Məhkəmə qərarları › İş №2(103)-2180/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2180/2022

14.03.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2180/2022 14.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5458/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma, mənzilə istifadə hüququnun itirilməsi və mənzilin tamamilə boşaldılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan övladları X4 və X5 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 14 saylı evin 7 saylı mənzilindən çıxarılması, mənzilin tamamilə boşaldılması, mülkiyyətçi İddiaçı ASC-yə təhvil verilməsi və Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan övladları X2 və X3 mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək, xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılarkən İddiaçı ASC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinə dəyisiklik edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan övladları X4 və X5 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 14 saylı evin 7 saylı mənzilindən çıxarılması, mənzilin tamamilə boşaldılması, mülkiyyətçi İddiaçı ASC-yə təhvil verilməsi və Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan övladları X2 və X3 mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək, xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC 18 noyabr 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 14 saylı evin 7 saylı mənzilini alaraq tam mülkiyyət əldə etmişdir. Hal-hazırda cavabdehlərin İddiaçı ASC-yə məxsus mənzildə yaşaması və qeydiyyatda qalması Bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və bankın mülkiyyətində olan mənzil üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən cavabdehlərin Bankın mülkiyyətində olan mənzilə dair hüquqları itirilmiş hesab edilməklə qeydiyyatından çıxarılmalı və mənzil tamamilə boşaldılmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5458/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 yetkinlik yaşına çatmayan övladları 23.03.2007-ci il təvəllüdlü X4 və 21.02.2013-cü il təvəllüdlü X5 ilə birlikdə İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 14 saylı evin 7 saylı mənzilindən çıxarılmaları, mənzilin tamamilə boşaldılaraq, mülkiyyətçi İddiaçı ASC-yə təhvil verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan övladları 23.03.2007-ci il təvəllüdlü X2 və 21.02.2013-cü il təvəllüdlü X3 İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 14 saylı evin 7 saylı mənzili üzərindəki istifadə hüquqlarına xitam verilməsi, ödənilmiş 10 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə ilə İnsan Hüquq və X6 Konvensiyanın 6-cı maddəsinin müddəalarını (qərəzsizlik) həmçinin milli və beynəlxalq qanunvericiliklə nəzərdə tutulmuş tərəflərin hüquq bərabərliyi prinsipini, prosessual hüquq normalarını pozmuş və isə hazırkı iş üzrə sübutlara tətbiq edilməli olan hüquq normalarına qiymət verməmişdir. Məhkəmə qətnamə qəbul etməmişdən öncə işin faktiki hallarını araşdırmamış, tərəflərin çəkişmə prinsipinə riayət etməmiş və yalnızca iddiaçının mövqeyini əsas götürməklə yekun qərar çıxarmış, məhkəmə tərəfindən müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5458/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, bunun səbəbini təsdiq edən rəsmi sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, əmlakın kreditor qarşısında yüklü edilməsi, ipoteka saxlayanın həmin əmlakın kreditin ödənilməsi məqsədilə satılmasına və ya hərrac vasitəsilə mülkiyyətinə keçməsinə xidmət edir. Əmlak üzərində tam mülkiyyət hüququnun iddiaçıya məxsus olduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan övladları X4 və X5 ilə birlikdə mübahisəli mənzilindən çıxarılmalı, mənzil tamamilə boşaldılaraq, mülkiyyətçi İddiaçı ASC-yə təhvil verilməli, mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilərək, xitam verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)- 127/2013 saylı, 10 iyun 2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 10 sentyabr 2009-cu il tarixli, 286 saylı kredit müqaviləsi üzrə 55.650 manat əsas borc və 16.630 manat faiz borcu, 05 may 2010-cu il tarixli 106 saylı kredit müqaviləsi üzrə 59.500 manat əsas borc, 17.752 manat faiz borcu, 30 manat dəbbə pulu və məhkəmədə iddia qaldırılması ilə əlaqədar ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutularaq, İddiaçı ASC-nin hesabına keçirilməsi, tutulacaq məbləğin kreditin təminatı kimi ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində istifadədə olan 0,079 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 12 mərtəbəli binada 215,11 kv.m ümumi, 122,9 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı, 7 nömrəli mənzilə tutmanın yönəldilməsi və həmin mənzilin açıq hərracda satışa çıxarılması, satışdan əldə edilmiş vəsait hesabına Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalı olan pul vəsaitinin ödənilməsi, mənzilin satışından əldə olunmuş vəsaitin borcun ödənilməsindən artıq qalan hissəsinin borclu Cavabdeh1 həmin mənzildən çıxarılması, keçirilmiş ekspertizaya görə 70 manat məbləğində məhkəmə xərcinin 35 manatının İddiaçı ASC-yə, 35 manatının isə Cavabdeh1 aid edilməsi qət edilmişdir.(İ.vər. 27 - 31) İş materiallarında olan, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4820/2013 saylı, 01 noyabr 2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək, hazırki iş üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2013-cü il tarixli qətnaməsinin qismən, 05 may 2010-cu il tarixli 106 saylı kredit müqaviləsi üzrə 59.500 manat əsas borc, 17.752 manat faiz borcu, 30 manat dəbbə pulu üzrə tutmanın ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində istifadədə olan 0,079 ha torpaq sahəsində yerləşən 14 nömrəli binanın 7 nömrəli mənzilə yönəldilməsi hissəsində ləğv edilərək, həmin hissədə İddiaçı ASC-nin iddia ərizəsinin təmin olunmaması, qalan hissədə qətnamənin Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.(İ.vər. 22 - 26) İş materiallarında olan, 18 noyabr 2020-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilənin və 47/04-03 saylı protokolun surətindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 14 saylı evin 7 saylı mənzili Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4820/2013 saylı, 01 noyabr 2013-cü il tarixli qətnaməsinə əsasən hərrac vasitəsi ilə İddiaçı ASC-yə satılmış, bankın həmin mənzil üzərindəki hüquqları 22.04.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq onun adına müvafiq çıxarış verilmişdir.(İ.vər. 7 - 8) İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki 14 nömrəli evin ümumi sahəsi 215.11 kv.metr olan 7 nömrəli mənzili İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və bu barədə daşınmaz əmlakın Dövlət reyestrində 22.04.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.(İ.vər. 6) İş materiallarında olan, Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş 03 iyun 2021-ci il tarixli Arayışlardan görünür ki, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan övladları 23.03.2007-ci il təvəllüdlü X4 və 21.02.2013-cü il təvəllüdlü X5 Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 14 saylı evin 7 saylı mənzilində qeydiyyatdadırlar.(İ.vər. 12 - 13) Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən - mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 (bir) ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən isə bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafıq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 9-cü maddəsinin 5ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən çıxarılması və yaxud yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi məhkəmənin qərarı əsasında həyata keçirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 2-ci bəndinin 3-cü hissəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan övladları X4 və X5 ilə birlikdə mübahisəli mənzildən çıxmaqdan imtina etmələri iddiaçıya öz mülkiyyətindən istifadə hüququnu həyata keçirməyə mane olur, cavabdehlərin mənzildən çıxarılması üçün isə onların mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Yuxarıda qeyd olunan maddi hüquq normalarını və iş materiallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, apelyasiya şikayətində birinci instansiya məhkəməsinin prosessual hüquq normalarını pozması, sübutlara tətbiq edilməli olan hüquq normalarına qiymət verməməsi, işin faktiki hallarını araşdırmaması, tərəflərin çəkişmə prinsipinə riayət etməməsi qeyd edilsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir. Odur ki, apelyasiya şikayətinin həmin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində göstərdiyi digər dəlilləridə əsassızdır və apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5458/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5458/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar