Məhkəmə qərarları › İş №2(103)-2189/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2189/2022

05.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2189/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 2(010)- 3635/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona dəymiş maddi ziyanın əvəzi kimi 13500 manat məbləğində pulun, habelə 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 19 dekabr 2019-cu il tarixdə X3 baş etibarnamə əsasında “Mersedes-Benz” markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomabili 10000 manata almışdır. Həmin avtomaşını bir müddət idarə edəndən sonra maddi durumu ilə bağlı olaraq 2020-ci ilin mart ayında satmaq qərarına gəlmiş və bu məqsədlə həmin avtomobilin 11000 manata satılması barədə “Turbo.az” saytında elan vermişdir. 25 mart 2020-ci il tarixdə saat 12 radələrində iddiaçının istifadə etdiyi 055 ***-**- ** saylı mobil telefonuna 050 ***-**-** saylı nömrədən zəng vurularaq özünü Elçin kimi təqdim edən şəxs avtomobili almaq istədiyini bildirmişdir. Onlar Yasamal rayonu ərazisində yerləşən “Ağ çiçəyim” şadlıq sarayının arxasında görüşmüş, Elçin maşın alverçisi olduğunu, Rusiya Federasiyasından dostu gəldiyini, dostu maşın aldığını və 12000 manata həmin avtomobili dostuna satacağını və 1500 manatı özünə götürəcəyini, 10500 manatı isə iddiaçıya verəcəyini bildirmişdir. Elçin Biləcəri qəsəbəsində yerləşən avtomobil təmir sexinin yaxınlığına gələrək oradan Cavabdeh gətirmiş və Elçin cavabdehə bildirmişdir ki, avtomobildə oturan atası, o isə bildirmişdir ki, yaxın dostudur, ona qiymət barədə söhbət etməsin, belə ki, Elçin avtomobili RF-dan gələn dostuna, yəni cavabdehə baha qiymətə satıb öz qazancını götürmək istəyirdi. Elçin cavabdehi və iddiaçını BDYPİnin həyətində olan notariat kontoruna gətirmiş və sözügedən avtomobilini notariusda Cavabdeh adına alqı-satqı etdirmiş və imza edəndən sonra cavabdeh ilkin olaraq Elçinə 2900 manat pul verdiyini, qalan pulu isə ona evdən götürüb verəcəyini bildirmişdir. Cavabdehlə Elçin adlı şəxs birlikdə sözügedən avtomobillə cavabdehin evinə gəlmiş və cavabdeh həyətində Elçinə bildirmişdir ki, guya avtomobilin mühərrik nömrəsi ilə qeydiyyat şəhadətnaməsi üzərində olan nömrə uyğun gəlmədiyi üçün ona 1900 manat pul vermişdir. İddiaçı bir müddət cavabdehlə Elçini BDYPİ-nin həyətində olan notariat kontorunun qarşısında gözləsə də, sonradan Elçinə zəng çatmamışdır. Dərhal notariusa bildirmişdir ki, cavabdehlə Elçin adlı şəxs onu aldadaraq, ona pul vermədən avtomobilini aparmışlar. Notarius ona bildirmişdir ki, etibarnaməni ancaq avtomobilin mülkiyyətçisi ləğv etdirə bilər, buna görə də ona polisə müraciət etməsini ona tövsiyə etmişlər. Çox çətinliklə notariusdan cavabdehin nömrəsini almış və zəng edib avtomobilin pulunu istəsə də, cavabdeh ona bildirmişdir ki, avtomobilin pulunu Elçinə vermişdir. Dərhal DİN-in “102” xidmətinə zəng edib başına gələn hadisəni polisə bildirmiş, həmin gün cavabdehlə onu Binəqədi RPİ-nin 6-cı polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşı onların izahatlarını alandan sonra cavabdehə “10-12 min manatlıq avtomobili 4800 manata alanda bilmirdi ki, avtomobil mübahisəli ola bilər” deyəndə cavabdeh həm polisin, həm də onun fikrini yayındırmış və bu mövzuda danışmaq istəməmişdir. Polis əməkdaşı cavabdehə bildirmişdir ki, mübahisəli məsələ olduğu üçün avtomobil müvəqqəti olaraq polisin dayanacağına yerləşdirilməlidir. Cavabdeh isə bildirmişdir ki, o artıq avtomobilin ön hissəsini həyətdə usta gətirib sökdürmüş və avtomobil həyətindədir. Polisin sonuncu sözü cavabdehə o olmuşdur ki, avtomobil başqa adamın adına alqı-satqı olunmasın. Sonradan ona məlum olmuşdur ki, cavabdeh avtomobili 26 mart 2021-ci il tarixdə alqı-satqı yolu ilə X1 və avtomobilin qeydiyyat şəhadətnaməsi dəyişilərək Az ** MO *** dövlət qeydiyyat nişanı almışdır. Cavabdeh həm polis, həm də onların yanında bildirmişdir ki, 4800 manatını qaytarsın və avtomobilini aparsın. Cavabdeh avtomobili alqı-satqı etdikdən sonra ondan gizlədir və bir həftə-on gün müddətində demək olar ki, hər gün zəng edərək ona bildirmişdir ki, o da Elçini axtarır. Lakin cavabdeh özü bilirdi ki, həmin avtomobilin hal-hazırda bazar qiyməti 12000-14000 manat civarındadır. Cavabdehə təklif etmişdir ki, avtomobili birlikdə bazara çıxarıb satsınlar, avtomobil bazarda satıldıqdan sonra o, 4800 manatını götürsün, qalan pulunu isə ona qaytarsın. Cavabdeh isə sözügedən avtomobili X2 alqı-satqı yolu ilə 13500 manata satmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 2(010)- 3635/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 4800 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işə obyektiv, hərtərəfli baxmamış, iddia tələbini əsassız olaraq qismən təmin etmişdir. Belə ki, avtomaşına görə pulu alan Elçindir. İddiaçı ilə onun arasında avtomaşının satılmasına dair heç bir alqı-satqı müqaviləsi bağlanmamışdır. Onun iddiaçı qarşısında heç bir öhdəliyi yoxdur, 4800 manat pulu iddiaçıya verməli olduğuna dair heç bir hüquqi sənəd mövcud deyildir. İddiaçının onun adına verdiyi etibarnamədə də belə bir öhdəlik nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı isə şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 2(010)-3635/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Mülki iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı “Mersedes-Benz” markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomobili X4 14 yanvar 2020-ci il tarixli etibarnamə əsasında faktiki olaraq almış, 25 mart 2020-ci il tarixdə avtomobili yenə etibarnamə ilə Cavabdeh satmış, avtomobilin alqı-satqısında vasitəçilik edən Elçin adlı şəxs onların hər ikisini aldadaraq Cavabdeh 4800 manat pul alaraq İddiaçı vermədən qaçıb gizlənmişdir. Cavabdeh isə həmin avtomobili Diləfruz İsmayılova adlı şəxsə satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarılmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə görə əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, Cavabdeh faktiki olaraq İddiaçı məxsus olan avtomobili alıb sonuncuya hər hansı məbləğdə pul ödəməməsi, beləliklə sonuncunun hesabına əsassız varlanması iş materialları ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 2(010)-3635/2021 saylı qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və mahiyyəti üzrə düzgün olduğundan, apellyasiya şikayəti təmin edilməməli, qətnamə cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddia tələbinin qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 2(010)- 3635/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar