Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2188/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əmanətlərin Sığortalanması Fondunun – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2188/2024 (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndələri Nümayəndə2 və X2 iştirakı ilə, İddiaçı Əmanətlərin Sığortalanması Fondunun – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-66/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə 15 may 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Əmanətlərin Sığortalanması Fondu – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən 46524,41 manat əsas, 40146,93 manat faiz, 30328,09 manat cərimə və 407 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh2 MTK arasında ünvan 1 ünvanında MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış və avtomobil dayanacağı kompleksində müştərilərə satılmış əmlakların dəyərinin Bank tərəfindən kreditləşdirilməsi barədə xx.xx.2013-cü il tarixli müqavilə imzalanmışdır. Bundan sonra xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 kompleksində avtodayanacaq sahəsinin alınması məqsədi ilə "xxxx" ASC tərəfindən 120 ay müddətinə illik 12 % olmaqla 50,400 manat məbləğində kredit verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-66/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddianın qismən təmin edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsindən yaranmış 46499,26 manat əsas, 39896,37 manat faiz, 3000 manat cərimə borcu olmaqla ümumilikdə 89395,63 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 200 manat məbləğində hissəsi Cavabdeh1 və Cavabdeh2 MTK-dan müştərək qaydada tutulub Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manat vəsaitin 100 manat hissəsi iddiaçıdan, 100 manat hissəsi isə cavabdehlərdən tutulub dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 421.2, 428.4, 442, 445.1, 445.2.1, 449.4, 462.3, 467, 470.1, 472-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən cavabdehlərin hər ikisi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və özlərinə münasibətdə iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
6. Cavabdeh2 MTK öz apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə qətnamə qəbul edərkən sözügedən avtodayancaq sahəsinin 24 may 2016-cı il tarixində banka geri qaytarılmasını və eyni zamanda "xxxx" ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış 01 noyabr 2013-cü il tarixli müqavilənin 5.7-ci maddəsini nəzərə almamışdır. Sözügedən müqavilənin 5.7-ci maddəsində qeyd edilmişdir ki, müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə, kooperativ bütün əsas kredit borcu və hesablanmış faizləri 5 iş günündən gec olmayaraq tam ödənilməsini öhdəsinə götürür. Yəni müqavilənin 5.7-ci maddəsinin tələbinə Bank tərəfindən düzgün əməl olunsa idi, Cavabdeh2 MTK-nın və vətəndaş Cavabdeh1 borc öhdəliyi bu dərəcədə artmazdı. Göründüyü kimi Bank müqavilənin şərtlərinə əməl etməmişdir. Digər bir səbəb isə Bank ona qaytarılan avtodayanacağı qəbul edərkən müqavilə üzrə borc öhdəliyinə xitam verməli idi. Lakin Bank öz üzərinə düşən heç bir öhdəliyi icra etməmiş və bugün MTK və vətəndaşdan əsassız hesablanmış faiz borcu və dəbbə pulu ilə birlikdə 89395,63 manat məbləğində pul vəsaiti tələb edir. Hesab edirlər ki, borc məbləğinin bu dərəcədə artmasında bankın da səhlənkarlığı olmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bu faktlara düzgün qiymət verməmişdir. Odur ki, 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir.
7. Cavabdeh1 öz apellyasiya şikayətində göstərmişdir ki, onunla "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə qeyri-yaşayış sahəsi girov qismində qoyulmuşdur. Bir müddət sonra maliyyə vəziyyətində yaranan problemlərlə əlaqədar bu kredit müqaviləsi üzrə ödənişlərdə çətinlik yaranmışdır. Ona görə də Cavabdeh2 MTK-nın rəhbərliyinə müraciət etmiş və maddi vəziyyətinin çətinliyi ilə əlaqədar aralarında bağlanmış müqavilələrə xitam verilməsi və bu avtodayanacaq sahəsinin bkrcun müqabilində banka qaytarılmasına razılıq vermələrini xahiş etmişdir. Cavabdeh2 MTN-nın rəhbərliyi "xxxx" ASC-nin rəhbərliyi ilə razılaşaraq onun müraciətinə müsbət cavab vermiş və bundan sonra həm bankın, həm də MTK-nın razılığı ilə həmin avtodayanacaq sahəsi ondan alınmışdır. Bundan sonra Cavabdeh2 MTK-nən sədri Əlibala Quliyev tərəfindən bu qeyri-yaşayış sahəsi ilə əlaqədar ƏSF-nin icraçı direktoru cənab Azad Cavadova xx.xx.2016-cı il tarixli, PA-M-160524-55 saylı məktub ilə müraciət olunmuş və borcun X3 "xxxx" ASC-nin “Yeni həyat” filialında mövcud olan depozit hesabındakı vəsaitdən tutulması barədə göstəriş verilməsini xahiş etmişdir. Həmin vaxtdan artıq 7 ilə yaxın müddət keçsə də, bu günə kimi həmin qeyri-yaşayış sahəsi ilə əlaqədar müqaviləyə görə heç kim onu narahat etməmiş və heç bir məbləğ də tələb olunmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. İddiaçı apellyasiya şikayətləinə etiraz təqdim edərək apellyasiya şikayətlərinin hər ikisinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
13. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
14. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
15. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
18. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
20. Maddə 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərində qətnamənin iddianın təmin edilən hissədə ləğv edilməsi və iddianın ayrı-ayrılıqda onlara münasibətdə rədd edilməsi xahiş edildiyindən qətnamə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı qismən edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
31. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış 01 noyabr 2013-cü il tarixli müqavilənin 2.1-ci maddəsinə əsasən, müqavilənin predmetini ünvan 2 ünvanında tikintisi aparılan “Azure Parkinq” çoxmərtəbəli yaşayış və avtomobil dayanacağı kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 80 faizindən artıq olmayan hissəsinin illik 12 faizlə 10 il müddətinə kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir.
32. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinin və ödəniş cədvəlinin surətindən görünür ki, borcluya avtodayanacaq sahəsinin alınması üçün illik 12 % dərəcəsi ilə 120 ay müddətinə 50,400 manat məbləğində kredit verilmişdir.
33. "xxxx" ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış 01 noyabr 2013-cü il tarixli müqavilənin 5.7-ci maddəsində qeyd edilmişdir ki, müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə, kooperativ bütün əsas kredit borcu və hesablanmış faizləri 5 iş günündən gec olmayaraq tam ödənilməsini öhdəsinə götürür.
34. Kollegiya apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq qeyd edir ki, hazırkı iddia tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olubolmadığının müəyyənləşdirilməsidir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
37. Belə ki, iş materiallarından göründüyü kimi istər Cavabdeh1 ilə xx.xx.2014-cü ildə bağlanmış kredit müqaviləsi, istərsə də, Cavabdeh2 MTK ilə xx.xx.2013-cü il tarixində bağlanmış mənzillərin kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəliklərini göstərən müqavilənin kreditor olan tərəfi hazırki iş üzrə iddiaçı deyil, "xxxx" ASC olmuşdur. Lakin iş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1541/2016 saylı qərardadından görünür ki, ləğv prosesində olan "xxxx" ASC-nin (yəni "xxxx" ASC) Cavabdeh2 layihəsinə aid 30.836.570 manat məbləğində kredit portfelinin 5.194.019 manat güzəştli şərtlə Əmanətlərin Sığortalanması Fondunun banka qarşı olan kreditor tələbinin əvəzi kimi Əmanətlərin Sığortalanması Fonduna köçürülməsi, kredit portfelinə aid istənilən növ təminan hüquqlarının Fonda ötürülməsi və kredit portfelinin təminatı olan 5.194.019 manat məbləğində depozit üzrə bankın öhdəliyinin Fonda köçürülməsi ilə əlaqədar qeyd olunan depozit üzrə yüklülüyə xitam verildiyi halda həmin öhdəliyin depozit sahibinə ödənilməsinin Fonda həvalə edilməsi qərara alınmışdır.
38. Göründüyü kimi məhz Cavabdeh2 layihəsinə aid olan kreditləşmələrə dair bütün təminat hüquqları artıq "xxxx" ASC-yə deyil, birbaşa onun ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna, yəni hazırki iş üzrə iddiaçıya keçmişdir. Bütün bunlar da onu deməyə əsas verir ki, hazırki iş üzrə iddiaçı olan Əmanətlərin Sığortalanması Fondu cavabdehlərdən müqavilə üzrə götürdükləri öhdəlikləri icra etmələrini tələb etməkdə subyektiv hüquqa malikdir.
39. Kollegiya birinci instansiya məhkəməsinin iddia tələbinin qismən əsaslı olmasına dair mövqeyi ilə razılaşaraq qeyd edir ki, Cavabdeh1 tərəfindən qeyd edilən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməməməsi, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməməsi və bununla da müqavilənin şərtlərini pozmuş olması faktı işin mübahisəsiz halını təşkil edir. Bundan əlavə yuxarıda da qeyd edildiyi kimi digər Cavabdeh2 MTK Bankla bağladığı müqavilə ilə müştərinin, yəni indiki halda digər Cavabdeh1 öz müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsi halında onunla birlikdə məsuliyyət daşıdığını qəbul etmişdir və bu da işin təkzib olunmayan faktıdır.
40. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6244 No-li rəyinə əsasən, eskpert tədqiqatının nəticəsində 30 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla əsas borc 46499,26 manat, faiz borcu 39896,37 manat məbləğində müəyyən edilmişdir.
41. Buna görə də cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdehlər onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldıqları kimi iddiaçıya, yəni cavabdehlərlə arasında müqavilə münasibətlərinin yarandığı Bankın ləğvedicisinə ödəməlidir.
42. Kollegiya Cavabdeh2 MTK-nın iddiaçı tərəfindən mövcud borcun daha öncə tələb edilməməsi və bu barədə xəbərdar etməməsi səbəbindən artması və buna görə də həmin məbləğin cavabdehlərdən tələb edilə bilməyəcəyi ilə bağlı apellyasiya şikayətin dəlillərinə münasibətdə isə qeyd edir ki, qanunla müqavilə münasibətləri çərçivəsində borcun qaytarılmasını həyata keçirmək borclunun öhdəliyi, həmin borcun qaytarılmasını tələb etmək isə kreditorun hüququdur. Kreditorun bu hüququndan istifadə etməməsi və ya daha gec istifadə etməsi borclunu həmin öhdəliyin icra edilməsindən azad etmir və borclunun kreditor tərəfindən daha öncə borcun ödənilməsini tələb etməməsinə əsaslanaraq öhdəliyin icrasından imtina edə bilməsi kimi bir imkanı yoxdur.
43. Hazırki iş üzrə də Cavabdeh2 MTK iddiaçının ona və digər cavabdehə qarşı vaxtında tələbin irəli sürülməməsinə görə hazırda borcun tələb edilə bilməyəcəyi ilə bağlı dəlillərini əsassız sayan kollegiya qeyd edir ki, kreditorun iddia tələbi ilə nə zaman müraciət etməsindən asılı olmayaraq cavabdehlər bağladıqları müqavilələrə uyğun olaraq müəyyən öhdəlik daşıdıqlarını və həmin öhdəliyin müqavilə ilə müəyyən olunmuş zaman çərçivəsində icra edilməli olduğunu bilmiş, bunun kreditorun tələb etmə anından asılı olmadığının fərqində olmuşlar. Həmçinin kreditorların öz məsuliyyətini vaxtında anlamaları ilə bağlı mülki qanunvericilikdə müəyyən olunmuş iddia müddəti institutu da buna xidmət etsə də, hazırki iş üzrə cavabdehlərdən hansısa biri tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim olunmamışdır. O cümlədən işin hallarına və tərəflər arasında bağlanılan müqavilələrin müddətinə baxdıqda həmin ərizənin təqdim edilə bilməsi üçün də hər hansı əsasın mövcud olmadığını qeyd etməyi də kollegiya zəruri hesab edir.
44. Qeyd edilənlərə əsasən Cavabdeh2 MTK-nın apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən kollegiya onun təmin edilməməsi qənaətinə gəlir. 45 Digər Cavabdeh1 isə öz apellyasiya şikayətində göstərmişdir ki, onunla "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə qeyri-yaşayış sahəsi girov qismində qoyulmuş, bir müddət sonra maliyyə vəziyyətində yaranan problemlərlə əlaqədar Cavabdeh2 MTK-nın rəhbərliyinə müraciət etmiş və aralarında bağlanmış müqavilələrə xitam verilməsi və bu avtodayanacaq sahəsinin borcun müqabilində banka qaytarılmasına dair aralarında razılıq əldə olunmuşdur. Bundan sonra həm bankın, həm də MTK-nın razılığı ilə həmin avtodayanacaq sahəsi ondan alınmış, bundan sonra Cavabdeh2 MTKnən sədri Əlibala Quliyev tərəfindən bu qeyri-yaşayış sahəsi ilə əlaqədar ƏSF-yə xx.xx.2016-cı il tarixli məktub ilə müraciət olunmuş və borcun X3 "xxxx" ASC-nin “Yeni həyat” filialında mövcud olan depozit hesabındakı vəsaitdən tutulması barədə göstəriş verilməsini xahiş etmişdir.
46. Qeyd edilənlərə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsaslandıracaq hər hansı mötəbər sübut iş materiallarında aşkar edilməmişdir. Belə ki, cavabdeh onunla "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə ona məxsus qeyri-yaşayış sahəsini yüklü etdiyini, daha sonra isə borcu ödəyə bilmədiyindən həmin sahəni təhvil verdiyini bildirsə də, həmin yüklüyüyə dair tərəflər arasında bağlanılan ipoteka müqaviləsi iş materiallarında aşkarlanmamış, cavabdeh özü də bu mülahizəsini təsdiq edən müqaviləni təqdim etməmişdir. İddiaçı da apellyasiya şikayətinə etirazında həmin qeyri-yaşayış sahəsinin çıxarışı olmadığından ona dair ipoteka müqaviləsinin bağlanmadığını qeyd etmişdir. Bu halda məhkəmə hesab edir ki, qeyd edilənləri təkzib etmək və həmin qeyri-yaşayış sahəsinə dair ipoteka müqaviləsinin bağlanmasını sübut etmək cavabdehin üzərinə üzərinə düşmüşdür. Cavabdehin həmçinin ilk öncə Cavabdeh2 MTK-nın rəhbərliyinə, daha sonra isə sonuncunun iddiaçı Fonda qeyd edilən məzmunda müraciət etməsini də təsdiq edən sözügedən məktub cavabdehlərin heç biri tərəfindən məhkəməyə təqdim edilməmişdir.
47. Bundan əlavə kollegiya qeyd etməyi zəruri hesab edir ki, yuxarıda da qeyd edildiyi kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)- 1541/2016 saylı qərardadından görünür ki, ləğv prosesində olan "xxxx" ASC-nin (yəni "xxxx" ASC) Cavabdeh2 layihəsinə aid 30.836.570 manat məbləğində kredit portfelinin 5.194.019 manat güzəştli şərtlə Əmanətlərin Sığortalanması Fondunun banka qarşı olan kreditor tələbinin əvəzi kimi Əmanətlərin Sığortalanması Fonduna köçürülməsi, kredit portfelinə aid istənilən növ təminan hüquqlarının Fonda ötürülməsi və kredit portfelinin təminatı olan 5.194.019 manat məbləğində depozit üzrə bankın öhdəliyinin Fonda köçürülməsi ilə əlaqədar qeyd olunan depozit üzrə yüklülüyə xitam verildiyi halda həmin öhdəliyin depozit sahibinə ödənilməsinin Fonda həvalə edilməsi qərara alınmışdır.
48. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışlardan da göründüyü kimi həmin 5.194.019 depozit məbləği müvafiq olaraq depozit sahibinə qaytarılmışdır və cavabdeh, həqiqətən də, iddiaçıya borcun X3 "xxxx" ASC-nin “Yeni həyat” filialında mövcud olan depozit hesabındakı həmin vəsaitdən tutulması barədə məktub ünvanlamış olsa idi belə, yenə də həmin məktubun icrası qeyri-mümkün olacaqdı.
49. Halbuki nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
50. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
51. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
52. Bütün bunlar onu deməyə əsas verir ki, Cavabdeh1 da apellyasiya şikayətinin dəlilləri əsassız hesab olunmaqla heç bir mötəbər sübuta əsaslanmamışdır və buna görə də təmin edilməməlidir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
54. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
55. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
56. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və cavabdehlərin apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
51. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onu ödəmiş tərəflərin özünə aid edilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-66/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri ilə bağlı ödənilmiş dövlət rüsumları onu ödəmiş şəxslərin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova