Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2157/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı vəkili X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6441/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İsmayıl oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəllər Cavabdeh4 mülkiyyətində olmuş “Bentley Continental minik” markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilin, daha sonra isə Cavabdeh1, onun tərəfindən Cavabdeh3, onun tərəfindən isə Bakı şəhəri, Xətai rayonu, Turşu k-si, ev.13, m.3-də qeydiyyatda olan Cavabdeh2 satılmasına dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın təmin tədbiri barədə ərizə ilə də müraciət edərək, hazırda Cavabdeh2 mülkiyyətində olan “Bentley Continental minik” markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, onun özgəninkiləşdirilməsi və istifadəsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6441/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə, ərizə qismən təmin edilərək iddianı təmin etmə tədbiri qismində “Bentley Continental minik” markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və iddianı təmin tədbiri barədə ərizənin tam təmin edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, “Bentley Continental minik” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadə olunduqca qiyməti düşür və xarab olur. Cavabdehlər qeyd olunan nəqliyyat vasitəsini kobudcasına istifadə edir və əvvəlki vəziyyətində saxlanması üçün hər hansı tədbir görmürlər. Eyni zamanda, sözü gedən nəqliyyat vasitəsini cavabdehlar tərəfindən sökülüb ehtiyyat hissələrinin satılması təhlükəsi vardır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6441/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X2 bildirdi ki, maşının alqı-satqısı ola bilər və ya hissəhissə satıla bilər. Məhkəmədən xahişi budur ki, avtomobilin cərimə meydançasına yerləşdirilməsi təmin edilsin. İşə baxılması vaxtı və yeri haqqında cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunru ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər əsaslı olduğundan ərizənin təmin edilməməsi hissəsində qərardadın ləğv edilməsi və ərizənin həmin hissədə də təmin edilməsi üçün əsasdır. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni qismən təmin edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Çünki, iddianın məzmunundan da görünür ki, iddiaçı “Bentley Continental minik” markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsızlığını tələb edir. Həmin avtomobil bilavasitə mübahisə predmetini təşkil edir və bu cür iddia məhz həmin avtomobilin müqəddəratını müəyyən etmək üçün qaldırılmışdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməyən hissəsi üzrə göstərişləri qərardadlara əlavə edilməsinin mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olmadığını, çünki avtomobildən istifadə edilmənin qadağan edilməsi kimi tədbirlər avtomobillərin istifadəsiz qalmaqla texniki cəhətdən yararsız hala düşməsinə səbəb olduğuna görə məqsədə müvafiq hesab edilmədiyini göstərsə də, bu dəlillər əsaslı hesab edilə bilməz. Çünki, ən azından avtomobildən istifadəyə və istismarına qadağa qoyulması barədə məhkəmə təcrübəsində kifayət qədər qərardadlar qəbul edilmişdir. Bununla yanaşı, bu cür tədbirlərin görülməməsi, o zaman əsaslı olur ki, iddianın və mübahisənin predmetləri sırf avtomobillərlə bağlı olmur. Başqa sözlə ayrıayrı tələblər üzrə, məsələn borc tələbi üzrə cavabdehin mülkiyyətində olan avtomobilin istifadəsinə və istismarına qadağa qoyulması, əlbətdə ki, tələbin məzmunu və həddi ilə uzlaşmaya bilər. Lakin qeyd olunduğu kimi, iddiaçı hazırki iddiada qeyd olunan avtomobilin yaxud onun dəyərinin birgə nikah dövründə əldə edilmiş əmlak oluduğundan onun bölünməsini tələb edir. Bu cür vəziyyətdə avtomobilin istifadəsiz qalmaqla texniki cəhətdən yararsız vəziyyətə düşməsi ehtimalı, onun istismar edilməklə yararsız vəziyyətə düşməsi ehtimalından qat-qat azdır. Çünki, avtomobil istismar olunmasa(mütəmadi olaraq avtomobilin mühərriki və digər qürğularının yararsız vəziyyətə düşməməsi üçün yerində mühərriki işə salmaq və.s istisna olmaqla)demək olar ki, yararsız vəziyyətə düşmür, istismar edildikcə isə istər-istəməz bazar dəyəri azalır, detalları xarab olur, zədələnmə riski artır, bir sözlə özünün əmtəə görünüşünü və bazar dəyərini itirir. Apellyasiya instansiyası məhkəməsi, xüsusilə vurğulayır ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşısa və işi qabaqcadan mahiyyəti üzrə həll etməsə də, iddia tələbinin məzmununa, həddinə və ruhuna uyğun olmalıdır. Buna görə də, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıdığından və işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyindən, şikayət təmin edilməli, qərardad ərizənin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə də ərizə təmin edilməli, avtomobilin dəyərinin azalması və yararsız hala düşməməsi məqsədilə istifadəsinə cavabdehlərə və üçüncü şəxslə qadağa qoyulmalıdır. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 157-160, 163, 236, 263-264, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı : İddiaçı şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6441/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı qismən, yəni ərizənin təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə də ərizə təmin edilsin. “Bentley Continental minik” markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İsmayıl oğluna və üçüncü şəxslərə qadağan edilsin. Qərardadın icrası Baş Dövlət X4 və Nərimanov rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardad dərhal icra edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2157/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2157/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver