Məhkəmə qərarları › İş №2(103)-2179/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2179/2023

04.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2179/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “deliktdən yaranmış öhdəlik və ziyan tələbi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(004)-76/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1, mənzil, yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsi 23, M2, m7 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. 158 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli akta əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilin tavanının yaş olduğu müəyyən edilmişdir. 158 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli akta əsasən, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilin mətbəxinin və dəhlizinin divarlarında su və nəmişlik ləkələri aşkar edimliş, mətbəxin divarında suyun təsirindən qopuqlar əmələ gəlmiş və tavandan arabir su damcıları töküldüyü müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilinə dəymiş ziyana görə 760 (yeddi yüz altmış) manat, ariston alınması üçün 200 (iki yüz) manat olmaqla cəmi 960 manat və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 13 saylı mənzili almışdır, hazırda xüsusi mülkiyyətindədir və ailəsi ilə birlikdə yaşayır. Təxminən 2020-ci ilin ortalarından başlayaraq bugünə kimi yaşadığı və xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilinin üstündə yerləşən və Cavabdeh istifadəsində olan 23 saylı mənzilindən mütamadi olaraq iddiaçının mənzilinə su axıdılmış və mənzilinə ciddi ziyan dəymişdir. Hətta bununla bağlı iki dələ xx.xx.2022-ci il tarixində və xx.xx.2022-ci il tarixlərində 158 saylı MKİS-nin nümayəndələri tərəfindən mənzilinə baxış keçirərək akt tərtib etmişlər. Həmin vaxtlar mənzilin istifadəçisi olan Cavabdeh bu barədə dəfələrlə danışıb bu problemi yoluna qoymaq lazım olduğunu və iddiaçıya dəymiş ziyanın ödənilməsi barədə məlumat versə də cavabdeh ona əvvəlcə təmir etdirəcəyini deyərək bu günə kimi vaxt qazanmışdı. Cavabdeh hazırda nə öz mənzilini təmir etdirib problemi aradan qaldırır, nə də ki, ona dəymiş maddi ziyanı ödəmir, hətta qəsdən yayınır və hara xayət edirsən et deyir. Halhazırda cavabdehin səhlənkarlığı nəticəsində evinə axıdılan suyun nəticəsində xeyli miqdarda ona ziyan vurmuşdur. Su axıdılması nəticəsində evinin sanitar qovşağı və qoşulmuş ariston aparatı yararsız hala düşmüş mənzilin dəhliz hissəsinin tavanı zədələnmiş, divar kağızları sökülmüş, elektrik xətləri zədələnmiş və s. sahələr sıradan çıxmışdır. Bütün bunların nəticəsi olaraq o mənzilinə usta çağırmış və əl-zəhməti ilə birlikdə mənzilinin yenidən bərpası üçün 760 (yeddi yüz altmış) manat lazım olduğunu bildirmişdir. Eyni zamanda da 200 manat sıradan çıxmış ariston aparatının yenidən alınması xərci tələb olunur. İddiaçı ona dəymiş maddi ziyanın ödənilməsi və maneənin aradan qaldırılması üçün mənzilindən su axıdılan sahəni təmir etməsi üçün dəfələrlə cavabdehə xəbərdarlıq etmək istəsə də alınmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki. iddia tələbi mövcud qanunvericiliyin müvafiq tələblərinə əsasən öz müsbət həllini tapa biləcək.

4. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(004)- 76/2023 nömrəli qətnaməsi ilə (hakim X2) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh vurulmuş maddi ziyana görə 534 (beş yüz otuz dörd) manat pulun tutularaq İddiaçı, İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 10 manatın isə İddiaçı özünə aid edilməsi, iş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 25 manatı İddiaçı, 25 manatı Cavabdeh tutularaq dövlət büdcəsinə və Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, ekspert rəyi ilə ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilinə həmin ünvanda yerləşən və cavabdehə məxsus 23 saylı mənzildən suyun sızması müəyyən edilmişdir. Cavabdeh yaşadığı mənzildən su sızmasına yol verdiyi üçün iddiaçının mənzilinə maddi ziyan vurmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdeh törətdiyi deliktə görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Dəymiş zərərin məbləğinə dair isə məhkəmə qeyd etmişdir ki, bu məsələ iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspetizasının rəyinə uygun olaraq müəyyən edilməli və rəydə göstərilən məbləğ cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İş üzrə təyin edilmiş ekspertizaya əsasən iddiaçının mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 534 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin ariston alınması üçün 200 (iki yüz) manat tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iş materialları ilə su sızma nəticəsində ariston aparatına ziyan vurulması müəyyən edilmədiyindən, həmçinin həmin halları təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə əsassız hesab edilərək rədd edilməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2ci, 1097.1–ci, 1115-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1ci, 217.3-cü, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməni qəbul etdikdə məhkəmə 158 saylı M.K.İ.S-si tərəfindən iddiaçının xeyrinə verilən aktı əsas tutaraq, eyni zamanda 158 saylı M.K.İ.S-nin əməkdaşların cavabdehin mənzilə gəlib qonşudan su sızması faktını aktlaşdırmaqdan yayınmışdır. Onun tərəfindən verilən vəsatətə, iki dəfə cavabdeh tərəfindən iddiaçının mənzilini təmir etməsinə, üç dəfə cavabdehin öz hamam tualetin sökülməsinə məhkəmə öz mövqeyini bildirməmişdir. Bununla da tərəflərin məhkəmə qarşısında bərabərliyini, ədalət mühakiməsi çəkişməsi hüquq prinsipini köbudcasına pozmuşdur. Yasamal Rayon İcra Hakimiyyətini və 158 saylı M.K.İ.S-ni üçüncü şəxs qismində işə cəlb etməsinə və ya onlara sorğu göndərilməsinə dair cavabdehin şifahi vəsatətini birinci instansiya məhkəməsi təmin etməmişdir. Eyni zamanda cavabdehin 2-ci qrup əlil və təqaüddə olması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Əgər qonşu mənzillərin sakinləri məhkəmə iclasına dəvət olunsaydı, eyni vəziyyətin bütün mənzillərdə müşahidə olunduğu və binanın qəzalı vəziyyətdə olduğu və bu səbəbdən binanın bütün sakinlərinə maddi zərər vurulduğu məhkəməyə aydın olardı. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mənzilinə cavabehin günahı səbəbindən ziyan vurulması tam araşdırılmamış, iş üçün əhəmiyyətli olan halın kimin günahı və hansı səbəb nəticəsində əmələ gəlməsi sübuta yetirilməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

d) Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoya bilər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

e) Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

18. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilinə suyun sızması nəticəsində maddi ziyan dəyməsi iş materiallarında olan 158 saylı MKİS tərəfindən verilən aktlarla və məhkəmə tərəfindən keçirilmiş ekspert rəyi ilə təsdiq olunduğundan işin mübahisələndirilməyən halıdır.

19. Lakin apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 31 iyul 2023-ci il tarixli 10/2826 nömrəli rəyinə əsasən ünvan 3 ünvanında yerləşən 13 və 23 saylı mənzillərin tavanı və divarları üzərində su sızma ləkələrinin və boyanın qabarması kimi hallarının olduğunu nəzərə alaraq su sızmasının (axıdılması) səbəbi həmin mənzilin üst mərtəbəsində yerləşən 33 saylı mənzilin su və kanalizasiya xəttində yaranmış nasazlıq nəticəsində oluduğu müəyyən edilir. ünvan 3 ünvanında yerləşn 23 saylı mənzilin tavanı və divarları üzərində su sızma ləkələrinin olduğunu nəzərə alaraq 23 saylı mənzilin üst mərtəbəsində yerləşən 33 saylı mənzildən su sızdığı müəyyən edilir. ünvan 3 ünvanında yerləşən 13 və 23 saylı mənzillərin tavanı və divarları üzərində su sızma ləkələrinin olduğunu nəzərə alaraq, ünvan 3 ünvanında yerləşən 33 saylı mənzildən su sızması 23 saylı mənzilə və 23 saylı mənzildən 13 saylı mənzilə suyun axıdılması baş verə bilər.

20. Məhkəmə kollegiyası iş materiallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, ekspert rəyi ilə ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilinə həmin ünvanda yerləşən və cavabdehə məxsus 23 saylı mənzilin üst mərtəbəsində yerləşən 33 saylı mənzildən suyun sızması müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının mənzilinə dəyən maddi ziyanın səbəbinin cavabdehin yaşadığı mənzildən su sızması nəticəsində baş verməməsi öz təsdiqini tapmış oldu. Qeyd olunanlara əsaslanaraq isə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya dəyən maddi ziyana görə onun qarşısında mülki məsuliyyət daşımır və bu da iddiaçı tərəfindən ona dəyən zərərin əvəzinin ödənilməsini məhz cavabdehdən tələb etməkdə haqlı olmadığını göstərir. Yəni hazırki durumda iddiaya cavab verməli olan şəxs kimi Cavabdeh hazırki iş üzrə qəbul edilə və tələb edilən maddi ziyan ondan tutula bilməz.

21. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin qeyd edilən halını araşdımadan iddiaya cavab verməli olan şəxsdən maddi ziyanın tutulması nəticəsinə gəlməkdə haqlı olmamışdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməməlidir.

22. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384-385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(004)- 76/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar