Məhkəmə qərarları › İş №2(103)-2151/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2151/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2151/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh X2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 oktyabr 2020ci il tarixli qətnamədən iddiaçı Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, Fondun nümayəndəsi X3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasından bağlanmış 03.04.2014-cü il tarixli, 68112429 saylı “Ssuda hesablı kredit kartının verilməsi və istifadəsi barədə müqavilə” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 4.976,96 manat, müqavilənin qüvvədə olduğu müddətdə əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 4.581,09 manat, müqavilə müddəti bitdiyi tarixdən 31.01.2020-ci il tarixinə olan müddət üçün illik beş faiz ilə hesablanmış məbləğin ödənilməsi məqsədi ilə 712,77 manat, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə borcunun (dəbbənin) ödənilməsi məqsədi ilə 5.521,23 manat, iddia ərizəsinin məhkəməyə verilməsi ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla Bank arasında 03.04.2014-cü il tarixdə bağlanmış 68112429 saylı müqaviləyə əsasən Bankdan 36 ay müddətinə 10.000 manat məbləğində kredit götürmüşdür. Müqavilənin müddəti 03.04.2017-ci il tarixdə bitsə də, borclu olan cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmiş, Banka olan borcunu ödəməmişdir. Nəticədə cavabdehin iddiaçı Banka yuxarıda qeyd edilən növlərdə və məbləğlərdə borcu yaranmışdır. Bank həmin məbləğlərin ödənilməsi barədə cavabdehə xəbərdarlıq göndərsə də, bu nəticə verməmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 08.10.2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı Bankın ləğvedicisi olan Fond həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra - Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iddianı rədd edərkən o halı əsas götürmüşdür ki, Bank ilə cavabdeh arasında bağlanmış 03.04.2014-cü il tarixli, 68112429 saylı müqavilə və ya müqavilənin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməmişdir. Bu nəticə səhvdir. Belə ki, müqaviləsi iş materiallarına əlavə edilməsə də, pulun cavabdeh tərəfindən Bankdan götürülməsini təsdiq edən “Kassa məxaric orderi” Rayon Məhkəməsinə təqdim olunmuşdur. “Kassa məxaric orderi” isə borcun verilməsi təsdiq edir. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır. İddiaçı Bankın ləğvedici olan Fondun nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni əsas borcun ödənilməsi məqsədi ilə 4.976,96 manat məbləğində pulun cavabdehdən Bankın xeyrinə tutulması barədə tələbin rədd edilməsi hissəsində ləğv edilməli və həmin tələbin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Bank, onunla cavabdeh arasında 03.04.2014-cü il tarixdə bağlanmasını iddia etdiyi 68112429 saylı “Ssuda hesablı kredit kartının verilməsi və istifadəsi barədə müqaviləni” məhkəmələrə təqdim edə bilmir. Bankın ləğvedicisi olan Fondun nümayəndəsi bunu onunla izah edir ki, Bankın ləğvi ilə bağlı həyata keçirilən prosedur zamanı bəzi sənədlər itmiş və onlar hələdə tapılmamışdır. Bu baxımdan Məhkəmə hesab edir ki, cavabdehin Bankdan aldığı borcun hansı müddətə, hansı faiz dərəcəsilə, hansı şərtlər ilə alınmasını müəyyən etmək mümkün deyil və işə baxmış Rayon Məhkəməsi iddianın “müqavilənin qüvvədə olduğu müddətdə əsas kredit borcuna hesablanmış faiz borcunun, müqavilə müddəti bitdiyi tarixdən 31.01.2020-ci il tarixinə olan müddət üçün illik beş faiz ilə hesablanmış məbləğin, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə borcunun (dəbbənin) ödənilməsi barədə” hissəsini təmin etməkdə haqlı olmuşdur. Çünki MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin, iddiaçı Bank həmin tələbləri əsaslı olmasını sübuta yetirə bilmir. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsində aid dəlilləri əsassızdır. Bununla yanaşı Məhkəmə hesab edir ki, kredit münasibətlərinin mövcudluğunu təsdiq edən yeganə etibarlı sübutun – kredit müqaviləsinin olmaması əsası ilə iddianın “əsas borcunun ödənilməsi məqsədi ilə 4.976,96 manat məbləğində pulun cavabdehdən Bankın xeyrinə tutulması barədə” hissəsinin rədd edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və iş üzrə tərəflərin arasında yaranmış hüquq münasibətlərinə uyğun deyil. Belə ki, iş materiallarına əlavə edilmiş 03.04.2014-cü tarixli “Kassa məxaric orderindən” görünür ki, Cavabdeh həmin tarixdə İddiaçı ASC-nin xəzinəsindən 10.000 manat məbləğində pulu qəbuletmişdir. Məhkəmə bildirir ki, qeyd edilən məbləğin götürüldüyü ərəfədə Mülki Məcəllənin qüvvədə olmuş tələblərinə görə, həmin məbləğdə borcun verilməsi zamanı yazılı müqavilənin mütləq şərt kimi mövcud olmasını şərtləşdirməmişdir (maddə 740.). Məhkəmə qeyd edir ki, işə baxan Rayon Məhkəməsi yazlı “Kredit müqaviləsinin” təqdim edilməməsi əsası ilə iddia tələbini tamamilə rədd etməklə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, müqaviləsi təqdim edilməsə də, yuxarıda göstərilən “Kassa məxaric orderi” ilə 10.000 manat məbləğində borcun Bank tərəfindən cavabdehə verilməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.). Lakin hazırki iş üzrə cavabdeh iddiaçı Bankdan aldığı borcu qaytardığını təsdiq edə biləcək sübutları Məhkəməyə təqdim etməmiş, o, apellyasiya baxışına ümumiyyətlə gəlməmiş və gəlməməsinin məhz üzürlü səbəbdən baş verməsi barədə Məhkəməyə məlumat verməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı Bankın qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlilləri əsaslıdır. Beləliklə də, Məhkəmə, MPM-nin 384-cü maddəsində təsbit edilmiş səlahiyyətlərinə əsaslanaraq, MPM-nin 376, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 oktyabr 2020-ci il tarixli qətnamə qismən, yəni əsas borcun ödənilməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməlidir. İddiaçı ASC-nin cavabdeh X2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiası qismən təmin edilsin. Əsas borcun ödənilməsi məqsədi ilə 4.976 (dörd min doqquz yüz yetmiş altı) manat 96 (doxsan altı) qəpik məbləğində pul cavabdeh X1 tutularaq İddiaçı ASC-yə ödənilsin. İddiaçı ASC tərəfindən iş üzrə ödənilmiş cəmi 45,40 manat məbləğində pul iş üzrə tərəflərə bərabər həcmdə aid edilsin. Bu məqsəd ilə 22 (iyirmi iki) manat 70 (yetmiş) qəpik cavabdeh X1 tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, qətnamədən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar