Məhkəmə qərarları › İş №2(103)-2159/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2159/2024

07.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2159/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı “səhhətə vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “səhhətə vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (məhkəmə) 29 yanvar 2024-cü il tarixli qərardadı ilə geri qaytarılmış, məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, iddiaçı ümumi aidiyyat qaydalarına uyğun olaraq cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət etməlidir. Məhkəmə vurğulamışdır ki, iddiaçı MPM-nin 36.6-cı maddəsinə istinad etsə də, İddiaçı bədənində xəsarətlər olub-olmamasını müəyyən etmək üçün Bakı şəhəri Yasamal RPİ 27-ci Polis Bölməsinin təhqiqatçısı X2 xx.xx.2024-cü il tarixli qərarı ilə məhkəmə-tibb ekspertizasının təyin edilməsi halı, cavabdehin gözəllik salonunda "kriolipoliz” aparatından düzgün istifadə etməməsi nəticəsində xx.xx.2024-cü il tarixdə iddiaçının sağ ayağının diz nahiyyəsindən yanıq xəsarəti yetirməsini təsdiq edən ilkin mötəbər sübut kimi qəbul edilə bilməz və iddia ərizəsinin alternativ aidiyyət üzrə verilməsinə əsas deyildir – çünki iddiaçı cavabdeh tərəfindən ona xəsarət yetirilməsini və ya sağlamlığının başqa şəkildə pozulmasını təsdiq edən sübutları (məhkəmənin qanuni qüvvəyə minmiş hökmünü, məhkəmə tibb-ekspertizasının rəyini, istintaq orqanının qərarını və sair) məhkəməyə təqdim etməmişdir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin 13 fevral 2024-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv olunaraq iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin həlli üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, qanunverici ədalət mühakiməsinin səmərəliyinin təmin edilməsi məqsədilə mülki işlər üzrə ümumi aidiyyət qaydaları ilə yanaşı, iddiaçının seçməsinə görə aidiyyət qaydalarını müəyyən etmişdir. Həmin qaydalardan biri də xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması haqqında iddiaların ziyan vurma yerinə görə verilə bilinməsi ilə bağlı qaydadır. Mülki Prosessual Məcəllənin 36.6-cı maddəsinə əsasən, xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər. İddia tələblərindən və onun əsaslandırıldığı hallardan görünür ki, iddiaçı cavabdehə məxsus gözəllik salonunda “kriolipoliz” aparatından düzgün istifadə edilməməsi nəticəsində səhhətinə ziyan vurulduğunu iddia edir – ziyanın vurulduğu yer, yəni cavabdehə aid gözəllik salıonu isə Yasamal rayonunun ərazisində yerləşir. Məhz bu səbəblə məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi düzgün olaraq ərazi aidiyyəti qaydalarına uyğun şəkildə Yasamal Rayon Məhkəməsinə verilmişdir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1303/2024 saylı iş üzrə 29 yanvar 2024-cü il tarixli qərardadı ləğv olunsun və iş, iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin həlli üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar