Məhkəmə qərarları › İş №2(103)-2176/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2176/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2176/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(001)- 2058/2022 saylı qətnaməsinə düzəliş edilməsi barədə iddiaçının ərizəsi ilə bağlı iş üzrə (açar sözlər: düzəliş edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2(001)- 2058/2022 saylı qərardadından iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə məhkəmə icraatı İddiaçı "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncudan əsas borc 329,52 manat, faiz borcu 38,27 manat, cərimə borcu 79,09 manat, xərclər və komissiya üzrə 12 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərci olan 4,8 manat olmaqla ümumilikdə 463,68 manat, dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən əsas borcu 769,24 manat, faiz borcu 95,12 manat, cərimə borcu 77,17 manat, xərclər və komissiyalar üzrə 8 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərci olan 3,40 manat olmaqla ümumilikdə "xxxx" QSC-yə 949,93 manat borcu vardır. "xxxx" QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, iddiaçı cavabdehə xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən əsas borcu 769,24 manat, faiz borcu 95,12 manat, cərimə borcu 77,17 manat, xərclər və komissiyalar üzrə 8 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərci olan 3,40 manat olmaqla ümumilikdə 949,93 manat borcunun 5 iş günü müddətində ödənilməsini tələb etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(001)- 2058/2022 saylı qətnaməsi ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilərək, Cavabdeh əsas borc 329,52 manat, faiz borcu 38,27 manat, cərimə borcu 23 manat, komissiya və əlavə xərclər üçün 8 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərci olan 3,4 manat olmaqla, ümumilikdə 402,19 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, eləcə də dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 28 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(001)-2058/2022 saylı qətnaməsinə müvafiq düzəlişin edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2(001)- 2058/2022 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(001)-2058/2022 saylı qətnaməsində düzəliş edilməsi barədə iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X2 ərizəsi təmin edilməmişdir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2(001)-2058/2022 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(001)-2058/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(001)-2058/2022 saylı qətnaməsinə düzəliş edilməsi barədə iddiaçı "xxxx" QSCnin nümayəndəsinin ərizəsi təmin edilməmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, "Göründüyü kimi məhkəmənin işə baxarkən iddia tələbindən kənara çıxması qanunvericiliklə qadağan edildiyindən, eləcə də hazırki iş üzrə iddia tələbindən kənara çıxılması üçün müstəsna hallar müəyyən edilmədiyindən, məhkəmə iddiaçının verdiyi tələb üzrə işə baxaraq iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Yəni, baxmayaraq ki, pretenziya məktubu və maliyyə arayışında olan borc məbləği ilə, iddia ərizəsində tələb edilən borc məbləği arasındakı rəqəmlər fərqlidir, məhkəmə iddia tələbləri həddində işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmiş və qətnamədə hər hansı yanlışlığa yol verilməmişdir. Həmçinin sözügedən qətnamədən tərəflər apellyasiya şikayəti verməmiş və qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(001)-2058/2022 saylı qətnaməsinə düzəliş edilməsi üçün heç bir əsas yoxdur və ərizə təmin edilə bilməz" Bununla bağlı qeyd edilir ki, maliyyə arayışı ilə iddia tələbində olan zidiyyətlə bağlı məhkəmə tərəfindən aparılan araşdırma nəticəsi olaraq iddiaçıya bununla ziddiyətin aradan qaldırılması ilə bağlı müvafiq düzəliş ərizəsinin verilməsini təklif verməli idi. Ona görə də hesab edir ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2(001)-2058/2022 nömrəli qərardadının ləğv edilməsi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(001)- 2058/2022 saylı qətnaməsinə düzəliş edilməsi barədə iddiaçı "xxxx" QSCnin ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-2058/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2(001)- 2058/2022 saylı qərardadından iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X3 tərəfindən verilmiş şikayət təmin olunmamış, şikayət mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı yazılı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Madə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 228.1. Çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Maddə 228.2. Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Maddə 228.3. Düzəlişlər etmək barəsində məhkəmə qərardadından şikayət verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2.kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bununla yanaşı hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hakim qəbul etdiyi qətnamədə və ya qərardadda özü tərəfindən buraxılan yanlışlıqları və açıq hesab səhvlərini düzəltmək hüququna malikdir. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı tərtib etdiyi maliyyə arayışında və iddia ərizəsində borcun məbləğini fərqli göstərmiş, işə mahiyyəti üzrə baxılanadək iddia tələblərini dəqiqləşdirmək hüququndan istifadə etməmiş, işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi iddia tələblərini qismən təmin etmiş, iddiaçı həmin məhkəmə aktından şikayət verməmişdir. İstinad olunanlara əsasən, kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi qəbul etdiyi məhkəmə aktında yanlışlığa yol vermədiyindən onun gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayətin dəlilləri məhkəmə aktında düzəliş edilməsi, qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2(001)- 2058/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar