Məhkəmə qərarları › İş №2(103)-2170/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2170/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2170/2025 11.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-284/2025 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, borc alınmış 32.556 manat və mənəvi zərərə görə 5.000 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, borc alınmış 32.556 manat və dövlət rüsumunun əvəzi kimi 188 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin və iddia tam rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin yalnız həmin hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmışdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Tərəflərin arasında notariat qaydasında xx.xx.2023 və xx.xx.2023-cü il tarixli iki kredit (borc) müqaviləsi bağlanıb. Birinci müqavilə üzrə 11.000 manat, ikinci müqavilə üzrə 30.546 manat pulu iddiaçı cavabdehə borc verilib. Borcun qaytarılması müddəti bitib. İddiaçı iddia edir ki, borc pulu cavabdehə verib, lakin cavabdeh pulu tam şəkildə qaytarmayıb. Cavabdeh isə bildirir ki, borc pulu tam şəkildə geri qaytarıb. Göründüyü kimi, cavabdeh borc pulun ona verildiyini etiraf edir, lakin pulu qaytardığına istinad edərək iddiaya etiraz edir. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsində borcalanın vəzifəsi belə göstərilib: “...aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür”. Borc alınmış pulun qaytarıldığını sübut etmə yükü cavabdehin üzərinə düşür, lakin cavabdeh bunu sübut edə bilmir. Beləliklə, məhkəmə AR Mülki Məcəlləsinin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-284/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar