Məhkəmə qərarları › İş №2(103)-2157/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2157/2024

04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2157/2024 04.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3282/2023 saylı, 26 yanvar 2024-cü il tarixli qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3282/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası təmin edilərək İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış 19 iyul 2010-cu il tarixli AK-238 saylı kredit müqaviləsinin ləğv edilməsi; cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən 23954,31 manat əsas; 20107,75 manat faiz; cəmi 44062,06 (qırx dörd min altmış iki manat altı qəpik) manat məbləğində pulun və 222,19 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3282/2023 saylı, 26 yanvar 2024-cü il tarixli qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, mülki iş materiallarında olan çıxarışdan qətnamənin cavabdeh "xxxx" ASC-nin elektron məhkəmə informasiya sistemində olan elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirildiyi aydın olur. Qətnamənin "xxxx" ASC-yə rəsmi qaydada təhvil verilməsi həmin qətnamənin onun elektron kabinetinə yerləşdirilməsi yolu ilə təmin edilmişdir. İş materiallarından müəyyən olunur ki, cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim etmişdir. Göründüyü kimi apellyasiya şikayətini verən zaman həmin şikayətin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Lakin verdiyi apelyasiya şikayətinə müddətin bərpası barədə ərizə əlavə etməmişdir. "xxxx" ASC şikayət verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 3282/2023 saylı, 26 yanvar 2024-cü il tarixli qərardadının ləğv edilməsini, həmçinin qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə də verərək onun təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3282/2023 saylı, 05 fevral 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənine 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. İşdən görünür ki, "xxxx" ASC şikayət verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3282/2023 saylı, 26 yanvar 2024-cü il tarixli qərardadının ləğv edilməsini, apellyasiya şikyətinin verilməsi üçün müddətin ötürülməsini üzrlü hesab edilməsini və apellyasiya şikayətinin icraata götürülməsini, həmçinin qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə də verərək onun da təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi də qərardaddan şikayət verilən zaman, eyni vaxtda qətnamədən şikayət verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizənin verilməsinin qəradadın ləğvi üçün əsas yaratmadığını qeyd edərək müddətin bərpasına dair ərizəyə baxmadan, yalnız şikayətə baxaraq təmin etməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Hazırki apellyasiya icraatının predmeti də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3282/2023 saylı, 26 yanvar 2024-cü il tarixli qərardadından verilən şikayətlə bağlı olduğundan müddətin üzrlü səbəbdən ötürülüb-ötürülməməsinə baxılmır, yalnız qərardadın ləğvi bağlı şikayətin əsaslılığı yoxlanılır. Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan müddəti ötürdüyünü özü də qəbul etdiyindən şikayət təmin edilə bilməz. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpası barədə ərizəyə birinci instansiya məhkəməsi tərəfindən baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Göstərilənlərə əsasən, şikayət təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3282/2023 saylı, 26 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3282/2023 saylı, 26 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar