Məhkəmə qərarları › İş №2(103)-2176/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2176/2024

13.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2176/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qisminə X3 cəlb edilməklə) iddia tələbi üzrə (Açar sözlər: həkim səhvi, düzgün müayinənin aparılmaması, müalicə vasitələrinin düzgün seçilməməsi nəticəsində vurulan ziyan, ekspert rəyi, sübutetmə yükü) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qisminə cəlb edilməklə) “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Cavabdeh MMC ilə İddiaçı arasında 01 iyun 2022-ci il tarixdə "xxxx" müqavilə bağlanmış, müqaviləyə görə MMC, tibbi yardıma ehtiyacı olan xəstə İddiaçı tibbi xidmət göstərməyi, İddiaçı isə göstərilən xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər.

2. Müqavilənin 4.1.2-ci bəndində göstərilmişdir ki, xəstəyə qarın sallanması diaqnozu qoyulmuşdur və xəstə üzərində ümumi anesteziya altında “Abdominoplastika” plastik cərrahi əməliyyatı icra ediləcəkdir.

3. Müqavilənin 5-ci bəndində aşağıdakılar göstərilmişir: “İddiaçı bəyan edir ki, Cavabdeh MMC-nin həkimləri keçirəcəkləri əməliyyatın həyatı riskləri, təhlükələri, meydana gələ biləcək fəsadları, eyni zamanda tibbi xidmətdən sonra müalicə həkiminin müəyyən səbəblərdən əməliyyatdan sonrakı mərhələdə xəstəni təqib edə bilməyəcəyi hallarda müayinə, müdaxilə və təqibin digər Cavabdeh həkimləri tərəfindən aparılacağı barədə ona məlumat verildi. O, azad iradəsi ilə bu əməliyyatın keçirilməsini tələb edir və əməliyyatın və göstərilən xidmətlərin müvəffəqiyətsizliyinin (həkim səhvi istisna olmaqla) maddi və mənəvi məsuliyyətini öz üzərinə götürür. Əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq, həkim səhvi istisna olmaqla xəstəxanaya ödənilən (ƏDV daxil) 2900 manat məbləğin ona geri ödənilməyəcəyini qəbul edir. Müqavilədə nəzərdə tutulmamış xidmətlərin (fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyəti cərrahi müdaxilə halları) qarşılığı olaraq, “Qiymət Cədvəli” əsasında fakturada müəyyənləşdiriləcək məbləği xəstəxanaya ödəmək öhdəliyini öz üzərinə götürür”.

4. Cavabdeh MMC tərəfindən tərtib edilmiş “Xəstəyə qəbul şöbəsində baxış” protokolunda göstərilmişdir ki, “xəstə İddiaçı xx.xx.2022-ci il tarixində qarında dəri və dərialtı qatın sallanması, striyalar, qarında piy önlüyünün yaranması, budun iç və bayır səthində lokal piylənmə şikayəti ilə klinikaya müraciət etmiş, aparılan klinik, laborator və instrumental müayinələrdən sonra xəstəyə “Qarın sallanması” diaqnozu qoyulmuşdur. Xəstədə endotraxeal anesteziya altında "Abdominoplastika” əməliyyatının icra edilməsi planlaşdırılır. Əməliyyata əks göstəriş yoxdur. Xəstəyə anestezioloq tərəfindən baxılmışdır. Xəstənin özü və ailə üzvləri əməliyyatın aparılmasına razıdırlar”.

5. Cavabdeh MMC tərəfindən tərtib edilmiş “Cərrahi əməliyyatın gedişi” protokolunda göstərilmişdir ki, “endotraxeal anesteziya altında əməliyyat sahəsi antiseptiklərlə işləndi. Piy toxuması artıq və asimetrik olan qarın, hər iki flanq nahiyələrə xüsusi tərkibli maye infuziya edildi. Sonra liposaction aparıldı. Hər iki medial və lateral femoral hissələrə, flanq bölgəsinə liposaksiya aparıldı, ümumilikdə cc lipoaspirat çıxarıldı. Lateral Haytenşn üsulu ilə abdominoplastika edildi. Qarın ön divarı əməliyyat önü işarələnməyəuyğun kəsildi. Fleb fassiya üzərindən qaldırıldı. Göbək lokalizasiyası aparıldı. Fleb ortada ksifioidə yanlarda kostal arxaya qədər qaldırıldı. Hemostoz bərpa edildi. Artıq toxuma çıxarıldı. Hemostaz. İki ədəd hemovak dren qoyuldu. Yan nahiyyələrə 1000 CC maye vuruldu, yan nahiyyələrdən 1000 CC piy çəkildi. Dərialtına və dəri tikişlərlə bərpa edildi. Sarğı və koset ilə əməliyyata son verildi. Ağırlaşma olmadı”.

6. Cavabdeh MMC tərəfindən tərtib edilmiş “Xəstəlik tarixindən çıxarış Epikrizin”də aşağıdakılar göstərilmişdir: “xx.xx.1977-ci il təvəllüdlü İddiaçı xəstəxanaya daxil olma tarixi xx.xx.2022-ci il, çıxma tarixi xx.xx.2022-ci ildir. Daxil olarkən diaqnoz "Qarın sallanması. E 65.0, Son klinik diaqnoz: Qarın sallanması. E. 65.0. Şikayətlər: Qarında dəri və dərialtı qatın sallanması, striyalar, qarında piy önlüyünün yaranması, budun iç və çöl hissəsinin lokal piylənməsi. Aparılan müayinədən sonra xəstəyə "Qarın sallanması” diaqnozu qoyulmuşdur. Anamnez: Dediyinə görə bu problemlərlə bir neçə ildir qarşılaşıb. Müalicə olunmayıb. Bir neçə müddətdir davam edən piylənmə və öz estetik görünüşündən razı qalmaması səbəbilə "Yasamal Hospital” klinikasına, estetik-plastik cərraha müraciət etmişdir. Cərrahi əməliyyat: Ümumi anesteziya altında Abdomioplastika. Cərrahi əməliyyatdan sonrakı dövr: Əməliyyatdan sonrakı dövr sakit keçmişdir. Xəstənin ümumi vəziyyəti qənaətbəxşdir. Dəri və görünən selikli qişanın rəngi normaldır. A/T mm.c.st. PS- ritmikdir, dolğundur. Tənəffüsü vezikulyardır THS-16. Hərarəti 36.6 dərəcə. Fizioloji aktlar normaldır. Yara təmizdir, qurudur. Aparılan müalicələr-antibiotikoterapiya, ağrıkəsicilər, venadaxili infuaziyalar. Ağırlaşmalar: Yoxdur. Məsləhətlər: Yaşayış sahə poliklinikasına cərrahın nəzarətinə göndərilir. Korset geyinməlidir. Fiziki işlərdən 3 aylıq müddətə uzaq olmaq”.

7. İddiaçı müraciəti əsasında toplanmış 346-c-22 nömrəli material üzrə, Bakı şəhəri Yasamal rayon prokurorluğunun müstəntiqi tərəfindən qəbul edilmiş 13 dekabr 2022-ci il tarixli qərarla X1 əməlində cinayət tərkibi olmaması əsasına görə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı sağlamlığına dəymiş ziyanın maddi qarşılığının ödənilməsi tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun olduğu izah olunmuşdur.

8. 346-c-22 nömrəli materialda olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 500/KEŞ nömrəli məhkəmə-tibbi ekspert rəyində göstərilmişdir ki, Cavabdehda İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona "Qarın sallanması” diaqnozu təyin edilmişdir. Həmin tarixdə xəstənin üzərində diaqnoza uyğun olaraq "Abdominoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2022-ci il tarixdə xəstə evə yazılmışdır. İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və xəsarət izinin olduğu müəyyən edilmədi. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda göbəkaltı nahiyədə daha öncə nekroz olunmuş sağalmayan açıq yaranın olduğu müəyyən edilmişdir. Bununla əlaqədar yara nahiyəsində kosmetik nəticələri yaxşılaşdırmaq və yaranın sağalması üçün xəstənin təkrar cərahiyyə əməliyyatına ehtiyacı vardır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməmişdir. Bu da sonradan xəstədə qeyd olunan nekroz olunmuş sağalmayan açıq yaranın yaranmasına gətirib çıxarmışdır”.

9. 346-c-22 nömrəli materialda olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 649/KEŞ nömrəli əlavə məhkəmə-tibbi ekspert rəyində göstərilmişdir ki, Cavabdehda İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona "Qarın sallanması” diaqnozu təyin edilmişdir. Həmin tarixdə xəstənin üzərində diaqnoza uyğun olaraq "Abdominoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2022-ci il tarixdə xəstə evə yazılmışdır. İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və xəsarət izinin olduğu müəyyən edilmədi. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda göbəkaltı nahiyədə daha öncə nekroz olunmuş sağalmayan açıq yaranın olduğu müəyyən edilmişdir. Bununla əlaqədar yara nahiyəsində kosmetik nəticələri yaxşılaşdırmaq və yaranın sağalması üçün xəstənin təkrar cərahiyyə əməliyyatına ehtiyacı vardır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməmişdir. Bu da sonradan xəstədə qeyd olunan nekroz olunmuş sağalmayan açıq yaranın yaranmasına gətirib çıxarmışdır. Bu da səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrinin müvafiq bəndinin pozulması kimi qiymətləndirilir. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır”.

10. X3 xx.xx.2021-ci il tarixindən etibarən Cavabdeh MMC-də plastik cərrah işləmiş, xx.xx.2022-ci il tarixdə öz xahişi əsasında əmək müqaviləsinə xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı

11. İddiaçı (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən maddi ziyanın əvəzi olaraq 5000 (beş min) manatın, mənəvi zərərin əvəzi olaraq 50 000 manatın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 01 iyun 2022-ci il tarixdə ümumilikdə 2900 (iki min doqquz yüz) manat ödəniş edərək, Cavabdeh MMC-də həkim plastik cərrah Elnur Məhrəli tərəfindən üzərində “abdominoplastika” cərrahiyyə əməliyyatı olunmuş, əməliyyatdan sonra 4 gün həmin klinikada qalaraq müalicə almış, sonradan həkimin göstərişinə əsasən ev şəraitində müalicəni davam etdirmək üçün təxliyə olunmuşdur. Lakin bunun müsbət mənada heç bir təsirinin olmadığını, əməliyyat olunduğu nahiyələrdə yaraların sağalmadığını görmüşdür. Başqa həkimə müraciət etdikdə həmin yaranın leykozlaşdığını, təcili olaraq təkrar əməliyyat olunmasını bildirmişlər. Bu barədə Elnur həkimə bildirərək ona dəymiş maddi ziyanın ödənilməsini tələb etsə də sonuncu, üzərində cərrahi əməliyyatları uğurlu icra etdiyini söyləyərək bundan imtina etmiş və onu təhqir etmişdir. Bundan sonra o, Bakı şəhəri Yasamal rayon Prokurorluğuna müraciət etmiş, prokurorluğun 13 dekabr 2022-ci il tarixli 346-C-22 saylı qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Şikayət ərizəsi əsasında rayon prokurorluğu tərəfindən araşdırma müddətində iş üzrə ekspertiza təyin edilmişdir. Araşdırmanın gedişində təyin edilmiş komisyon məhkəmə-tibb ekspertizasının 500/KEŞ saylı rəyində göstərilmişdir ki, Cavabdeh tərəfindən onun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən “o, xx.xx.2022-ci il tarixdə hospitala daxil olmuş, aparılmış müvafiq müayinələrdən sonra ona “Qarın sallanması” diaqnozu təyin edilmişdir. Həmin tarixdə xəstənin üzərində “abdominoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2022-ci il tarixdə xəstə evə yazılmışdır. Mütəxəssis müayinəsi zamanı hazırda onda göbəkaltı nahiyədə nekroz olunmuş, sağalmayan açıq yaranın olduğu müəyyən edilmişdir. Bununla əlaqədar yara nahiyəsində kosmetik nəticələri yaxşılaşdırmaq və yaranın sağalması üçün xəstənin təkrar cərrahiyyə əməliyyatına ehtiyacı vardır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı üzərində icra edilmiş cərahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməmişdir. Bu da sonradan xəstədə qeyd olunan nekroz olunmuş, sağalmayan açıq yaranın yaranmasına gətirib çıxarmışdır”. Araşdırma zərurəti ilə əlaqədar olaraq, "Yasamal Hospital” MMC-də həkim plastik cərrah Elnur Mehrəli tərəfindən onun üzərində icra edilmiş "abdominoplastika” cərrahiyyə əməliyyatının hansı taktiki və texniki pozuntulara yol verilməklə düzgün yerinə yetirilib-yetirilməməsini, həmçinin bunun nəticəsində xəstənin göbəkaltı nahiyəsində yaranan nekroz olunmuş, sağalmayan açıq yaranın dərəcəsi və iş üzrə əhəmiyyət kəsb edə biləcək digər xüsusatların müəyyən edilməsindən ötrü təyin edilmiş əlavə komisyon məhkəmə-tibbi ekspertizasının 649/KEŞ saylı rəyində qeyd olunur ki, "Yasamal Hospital”da Gülnurə Sultanovunun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2022-ci il tarixdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona "Qarın sallanması” diaqnozu təyin edilmişdir. Həmin tarixdə xəstənin üzərində "abdominoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2022-ci il tarixdə xəstə evə yazılmışdır. İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və xəsarət izinin olduğu müəyyən edilmədi. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda göbəkaltı nahiyədə nekroz olunmuş, sağalmayan açıq yaranın olduğu müəyyən edilmişdir. Bununla əlaqədar yara nahiyəsində kosmetik nəticələri yaxşılaşdırmaq və yaranın sağalması üçün xəstənin təkrar cərrahiyyə əməliyyatına ehtiyacı vardır. Qeyd olunanlara nəzərə alaraq, İddiaçı üzərində icra edilmiş cərahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməmişdir. Bu da sonradan xəstədə qeyd olunan nekroz olunmuş, sağalmayan açıq yaranın yaranmasına gətirib çıxarmışdır. Bu da səhiyyə səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrinin müvafiq bəndinə əsasən pozulması kimi qiymətləndirilir.” Göründüyü kimi Cavabdeh MMC və həmin MMC-nin həkimi tərəfindən ona maddi və mənəvi zərər vurulmuşdur.

13. İddiaçı (nümayəndəsi) məhkəmə iclaslarında iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmışdır.

14. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi iddianı qəbul etmədiklərini, iddiaçının üzərində icra edilmiş cərahiyyə əməliyyatın taktiki və texniki cəhətdən düzgün yerinə yetirildiyini və bu faktların məhkəmə araşdırması zamanı keçirilmiş ekspertizalar zamanı öz təsdiqini tapdığını bildirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı (yeri) barədə lazımi qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs də məhkəmə iclasına gəlməmişdir.

16. Məhkəmənin təyinatı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 318/KEŞ nömrəli məhkəmə-tibbi ekspert rəyində göstərilmişdir ki, Cavabdehda İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Qarın sallanması” diaqnozu təyin edilmişdir. Həmin tarixdə xəstənin üzərində diaqnoza uyğun olaraq "Abdominoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2022-ci il tarixdə xəstə evə yazılmışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı "Abdominoplastika” cərrahiyyə əməliyyatından sonra əməliyyat yarasının ikincili sağladığı müəyyən edilmişdir ki, bu da müxtəlif səbəblərdən, yəni yaraya düzgün qulluq edilməməsi, infeksiyanın düşməsi, əməliyyatın texniki icrasından və s. yarana bilər. Bunu nəzərə alaraq, əməliyyat yarasının ikincili sağalmasında hansı amilin həlledici olması barədə fikir söylənilməsi mümkün deyil. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı taktiki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı əməliyyat yarası tam sağalmış, hal-hazırda isə onun qarnının ön divarında piy yastığı qeyd olunur, bununla əlaqədar xəstənin öz istəyindən asılı olaraq estetik korreksiya oluna bilər. Qeyd olunan piy yastığının onun sağlamlıq vəziyyətinə hər hansı bir mənfi təsiri yoxdur”.

17. Məhkəmənin təyinatı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 696/KEŞ nömrəli təkrar məhkəmə-tibbi ekspert rəyində göstərilmişdir ki, “İddiaçı üzərində icra edilmiş "Abdominoplastika” cərrahiyyə əməliyyatı taktiki cəhətdən düzgün yerinə yetirilmiş və səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. İddiaçı mütəxəssis müayinəsi zamanı əməliyyat yarası tam sağalmış, hal-hazırda isə onun qarnının ön divarında piy yastığı qeyd olunur, bununla əlaqədar xəstənin öz istəyindən asılı olaraq estetik korreksiya oluna bilər. İddiaçı mütəxəssis müayinəsi zamanı onun üzərində icra edilmiş "Abdominoplastika” cərrahiyyə əməliyyatından sonra ağ xətt diastazı yaranmışdır ki, bununla əlaqədar onun cərrahiyyə əməliyyatına ehtiyacı vardır. Ağ xətt diastazının onun üzərində icra edilmiş "Abdominoplastika” cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsinin olması istisna edilir”.

18. Birinci instansiya məhkəməsinin 11 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

19. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı iddia tələbini əsaslandırdığı halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə, məhkəmə araşdırması zamanı keçirilmiş ilkin və təkrar məhkəmə tibbi ekspertizasının rəyi ilə İddiaçı üzərində icra edilmiş “Abdominoplastika” cərrahiyyə əməliyyatının taktiki cəhətdən düzgün yerinə yetirildiyi və səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olduğu, İddiaçı əməliyyat yarasının tam sağaldığı, hal-hazırda isə onun qarnının ön divarında piy yastığının qeyd olunduğu, bununla əlaqədar xəstənin öz istəyindən asılı olaraq estetik korreksiya oluna biləcəyi, onun üzərində icra edilmiş “Abdominoplastika” cərrahiyyə əməliyyatından sonra ağ xətt diastazı yarandığı, bununla əlaqədar cərrahiyyə əməliyyatına ehtiyacı olduğu, ağ xətt diastazının onun üzərində icra edilmiş "Abdominoplastika” cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsinin olmasının istisna edildiyi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən tibbi xidmətlər düzgün həyata keçirilmişdir və iddiaçının bədənində yaranmış qüsurların icra edilmiş cərrahiyyə əməliyyatı ilə əlaqədar səbəbli əlaqəsi yoxdur və cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi ziyanın dəyməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

20. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci, 1112-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci maddələrinə istinad etmişdir.

21. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, mühüm əhəmiyyəti olan halları aydınlaşdırmadığını, istintaq orqanı tərəfindən alınmış ekspert rəyini nəzərə almadığını, qanunsuz və ədalətsiz nəticəyə gəldiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

23. Məhkəmə iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahatlar verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə şikayətin əsassız olduğunu bildirmişlər.

24. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:

- İddiaçı üzərində Cavabdeh MMC-də xx.xx.2022-ci il tarixdə icra edilmiş “Abdominoplastika” cərrahi əməliyyatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin protokollarına uyğun aparılmışdırmı?.

- İddiaçı üzərində Cavabdeh MMC-də xx.xx.2022-ci il tarixdə icra edilmiş “Abdominoplastika” cərrahi əməliyyatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin protokollarına uyğun aparılmışdırsa, əməliyyatdan sonra onun səhəttində ortaya çıxan fəsadların səbəbi nə ilə bağlı olmuşdur?. Həmin fəsadlar həkim səhvinin nəticəsi ola bilərdimi?.

- Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsi tərəfindən verilmiş 500/KEŞ və 649/KEŞ nömrəli rəylərlə gəlinən nəticələrin həmin Birlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 318/KEŞ və xx.xx.2023cü il tarixli 696/KEŞ nömrəli rəylərlə gəlinən nəticələrdən fərqli olmasının səbəbi nə ilə izah oluna bilər? Rəylər arasında olan ziddiyyət ətraflı şəkildə izah edilsin.

25. Həmin təyinat əsasında Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 verdiyi xx.xx.2024-cü il tarixli rəydə suallara aşağıda göstərilən cavablar verilmişdir.

- İddiaçı üzərində Cavabdeh MMC-də xx.xx.2022-ci il tarixdə icra edilmiş “Abdominoplastika” cərrahi əməliyyatı səhiyyə sistemində mövcud klinik protokollların tələblərinə uyğun olaraq aparılmışdır. - İlkin müdaxilədən sonra əməliyyat yarası ikincil sağalmışdır. Əməliyyat yarasının irinli iltihaba məruz qalaraq ikincil sağalması əməliyyat zamanı və ya əməliyyatdan sonra yara nahiyyəsinə infeksiyanın düşməsi, ilkin olaraq kəsilmiş toxumalrda qan təchizatının pozulması, orqanizmin fərdi xüsusiyyətindən və s. səbəblərdən ola bilər. İddiaçı aparılmış “Abdominoplastika” cərrahiyyə əməliyyatından sonra bu hal baş vermiş və sağalma prosesi formalaşaraq qarnın ön divarında piy yastığı qeyd olunmaqdadır. Toxumalarla bağlı olan proses, yəni əməliyyat travmatizmi ilə əlaqədar yarana biləcək ağırlaşmaları əvvəlcədən müəyyən etmək mümkün deyildir. Qeyd olunanlar nəzərə alınaraq, “Abdominoplastika” cərrahi əməliyyatı nəticəsində inkişaf etmiş dəyişikliklər əməliyyat qüsuru kimi qiymətləndirilmir.

- Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsi tərəfindən verilmiş 500/KEŞ və 649/KEŞ nömrəli rəylərlə gəlinən nəticələrin həmin Birlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 318/KEŞ və xx.xx.2023cü il tarixli 696/KEŞ nömrəli rəylərlə gəlinən nəticələrdən fərqli olmasının səbəbi ayrı-ayrı ekspert komissiyalarında iştirak etmiş ixtisaslı mütəxəssislərin fərqli araşdırmaları ilə bağlıdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

30. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

31. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

32. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

33. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

37. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

38. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

41. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

42. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun

45. Maddə 17. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.

46. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması başqa ekspertə və ya ekspertlərə tapşırılır. Əvvəlki ekspertizam aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər. Təkrar ekspertizanın aparılması haqqında qərarda əvvəlki ekspertizaların nəticələri ilə razı olmamağın motivləri göstərilməlidir. Təkrar ekspertiza təyin (sifariş) edilərkən ekspert qarşısında əvvəllər tətbiq edilmiş tədqiqat üsullarının elmi əsaslılığı barədə sual qoyula bilər. Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir ekspert buna səbəb olan məsələ barəsində yazılı formada öz rəyini ayrıca tərtib edir.

47. Maddə 20. İş üçün əhəmiyyətli olan halların aydınlaşdırılması müxtəlif bilik və ya elm sahələri, yaxud biliyin bir sahəsi daxilində müxtəlif üsullar sistemi əsasında yalnız bir neçə tədqiqat aparılmaqla həyata keçirilə bildikdə kompleks məhkəmə ekspertizası təyin (sifariş) edilir.

“Əhalinin Sağlamlığının qorunması” haqqında Qanun

48. Maddə 25. Hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Vətəndaşın sağlamlığının vəziyyəti barədə məlumat onun özünə, qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və ay yetkinlik yaşına çatmayanların sağlamlıqlarının vəziyyəti barədə məlumat isə onların valideynlərinə və ya qanuni nümayəndələrinə müayinə və müalicədə bilavasitə iştirak edən mütəxəssislər tərəfindən verilir.

Apellyasiya baxışının həddi

49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

51. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

52. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

53. İrəli sürülən faktiki halları nəzərə almaqla kollegiya qeyd edir ki, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntularından irəli gələn öhdəliklər”lə bağlı müddəaları nəzərdən keçirilə bilər; bununla yanaşı nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müvafiq müddəalarının (§ 28, 29) mənası baxımından, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

54. Bu kontekstdə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini rədd etməklə hüququn tətbiq edilməsində səhv buraxmış, sübuetmə yükünün mənsubiyyətini düzgün müəyyənləşdirməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.

55. Belə ki, qanunvericiliyin mənasına görə (§ 32) tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisələrdə sübutetmə yükü zərərvuranın üzərinə düşür və məhz zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

56. Cavabdeh MMC isə, onunla əmək münasibətində olan həkimin iddiaçının üzərində həyata keçirdiyi cərrahiyyə əməliyyatından sonra iddiaçıda nekroz olunmuş sağalmayan açıq yaranın yaranmasının həkimin təqsirli hərəkətlərinin nəticəsi olmadığını sübuta yetirə bilməmişlər.

57. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçının şikayəti əsasında Bakı şəhəri Yasamal rayon prokurorluğunda aparılan araşdırma zamanı iki dəfə ekspertiza təyin olunmuş, həmin ekspertiza tədqiqatlarını həyata keçirən Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyi tərəfindən “İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatının taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmədiyi, bunun da sonradan xəstədə nekroz olunmuş sağalmayan açıq yaranın yaranmasına gətirib çıxardığı, bunun səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndinin pozulması kimi qiymətləndirildiyi” məzmununda rəylər verilmişdir.

58. Birinci instansiya məhkəməsinin hazırkı işə baxarkən təyin etdiyi, eləcə də hazırkı apellyasiya baxışı zamanı təyin edilmiş ekspertiza tədqiqatlarını həyata keçirən həmin qurumun verdiyi rəylərdə isə göstərilmişdir ki, “İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı taktiki cəhətdən düzgün yerinə yetirilmişdir, “...onun üzərində icra edilmiş “Abdominoplastika” cərrahiyyə əməliyyatı taktiki cəhətdən düzgün yerinə yetirilmiş və səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur”.

59. Beləliklə, eyni məsələ üzrə tədqiqat aparan eyni qurumun bir-birini təkzib edən müxtəlif rəyləri vardır, bu səbəblə də həmin rəylərə onların işin digər halları ilə qarşılıqlı təhlili əsasında qiymət verilməlidir.

60. Nəzərə alınmalıdır ki, ekspertiza tədqiqatı ekspert qarşısında qoyulan suallar əsasında aparılmaqla, onun əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir və ekspertin verdiyi rəy kompleks şəkildə qiymətləndirilməlidir.

61. Ekspert rəyi sübut növlərindən biri olmaqla, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o halda kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Yalnız bu halda həmin rəy mötəbər sübut növü kimi qəbul edilməlidir. Ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.

62. İddiaçıda nekroz olunmuş sağalmayan açıq yaranın sağalmadığı dövrdə, əməliyyatdan çox da uzun olmayan müddət keçmədən verildiklərini nəzərə almaqla kollegiya, həmin rəylərin ilk ikisini, yəni “İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatının taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmədiyi, bunun da sonradan xəstədə nekroz olunmuş sağalmayan açıq yaranın yaranmasına gətirib çıxardığı, bunun səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndinin pozulması kimi qiymətləndirildiyi” məzmununda olan rəyləri daha mötəbər hesab edir.

63. Bu qənaətinə uyğun olaraq kollegiya, ekspertlərin “...əməliyyat yarasının ikincili sağlalması müxtəlif səbəblərdən, yəni yaraya düzgün qulluq edilməməsi, infeksiyanın düşməsi yarana bilər, əməliyyat yarasının ikincili sağalmasında hansı amilin həlledici olması barədə fikir söylənilməsi mümkün deyil. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı taktiki cəhətdən düzgün yerinə yetirilmişdir”, “İddiaçı üzərində icra edilmiş “Abdominoplastika” cərrahiyyə əməliyyatı taktiki cəhətdən düzgün yerinə yetirilmiş və səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur”, “Abdominoplastika” cərrahi əməliyyatı nəticəsində inkişaf etmiş dəyişikliklər əməliyyat qüsuru kimi qiymətləndirilmir” qənaətlərini işin faktiki hallarına uyğun hesab etmir və müvafiq hissədə ekspert rəyini mötəbər olmayan sübut kimi qiymətləndirir.

64. Kollegiya onu da nəzərə alır ki, əslində birinci instansiya məhkəməsinin əldə etdiyi, həmçinin apellyasiya baxışı zamanı alınmış rəylərdə də həkim qüsurunun mövcudluğu tam istisna edilməmiş, “Abdominoplastika” cərrahiyyə əməliyyatından sonra əməliyyat yarasının ikincili sağalmasının əməliyyatın texniki icrasından”, “...əməliyyat yarasının irinli iltihaba məruz qalaraq ikincil sağalmasının əməliyyat zamanı və ya əməliyyatdan sonra yara nahiyyəsinə infeksiyanın düşməsi” nəticəsində yarana biləcəyi vurğulanmışdır.

65. Bu cür mübahisələrdə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı qanunvericinin müəyyənləşdirdiyi qaydanı (§ 32) nəzərə alan kollegiya hesab edir ki, müvafiq rəylərdə əks olunan ehtimal xarakterli mülahizələr iddiaçının xeyrinə şərh olunmalıdır – belə ki, cavabdeh MMC həmin mülahizələri təkzib edəcək hər hansı sübut təqdim etməmişdir.

66. Həmçinin qeyd olunmalıdır ki, əslində Bakı şəhəri Yasamal rayon prokurorluğunun müstəntiqi tərəfindən qəbul edilmiş 13 dekabr 2022-ci il tarixli qərarla da X1 cərrahiyyə əməliyyatını taktiki və texniki cəhətdən düzgün yerinə yetirmədiyi və bunun nəticəsində iddiaçıda nekroz olunmuş sağalmayan açıq yaranın yarandığı müəyyən edilmiş, həkimin barəsində cinayət işinin başlanmasının rədd olunmasına səbəb isə iddiaçının sağlamlığına dəyən zərərin dərəcəsinin təyin edilməməsi olmuşdur.

67. Başqa sözlə, X1 iddiaçının üzərində apardığı cərrahiyyə əməliyyatının taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmədiyi cinayət təqibi orqanının qanuni qüvvədə olan qərarı ilə müəyyən edilmiş, həmin qərar isə mübahisələndirilməmişdir.

68. Şərh olunanları nəzərə almaqla kollegiya hesab edir ki, qətnamə ləğv edilərək iddia tələbi qismən təmin olunmalı, iddiaçının əməliyyat üçün Cavabdeh MMC-yə ödədiyi 2900 manat tərəflər arasında bağlanmış müqavilənin 5-ci bəndinin tələbinə uyğun olaraq maddi zərərin əvəzi qismində həmin MMC-dən onun xeyrinə tutulmalıdır.

69. Qeyd olunmalıdır ki, iddiaçı bundan daha artıq məbləğdə maddi ziyana məruz qalması ilə bağlı (əməliyyatın fəsadlarının aradan qaldırılması üçün digər tibb müəssisələrinə ödəniş etməsi, dərmanlar alması, müalicə xərcləri və s.) sübutlar təqdim etməmişdir.

70. Kollegiya, iddia tələbinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini də əsaslı hesab edir; belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

71. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.

72. Bununla belə kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.

73. Kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 500 (beş yüz) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər.

74. Kollegiya həmçinin hesab edir ki, iddiaçı dövlət rüsumlarını ödəməkdən azad edildiyindən, onun ödəməli olduğu rüsumlarının əvəzi qismində 80 manat Cavabdeh MMC-dən tutulub Dövlət büdcüsinə köçürülməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

75. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-164/2024 saylı iş üzrə 11 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi qismən təmin olunsun. Cavabdeh MMC-dən maddi zərərin əvəzi qismində 2900 (iki min doqquz) manat, mənəvi zərərin əvəzi qismində 500 (beş yüz) manat olmaqla, cəmi 3400 (üç min dörd yüz) manat İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumlarının əvəzi qismində 80 (səksən) manat Cavabdeh MMC-dən tutulub Dövlət büdcəsinə köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar