdir.
7. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, iddiaçının başqa borcunun olmadığını, yalnız müzakirə edilmiş cinayət əməli üzrə qəbul edilmiş hökmlə təqsirli bilinən şəxsdən tutulması onların iddiası əsasında hökm edilən məbləğ olsa da, mülki iddianın icrası təmin edilmədiyindən onun silinməsi mümkün olmamışdır.
8. Məlumatlandırlması üçün qanunvericlikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
9. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Mülki Prosessual Məcəllənin 58, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə əsasən qeyd edilməlidir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Cavabdehin apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından, əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin bu əsaslarla dəyişdirilməsi üçün əsas ola bilməz.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 12.“Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 6.1-ci bəndinə əsasən kredit bürosu kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları toplayır, saxlayır, təhlil edir və kredit hesabatlarını verir. 10.1-ci bəndinə əsasən kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Bu müddət başa çatdıqdan sonra məlumat məhv edilir və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilir. - 10.2-ci bəndinə əsasən kredit tarixçəsinin subyekti neqativ məlumatın bu Qanunun 10.1-ci maddəsində göstərilən müddətdən tez məhv olunmasını tələb edə bilməz. - 18.1-ci bəndinə əsasən kredit tarixçəsinin subyekti öz kredit hesabatını təşkil edən məlumatın yanlış olmasını aşkar etdikdə, düzgün olmayan məlumatın aradan qaldırılması üçün müvafiq kredit bürosuna və məlumat təchizatçısına müraciət edə bilər. Müraciətə məlumatın düzgün olmamasını təsdiq edən sənədlərin surətləri əlavə edilməlidir. 13.Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, artıq qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, iddiaçının cavabdeh qarşısında icra edilməmiş öhdəliyi üzrə sonuncunun mülki iddiası əsasında başqa (cinayət əməlində təqsirli şəxs) mülki məsuliyyət daşıyır. Məhkəmə qərarının başqasına münasibətdə icra edilməməsi iddiaçının əsassız olaraq hüquqlarının məhdudlaşdıırılmasına əsas vermir. Bu halda iddiaçının iddia tələbi tam əsaslıdır və birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir.
14. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4470/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası elektron qaydada kassasiya şikayəti verilə bilər.