Məhkəmə qərarları › İş №2(103)-2165/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2165/2021

08.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2165/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı “X11” MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(003)-886/2020 saylı qətnaməsindən iddiaçı “X11” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X11” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, “X11” MMC-nin “Slavyanka 1” əmtəə nişanlı təbii mineral suları haqqında internet informasiya ehtiyatlarında yayılmış uyğun olmayan məlumatları təkzib etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması və məcbur olunması, cavabdehdən iddiaçının xeyrinə 17880 manat miqdarında dəymiş maddi zərərin əvəzi, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Azərbaycanın ən səfalı və gözəl yerlərindən biri olan Gədəbəy rayonu füsunkar təbiəti ilə yanaşı, həm də içməli bulaqları ilə məşhurdur. Dünyada qlobal içməli su problemi yarandığı 'bir dövrdə Gədəbəydə içməli su ehtiyatları yetərincədir. Ölkə başçısının Regionların Sosial və X7 haqqında müvafiq Fərmanı qüvvəyə mindikdən sonra, bu fərman şirkətin yaranmasında bir stimul rolunu oynamış və suya olan tələbatı nəzərə alaraq 2010cu ildə Gədəbəy rayonunun Zəhmət kəndində dünya standartlarına uyğun yeni texnologiyalarla təchiz olunmuş fabrik istifadəyə verilmiş və həmin vaxtdan “X11” MMC təsis edilmişdir. “X11” MMC-də bütün istehsal prosesi İSO standartlarının tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə Türkiyənin “X3” sertifikatlaşdırma təşkilatı tərəfindən İSO 14001-2004, İSO 22000- 2005 və İSO 9001-2008 standartlarına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılmışdır. “X11” MMC fəaliyyətə başladığı dövrdən bugünə qədər vətəndaşların sağlamlığını ön plana çəkmiş və insanların sağlamlığına faydalı olan minerallarla zəngin “Slavyanka 1” əmtəə nişanlı təbii içməlisuların istehsalını həyata keçirməklə xalqa xidmət edir. “X11” MMCnin istehsal etdiyi “Slavyanka 1”, “Gədəbəy”, “Azari” və “Novlu” əmtəə nişanlı sular AZS ***-**** - "Təbii içməli mineral su" standartının tələblərinə uyğun istehsal olunur və suyun tərkibinin bütün göstəriciləri X4, QOST və Avropa İttifaqının standartlarına uyğundur. Artıq uzun müddətdir əməkdaşlıq etdikləri suyun laboratoriya fəaliyyəti üzrə akkredasiya olunmuş "xxxx" MMC də onların sularının tərkibinin beynəlxalq standartlara uyğun olduğunu təsdiq edir. Həmçinin fabrikin nəzdində də laboratoriya fəaliyyət göstərir, mütəmadi olaraq gündəlik suyun analizini həyata keçirir. O cümlədən təbii mineral suları zamanla Bəhrəyn, İraq, Qazaxstan, Belarus və hal-hazırda Rusiya Federasiyasına ixrac olunur ki, bu da sularına Azərbaycan Respublikasından kənarda marağın və ona tələbatın göstəricisidir. Qısa müddət ərzində “X11” MMC-nin istehsal etdiyi “Gədəbəy”, “Slavyanka 1” əmtəə nişanlı təbii mineral suları Azərbaycan Respublikasının içməli su bazarında öz önəmli yerini tutmuş və Azərbaycan Respublikasının Prezidenti Administrasiyası, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası və digər qurumlar tərəfindən istehlak olunur və aidiyyatı dövlət qurumların rəsmi tədbirlərində qonaqlara təqdim edilir. Təbii ki, “Slavyanka 1” təbii mineral sularının tərkibinin mineralla zəngin olması və insan orqanizminə müsbət təsir göstərməsi sularının analizi ilə məşğul olmuş bütün şəxslərə məlumdur. Cavabdeh “Sahil usta” adlı Cavabdeh youtube.com, Masterclass Azerbaijan (https://www.facebook.com/masterclassaz/) facebook saytında və masterclass.az internet informasiya ehtiyatlarında “Slavyanka 1” əmtəə nişanlı suları (o Cümlədən ölkədə istehsal olunan bəzi suları) TDS metr adlı cihazla ölçərək haqqında həqiqəti əks etdirməyən məlumatlar yayaraq firmanın işgüzar nüfüzunu ləkələmişdir. Müəyyən zaman keçdikdən sonra cavabdeh yenidən ikinci dəfə yuxarıdakı internet informasiya ehtiyatlarında “Slavyanka 1” əmtəə nişanlı sular haqqında həqiqəti əks etdirməyən məlumat yaymış və “X11” MMC-nin işgüzar nüfüzuna ikinci dəfə zərər vurmuşdur. Həmin video görüntülərinə baxmış kimya haqqında ibtidai savadı olmayan bəzi istehlakçılar tədricən suların istifadəsindən imtina etmələrinə səbəb olmuşdur. Aidiyyatı video görüntülərinə baxarkən aydın olur ki, avtomobil ustası Cavabdeh öz müştərilərinə avtomobil akumlyatorları üçün yalnız distilə olunmuş suların istifadə edilməsi haqqında danışır və distilə olunmuş insanların istehlakı üçün qadağan olan suların içməli sular olduğunu zənn edir. Lakin təssüflər olsun ki, Sahil usta 9-cu sinif məktəblilərin də bildiyi distilə prosesi haqqında məlumatlara malik deyildir və insan orqanizminə faydalı olan mineral sularla distilə olunmuş tərkibində heç bir mineral maddə olmayan ölü suları ayıra bilməyərək, “Slavyanka- 1” əmtəə nişanlı sular haqqında həqiqətə uyğun olmayan məlumatlar yayaraq suları haqqında ikinci-üçüncü dərəcəli içməli olmayan su ifadəsini işlədərək şirkətin nüfuzuna zərər vurmuşdur. Video görüntülərə baxdıqda, məlum olur ki, ümumiyyətlə Cavabdeh kimyadan heç bir məlumatı yoxdur və suların hansı metodlarla analiz edilməsindən heç bir xəbəri yoxdur. Bununla yanaşı internet informasiya ehtiyatlarında vətəndaşlara yalnış məlumat verərək “Slavyanka 1” mineral suları və digəri yerli suları öz “Sahil” usta metoduyla analiz edərək onları 1-ci dərəcəli, 2-ci dərəcəli və.s dərəcələrə bölərək istehlakçılara yalnış məlumat verərərək firmaya maddi ziyan vurmuşdur. Qeyd olunanlara əsasən, “X11” MMC-nin “Slavyanka 1” əmtəə nişanlı təbii mineral suları haqqında internet informasiya ehtiyatlarında yayılmış uyğun olmayan məlumatları təkzib etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması və məcbur olunması, cavabdehdən iddiaçının xeyrinə 17880 manat miqdarında dəymiş maddi zərərin əvəzi, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(003)-886/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət olunmuşdur. İddiaçı“X11” MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(003)-886/2020 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, iddiaçı “X11” MMC-nin “Slavyanka 1” əmtəə nişanlı təbii mineral suları haqqında 30 dekabr 2018-ci il tarixdə “Azərbaycanca satılan suların tərkibi barədə” başlığı altında Cavabdeh tərəfindən “Sahil usta” adlı youtube kanalında əvvəlcədən adi bir maşın ustasının akkumluyatora əlavə edilən sular barədə məlumat xarakterli video kimi görünsə də, daha sonra cavabdeh əlində ucuz dəyərli bir aparatla dəyəri milyon manatlara bərabər olan içlərində bir çox su şirkətinin də olduğu və onların keyfiyyəti barədə özünəməxsus bir formada video yaymışdır. Cavabdeh videonun 2-ci dəqiqəsi, 25-ci saniyəsindən “bu suların tərkibində hansı bizim içməyə və yaxud avtomobillərə, mühərriklərə tökməyə hansı cavab verir” demişdir. İddiaçı “X11” MMC-də bütün istehsal prosesi İSO standartlarının tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə Türkiyənin “X5” sertifikatlaşdırma təşkilatı tərəfindən İSO 14001-2004, İSO 22000-2005 və İSO 9001-2008 standartlarına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılmışdır. Həmçinin tərəfimizdən istehsal olunan slavyanka 1” əmtəə nişanlı su AZS ***-**** -“Təbii içməli mineral su” standartının tələblərinə uyğun istehsal olunur və suyun tərkibinin bütün göstəriciləri X6, QOST və Avropa İttifaqının standartlarına uyğundur. Cavabdeh tərəfindən yayılmış video dəyəri və keyfiyyəti hamıya məlum olan TDS aparatı ilə videonun əvvəlində dırnaq arasında suyun codluğunun ölçülməsi adı altında, daha sonra cavabdehin özünün də videoda ifadə etdiyi kimi, suyun keyfiyyətinin, içməli olub-olmamasının nümayişi kimi əks olunmuşdur. Xəzər rayon Məhkəməsinin müvafiq qətnaməsində isə cavabdehin guya təkcə suyun cod su olub-olmamasını bildirməsi, buna müvafiq olaraq ekspertiza rəyində suyun codluq dərəcəsi ölçüldüyü göstərilmişdir. Halbuki məhkəməyə təqdim edilən videoya tam və dəqiq şəkildə baxılsa cavabdehin suların keyfiyyəti barədə hansı ifadələr işlətməsi aydın şəkildə görünəcəkdir. Lakin məhkəmə belə görünür ki, videoya tam şəkildə baxmamış və cavabdehin izahatı üzrə istiqamətlənmişdir. Deməli, sübutlar tam şəkildə tədqiq olunmamışdır. Bu hal isə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin pozulmsı halıdır. Azərbaycanda yaşayan və bu sudan istifadə edən hər kəsin suyun codluğu, suyun distillə olunub-olunmaması barədə hər hansı bir elmi fikrinin olduğunu hesab etmirəm. Xalqın müəyyən bir hissəsi tərəfindən rəğbət görən və bu rəğbəti sosial şəbəkələrdə abonə sayı və baxış sayı ilə görünən cavabdeh tərəfindən “Azərbaycanda satılan suların tərkibi barədə” başlığı altında bir video paylaşması və videonun 1-ci dəqiqəsi, 54-cü saniyəsindən “kitab yazır ki“ sözləri ilə başlayaraq suları müvafiq olaraq 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci kateqoriyalara ayırır. Hansı kitabdır bu? Həmçinin videonun 1-ci dəqiqəsi, 58-ci saniyəsində cavabdeh tərəfindən suyun codluq dərəcəsi 0-18 arası olsa ən keyfiyyətli su sayılır” ifadəsi işlədilir. Videonun 2-ci dəqiqəsi, 17ci saniyəsindən etibarən cavabdeh codluq dərəcəsi 120-180 olan suyun 4-cü, kateqoriya su olmasını və ardınca 5-ci kateqoriyaları suları cavabdehin öz ifadəsi ilə “heçnədə bu suları istifadə etmək olmaz” cümlələri eşidilir. Həmin videonun 8-ci dəqiqəsi 03-cü saniyəsində “Slavyanka” suyunun codluq dərəcəsi 137 kimi göstərilmişdir. Bu videonu izləyən hər kəs cavabdeh tərəfindən aparılmış kateqoriyalaşdırmaya əsasən sözügedən suyun 4-cü kateqoriya su olmasını hesab edir və bu əmtəə nişanına qarşı soyuqluq yaranır və bir daha istifadə etmir. Beləliklə, bu video AR X10 pozulması halıdır. Belə ki, həmin Qanunun 6.1.1-ci maddəsinə əsasən reklam olunan əmtəə ilə eyni funksiyaları yerinə yetirən yaxud yetirə bilən, başqa istehsalçıların yaxud satıcıların əmtəəsinin keyfiyyət və kəmiyyət göstəriciləri arasında digər bazar iştirakçılarının adını çəkməklə və əmtəəni göstərməklə müqayisə aparıldıqda bu haqsız reklam sayılır. Həmçinin həmin Qanunun 6.2-ci maddəsinə əsasən haqsız reklama yol verilmir. Amma Xəzər rayon Məhkəməsinin müvafiq qətnaməsində bu qanundan heç bir müddəa tətbiq olunmamışdır. Cavabdeh Xəzər rayon Məhkəməsinin müvafiq qətnaməsində qeyd olunan izahatında göstərilən kimi, o videoçəkilişdə sadəcə olaraq hansı suların akkumulyatora tökmək olmasını göstərmək istəyib fikri ilə razı deyiləm. Belə ki, bu düşüncədə olan şəxs suları kateqoriyalara bölüb, kateqoriyaları öz ifadəsi ilə desək “keyfiyyət” kateqoriyası ilə müəyyənləşdirməz. Belə düşüncəsi olan şəxs videoda sadəcə avtomobil mühərrikləri barədə danışmalıdır. Həmçinin onu da nəzərə almaq lazımdır ki, bazarda akkumlyator sulan mövcuddur. Bunun üçün digər su şirkətlərini “keyfiyyət” adı altında kateqoriyalaşdırmağa və ya o suların codluğunu ölçməyə ehtiyac yoxdur. İddiaçı “X11” MMC tərəfindən suların keyfiyyəti bu qədər nəzarət altında ikən, heç bir elmi əsaslanması olmayan, youtube kanalında 18500 (on səkkiz min beş yüz) abonəsi olan cavabdeh tərəfindən bu tip videonun çəkilməsi iddiaçının işgüzar nüfuzuna böyük bir zərbədir. Bu videonun da təkcə youtubeda baxış sayının 4000 (dörd min) baxış sayına yaxın olduğunu xatırlatmaq istəyirəm. Məhkəmə kollegiyasının iclasında iddiaçı “X11” MMC-nin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə etdi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(003)- 886/2020 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında qeyd etdi ki, onun iddiaçı ilə heç bir qərəzi yoxdur. O, videoçəkilişdə sadəcə olaraq hansı suların akkumulyatora tökmək olmasını göstərmək istəyib, belə ki, həmin sular distilə olunmuş su olmalıdı. Həmin videoçəkilişdə o, bir necə suların o, cümlədən də slavyanka suyunun cod su olduğunu, yəni distillə olunmuş su olmadığını bildirib. O sadəcə suların fərqi barədə video çəkmişdir, orada qərəzli heç bir şey yoxdur. Videogörüntüdəki aparat suyun yalnız codluğunu yoxlayır, distillə olunmuş suda heç bir mineral olmur, ona görə də, distillə olunmuş suların codluğu çox az olur. Həmin videogörüntüdə slavyanka suyundan başqa digər sular da var idi, adi müqayisə videosudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə təərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən hər kəsin öz fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. İddia tələbindən görünür ki, iddiaçı “X11” MMC cavabdeh tərəfindən sosial şəbəkədə yerləşdirilən videoda səsləndirilən fikirlərin onların işgüzar nüfuzuna zərər gətirdiyi, bununla da MMC-yə maddi zərər dəydiyini irəli sürmüşlər. İşin araşdırılan hallarından görünür ki, Cavabdeh facebook.com sosial şəbəkəsində profilində yerləşdirdiyi videolarda mağazadan aldığı bir neçə su məhsullarının TDS aparatı vasitəsilə növbə ilə codluğunu yoxlayaraq, distillə olunmuş su olub-olmaması barədə məlumat vermişdir. Həmin videoda “X11” MMC-nin istehsal etdiyi “Slavyanka” markalı suyun codluğu yoxlanıldıqdan sonra suyun distillə olunmuş su olmadığı, yəni codluğuna görə ikinci dərəcəli su olduğu bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə görə fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun 14 may 1999-cu il tarixli qərarının 1-ci bəndində qeyd eidlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq vətəndaşlar onların şərəf və ləyaqətlərini ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini məhkəmə yolu ilə tələb edə bilərlər. Məhkəmələrə izah edilsin ki, Mülki Məcəllənin 7-ci maddəsində müəyyən olunmuş qaydada təşkilatların və vətəndaşların işgüzar nüfuzu da müdafiə oluna bilər. Həmin qərarın 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatların vətəndaşların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məhkəmə ilk növbədə qeyd edir ki, sözügedən videogörüntüdə cavabdeh tərəfindən 1-ci dərəcəli, 2-ci dərəcəli ifadələrinin işlədilməsi iddiaçı “X11” MMC-nin nüfuzuna zərər gətirmir. Belə ki, materialın araşdırılması zamanı görünür ki, cavabdeh tərəfindən həmin ifadə analiz edilmiş suların riyazi göstəriciyə uyğun olaraq qruplaşdırılması məqsədilə işlədilir və bunun müəyyən edilməsi xüsusi bilik tələb etmir. Məhkəmə, cavabdeh tərəfindən sosial şəbəkədə yerləşdirilmiş videogörüntüdə əks olunmuş Slavyanka markalı suların distillə olunmamış sular olmasına dair fikirlərin həqiqətə uyğunluğunun yoxlanılması məqsədilə fiziki-kimyəvi ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13.08.2020-ci il tarixli 6/1224 saylı rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş 03 ədəd “Slavyanka-1” əmtəə nişanlı suların ümumi codluğu 1.18-1.19 mqXekv/L təşkil edir. Orqanoleptik əlamətlərinə, tərkiblərində müəyyən edilən kalsium, maqnezium duzlarının miqdarına, codluq və pH göstəricilərinə əsasən həmin sular distillə suyundan tamamilə fərqlidir. Apellyasiya mərhələsində keçirilmiş məhkəmə-linqvistik ekspertizasının 08 iyun 2021-ci il tarixli, 4/492 saylı rəyinə əsasən “Sahil usta” adlı Cavabdeh youtube.com, Masterclass Azerbaiyan (https://www.facebook.com/masterclassaz/) facebook saytında, masterclass.az internet informasiya ehtiyatlarında yerləşdirilmiş və iş materiallarına əlavə edilmiş diskdə əks olunan videoməlumatda Cavabdeh tərəfindən “Slavyanka 1” əmtəə nişanlı suları TDS metr adlı cihazla ölçərkən, qeyd etdiyi sözlərdə “X12” MMC-nin işgüzar nüfuzunu ləkələyən məlumatlar müəyyən edilmədi. Azərbaycan Respublikasının MülkiProsessualMəcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspertlər qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertlərin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, cavabdeh peşə fəaliyyəti ilə bağlı tövsiyyə xarakterli videolar çəkmiş, hazırki iş üzrə tədqiq edilən videogörüntüdə də “Slavyanka-1” əmtəə nişanlı suların distillə olunmuş su olmadığından avtomobil üçün zərərli ola biləcəyini bildirmişdir. Bununla cavabdeh real analizin nəticəsini izləyicilərinə təqdim etməkdən əlavə iddiaçının işgüzar nüfuzuna zərər vura biləcək hər hansı ifadə işlətməmiş, məlumat yaymamışdır. Məhkəmə hesab edir ki, “X11” MMC-nin “Slavyanka 1” əmtəə nişanlı təbii mineral suları haqqında internet informasiya ehtiyatlarında yayılmış uyğun olmayan məlumatları təkzib etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin təmin edilməsi üçün əsas yoxdur. Eyni zamanda, iddia tələbinin vurulmuş 17880 manat maddi zərərin ödənilməsi hissəsinə dair kollegiya qeyd edir ki, cavabdeh tərəfindən “X11” MMC-nin işgüzar nüfuzuna zərər gəlməsi sübuta yetirilməmiş, iddiaçı məhkəmə iclasında zərərin mövcudluğu, iddiaçının təqsirli hərəkəti nəticəsində yaranması, maddi zərərin məhz 17880 manat məbləğində olmasını və hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Kollegiya birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-linqvistik ekspertizasının tədqiqatı dəyəri olan 100 (yüz) manat iddiaçıdan alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “X11” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(003)-886/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-linqvistik ekspertizasının tədqiqatı dəyəri olan 100 (yüz) manat iddiaçı “X11” MMC-dən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar