Məhkəmə qərarları › İş №2(103)-2165/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2165/2023

17.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2165/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(005)-1666/2022 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3”nin xx.xx.2022-ci il tarixli, 2733 nömrəli rəyinə əsasən 1930-cu il təvəllüdlü X2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, X2 “Covid-19” xəstəliyi dövründə ona “Covifor № 6” dərman preparatı təyin edilmişdir. Qeyd edilən dərman preparatının anotasiyasında həmin dərman preparatı “Covid-19” xəstəliyinin müalicəsində istifadə olunur və ölümə səbəb ola biləcək əks göstəriş qeyd edilməmişdir.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3”nin xx.xx.2022-ci il tarixli, 4020 nömrəli rəyinə əsasən 1930-cu il təvəllüdlü X2 adına tərtib edilmiş tibbi sənədlərə, məhkəmə-tibbi ekspert rəyinə və iş materiallarına əsaslanaraq, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən X2 “Covid-19” xəstəliyi dövründə vəziyyətinin ağırlığından və dozalama qrafikindən asılı olaraq ona “Covifor № 6” dərman preparatının 2 ampula inyeksiya edilməsi mümkündür. Qeyd edilən dərman preparatının anotasiyasında həmin dərman preparatının “Covid-19” xəstəliyinin müalicəsində istifadə olunduğu və ölümə səbəb ola biləcək əks göstərişi qeyd edilməmişdir. “Covifor № 6” adlı dərman preparatı “Remdesivir” dərman preparatı ilə eyni tərkiblidir, lakin müxtəlif qablaşdırılır.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona vurulmuş zərərin əvəzi olaraq 1500 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, anası 12 iyul 1930-cu il təvəllüdlü X7 may ayından etibarən iddiaçı ilə birlikdə yuxarıda qeyd olunan 9-cu mikrorayon, H.Seyidzadə küçəsi 38, mənzil 105 ünvanında yaşamışdır. Avqust ayının ortalarında səhhətində problem yaranmış, hərarəti qalxdığına görə “Covid-19” testi vermişdir. 21 avqust 2021-ci il tarixdə onlara verilən testin cavabı pozitiv çıxmışdır. Anası yaşının çox olmasına görə xəstəxanaya getmək istəməmiş və onlar evdə müalicəsi alması ilə bağlı qərara gəlmişlər. 28 avqust 2021-ci il tarixə qədər onun səhhətində müəyyən irəliləyişlər olsa da ümumi vəziyyəti ağır olaraq qalmış, tənəffüs çatışmazlığına görə oksigen balonuna qoşulmuşdur. Ev şəraitində müalicə almasına baxmayaraq, onlara “Covid-19” xəstələri ilə Zığ qəsəbəsində yerləşən modul tipli hospitalda işləyən Cavabdeh adlı həkimi tövsiyə etmişlər. 28 avqust 2021-ci il tarixdə axşam saat 20-21 radələrində Leyla həkim onların evinə gəlmiş və xəstəyə vizual baxış keçirib resept yazmışdır. Bildirmişdir ki, Covid xəstələrini sağaldan Covifor № 6 adlı dərman “Covid-19” xəstələri üçün effektivdir. Həkim Cavabdeh bildirmişdir ki, adıçəkilən dərmanı onlara verəcək və həmin dərmanın bir ampulasının qiyməti 200 manat təşkil edir. Reseptdə 6 ampula olmasına görə 1200 manat pul ödənilməlidir. Həkimin fərdi müalicəsi üçün həmin gün 50 manat məbləğdə əlavə ödəniş də həyata keçirilmişdir. Növbəti gün 29 avqust 2021-ci il tarixdə Leyla həkimin resepti üzrə dərmanlar alınmış və müalicəyə başlanılmışdır. Daha sonra onunla əlaqə saxlanılaraq, onlara çatdırılmalı olan dərmanlar barədə soruşduqda həkim bildirmişdir ki, onlarla əlaqə saxlanılıb dərmanları təhvil verəcəklər. Həmin gün saat 16:15-də onlara ***-***-**-** nömrəsindən zəng gəlmiş, həmin adam “Tərlan” şadlıq sarayının yanında olduğunu və tapşırılan dərmanları gətirildiyini bildirmişdir. Müvafiq ödəniş həyata keçirildikdən sonra 6 ampula alınmışdır. Həkimin göstərişinə əsasən xəstəyə təcili 2 ampula sistem şəklində vurulmuşdur. Dərmanlar vurulduqdan sonra xəstənin halı kəskin pisləşmiş və 21:45 radələrində keçinmişdir. 01 sentyabr 2021-ci il tarixdə müvafiq məlumat həkimə bildirilmiş, o isə cavabında qeyd etmişdir ki, öz nənə və babası da bu xəstəliydən ölmüşdür. Dərmanın geridə qalan 4 ampulasını qaytarmaq istəsələr də, digər tərəf buna etiraz bildirmişdir. Həkimin peşəkarlılğının və düzgün müalicə üsulları tətbiq etməsinin araşdırılması üçün aidiyyatı orqanlara şikayətlər ünvanlanılmışdır.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(005)- 1666/2022 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

7. Qətnamənin əsaslarına görə, iddiaçının anası X4 həkimi olan Cavabdeh yanlış diaqnoz qoyulması iş üzrə təyin olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3”nin xx.xx.2022-ci il tarixli, 2733 və xx.xx.2022-ci il tarixli, 4020 nömrəli rəyləri ilə öz təsdiqini tapmır.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1091-ci maddəslərinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.

10. Şikayətin dəlillərinə görə, cavabdeh iddiaçının anasının “Covid-19” xəstəliyi ilə bağlı onlara “Covifor”/“Remdesivir” dərmanını evdə vurmaq üçün təyin etmişdir, baxmayaraq ki, həmin dərman ancaq xəstəxana şəraitində və daima həkim nəzarəti altında vurulmalıdır. Onlar da Cavabdeh göstərişinə əsasən xəstəyə təcili 2 ampula sistem şəklində vurmuşlar, dərmanlar vurulduqdan sonra anasının halı kəskin pisləşmiş və o, 21:45 radələrində keçinmişdir. Beləliklə də, Cavabdeh həmin dərmanı ev şəraitində vurmağa təyin edərkən dərmanın xəstəxana şəraitində və daimi nəzarət altında vurulmalı olduğunu onlardan gizlətmişdir. Ekspert qarşısında “Covifor № 6” adlı dərmanla paralel eyni sutkada “Remdesivir” injektion 100 mq/20 ml, Triplixan 5 mq adlı dərman preparatının xəstədə əks göstərişə və ya onun ölümünə səbəb ola bilməsi ilə bağlı sual qoyulmuşdur. Məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suallar və aldığı cavablar iş üçün heç bir əhəmiyyət kəsb etmir. Çünki, o özü də bilir ki, “Covifor № 6” adlı dərman“Covid-19” xəstələrin müalicəsi üçün nəzərdə tutulub, bu dərman preparatı “Remdesivir” dərman preparatı ilə eyni tərkiblidir, lakin müxtəlif formada qablaşdırılır. Bütün bunlar mübahisə predmeti olmamışdır. Məhkəmə də ekspertiza qarşısında iş üzrə mübahisə doğuran hallara aydınlıq gətirmək üçün onun göstərdiyi instruksiyada qeyd edilmiş hallara uyğun sullar qoymaq əvəzinə ekspert qarşısında iş üçün əhəmiyyət kəsb etməyən sullar qoymuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11.Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, ona uyğun izahat vermiş, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarı: “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. ... Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər.”

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

19. Hazırkı tələbin hüquqi əsasını deliktlə bağlı münasibətləri tənzimləyən normalar təşkil etdiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında əks etdirilmiş mövqe baxımından qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün zərəri olan şərtlər mövcud deyildir.

20. Belə ki, ilkin şərt olaraq törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması nəzərdə tutulur və məhz bundan sonra zərərin vurulması və səbəbli əlaqə araşdırılır.

21. Birinci instansiya məhkəməsi tərəfindən məhz törədilmiş əməlin hüquqa zidd olub – olmamasını müəyyən etmək üçün ekspertizalar təyin edilmiş və ekspert qarşısında təyin olunmuş dərman preparatlarının xəstədə əks göstərişə və ya ölümə səbəb ola bilməməsi, həmin dərman vasitəsinin təyinatının həkim səhvi olub – olmaması ilə bağlı suallar qoyulmuşdur.

22. Lakin ekspertlər tərəfindən yuxarıda qeyd olunduğu kimi əməlin hüquqa zidd olmaması qənaətinə gəlindiyindən birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq deliktin mövcudluğu üçün digər şərtlər (zərərin vurulması və səbəbli əlaqə) araşdırılmamışdır.

23. Bu mənada məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

24. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(005)- 1666/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(005)- 1666/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar