Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2170/2020 26.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh1 və onun vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4871/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı dəymiş maddi ziyan tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Fikrək oğlundan 5900 manat məbləğində maşına görə ödənilən pulun alınaraq ona qaytarılmasını xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 iş üzrə cavabdeh, X3 və X10 isə iş üzrə cavabdehlər tərəfində mübahisə barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 baş etibarnamə əsasında hərəkət edərək X2 mülkiyyətində olan “Mercedes Benz” markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomaşını xx xxxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, 24 saylı DNK-da rəsmiləşdirilmiş etibarnamə əsasında ona satmış və əvəzində ondan 5900 manat məbləğində pul almışdır. Lakin, sonrada ona məlum olmuşdur ki, maşının mülkiyyətçisi olmuş S.Yarməmmədova həmin maşına dair verilmiş etibarnaməni ləğv etmiş və maşından istifadəyə məhdudiyyət qoyulmuşdur. Halbuki, o maşını qeyd edilən tarixdə əldə edən vaxt etibarnamənin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2019-cu il tarixədək onu adına rəsmiləşdirməyi nəzərdə tutmuş, lakin maşının mübahisəli olduğunu bilməmişdir. Ona görə də, hazırkı iddianın təmin edilməsini xahiş edir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4871/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh1 5900 manat məbləğində avtomobilə görə ödənilmiş pulun və 30 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmə iclasında iştirak edərək məhkəməyə bildirmişdir ki, həqiqətən də sözü gedən maşını 5900 manata iddiaçıya satmışdır. Lakin onun özünü də aldadıblar. O, sözügedən avtomobili etibarnamə əsasında İddiaçı satanda, etibarnamə ləğv olunmamışdır və o, avtomaşının sahibi tərəfindən həmin avtomaşın üzərində işlətdiyi sərəncamı vermək hüququna malik olmuşdur. Eyni zamanda avtomobili baş etibarnamə ilə alandan sonra, həmin avtomobilin təmirinə xeyli məbləğdə pul xərcləmişdir. Pula ehtiyacı olduğu üçün həmin avtomobili etibarnamə əsasında satmışdır və avtomaşını etibarnamə ilə iddiaçıya satarkən qanunun tələblərini pozmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun vəkili X9 izahatında şikayəti müdafiə etdiyini bildirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasə işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 iş üzrə cavabdeh qismində işə cəlb etsə də, həmin cavabdehə münasibətini ümumiyyətlə müzakirə etməmişdir. Bu isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyinin araşdırılmasını zəruri edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinin tələbindən görünür ki, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Hazırki halda isə birinci instansiya məhkəməsi Cavabdeh2 iş üzrə cavabdeh qismində işə cəlb etmiş olsa da, ona aid hissədə iddia tələbinə qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4871/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli, ƏN-Vİ 387776 № li etibarnamənin kserosurətindən görünür ki, X2 adından onun verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi X10 S.Yarməmmədovanın mülkiyyətində olan Mercedes Benz C 180 minik markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 üzərində sərəncam vermək hüququ da daxil olmaqla digər hərəkətlər etməyi etibar etmişdir. Etibarnamə 11 ay 22 gün müddətinə verilmiş, xx.xx.2019-cu ilədək qüvvədə olmuşdur. İş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli, ƏN-Vİ 501758 № li etibarnamənin kserosurətindən görünür ki, X2 adından onun verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi Cavabdeh1 S.Yarməmmədovanın mülkiyyətində olan Mercedes Benz C 180 minik markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı üzərində sərəncam vermək hüququ da daxil olmaqla digər hərəkətlər etməyi etibar etmişdir. Etibarnamə 11 ay 22 gün müddətinə verilmiş, xx.xx.2019-cu ilədək qüvvədə olmuşdur. İş materiallarında olan nəqliyyat vasitəsinin şəhadətnaməsinin kserosurətindən görünür ki, Mercedes Benz C 180 minik markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Həmin Məcəllənin 139.2-ci maddəsinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 650-ci maddəsinin tələbinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 359.1-ci maddəsinə görə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 364.4-cü maddəsinə görə etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz. Avtomobillə bağlı alğı-satqı müqaviləsinin bağlanmaması və iddiaçı tərəfindən cavabdehə 5900 manat pul verilməsi tərəflərin birinci instansiya məhkəməsi və apellyasiya icraatı zamanı vermiş olduqları izahatları ilə müəyyən edilir və bu işin mübahisəsiz halıdır. İş materiallarından görünür ki, mübahisəli avtomobil X2 mülkiyyətindədir, mülkiyyətçinin verdiyi baş etibarnamə əsasında avtomobil X1 vermək hüququ da daxil olmaqla müvəqqəti sahibliyinə verilmiş, Vəfa Məmmədova öz növbəsində sərəncam vermək hüququndan istifadə etməklə avtomobillə bağlı özünün malik olduğu hüquqları etibarnamə əsasında Cavabdeh1 vermişdir, Cavabdeh1 da, avtomobillə bağlı ona ötürülmüş hüquqları sərəncam vermək hüququndan istifadə etməklə İddiaçı vermişdir və buna görə İddiaçı 5900 manat pul almışdır. Mülki Məcəllənin etibarnamə ilə bağlı normalarının tələblərindən görünür ki, əmlak barəsində mülkiyyətçi tərəfindən etibarnamə verilməsi heç bir halda mülkiyyət hüququnun ötürülməsi hesab edilə bilməz. Belə ki, normaların məzmunundan da göründüyü kimi, etibarnamə vəkalət verənin yəni mülkiyyətçinin iradəsindən asılı olur, onun istədiyi vaxtı etibarnaməyə xitam verilə bilər və etibarnamə müddətlə məhdudlaşdırılır. Etibar edilən verilən etibarnamə əsasında təmsilçilik fəaliyyəti göstərməklə yalnız etibar edənin adından hərəkət edir və etibar edən üçün hüquq və vəzifələr yaradır. Yəni, etibar edilən heç bir halda ona verilən etibarnamə əsasında özü barəsində əqd bağlaya bilməz. Ona görə də, cavabdehə iddiaçı tərəfindən verilən etibarnamə qüvvədə olma müddətindən asılı olmayaraq heç bir halda avtomobilin satılması kimi başa düşülə bilməz. Əmlakın etibarnamə ilə verilməsindən fərqli olaraq, alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh1 ödədiyi 5900 manat pulu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırki iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinin tələbi baxımından Cavabdeh2 hazırkı iddia tələbinin yönəldiyi fiziki şəxs hesab edilə və iddia tələbi ona münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, hazırki halda idda tələbi təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4871/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 5900 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 30 manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4871/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 5900 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 30 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2170/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2170/2020
26.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver