Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2176/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh Moeinifard Seyedmohammadın vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Moeinifard Seyedmohammad və Cavabdeh2 qarşı “pul və maddi ziyan” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3425/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Moeinifard Seyedmohammad və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının vermiş olduğu 18 000 manat və 1500 manat dəymiş zərərin cavabdeh X3, 10 000 manat əsas vəsaitin və 884 manat dəymiş zərərin isə Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “A-Medikal” klinikasında direktor vəzifəsində çalışır. Əvvəlcədən tanıdığı Cavabdeh2 onu cavabdeh - İran İslam Respublikasının vətəndaşı olan həkim fizioterapevt X4 ilə tanış etmişdir. 2020-ci ilin yanvar ayında cavabdeh iddiaçıya ‘‘A-Medikal” klinikasını işlətmək istədiyini demişdir. Həmin vaxt klinika işləmədiyindən iddiaçı onun klinikanı işlətməsinə razılıq vermişdir. Bununla bağlı aralarında olan şifahi razılaşmaya görə, cavabdeh həkim kollektivini təşkil edilməsi, tibbi ləvazimatların alınması və klinikanın KİV-də reklamı üçün 18 000 (on səkkiz min) manat pul istəmiş, iddiaçı da həmin pulu 2020-ci ilin yanvar ayında adı çəkilən klinikada ona vermişdir. Bundan başqa, iddiaçı 2019-cu ilin dekabr ayında Cavabdeh2 də mövcud vəziyyətdən istifadə edərək iddiaçıdan 10 000 (on min) ABŞ dolları borc istədi. O, 5-6 ay qaytarmaq şərti ilə razılaşdı və 10 000 (on min) ABŞ dollarını borc olaraq verdi. Lakin ondan da pulunu geri ala bilməmişdir. Lakin iddiaçı sonradan aldadıldığını görərək, cavabdehdən ona verdiyi pulu geri istəsə də, cavabdeh pulun qaytarılması istiqamətində heç bir tədbir görməmişdir. Göründüyü kimi, borclu X4 və Cavabdeh2 iddiaçının dəfələrlə tələb etməsinə baxmayaraq, vəsaiti qaytarmadığından həmin pul vəsaitinin istifadəsi ilə əlaqədar iddiaçını əldə edə biləcəyi gəlirlərdən məhrum etmişlər. Bu səbəbdən hesab edir ki, iddiaçının verdiyi pulu geri almaq hüququnun bərpa olunması üçün məhkəmə qətnaməsinin qəbul edilməsinə zərurət vardır. Daha sonra iddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Moeinifard Seyedmohammaddən 18000 manat, Cavabdeh2 10000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-3425/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Moeinifard Seyedmohammaddən İddiaçı xeyrinə 18000 (on səkkiz min) manat pulun tutulması, Cavabdeh2 İddiaçı xeyrinə 10000 (on min) ABŞ dolları məbləğində (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) pulun tutulması, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh Moeinifard Seyedmohammad və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Moeinifard Seyedmohammadın vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətin dəlillərini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.09.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır”. Kollegiya qeyd edir ki, iddia ərizəsində də göründüyü kimi, tərəflər arasında olan mübahisənin mahiyyəti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir və iddianın predmetini bu sahibkarlıq fəaliyyəti ilə əlaqəli pulun tutulması təşkil edir. İddiaçı (VÖEN: **********) və cavabdeh X1 (VÖEN: **********) vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçməklə fərdi sahibkar kimi kommersiya fəaliyyəti ilə məşğuldurlar. Bundan başqa kollegiya qeyd edir ki, digər Cavabdeh2 fərdi sahibkar kimi dövlət qeydiyyatından keçməsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almayaraq, iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarında tövsiyyə olunmuşdur ki, “...apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPMin 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar”. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-3425/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-3425/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2176/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2176/2022
29.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver