Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2173/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3081/2021 saylı 16 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında Bakı şəhəri 17 saylı Notariat ofisində 14 mart 2020-ci il tarixdə bağlanmış ‘‘avtomaşının ilkin alqı-satqı müqaviləsi”nin ləğv edilməsi, həmin müqaviləyə əsasən ona ödəməli olan 10 ay, aylıq 666 manat olmaqla, ümumilikdə 6600 manat aylıq ödəniş məbləğinin və 1998-ci il buraxılışlı, **-FP-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C220 CDİ” minik markalı avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 3000 manat pul və ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında Bakı şəhəri 17 saylı Notariat ofisində 14 mart 2020-ci il tarixdə bağlanmış “avtomaşının ilkin alqı-satqı müqaviləsi”nə əsasən o, mülkiyyətində olan 1998-ci il buraxılışlı, **-FP-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C220 CDİ” minik markalı avtomobili satış dəyəri 16000 manat müəyyən edilməklə, avtomobilin dəyərini 24 ay ərzində, hər ayın 20-si aylıq 666 manat olmaqla hissə-hissə ödəmək şərtilə cavabdehə satmışdır. Sonuncu müqavilə şərtlərini pozaraq, 14 mart 2020-ci il tarixdən 05 yanvar 2021-ci il tarixə kimi avtomobili istifadə etməsinə baxmayaraq, aylıq ödənişlər etməmiş, həmçinin avtomobilini yararsız vəziyyətdə salaraq ona 3000 manat maddi ziyan vurmuşdur. Avtomobilin təmir xərci ümumilikdə 3000 manatdan artıqdır. Müqavilə şərtlərini pozmasına görə müqavilənin ləğv edilməsi və sözügedən pul məbləğlərinin ona ödənilməsi barədə cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, müsbət nəticə əldə edə bilməmişdir. Yazdığı pretenziya məktubuna da heç bir cavab verməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3081/2021 saylı 16 sentyabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14.03.2020-ci il tarixli avtomaşının alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh 5078 manat borc, 250 manat vurulmuş ziyan və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 5348 manatın alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 10 manatının İddiaçı aid edilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində dəyişdirilməsini, ondan iddiaçının xeyrinə 2078 (8 ay avtomobili istifadə etməyinə görə 8x666=5328 manat, etdiyi ödənişlər nəzərə alınmaqla 5328-200-150- 2800=2078) manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə müqavilə ilə müəyyən edilməmiş halları (ilkin ödəniş kimi onun 3000 manat ödəməyi ilə bağlı öhdəlik götürdüyünü) qətnamədə müəyyən edilmiş hal kimi göstərmişdir. Alqı-satqı müqaviləsində avtomaşının dəyəri olan 16000 manatdan əlavə ilkin ödəniş kimi 3000 manat pulun iddiaçıya ödənilməsinə dair müqavilədə hər hansı bir şərt nəzərdə tutulmamışdır. Müqavilədə tərəflər arasında 20 ay müddətinə hər ay 666 manatın ödənilməsi şərtlərindən başqa ödəniş məbləği və qaydası nəzərdə tutulmamışdır. Eyni zamanda iddiaçı nə iddia ərizəsində, nə də ki məhkəmə iclasında verdiyi izahatında müqavilə üzrə ona 3000 manat pul ödəməli olmağı ilə bağlı hər hansı bir fikir bildirməmişdir. İddiaçıya 2800 manat ödəniş etməsi qətnamədə müəyyən edilmiş hal kimi göstərildiyindən həmçinin ödəniş məbləği də iddiaçıya olan borc məbləğindən çıxılmalıdır. Hazırda müqavilə üzrə ondan iddiaçının xeyrinə tutulmalı olan məbləğ 8 ay avtomobili istifadə etməyinə görə 8x666=5328 manat, etdiyi ödənişlər nəzərə alınmaqla 5328-200-150-2800=2078 manat olmalıdır. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, iddiaçıdan avtomobili taksi fəaliyyəti ilə məşğul olmaq üçün götürmüşdür. Avtomobilə zərər vurulsa, qəza baş versə və ya aylıq ödənişləri ödəyə bilməməsi ehtimalı nəzərə alınaraq iddiaçıya 2800 manat depozit olaraq ödəmişdir. Avtomobili götürdükdən təxminən 10 gün sonra pandemiya başlamış və işləyə bilməmişdir, bu səbəbdən də ödəniş edə bilməmişdir. İddiaçıya bildirmişdir ki, ödəniş edə bilmir, ona görə də verdiyi 2800 manatdan aylıq ödənişləri çıxsın. Noyabr ayında avtomobili iddiaçıya qaytarmışdır. Avtomobilin 250 manat xərci olmuşdur. İddiaçı 10 gün sonra avtomobili başqa adama icarəyə vermiş, sonra isə satmışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı (nümayəndə) məhkəməyə gəlmədiyinə görə işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hazırda qətnamə qismən, cavabdeh tərəfindən mübahisələndirilən (5078 manatın tutulması) hissədə yoxlanılır. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. İş materiallarından görünür ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında 14.03.2020-ci il tarixdə bağlanmış avtomaşının ilkin alqı-satqı müqaviləsinə əsasən dəyəri 16000 manat olan “Mercedes Benz C 220” minik markalı ** FP *** qeydiyyat nişanlı avtomobil Cavabdeh nisyə satılmış və cavabdeh 20 ay müddətində ödəniş cədvəli üzrə hər ay 666 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan aktdan görünür ki, “Mercedes Benz C 220” minik markalı ** FP *** qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 3210 manat dəyərində hesablanmışdır. Cavabdehə ünvanlanmış pretenziyadan görünür ki, borcun ödənilmədiyi təqdirdə müqavilənin ləğvi, borcun və vurulmuş ziyanın ödənilməsi barədə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Tərəflər arasında ilkin alqı-satqı müqaviləsi bağlanmış olsa da, mahiyyət etibarı ilə həmin müqavilə “əmlakın nisyə alqı-satqı” barədə müqavilə olmuşdur. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən göstərilmişdir ki, 14.03.2020-ci il tarixdə bağlanan müqaviləyə əsasən öhdəliklər üzrə cavabdeh tərəfindən cəmi 450 manat ödəniş edilmişdir, həmçinin ilkin ödənişin qalığı kimi onun 200 manat borcu qalmışdır. Avtomaşın iddiaçıya 2020-ci ilin noyabr ayında qaytarılmışdır. Bununla da müəyyən olunur ki, avtomobil cəmi 8 ay cavabdehin istifadəsində olmaqla cavabdehin borcu 6660 manat deyil, 5328 manat (8x666=5328), həmin məbləğdən cavabdeh tərəfindən edilmiş cəmi 450 manat ödəniş çıxılmaqla 4878 manat (5328-450=4878) təşkil edir. Məhkəmə həmçinin qeyd etmişdir ki, ilkin ödəniş kimi cavabdeh tərəfindən ödənilməli olduğu 3000 manatdan onun 200 manat borcu qalmasını nəzərə alınaraq, cavabdehin iddiaçıya müqavilə üzrə ödəyəcəyi məbləğ 5078 manat (4878+200=5078) müəyyən edilməlidir. Cavabdeh birinci instansiya məhkəməsində ilkin ödəniş olaraq 3000 manat ödəməli olduğunu, bu məbləğdən 2800 manat ödədiyini, 200 manat borclu qaldığını bildirmiş, iddiaçı bununla bağlı hər hansı münasibət bildirməmişdir. Məhkəmə tərəfindən 3000 manatın verilməli olması, cavabdehin həmin məbləğdən 2800 manat ödədiyi, 200 manat borclu qalması müəyyən edilmişdir. İddiaçı məhkəmənin müəyyən etdiyi bu hal ilə razılaşmış, qətnamədən bu hissədə də apelyasiya şikayəti verməmişdir. Belə olan halda Kollegiya tərəfindən tərəflər arasında 3000 manatın verilməsi ilə bağlı razılıq olması, həmin məbləğdən 2800 manatın cavabdeh tərəfindən iddiaçıya ödənilməsi və 200 manatın borclu qalması barədə cavabdehin dəlilləri qəbul edilir. Cavabdeh birinci instansiya məhkəməsində izahatında ilkin ödəniş olaraq razılaşdıqları 3000 manatdan 2800 manat ödədiyini, 200 manat borclu qaldığını bildirmişdir. Apelyasiya şikayətində göstərmişdir ki, aralarında ilkin ödəniş olaraq 3000 manat verilməsi ilə bağlı hər hansı razılaşma olmamışdır. Apelyasiya baxışı zamanı izahatında isə bildirmişdir ki, avtomobilə zərər vurulsa, qəza baş versə və ya aylıq ödənişləri ödəyə bilməməsi ehtimalı nəzərə alınaraq iddiaçıya 2800 manat depozit olaraq ödəmişdir. Mülki Məcəllənin 10-cu maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. Məcəllənin 390.7-ci maddəsinə görə əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Mülki Məcəllənin 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Formalaşmış işgüzar adətlərə əsasən taksi fəaliyyəti ilə bağlı nisyə alqı-satqı müqaviləsinə, lizinq müqaviləsinə əsasən və s. əsaslarla avtomobillər verilərkən, aparılmış ilkin ödənişlər depozit xarakteri daşıyır. Depozit xarakteri daşıyan həmin ödəniş o məqsədlə edilir ki, müqavilənin tələbləri pozularaq vaxtından əvvəl ləğv edildiyi və avtomobil geri qaytarıldığı halda vurulmuş zərərin əvəzi həmin ödənilmiş depozit hesabına təmin edilsin. Göründüyü kimi «depozit» öhdəliyin icrasının digər təmini üsullarından biridir. Belə ki, Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14.07.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllədə öhdəliyin icrasının təmin olunmasının digər üsulları barədə hər hansı müddəa öz əksini tapmamışdır. Digər üsullar sırasında bəzi nəğdsiz ödəmə vasitələrini – akkredetiv, inkasso, akseptiz çıxarış, əvvəlcədən ödəmə və s. göstərmək olar. Bir sıra müqavilə növləri, məsələn, sığorta, kredit, lizinq müqavilələri də müəyyən təminat xüsusiyyətlərinə malikdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinin, 15-ci maddəsinin İİ hissəsinin, 29-cu maddəsinin İİ hissəsinin və 59-cu maddəsinin müddəalarını və Mülki Məcəllənin 389 və 390-cı maddələrinin tələblərini nəzərə alaraq, mülki hüquq subyektləri mülki qanunvericiliyin tələblərinə zidd olmayan həmin Məcəllənin 460.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsinin digər üsulunu da öz aralarında iradə sərbəstliliyi prinsipinə uyğun olaraq, əsas müqavilə ilə yanaşı ayrıca bağlanan müqavilədə müəyyən edə bilərlər.” Baxılan iş üzrə tərəflər arasında formalaşmış işgüzar adətlərə əsasən 3000 manat məbləğində depozit ödənilməsi barədə razılaşma olmuş, cavabdeh 2800 manat ödəmiş, 200 manat borclu qalmışdır. Həmin «depozit» öhdəliyin icrasının digər təmini üsulu kimi çıxış edir, lakin göründüyü kimi Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən öhdəliyin icrasının təmin edilməsinin digər üsulları ilə bağlı tərəflər arasında ayrıca müqavilə bağlanmalıdır. Hazırki iş üzrə isə tərəflər arasında bu mövqeyə zidd olaraq öhdəliyin icrasının digər təmini üsulu barədə nəzərdə tutulmuş qaydada müqavilə bağlanmamışdır. Belə olan halda tərəflər arasında olan bu barədə şifahi razılaşma əhəmiyyətsiz hesab edilir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (337.4). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (337.5) Belə olan halda İddiaçı 2.800 manat pulu hüquqi əsas olmadan, yəni əhəmiyyətsiz əqd üzrə (Mülki Məcəllənin 1091-ci maddəsində nəzərdə tutulmuş əsassız varlanmadan fərqli olaraq) əldə etməklə əsassız varlanmışdır və əsassız varlanma nəticəsində əldə etdiklərini qaytarmalıdır. Beləliklə, baxılan iş üzrə tərəflər arasında olan əhəmiyyətsiz razılaşmaya əsasən cavabdeh tərəfindən iddiaçıya 2800 manat ödəniş edilmişdir ki, həmin məbləğ də hazırda cavabdehin iddiaçı qarşısında yaranmış borc öhdəliyindən çıxılmalıdır. İşin mübahisəsiz halıdır ki, avtomobil 8 ay cavabdehin istifadəsində olmuşdur və müqaviləyə uyğun olaraq 8 ay üçün (8x666) 5328 manat ödənilməli idi. Cavabdeh tərəfindən 300 manat və 150 manat olmaqla aylıq ödənişdən cəmi 450 manat ödənilmişdir. Beləliklə, ödənilməli olan 5328 manat məbləğdən cavabdehin ödədiyi 450 manat (300+150) və yuxarıda qeyd edilmiş qaydada cavabdehə qaytarılmalı olan 2800 manat çıxılmalı və cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan məbləğ 2078 manat (5328-300- 150-2800) məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3081/2021 saylı iş üzrə 16 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən, Cavabdeh 5078 manat borc məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçının xeyrinə Cavabdeh 2078 manat məbləğində pul tutulsun. Qətnamə qalan hissələrdə (14.03.2020-ci il tarixli müqavilənin ləğv edilməsi və 250 manat vurulmuş ziyanın tutulması) dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2173/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2173/2022
02.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver