Məhkəmə qərarları › İş №2(103)-2181/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2181/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2181/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaç İddiaçı Cavabdeh qarşı “kredit öhdəliyinin icra edilməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-2892/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 35000 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat kontorunda 3M/503 reyestr nömrəsi üzrə kredit müqaviləsi bağlayaraq cavabdehə 35000 manat borcu xx.xx.2019-cu il tarixədək vermişdir. Müqavilə üzrə müddətlərin tamam olmasına baxmayaraq, cavabdeh bu günədək ona olan borcunu qaytarmamışdır. Dəfələrlə müraciət etməyinə baxmayaraq, cavabdeh kredit öhdəliyini icra etmir. Cavabdeh onun mülki hüquqlarını pozmuş və bu mübahisənin həlli məhkəmə qaydasında mümkündür. O, cavabdehə dəfələrlə şifahi qaydada müraciət etsə də, sonuncu onun müraciətlərinə məhəl qoymamışdır. Qeyd olunanlara əsasən, cavabdehdən 35000 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-2892/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi iddia tələbi təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, o birinci instansiya məhkəməsinin məhkəmə iclasında borcunun olduğunu etiraf etsə də, borcundan 5000 manatı hissə-hissə olmaqla iddiaçının ərinə qaytardığını bildirmiş, lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, borcundan 4600 manatını iddiaçının ərinə qaytarılması nəzərə alınmaqla iddianın qismən təmin edilməsini məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ilkin olaraq apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etsə də, şahid ifadə verdikdən sonra izahatına əlavə olaraq bildirmişdir ki, o, tələb etdiyi borcdan onun yoldaşı Azər Şıxqaibova ödənilmiş 4500 manatın çıxılaraq cavabdehdən ümumilikdə 30500 manat borcun tutulmasına etiraz etmir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, iddiaçı Amalya onun yoldaşı, cavabdeh Əli isə dostudur. Əli Amalyaya 35 000 manat olan borcundan 4500 manatını ona ödəmiş, lakin o, bu məbləği Amalyaya verməmişdir. Amalyanın həmin məbləğin ödənilməsindən xəbəri olmamışdır. Şahid ifadə verdikdən sonra İddiaçı izahatına əlavə olaraq bildirmişdir ki, o tələb etdiyi borcdan onun yoldaşı Azər Şıxqaibova ödənilmiş 4500 manatın çıxılaraq cavabdehdən ümumilikdə 30500 manat borcun tutulmasına etiraz etmir. Məhkəmə kollegiyası iddiaçının izahatı dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxx 2018-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, İddiaçı tərəfindən Cavabdeh 35 000 manat məbləğində kredit verilmişdir. Qeyd edilən müqavilənin 2-ci bəndindən görünür ki, borc alan krediti xx.xx.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Bundan əlavə, iş materiallarına əlavə olunmuş iltizamdan görünür ki, cavabdeh iddiaçıya olan borcundan xx.xx.2018-ci il tarixdə 3500 manat, xx.xx.2019-cu il tarixdə 35000 manat ödəmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlməkdə haqlı olsa da, onlardan iddiaçının xeyrinə tutulmalı olan pulun məbləğində səhvə yol vermişdir. Belə ki, cavabdehin iddiaçıdan almış olduğu pul vəsaitindən 4500 manat qaytarmış olduğu şahid ifadəsində öz əksini tapmış və iddiaçı şahidin ifadəsində bildirdiklərini qəbul etmişdir. Kollegiya cavabdehin, mübahisənin başladığı ilk dövrdən səmimi davranaraq mövcud borcunu etiraf etdiyini nəzərə almaqla hesab edir ki, alınmış borcdan 4500 manatının qaytarılmış olması nəticəsinə gəlmək mümkündür. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 30500 (35000-4500=30500) manat pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasэ Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-2892/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi “İddiaçı xeyrinə Cavabdeh 35000 manat məbləğində pul vəsaitinin tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan borcun məbləği 30500 (otuz min beş yüz) manat müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar