Məhkəmə qərarları › İş №2(103)-2180/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2180/2021

11.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2180/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı İddiaçı-nin “əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi“ tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(003)-2356/2020 nömrəli qətnaməsindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayonməhkəməsinə müraciət edərək, İddiaçı-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2379 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin cavabdehdən tutularaq İddiaçı-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə administrator vəzifəsinə işə qəbul olunmuş və tam maddi məsuliyyət haqqında müqavilə imzalamışdır. xx.xx.2018-ci il tarixində cavabdeh 318-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə Oba- Buzovna mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, inventarizasiya nəticələrinə dair aktlara əsasən yekun ziyan məbləği 3139 manat məbləğində zərər vurması məlum olmuşdur. Cavabdeh borcdan 760 manat ödəniş etmiş və qalıq borc 2379 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, indiyədək heç bir ödəniş həyata keçirilməmişdir. Qeyd olunanlara əsasən, İddiaçı-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2379 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin cavabdehdən tutularaq İddiaçı-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(003)- 2356/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 1598 (bir min beş yüz doxsan səkkiz) məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2356/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini, Cavabdeh tərəfindən ödənilməmiş 2379 (iki min üç yüz yetmiş doqquz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) və 15 (on beş) manatın cavabdehdən alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Xəzər Rayon Məhkəməsinin 2(003-2356/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsini aşağıda qeyd edilənləri əsassız hesab edirlər. Belə ki, işə baxan məhkəmə işin əhəmiyyətli olan həqiqi hallarını müəyyən etməmiş, iş materialları tam ətraflı araşdırılmamış və məhkəmə tərəfindən qeyriobyektiv qətnamə qəbul edilmişdir. Cavabdeh öz ifadəsində xx.xx.2018-ci il və xx.xx.2018ci il tarixdə keçirilmiş “İnventarizasiya Nəticələrinə” dair sayımda iştirak etdiyini məhkəmədə öz izahatında bildirmişdir. Belə ki, Cavabdeh xx.xx.2018-ci il və xx.xx.2018- ci il tarixdə keçirilmiş “İnventarizasiya Nəticələrinə” dair yekun aktı imzalamışdır. Bundan əlavə hər iki araşdırmadan tam razı qaldığı üçün iltizamnamədə izahat verərək imzalamışdır. İş materiallarında olan xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 2379 (iki min üç yüz yetmiş doqquz) manat məbləğində zərər vurulması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, zərər vurulmuş 3139 (üç min yüz otuz doqquz) manat çatışmamazlıqdan 760 (yeddi yüz altmış) manat ödəniş edilmiş qalıq borc 2379 (iki min üç yüz yetmiş doqquz) manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İş materiallarında olan və cavabdehlə cəmiyyət arasında imzalanmış “Tam maddi məsuliyyət haqqında” müqavilədə qeyd edilir ki, administrator ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalıdır. İş materiallarında olan və cavabdeh tərəfindən imzalanmış “Vəzifə təlimatı”nm məsuliyyət bəndinin sonuncu abzasında göstərilmişdir ki, administrator tabeçiliyində olan satış məhsullarının sayımı zamanı əksik gəldikdə məsuliyyət daşıyır. Bundan başqa həmin təlimatın vəzifə bəndində göstərilmişdir ki, market personallarının işə davamiyyətinə nəzarət, kassa əməliyyatları prosesinə nəzarət birbaşa admininstratorun vəzifə borcudur. Qeyd edilən hallarla bağlı bütün məsuliyyəti administrator daşıyır. Cavabdehin vəzifə borcunu yerinə yetirməməsi iş materiallarına əlavə edilmiş mötəbər sübutlarla tam təsdiq edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi qərəzli olaraq iddia tələbini rədd etmişdir. Qeyd edilən faktiki halların qətnamənin ləğv edilməsi üçün əsas olmasını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək müqaviləsinin əsli ilə təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh İddiaçıdə administrator vəzifəsinə işə qəbul olunmuşdur Eyni zamanda, iş materiallarından görünür ki, tərəflər arasında tam maddi məsuliyyət haqqında xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əlavə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı-nin xx.xx.2018-cı il tarixli 318-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixində Oba Buzovna 1 filialında aparılmış inventarizasiya nəticələrinə dair ilkin aktla 4481.03 manat əskik aşkar olunmuşdur. İş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixində Oba Buzovna 1 filialında aparılmış inventarizasiya nəticələrinə dair ilkin aktla 1842.92 manat əskik aşkar olunmuşdur. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixində keçirilmiş inventarizasiyaya dair iltizamı imzalasa da, xx.xx.2018-ci il tarixində Oba Buzovna 1 filialında aparılmış inventarizasiyaya dair iltizam cavabdeh tərəfindən imzalanmamışdır. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli xəbərdarlıq göndərilərək ona “Oba” marketin Buzovna filialında administrator vəzifəsində işlədiyi dövrdə ona etibar edilmiş əmlakdan 3139 manat əskikgəlmə aşkar edilməklə cəmiyyətə həmin məbləğdə ziyan vurduğu, qalıq 2379 manat borcu ödəmədiyi, qısa müddətdə ziyanı ödəməsi, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 3139 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 3139 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 760 manat ödəniş edilmişdir. Faktiki qalıq borc 2379 manat təşkil edir. İddia tələbindən görünür ki, iddiaçı əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2379 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. İşin birinci instansiya məhkəməsinin iclasında araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı-yə 1598 manat maddi zərər vurmuş, tələb olunan qalan məbləğin məhz cavabdehin təqsirli hərəkəti nəticəsində vurulması iddiaçı tərəfindən sübuta yetirilməmiş, eyni zamanda işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən, işçi qanunazidd hərəkətləri ilə axlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt tötətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsindən görünür ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə kollegiyası iş maeriallarında olan sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 1598 manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(003)- 2356/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar