Məhkəmə qərarları › İş №2(103)-2188/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2188/2022

05.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2188/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(003)-3492/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsində mövcud yaşayış evinin onun istifadəsində olan bir otaq, ona bitişik zalın və eyvanın bir hissəsinin, eləcə də həyətyanı sahənin həmin istiqamətdə olan 0,03 ha hissəsinin iddiaçının istifadəsinə verilməklə, yerdə qalan hissəsini cavabdehlərin istifadəsində saxlamaqla, adı çəkilən fərdi yaşayış evindən cavabdehlərlə aralarında istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 08 noyabr 2013-ci il tarixdə rəsmi nikaha daxil olmuş və həmin tarixdən cavabdehin yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. Köçdüyü ünvanda cavabdehin istifadəsində 0,08 ha torpaq sahəsində 2 yaşayış otağı, 1 zalı, mətbəxi və açıq eyvanı olan bir mərtəbəli yaşayış evi olmuşdur. Lakin həmin yaşayış evi və yerləşdiyi torpaq sahəsinin hüquqmüəyyənedici sənədi olmamışdır. Birgə yaşadıqları müddətdə həmin evi təmir edib restavrasiya etmiş, həyətdə bir sıra tikililər inşa etmişlər. Bunlardan biri də iki mərtəbəli yaşayış evidir və hazırda cavabdeh orada yaşayır. Yaşayış evinə yeni Xətai küçəsi dalan 2 ünvanı almışlar. Cavabdehin iddiası üzrə Xaçmaz Rayon Məhkəməsinin 15 avqust 2014cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Bundan sonra cavabdeh onu məcburi qaydada evdən çıxarmışdır. Bununla bağlı iddiasına baxmış Xəzər Rayon Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli qətnaməsi ilə o hazırda mübahisə edilən həmin fərdi yaşayış evinə köçürülmüşdür. Qeyd olunan ünvanda faktiki yaşadığını nəzərə alınaraq, Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qərarına əsasən oraya pasport qeydiyyatına alınmış və hal-hazıra kimi də həmin ünvanda yaşayır. Lakin cavabdeh onu evdən çıxarmağa vadar etmək məqsədi ilə evi qəsdən müxtəlif şəxslərlə doldurmuşdur. Yeni tikili iki mərtəbəli evdən isə özü şəxsən istifadə edir. Məhkəmə qətnaməsi ilə köçürüldüyü bir mərtəbəli köhnə evin əvvəllər qaldığı bir otağı ona verilmişdir. Lakin həmin otağın giriş-çıxışı, cavabdeh və onun evə doldurduğu şəxslərin də istifadə etdikləri zala, oradan da mətbəxə və eyvana açılır. Cavabdeh ona evdən normal istifadə etməyə imkan vermir və bunun üçün hər vasitədən istifadə edir. Ona görə də biri digərinə qarışmadan evdən istifadə qaydasının müəyyən edilməsi məcburiyyətindədir. Köçürüldüyü ev və onun yerləşdiyi torpaq sahəsi cavabdehlə evə ayrı-ayrı giriş-çıxışın ayrılmasına tam imkan verir. Belə ki, onun yaşadığı otağın qapısı açılan zalın bir hissəsini ayırmaqla, pəncərəni qapı ilə əvəz edib, eyvandan ayrıca qapı qoyulması mümkündür. Həmçinin ona tərəf olan torpaq sahəsinin bir hissəsini hasarla təcrid edilməklə, cavabehin istifadəsində qalmış olan tikilidən tam təcrid olunmuş hissəsi istifadəsində qalmış olur. Bununla da cavabdehin ona qarşı normal yaşamağa maneəsi aradan qaldırılmış olur. Evin və onun yerləşdiyi torpaq sahəsinin ayrı-ayrılıqda istifadə qaydası üçün naturada təcrid edilmiş sahələrə bölünməsinin mümkünlüyü cavabdehlə aralarında evə köçürülmə iddiası ilə bağlı iş üzrə əldə edilmiş ekspert rəyi ilə də müəyyən edilmişdir. Belə ki, həmin iş üzrə alınmış 10 may 2018-ci il tarixli 31184 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, ekspert tədqiqatı zamanı İddiaçı yaşadığı otağa həyətdən ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olduğu və bunun cavabdehlərin yaşadıqları sahənin girişçıxışına maneə yaratmadığı müəyyən edilir. Göründüyü kimi cavabdehlə birgə istifadədə olan fərdi yaşayış evinin bir hissəsini ayırıb onun istifadəsinə verilməklə, digər hissələri cavabdehin istifadəsində saxlamaqla, tikilinin bölgüsü formasında torpaq sahəni də ayırmaqla, aralarında evdən istifadə qaydasının müəyyən edilməsi mümkündür və cavabdeh evdən birgə istifadəyə imkan vermədiyindən bu vacibdir. Cavabdeh məsələnin məhkəmədən kənar həllinə razılaşmadığından, mübahisə məhkəmə qaydasında həll edilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(003)- 3492/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehlər isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(003)- 3492/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatına alınması vəzifəsi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən (qazdan, sudan, elektrik enerjisindən, hamamdan, giriş-çıxış qapısından) istifadəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 və X5 tərəfindən maneələr yaradılmasının qadağan edilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş yerində müayinə zamanı mübahisə predmeti olan evin kürsülü bir mərtəbəli, eyvandan, kiçik sahələrdən ibarət olan 4 ədəd yataq otağı, bir zaldan və sanitar qovşağından ibarət olan tikili olması, eyvandan zala daxil olanda qabaqda yerləşən otağın (sol tərəfdən pəncərəsi həyətə olan) iş üzrə cavabdehə ayrılmaqla qapısının açarının iddiaçının özündə olması, zalın və sanitar qovşağın, evin yerləşdiyi torpaq sahəsinin ümumi istifadədə olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək---onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının digər qətnamə ilə həmin özbaşına tikiliyə köçürülməsi həmin tikilidə istifadə qaydasının müəyyən edilməsi üçün əsas ola bilməz. İddiaçının həmin tikiliyə köçürülməsi onun başqa yaşayış yeri olmadığından bu zərurətin aradan qaldırılmasından ibarətdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, İddiaçı yaşadığı otağa həyətdən ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olduğu və bunun cavabdehlərin yaşadıqları sahənin giriş-çıxışına maneə yaratmadığı barədə tərəflər arasında başqa bir mülki iş üzrə alınmış ekspert rəyinin mövcudluğu mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə iddianın təmin olunmasına əsas vermir. İşin faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 08 noyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq bir neçə ay ərzində nikah münasibətlərində olmuş, 15 avqust 2014-cü il tarixli məhkəmə qətnaməsinə əsasən nikahları pozulmuşdur. İddiaçı Cavabdeh1la birgə nikahda olduğu dövrdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təmir edib restavrasiya etdiklərini və həyətdə bir sıra tikililər inşa etdiklərini bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı Cavabdeh1 qarşı evə ayrıca giriş-çıxışın müəyyən edilməsi tələbinə dair iddiası bundan əvvəl Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 iyul 2017-ci il tarixli qətnaməsi ilə təmin olunmamış, qətnamə mübahisələndirilən həmin hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İşin faktiki hallarından həmçinin görünür ki, evin otaqlarından birinin açarı İddiaçı olmaqla otaq onun faktiki istifadəsindədir. Evin digər otaqlarında Cavabdeh1 əvvəlki nikahından olan arvadı, hazırkı iş üzrə Cavabdeh2 3 uşağı ilə birlikdə yaşayır, Cavabdeh1 isə həmin evdə yox, Zərdab rayonunda yaşayır. İddia ərizəsindən və İddiaçı izahatından görünür ki, mənzildən istifadə qaydalarının müəyyən olunmasında onun məqsədi cavabdehlər tərəfindən onun mənzildən istifadəsinə yaradılmış maneələrin aradan qaldırılmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən (qazdan, sudan, elektrik enerjisindən, hamamdan, giriş-çıxış qapısından) istifadəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 və X5 tərəfindən maneələr yaradılmasının qadağan edilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi qüvvədədir və mənzildən istifadəsinə maneə yaradıldığı təqdirdə İddiaçı həmin qətnamənin icrasını icra məmurundan tələb edə bilər. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 73.5-ci maddəsinə əsasən, tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı cavabdehlər tərəfindən onun həmin evdə yaşamasına maneçilik törədilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş, bu barədə məhkəmə qətnaməsi icra olunduqdan sonra onun tərəfindən icra məmuruna müraciət edilməmişdir. Nəticə etibarilə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(003)- 3492/2021 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar