Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-217/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Məhsəti Hüseynovanın, Mübahisə predmet barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Rauf Ağayevin iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3, Səmədova (Dəmirova) Aynurə Xalıq qızına və Cavabdeh5 qarşı “borcun girov predmetinə yönəldilməsi barədə” 2(008)-2101/2019 nömrəli mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 sentyabr 2019-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3, Səmədova (Dəmirova) Aynurə Xalıq qızına və Cavabdeh5 qarşı borcun girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-124/2015 saylı, 19.03.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş cəmi 153120 ABŞ dolları məbləğində borcun Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsindəki 19 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi həmin fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3, Səmədova (Dəmirova) Aynurə Xalıq qızı və Cavabdeh5 həmin əmlakdan çıxarılmaları, həmin əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC (hazırda İddiaçı QSC) ilə borclu Ağayev Rauf Səlim oğlu arasında bağlanmış 13 iyun 2018-ci il tarixli 02L000002764 saylı kredit xətt müqaviləsinə əsasən 120 ay müddətinə 1 000 000 ABŞ dolları məbləğində kredit məbləği açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Ağayev Rauf Səlim oğlu İddiaçı QSC ilə bağladığı 19.08.2010-cu il tarixli 02R000016263 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2 00 000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Ağayev Rauf Səlim oğlu kredit razılaşmasının şərtlərinə uyğun ödənişləri həyata keçirməmiş və 27 iyun 2012-ci il tarxidən borcunu ödəməmişdir. Bu səbəbdən iddiaçı "xxxx" QSC Bakı Şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmiş və Suraxanı rayon Məhkəməsinin 19 mart 2015-ci il tarixli 2(010)-124/2015 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Ağayev Rauf Səlim oğlu, X5 və X1 müştərək qaydada 125904,66 ABŞ dolları əsas, 22215,53 ABŞ dolları faiz və 5000 ABŞ dolları cərimə olmaqla, cəmi 153120,19 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla manatla, həmçinin 30 manat ödənilmiş dövlət rüsumun əvəzinin İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. 13 iyun 2018-ci il tarixli kredit xətti müqaviləsi üzrə Ağayev Rauf Səlim oğlundan bank qarşısında götürdüyü öhdəliyinin icrasını təmini məqsədi ilə Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3, Səmədova (Dəmirova) Aynurə Xalıq qızı və Cavabdeh5 bank ilə bağladığı 31.07.2008-ci il tarixli ipoteka müqaviləsi əsasında ümumi birgə mülkiyyətlərində olan Bakı Şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsindəki 19 saylı fərdi yaşayış evini Accessbank QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişlər. Qeyd olunan ipoteka müqaviləsi Azərbaycan Respublikası DƏDRX-də müvafiq qeydiyyatdan keçmişdir. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-124/2015 saylı, 19.03.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş cəmi 153120 ABŞ dolları məbləğində borcun Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsindəki 19 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, həmin fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Səmədova (Dəmirova) Aynurə Xalıq qızının və Cavabdeh5 həmin əmlakdan çıxarılmaları, həmin əmlakın boşaldılması, alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 124/2015 saylı, 19.03.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş cəmi 153120 ABŞ dolları məbləğində borc Bakı şəhəri, Suraxanı rayonu, Qarauxur qəsəbəsi, Şərq yaşayış sahəsindəki 19 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 300000 manat olmaqla açıq hərracdan satılması və hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borcun ödənilməsi, evə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Səmədova (Dəmirova) Aynurə Xalıq qızının və Cavabdeh5 həmin əmlakdan çıxarılması və həmin əmlakın boşaldılaraq alıcıya təhvil verilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsini, həmin əmlakın ilkin satış qiymətinin yenidən qiymətləndirmədən keçirməklə və qiymətləndirilmənin keçirilməsinin başqa qiymətləndirici təşkilata həvalə edilməklə müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci istansiya məhkəməsi işə baxarkən ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi üçün "xxxx" MMC-yə müraciət etmiş və rəy alınmışdır. "xxxx" MMC-nin 11 iyul 2019-cu il tarixli rəyinə əsasən Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsindəki 19 saylı fərdi yaşayış evinin dəyəri 300 000 manat müəyyən edilmişdir. Halbuki tərəflər arasında ipoteka müqaviləsi bağlanarkən əmlakın dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 163 661 manat müəyyən edilmişdir. Həmin əmlakın 300 000 çanat dəyərində olması yəni ipoteka müqaviləsi bağlanarkən tərəflərin razılığa gəldikləri qiymətdən 1,8 dəfə cox olması real deyildir. Bu səbəbdən hesab edirik ki, MMC tərəfindən sözü gedən əmlaka qiymət həddindən artıq hesablanmışdir. Açıq-aydın görünür ki, rəy ilə ipoteka müqaviləsində göstərilmiş qiymətlər arasında kifayət qədər böyük fərq mövcuddur. Hesab edirik ki, ipoteka müqaviləsi bağlandıqdan hal-hazıradək ipoteka predmeti olan əmlakın dəyəri rəydə qeyd edildiyi kimi bir neçə dəfə arta bilməz. "xxxx" MMC-nin rəyində qiymətləndirici tərəfindən qiymətin müəyyən edilməsi meyarları, qiymətləndirmə metodunun təsvirini ümumi olaraq göstərilmişdir: bu cür məlumat standart olaraq bütün rəylərdə olur; qiymətləndirici isə həmin metodlardan (xərc metodu, uyğun satışların müqayisəli metodu və s.) konkret həmin əmlakın qiymətləndirilməsində necə istifadə etdiyini, göstərilən nəticəyə necə gəldiyini, həmin ipoteka predmetlərinin məbləğini necə aldığını göstərməli idi. "xxxx" MMC-nin rəyində əmlakın qiymətlərini müəyyən edərkən analoqlardan istifadə edildiyi qeyd edilsə də, ipoteka predmetinin qiymətləndirilməsi zamanı istifadə etdiyi oxşar əmlakların ünvanları, xüsusiyyətləri, mövcudluğu barədə rəydə hər hansı bir məlumat yoxdur. Bundan başqa qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlak daha əvvəl "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və əmlakın dəyəri 135000 manat müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tərəb irəli sürməyən 3-cü şəxs R.Ağayev apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsi təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, 13 iyun 2008-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Ağayev Rauf Səlim oğlu arasında olan razılaşmaya əsasən sonuncu üçün 1 000 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 13 iyun 2008-ci il tarixli 02L000002764 saylı kredit razılaşmasına əsasən İddiaçı QSC Ağayev Rauf Səlim oğluna 36 ay müddətinə aylıq faiz dərəcəsi 2 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 200 000 ABŞ dolları kredit vermişdir. 31 iyul 2008-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 və digər cavabdehlərin arasında bağlanmış 13 iyun 2008-ci il tarixli 02L000002764 saylı kredit razılaşmasının təminatı kimi cavabdehlərə mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsindəki 19 saylı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. MH seriyalı ******* saylı çıxarışın sürətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsindəki 19 saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)- 124/2015 saylı, 19.03.2015-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı QSC-nin cavabdeh Ağayev Rauf Səlim oğluna, X4 və X2 qarşı “borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Ağayev Rauf Səlim oğluna, X4 və X1 müştərək qaydada 19.08.2010-cu il tarixli 02R000016263 saylı kredit razılaşması üzrə 125904.66 ABŞ dolları əsas borc, 22215.53 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları cərimə olmaqla, cəmi 153120.19 ABŞ dolları pul vəsaitinin ödəniş anında ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla manatla, həmçinin 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı QSC-nin xeyrinə alınması qət edilmişdir. Tərəflər arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmə kollegiyası mübahisənin obyekti olan əmlakın ilkin satış qiyməti 300 000 manat olmasının müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsindəki 19 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti ilə bağlı iş materiallarında iki qiymətləndirmə rəyi mövcuddur. Belə ki, "xxxx" MMC tərəfindən həmin əmlakın satış qiyməti 135000 (yüz otuz beş min) manat, "xxxx" MMC tərəfindən isə 300000 (üç yüz min) manat olduğunu müəyyən edilmişdir. Göründüyü kimi, əmlakın satış qiyməti ilə bağlı qiymətləndirmə şirkətləri tərəfindən müəyyən edilən məbləğlər arasında kəskin fərq olmasına baxmayaraq, məhkəmə buna lazımi diqqət ayırmadan, həmin rəylərdən yalnız birinin qeyd etdiyi məbləğə istinad edərək fərdi yaşayış evinin ilkin satış qiymətini müəyyən etmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərardadı əsasında "xxxx" MMC-nin həyata keçirdiyi qiymətləndirmənin nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsindəki 19 saylı fərdi yaşayış evinin bazar qiyməti 368000 (üç yüz altmış səkkiz min) manat təşkil etdiyi qeyd edilmişdir. Məhkəmənin digər qərardadı əsasında "xxxx" MMC-nin qiymətləndirmə işinin nəticəsi olaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsindəki 19 saylı fərdi yaşayış evinin bazar qiymətinin 368000 (üç yüz altmış səkkiz min) manat, likvid qiymətinin 348000 (üç yüz qırx səkkiz min) manat təşkil etdiyi öz əksini tapmışdır. İş üzrə təkrar qiymətləndirmə ilə bağlı məhkəmənin sonuncu qərardadının icrası ilə bağlı "xxxx" MMC tərəfindən mübahisəli fərdi yaşayış evinin bazar qiyməti 260000 (iki yüz altmış min) manat, likvid qiyməti isə 240000 (iki yüz qırx min) manat olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası əmlakın ilkin likvid satış qiymətinin qiymətləndirmə rəylərindəki ortalama qiymət əsasında 240000 (iki yüz qırx min) manat olaraq müəyyən edilməsi qənaətinə gəlir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, əmlakın ilkin likvid satış qiyməti 240000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385-ci maddəsinə görə isə, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; və qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 sentyabr 2019-ci il tarixli, 2(008)- 2101/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə - əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsindəki 19 saylı fərdi yaşayış evinin ilkin likvid satış qiyməti 240000 manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-217/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-217/2021
10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver