Məhkəmə qərarları › İş №2(103)-2178/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2178/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2178/2024 20.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə (Açar sözlər: pul tələbi, iddia müddətinin tətbiqi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-2984/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh oğlu arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh xx.xx.2014-cü il tarixinədək 31.340 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh oğlundan İddiaçı xeyrinə 15.640 manat əsas məbləğ, həmin məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq illik 1.212,1 (illik 7,75 faizlə) manatdan iki il üçün 2.424,2 manat faiz məbləği, məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 144 manat dövlət rüsumu olmaqla, cəmi 18.208 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanan xx.xx.2013-cü il tarixli, 3M-01/325 reyestr nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 31.340 manat kredit vermiş, kreditin qaytarılma müddəti xx.xx.2014-cü il tarixə təyin edilmişdir. Sözügedən kredit müqaviləsi Bakı şəhəri 27 saylı notariat kontorunun xüsusi notariusu E.H.Qurbanov tərəfindən təsdiq edilmişdir. Cavabdeh borc aldığı pulun bir hissəsini, yəni 15.700 manatını qaytarsa da, qalan 15.640 manatını bu günə kimi qaytarmamışdır. Dəfələrlə ona bu barədə xəbərdarlıq edilməsinə baxmayaraq, o, yalan vədlər verməklə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Son dövrlərdə ona məlum olmuşdur ki, cavabdehin borclu qaldığı 15.640 manat məbləğində pulu qaytarmaq fikri yoxdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək iş üzrə iddia müddəti tətbiq edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2013cü il tarixli kredit müqaviləsinə əsasən kreditin qaytarılma müddəti xx.xx.2014-cü il tarixə təyin edilmişdir. Cavabdeh iddianı qəbul etmir, həmçinin iddia müddəti də ötürülmüşdür. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

5. İddiaçı iddia müddətinin tətbiqinə dair ərizəyə etiraz təqdim edərək göstərmişdir ki, etiraza əlavə edilmiş “Whatsapp” danışıqlarının surəti ilə təsdiq olunur ki, tərəflər arasında mübahisəli hesab olunan pulun alış-verişi 2014-cü ildə həyata keçirilmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı cavabdehə vermiş olduğu pulun davamını istədikdə cavabdeh “nə pul” deyərək cavab vermişdir. Göründüyü kimi, İddiaçı hüquqlarının pozulduğunu həmin tarixdən bilmişdir. Göstərilən tarixdən 3 il keçməmişdən, yəni xx.xx.2023-cü il tarixdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0 və 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə (özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə) iddia müddəti şamil edilmir. Beləliklə, iş üzrə iddia müddətinin tətbiq edilməməsi və iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir.

6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 2984/2023 nömrəli qətnaməsi ilə (hakim N.N.Tağıyeva) iddia təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki iş üzrə cavabdeh tərəf aralarında borc münasibətlərinin yarandığını, pulun verildiyini qəbul etsə də, onun tam şəkildə qaytarıldığını bildirmiş və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Borcun ödənildiyini təsdiq edən sübutların təqdim edilməsi borclunun vəzifəsidir. Hazırki işdə isə borcun verildiyini qarşı tərəf qəbul etsə də, onun qaytarıldığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, borcun müddəti xx.xx.2014-cü il tarixdə bitdiyinə görə, öhdəliklər üzrə icra müddəti də həmin tarixdə bitmişdir, bununla da 3 illik iddia müddətinin axımı xx.xx.2014-cü il tarixdən başlamış və xx.xx.2017-ci il tarixində bitmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüşdür.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh borc məbləğindən 15.700 manat pulun qaytarıldığını qeyd etsə də, bunun hansı vaxtda qaytarıldığını bildirməmiş və buna dair hər hansı bir sübut təqdim etməmişdir. İddia müddətinin tətbiqi barədə ərizə vermək cavabdehin iddiaya qarşı müdafiə vasitəsidirsə, həmin müddətin kəsilməsinə yönələn hərəkətlərin edilməsi və müddətin ötürülməməsini sübut etmək vəzifəsi də iddiaçının üzərinə düşür. İddiaçı borc məbləğindən 15.700 manat pulun ona qaytarılmasını bildirsə də, bu pulun nə vaxt qaytarılmasını göstərməmiş, cavabdeh isə onun tərəfindən bütün borc məbləğinin tam şəkildə müqavilə müddəti ərzində qaytarıldığını bildirmişdir. Halbuki, qeyd edildiyi kimi iddia müddətinin hesablanması üçün həmin müddətin kəsilməsi vaxtının müəyyən edilməsi mühüm əhəmiyyət daşıyır.

10. İddiaçının vatsapp yazışmalarına istinad edərək iddia müddətinin axımının 2020-ci ildə kəsilməsi barədə dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş yazışmaların kimlər arasında aparıldığını müəyyən etmək mümkün olmadığından onlar mötəbər sübut kimi qəbul edilə bilməz, hətta qəbul edilsə belə həmin yazışmalardan görünür ki, tərəf borcun aqibəti ilə maraqlanmış, qarşı tərəf isə “nə pul” deyə cavab vermişdir. Bu hal isə borclu şəxsin borcunu etiraf etməsini göstərən hərəkətlər kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia müddəti ötürüldüyündən borcun tutulması və ondan asılı olan digər tələblər əlavə araşdırma aparılmadan təmin edilməməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375, 380, 739, 740-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin icra müddətinin bitdiyi vaxtdan 3 üç ildən artıq müddət keçməsinə baxmayaraq, bu müddət ərzində borc verən tərəfindən borcla bağlı müəyyən tədbirlər görülmüş, buna görə də göstərilən müddət iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ağlabatan hesab edilməlidir. Belə ki, iddiaçı cavabdehə bu barədə xəbərdarlıq etmiş, o, isə yalan vədlər verməklə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Qeyd olunmalıdır ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi özözlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. İddiaçının hüquqlarının pozulduğunu xx.xx.2020-ci il tarixdən bilmişdir. Göstərilən tarixdən 3 il keçməmişdən, yəni xx.xx.2023-cü il tarixdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, son dövrlərdə iddiaçıya məlum olmuşdur ki, cavabdehin iddiaçıya borclu qaldığı 15.640 manat məbləğində pulu qaytarmaq fikri yoxdur. Cavabdehin borcun bir hissəsini qaytararaq borcu etiraf etməsi, iddiaçının 2020-ci ildə cavabdehə vermiş olduğu pulun davamını istəməsi iddia müddətinin axımını kəsir və bu baxımdan birinci instansiya məhkəməsi iddia müddətini ötürülmüş hesab etməklə səhv nəticəyə gəlmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0 və 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə (özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə) iddia müddəti şamil edilmir. Birinci instansiya məhkəməsi iş üzrə qeyd olunan nəticəyə gələrkən saysız-hesabsız maddi qanunvericlik normalarının pozuntusuna yol vemiş, işin hallarını hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etməmiş, iş üzrə əsassız, qanunsuz və qeyri-obyektiv qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, tərəflərin Salyanda kərpic zavodunda işləri olmuş və yaxın münasibətləri olmuşdur. Borca verilmiş pulun bir hissəsini hissə-hissə qaytarıb. İddiaçı Rusiya Federasiyasına köçüb və hazırda da orada yaşayır. Tərəflər arasında inam, etibar olmuşdur. Həqiqətən məsafə uzaq olduğu üçün borc hissə-hissə göndərilmişdir. 15.700 manatı qaytarmış, sonra isə pul göndərməyi dayandırmışdır. Cavabdeh isə Gürcüstan Respublikasına köçmüşdür. Tərəflər arasında “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə yazışma olmuşdur. 2020-ci ildə iddia müddətinin axımı kəsilmişdir və sonra yenidən başlanmışdır.

16. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarı: Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.

19. B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı: İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, işdə olan sübutlara əsasən müəyyən olunur ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. xx.xx.2013-cü il tarixli borc müqaviləsinə əsasən iddiaçı cavabdehə 31.340 manat məbləğində borc verməyi, cavabdeh isə aldığı borcu xx.xx.2014-cü il tarixinədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür.

25. Hazırda iddiaçı cavabdehin öhdəliyini lazımınca icra etməməsini və ona 15.640 manat borcu qaldığını, cavabdeh isə borc məbləğinin tam şəkildə müqavilə müddəti ərzində qaytarıldığını bildirir. Lakin cavabdeh bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir.

26. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən iddia mülki qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddəti ötürülməklə verildiyindən iddia təmin edilə bilməz.

27. Belə ki, kredit müqaviləsi üzrə münasibətlərə üç illik iddia müddəti tətbiq edilir və bu müddətin axımının başlanması müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə verilən pulun qaytarılmasının son müddəti xx.xx.2014-cü il müəyyən edilmişdir. Lakin iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə onu da qeyd edir ki, iddiaçı cavabdehin borcun bir hissəsini qaytararaq borcu etiraf etməsilə iddia müddətinin axımını kəsildiyini bildirsə də, borcun bir qisminin nə vaxt qaytarılmasını bildirməmiş və buna dair sübutlar təqdim etməmişdir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş yazışmalardan borclu şəxsin borcunu etiraf etməsi müəyyən edilmir. Belə ki, həmin yazışmaların Anar adlı şəxslə aparıldığı müəyyən edilir, həmin şəxsin yazışmalarda “nə pul” ifadəsi işlətməsi isə borcdan məlumatlı olmadığı anlamına gəlir.

30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının borcun tələb edilməsinə dair iddiası təmin edilmədiyindən həmin borca hesablanmış faiz tələbi də təmin edilə bilməz.

31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 2984/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar