Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2149/2022 07.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 22.09.2019-cu il tarixdə saat 07:50 radələrində özünə məxsus olan Hyundai Solaris markalı K 415YX26 qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə H.Əliyev prospekti istiqamətindən üzü 20 Yanvar dairəsi istiqamətində soldan ikinci zolaqla təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən, parrallel yolun əks istiqamətində üzü Koroğlu metrostansiyası istiqamətində hərəkətdə olan Mercedes markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh idarə etməni itirərək iddiaçının avtomobilinin ön sağ yan hissəsi ilə toqquşmuşdur. Hadisədən sonra hadisə yerinə DYPŞ-nin əməkdaşları gəlmişlər. 22.09.2019-cu il tarixdə Ziya Bünyadov prospektində baş vermiş yol-nəqliyyat hadisəsi Sabunçu RPİ-nin “cinayətlər barədə ərizə və məlumatların qeydiyyatı kitabı”nda HK-1/684 sıra sayı ilə qeydə alınaraq araşdırma aparılmasından ötrü Sabunçu RPİ-nin Təhqiqat Bölməsinə daxil olmuşdur. Təhqiqat araşdırması zamanı və toplanmış materiallardan müəyyən olunmuşdur ki, baş vermiş yolnəqliyyat hadisəsi Cavabdeh ehtiyatsızlığından baş verdiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. Baş vermiş hadisə nəticəsində iddiaçıya məxsus olan Hyundai Solaris markalı, K 415YX 26 dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci Azərbaycan Respublikası "xxxx" MMC-nin 20 iyun 2020-ci il tarixli 202 saylı rəyinə əsasən 10.197 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı Cavabdeh 5697 manat maddi ziyan, 1500 manat mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 7.227 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, 1100 (min yüz) manat məbləğində dəymiş maddi ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun 4,57 (dörd manat əlli yeddi qəpik) manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 25,43 manat hissəsinin iddiaçının özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli 2(001)-1471/2021 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya bu məbləğdə ziyan dəymişdisə, niyə 1 il 3 ay sonra məhkəməyə müraciət edir. Çünki qəzadan sonra sığorta şirkəti onunla xərcləri razılaşdırmış və ona 4.500 (dörd min beş yüz) manat pul ödəmişdir. İddiaçı qeyd edir ki, qəza olan zaman sığorta şirkəti ona bildirib ki, ödəniş beş min manat olsa, gərək 3-4 ay gözləsin, ona görə o, həmin məbləğə razılaşıb. Amma 1 il 3 ay sonra məhkəməyə müraciət edir. Göründüyü kimi, iddiaçının gətirdiyi bu əsas mənasızdır. 3 ay gözləyə bilməyən adam necə 1 il 3 ay gözlədi. Bundan əlavə iddia olunan məbləğin 500 (beş yüz) manatı sığortalanmış məbləğə aid edilir, ona görə də “Standard İnsurance’’ ASC Sığorta Şirkətinin işə cəlb edilməsi barəsində vəsatət vermiş, lakin məhkəmə bunu qəbul etməmişdir. Buna görə çıxarılmış qətnamənin qanunsuz olduğunu hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində 3-cü şəxs qismində cəlb edilmiş ləğv prosesində olan Standart İnsurance Sığorta Şirkətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. AR Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya qeyd edir ki, hazırkı apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsi təşkil edir. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı polis kapitanı X1 tərəfindən qəbul edilmiş 18.10.2019-cu il tarixli Cinayət işi başlanmasının rədd edilməsi barədə qərarda aşağıdakılar göstərilmişdir: “ ... 01.10.2019cu il tarixdə icraatıma Sabunçu RPİ-dən, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində Mercedes Benz markalı ** TZ *** dövlət qeydiyyat nişanlı avtomaşınla Hyundai markalı K 415YX26 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində xəsarət alan şəxsin olması barədə tərtib olunmuş məktub və sürücülərin sənədləri daxil olmuşdur. Daxil olmuş məktub 01.10.2019-cu il tarixdə Nərimanov RPİ-nin “cinayətlər barədə ərizə və məlumatların qeydiyyatı kitabı”nda HK1/675 sıra sayı ilə qeydə alınaraq araşdırma aparılmasından ötrü mənə həvalə edilmişdir. Araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin foto şəkilləri çəkilərək materiala əlavə edilmiş, yol nəqliyyat hadisəsi yerinin sxemi tərtib edilmiş, izahatlar alınmışdır. 27.09.2019-cu il tarixdə saat 10:30 radələrində 3 saylı ŞKX-dən tibb bacısı Musayeva Sabunçu RPİ-nə məlumat verərək, İddiaçı 22.09.2019- cu il tarixdə Ziya Bünyadov prospektində baş vermiş yolnəqliyyat hadisəsi zamanı xəsarət alaraq xəsatəxanaya müraciət etdiyini bildirmişdir. Daxil olmuş məlumat xarakterli raport 22.09.2019-cu il tarixdə Sabunçu RPİ-nin “cinayətlər barədə ərizə və məlumatların qeydiyyatı kitabı”nda HK-1/684 sıra sayı ilə qeydə alınaraq araşdırma aparılmasından ötrü Sabunçu RPİ-nin baş təhqiqatçısı, polis mayoru Fikrət Məmmədovun icraatına daxil olmuşdur. Sabunçu RPİ-nin baş təhqiqatçısı Fikrət Məmmədov tərəfindən aparılan araşdınna zamanı vətəndaş İddiaçı almış olduğu bədən xəsarətinin sağlamlığa zərər vurma dərəcəsinin müəyyən edilməsi məqsədi ilə MTE təyin edilməsi haqqında 27 sentyabr 2019-cu il tarixdə qərar qəbul olunmaqla İddiaçı izahatı alınaraq toplanmış material 30 sentyabr 2019-cu il tarixli “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərarla aidiyyəti üzrə Nərimanov RPİ-nə göndərilmiş və 05.10.2019-cu il tarixdə icraatıma daxil olmuşdur. ... Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Elmi-Təcrübi birliyinin Sabunçu rayon şöbəsinin 1441 nömrəli canlı şəxsin ekspert rəyindən görünür ki, İddiaçı aşkar edilmiş xəsarətlər boyun nahiyyəsinin qançırı, sağ və sol diz nahiyyələrinin sıyrıqları və sağ əlin səthi kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlərdən sağ əlin səthi kəsilmiş yaraları kəsici kənara malik əşya, digər xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən 22.09.2019-cu il tarixdə və şəraitdə, yəni baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənə bilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Toplanış materialdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı dərəcələri təyin edilməyən bədən xəsarətləri almışdır. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən qeyd olunan xəsarətlər cinayət məsuliyyətinə səbəb olmadığından eləcədə baş vermiş hadisədə hər hansı bir cinayət əməlinin tərkib əlamətləri müəyyən olunmadığından, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Lakin yol-nəqliyyat hadisəsi Mercedes markalı ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh ehtiyyatsızlığından baş verdiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməlidir”. İş materiallarında olan "xxxx" MMC-nin 20.06.2020-ci il tarixli, 202 nömrəli ekspert rəyində göstərilmişdir ki, ... 2013-cü il buraxlışlı “Hyundai Solaris” markalı K415YX/26 qeydiyyat nişanlı avtomobilin avtoservis tərəfindən tərtib edilmiş müayinə aktı məlumatlarına əsasən təmir-bərpa xərci hadisə baş verən tarixə 10197 manat müəyyən edilir (dəyişməli hissələrin qiyməti – 6997 manat, təmir-bərpa işlərinin qiyməti – 3200 manat). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16.05.2021-ci il tarixli, 9/1546 nömrəli ekspert rəyində göstərilmişdir ki, ... 2014-cü il buraxılışlı “Hyundai Solaris” markalı, K 415YX 26 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5600 manat müəyyən edilir (dəyişməli hissələrin qiyməti – 3300 manat, təmir-bərpa işlərinin qiyməti – 2300 manat). Həmin rəylə hər iki tərəf razılaşmamış və məhkəmə tərəfindən əlavə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07.10.2021-ci il tarixli, 9/4931 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... Nəzəri hesablama yolu ilə, Müstəqil Məhkəmə Ekspertizası MMC-nin 20.06.2020-ci il tarixli rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləli nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Hyundai Solaris” markalı, K415YX 26 dövlət qeydiyyan nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8677 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" Sığorta Şirkətinin 31.10.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Hyundai Solaris" markalı, K415YX 26 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5600 manat müəyyən edilir (dəyişməli hissələrin qiyməti – 3300 manat, təmir-bərpa işlərinin qiyməti – 2300 manat). İş materiallarında olan İcbari Sığorta Bürosunun 27.04.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “Mercedes Benz" markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törədilmiş yol-nəqlyyat hadisəsi nəticəsində ASC “Standard İnsurance’’ Sığorta Şirkəti tərəfindən 4500 manat sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 459.1-ci maddəsinə əsasən isə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, 22.09.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə cavabdehin ehtiyatsızlığı nəticəsində ziyan dəymiş, həmin ziyanın 4500 manat hissəsi sığorta şirkəti tərəfindən iddiaçıya 18.11.2019-cu il tarixdə ödənilmiş, 09.12.2020-ci il tarixdə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə istinad edərək baş vermiş YNH nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərərin məbləğinin 5600 manat olduğunu, həmin məbləğdən 4500 manat hissəsinin sığorta şirkəti tərəfindən iddiaçıya ödənildiyi, qalan məbləğin isə ödənilməmiş qaldığı, bu səbəbdən iddiaçının mülki hüquq pozuntusu nəticəsində vurmuş olduğu ziyanın qalıq məbləğini ödəmək öhdəliyinin əmələ gəldiyinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşaraq qeyd edir ki, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmiş ziyan məbləğini tərəflər mübahisələndirməmişlər. Bununla da, hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün zəruri olan pul məbləğinin sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş 4500 manatdan daha çox, yəni 6500 manat olması müəyyən edilmişdir. Qeyd edilən ziyanın hazırkı iş üzrə Cavabdeh tərəfindən yol verilmiş mülki hüquq pozuntusu nəticəsində əmələ gəlməsi mübahisə doğurmadığından, mülki qanunvericiliyin yuxarıda sadalanan normalarının tələbinə əsasən onun həmin ziyan məbləğinin sığorta şirkəti tərəfindən ödənilməmiş qalan hissəsini, yəni 1100 manat məbləği iddiaçıya ödəmək vəzifəsi yaranmışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Göründüyü kimi, işə baxmış birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və iddia tələbinin qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2149/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2149/2022
07.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver