Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2150/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan "İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borc” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4379/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək borclu Cavabdeh ödənilməmiş 1612,91 manat əsas borc, 493,44 manat faiz borcu, müqavilə üzrə gecikdirilmiş 1054,93 manat cərimə, gecikdirilmiş vaxt üçün 231,66 manat faiz borcu olmaqla ümumilikdə 3392,92 manat məbləğində kredit borcunun tutulması və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində sübut kimi xx.xx.2015-ci il tarixli kredit müqaviləsi (səh.10), xx.xx.2020-ci il tarixli maliyyə arayışı (səh.22) təqdim edilmişdir.. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4379/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2015-ci il tarixli 1741/15 saylı kredit müqaviləsinə əsasən 1612,91 manat əsas, 493,44 manat faiz borcu, 20 manat cərimə, illik faiz dərəcəsi 5% hesablanmaqla faiz borcu 231,66 manat, ümumilikdə 2358,01 manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 78, 88, 119; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443, 445, 449, 462, 465, 467, 739, 741ci maddələrinə istinadən qeyd edilmişdir ki, "İddiaçı” ASC pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. cavabdeh(lər) iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməs(lər)i nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdeh(lər)dən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdeh(lər)ə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Ləğv prosesində olan "İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1741/15 saylı kredit müqaviləsi üzrə 1612,91 manat əsas, 493,44 manat faiz borcu, 20 manat cərimə, illik faiz dərəcəsi 5% hesablanmaqla faiz borcu 231,66 manat, ümumilikdə 2358,01 manat və 30 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4379/2020 №-li xx xxxxxxx 2020-ci il qətnaməsini qismən ləğv edərək, iddia tələbinin təmin olmayan hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində MM-in 465, 467-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cərimənin 20 manat müəyyən edilməsi 1054,93 manat cərimə borcu ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Cərimənin həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Bundan əlavə, məhkəmə cərimə borcunun həcmini əhəmiyyətli azaldarkən, Azərbaycan Respublikası Mülki Məcəllənin 465.2-ci maddəsini nəzərə almamışdır. Bu şərt isə cavabdehlə bağlanmış kredit müqavilələrində öz əksini tapmışdır.Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Qeyd etmək vacibdir ki, Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq kredit təşkilatı kredit üzrə hesablanan faizləri (gəliri) alıb-almamasından asılı olmayaraq bu faizlərə görə gəlir vergisi və ƏDV, əmanətçilərə isə faiz ödəyir. Borclu, faizləri və digər borc öhdəliklərini ona verilmiş cədvəl üzrə vaxtında ödəmədikdə, kreditor ziyana düçar olur. Bu ziyanın qarşısını almaq məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada kredit müqavilələrində dəbbə pulunun ödənilməsi sanksiyası nəzərdə tutulmuşdur. Cavabdehdən tutulmalı dəbbə pulunun həcmini formal məbləğədək azaldarkən, məhkəmə ziddiyyətli məhkəmə təcrübəsi yaratmış olur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, qətnamənin cərimə hissəsindən narazı qaldıqları üçün şikayət verdiklərini, cərimənin 20 manat müəyyən edilməsinin 1054,93 manat cərimə borcu ilə müqayisədə tənasübsüz surətdə az olduğunu və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmadığını bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 462-467, 739, 741, 743, 744; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair mübahisə edilən hissədə apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli və subutedici əsası olmayan dəlillərinə əsasən qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etməyən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Qeyd edilməlidir ki, mülki iş üzrə iddiaçı tərəfindən irəli sürülən tələb həddində tərəfin düşdüyü zərərlə bağlı irəli sürdüyü beş faizlə olan hissəsi təmin edilmiş və dəbbənin tənasübsüz yuxarı olmasına səbəb məhz özü tərəfindən iddianın vaxtında verilməməsi olmuşdur. Apellyasiya şikayəti əsassız olduğundan rədd edilməli və onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci onları ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4379/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2150/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2150/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver