Məhkəmə qərarları › İş №2(103)-216/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-216/2023

02.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-216/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X9 qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsi və qeyrilərinə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(001)-537/2021 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İşin halları: İddiaçı iddia edir ki, xx.xx.2019-cu il tarixdə saat 10:45 radələrində özünə məxsus “X14” markalı **-BJ-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu H.Əliyev prospekti ilə Yevlax şəhəri istiqamətində hərəkətdə olarkən, K.Cabbarov küçəsi ilə kəsişməyə çatdığı zaman işıqforun qırmızı işığının yanmadığından və əsas yolda olduğu üçün hərəkətini davam etdirmişdir. Bu zaman K.Cabbarov küçəsində hərəkətdə olan X6 idarə etdiyi “X13” markalı **-LB-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə əyləcdən istifadə etmədən onun qarşısına çıxmış, nəticədə avtomobillər toqquşaraq ciddi zərər görmüşlər. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYP İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin X7rşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən zərərin əvəzi olaraq 8470 manat məbləğində pulun və ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi-vəkili iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək, cavabdehlərdən müştərək qaydada zərərin əvəzi olaraq 8470 manat məbləğində pulun, ödənilmiş 31 manat məbləğində dövlət rüsumun, vəkilin göstərdiyi yardıma görə 400 manat, yol xərcinə görə 150 manat, notariat xərcinə görə 12 manat, zərərin müəyyənləşdirilməsi üçün avtomobilin müayinəsinə görə 48 manat olmaqla, cəmi 9111 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə saat 10:45 radələrində özünə məxsus “X14” markalı **-BJ-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu H.Əliyev prospekti ilə Yevlax şəhəri istiqamətində hərəkət olarkən, K.Cabbarov küçəsi ilə kəsişməyə çatdığı zaman işıqforun qırmızı işığının yanmadığından və əsas yolda olduğu üçün hərəkətini davam etdirmişdir. Bu zaman K.Cabbarov küçəsində hərəkətdə olan X6 idarə etdiyi “X13” markalı **-LB-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə əyləcdən istifadə etmədən onun qarşısına çıxmış, nəticədə avtomobillər toqquşaraq ciddi zərər görmüşlər. Müəyyən olunmuşdur ki, onun hərəkətdə olduğu istiqamətdə işıqforun qırmızı işığı, digər avtomobilin hərəkət istiqamətində isə işıqforun yaşıl işığı yanmamışdır. İşıqforun nasazlıq faktını digər avtomobilin sürücüsü Kamal Atakişiyev, hadisə yerinə gələn YPX-nin əməkdaşları öz izahatlarında təsdiq etmiş və həmin faktı tərəflər mübahisələndirməmişdir. Hadisədən sonra “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsal İdarəsinin əməkdaşları hadisə yerinə gələrək işıqforu təmir etmişlər. Bunu “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsal İdarəsinin Ağdam istismar sahəsinin rəisi öz izahatında təsdiq etmişdir. Bütün bunlara baxmayaraq Bərdə RPŞ- nin DYPB-nin YPX əməkdaşının qəbul etdiyi TYP 120274 saylı, xx.xx.2019cu il tarixli qərarı ilə İXM-nin 327.2-cı maddəsi ilə 60 manat məbləğində cərimə-inzibai tənbeh tətbiq edilmişdir. Həmin qərardan verilmiş şikayət nəticəsində Bərdə Rayon Məhkəməsinin qərarı ilə TYP 120274 saylı, xx.xx.2019-cu il tarixli qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Zərər dəymiş avtomobil barədə məlumat haqqında xx.xx.2019-cu il tarixli ilkin qiymətləndirmə aktına əsasən, iddiaçının mülkiyyətində olan “X14” markalı **-BJ-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün təmir işlərinin ümumi xərci 8470 manat müəyyən olunmuşdur. Yol-nəqliyyat hadisəsi BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsal İdarəsinin əməkdaşları tərəfindən lazımı şəkildə nəzarətin həyata keçirilməsi səbəbindən baş verdiyindən, zərərin əvəzinin ödənilməsi məqsədilə cavabdehlərə yazılı şəkildə ərizələr göndərilsə də, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər hansı cavab verilmədiyindən, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(001)-537/2021 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsindən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Ağdam İstismar Sahəsindən dəymiş zərərin əvəzi olaraq 6562 (altı min beş yüz altmış iki) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat ekspertiza xərcinin cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsindən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Ağdam İstismar Sahəsindən tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X3, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələri, “Yol hərəkəti haqqında” Qanunun 59, 75 və 85-ci maddələri ilə əsaslandıraraq göstərmişdir ki, yol-nəqliyyat hadisəsi cavabdehlər tərəfindən lazımı şəkildə nəzarətin həyata keçirilməməsi səbəbindən baş verdiyindən və buna görə də iddiaçıya dəymiş ziyan bilavasitə cavabdehlərin səhvi ucbatından vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən dəymiş ziyan cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş TYP № 120274 xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi, TYP № 120274 xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərarı Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə müvafiq olaraq həmin qərar məhkəmə üçün məcburi olmasa da, yol nəqliyyat hadisəsinin məhz cavabdehlərin səhvinə görə baş verdiyi göstərilən qərarla sübuta yetirilmiş və buna görə də cavabdeh tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş TYP № 120274 xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, baş vermiş yol-nəqliyyat hadisəsinin “Siqnal İxtisaslaşdirilmiş Layihə-İstehsalat İdarəsi”nin səhvi ucbatından baş verməsi faktı məlum deyildir. Bununla bağlı olaraq,“Siqnal İxtisaslaşdirilmiş Layihə-İstehsalat İdarəsi”nin hər hansı təqsirli, hüquqazidd əməli mövcud deyildir. Bununla bağlı hər hansı sübut da təqdim olunmamışdır. Bundan başqa yol-nəqliyyat hadisəsibaş verərkən “X14” markalı **- BJ-*** (nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 və (“X15“ markalı **-LB- *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 yol-hərəkəti qaydalarını pozmaları, sürət həddini aşıb-aşmamaları faktını, yol-nəqliyyat hadisəsinin məhz sürücülərin səhvi ucbatından baş verməsi faktı araşdırılmamışdır. Yol nəqliyyat hadisəsində iştirak etmiş nəqliyyat vasitələri işıqforlar işləmədikdə nizamlanmayan yolayrıcısının keçmə qaydalarına uyğun olaraq hərəkət etməlidirlər. Buna görə baş vermiş yol nəqliyyat hadisəsində təqsirkar sağda hərəkətdə olan nəqliyyat vasitəsinə yol verməyən avtomobilin sürücüsüdür. Heç bir halda Azərbaycan Respublikası DİN-nin BDYP İdarəsinin “Siqnal İxtisaslaşdirilmiş Layihə-İstehsalat İdarəsi qeyd olunan hadisədə cavabdehlik daşımır. Məhkəmə qətnaməsində cavabdehlərin məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsi qeyd edilsə də, bununla bağlı hər hansı bildiriş təqdim olunmamış və nəticədə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər edilmədiyimizə görə məhkəmə iclasında iştirakımız mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclaslarında apellyatorun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, sonuncu məhkəmə iclasında iştirak etməmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasında öz nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsininə aid təmin edilən hissədə yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu: 59-cu maddəsinin Xİİ hissəsinin tələblərinə əsasən yollarda svetoforun qurulması və onların lazımi vəziyyətdə işləməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 75-ci maddəsinin İV bəndinə müvafiq olaraq yanıb-sönən sarı siqnal olduqda, svetofor işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yolayrıcılarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər. 85-ci maddəsinin İ bəndinə əsasən, bu Qanunun tələblərinə ciddi əməl etməklə yollarda hərəkət təhlükəsizliyinə nəzarəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmədaşları həyata keçirirlər Mülki Prosessual Məcəllə: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə saat 10:45 radələrində özünə məxsus “X14” markalı **-BJ-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu H.Əliyev prospekti ilə Yevlax şəhəri istiqamətində hərəkətdə olarkən, K.Cabbarov küçəsi ilə kəsişməyə çatdığı zaman işıqforun qırmızı işığının yanmadığından və əsas yolda olduğu üçün hərəkətini davam etdirmişdir. Bu zaman K.Cabbarov küçəsində hərəkətdə olan X6 idarə etdiyi “X13” markalı **-LB-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə əyləcdən istifadə etmədən onun qarşısına çıxmış, nəticədə avtomobillər toqquşaraq ciddi zərər görmüşlər. Bərdə RPŞ-nin DYPB-nın TYP № 120274 xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı barəsində Azərbaycan Respublikasının İXM–nin 327.2 maddəsi ilə 60 manat cərimə inzibati tənbeh tətbiq edilmişdir. Bərdə Rayon Məhkəməsinin 3(021)-527/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən, İddiaçı şikayəti təmin edilmiş, Bərdə RPŞ-nin DYPB-nın TYP № 120274 xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi, TYP № 120274 xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2019cu il tarixdə həmin yol nəqliyyat hadisəsi baş verən vaxt işıqforun qırmızı işığı nasaz olmuşdur. Belə ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin X1 İstehsalat İdarəsinin Ağdam İstismar sahəsindən işıqforun işləyib-işləməsi barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuş və cavab olaraq bildirilmişdir ki, Bərdə şəhəri H.Əliyev prospekti ilə K.Cabbarov küçəsinin kəsişməsində 20 may 2019-cu il tarixdə saat 09:55-10:15 radələrində qısa qapanma nəticəsində işıqforun qırmızı siqnalının qoruyucusu yanmış və nəticədə H.Əliyev prospektində Yevlax şəhəri istiqamətində bir işıqforda və Bərdə şəhəri istiqamətində bir işıqforda qırmızı siqnal işləməmişdir. Bütün işıqforlarda yaşıl və sarı işıqlar işlək vəziyyətdə olmuşdur. X11 əsas yolda olduğu üçün hərəkətini davam etdirmişdir. Bu səbəbdən kəsişmədə hərəkət edən Toyota Land-Cruiser” markalı avtomobil hər bir halda Mehdi Şəfiyevin idarə etdiyi “X14” markalı avtomaşına yol verməli idi. Ona görə də İddiaçı əməlində inzibati xəta tərkibinin olması qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya icraatı zamanı qeyd edilən qərardan Bərdə rayon Polis Şöbəsi apellyasiya şikayəti vermiş, lakin Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-6/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən Bərdə Rayon Məhkəməsinin 3(021)-527/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. xx.xx.2019-cu il tarixli zərər dəymiş avtomobil barədə ilkin qiymətləndirmə aktına əsasən “X14” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi dəyəri 8470 manat təşkil etmişdir. İnzibati Xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında XP1558947 nömrəli Qərardan görünür ki, İddiaçı barəsində tərtib edilmiş TYP 120274 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/6056 nömrəli ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, fiziki şəxs V.Salmanov tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “X14” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6562 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyator baş vermiş yol-nəqliyyat hadisəsinin “Siqnal İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi”nin səhvi ucbatından baş verməsi faktının məlum olmamasını, bununla bağlı olaraq, “Siqnal İxtisaslaşdirilmiş Layihə-İstehsalat İdarəsi”nin hər hansı təqsirli, hüquqazidd əməli mövcud olmamasını göstərsə də bu dəlillərinin əsaslı olmasına dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYP-nə, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə “Siqnal İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi”nə müvafiq sorğular verərək Bərdə rayonun H.Əliyev pr-ti (Yevlax şəhəri istiqamətində hərəkətdə olarkən) K.Cabbarov küçəsi ilə kəsişməsində quraşdırılmış işıqforların hansı qurum tərəfindən quraşdırıldığı, hansı qurumun həmin işıqforların istsmara yararlığına cavabdeh olması barədə məlumat verilməsi xahiş edilmiş, lakin heç bir cavab verilməmişdir. Sorğuların alınmasına dair xəbərnamələr iş materiallarına əlavə olunmuşdur. Hətta apellyatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasında dəfələrlə iştirak etməsinə baxmayaraq sorğunun cavablandırılması və cavabın əlbəəl məhkəmə kollegiyasına təqdim olunması xahiş olunsa da, apellyator həmin məktubun çatdırılmasının onun səlahiyyətlərinə aid olmamasını bəyan etmişdir. Bundan başqa apellyator xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edərkən sorğuya cavab məktubunun məhkəmə kollegiyasına ünvanlanaraq artıq göndərildiyini bildirmişdir. Bu səbəbdən məhkəmə kollegiyasının iclası xx.xx.2023-cü il tarixə təxirə salınmış, lakin sorğuya cavab məhkəmə kollegiyasına daxil olmamışdır. Belə olan halda Bərdə rayonun H.Əliyev pr-ti (Yevlax şəhəri istiqamətində hərəkətdə olarkən) K.Cabbarov küçəsi ilə kəsişməsində quraşdırılmış işıqforların quraşdırılması və istismarının “Siqnal İxtisaslaşdirilmiş Layihə-İstehsalat İdarəsi” tərəfindən həyata keçirilməməsinin sübut edilməsi yükü həmin İdarənin üzərinə düşür ki, cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinin həmçinin də “Siqnal İxtisaslaşdirilmiş Layihə-İstehsalat İdarəsi”nin səhvi ucbatından baş verməməsi faktını təkzib edə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə kolegiyası qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək həmçinin hesab edir ki, işdə olan qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, İddiaçı idarə etdiyi “X14” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu H.Əliyev prospektinə aid hissədə-prospektlə K.Cabbarlı küçələrinin kəsişməsində baş yolu ifadə edən 2.1 üstünlük nişanı qoyulmuşdur. Bu da onu göstərir ki, hadisə vaxtı H.Əliyev prospekti “Baş yol” hesab olunmuşdur. Göründüyü kimi, yol-nəqliyyat hadisəsinin məhz sürücülərin səhvi ucbatından baş verməsi faktının araşdırılması həyata keçirilmiş və iddiaçının təqsiri sübüta yetirilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, sözügedən yol-nəqliyyat hadisəsi BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsal İdarəsinin nəməkdaşları tərəfindən lazımı şəkildə nəzarətin həyata keçirilməsi səbəbindən baş verdiyindən, zərərin əvəzinin ödənilməsində həm də həmin idarə də məsuliyyət daşımalı olmasına dair birinci instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin digər dəlilinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclasları barəsində tərəflərə bildiriş göndərilmiş, bildirişlərin göndərilməsinə dair reyestr iş materiallarına əlavə edilmişdir. Göndərilən məktublar geri qaytarılmamışdır. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mülki işə baxarkən Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə düzgün istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin formal mülahizələrə əsaslandığı qənaətinə gələrək şikayətin təmin edilməsi üçün əsaslar görmür. Beləliklə də, məhkəmə kollegiyası apellyator tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinə aid hissədə dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(001)-537/2021 saylı qətnaməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar