Məhkəmə qərarları › İş №2(103)-2189/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2189/2025

14.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2189/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: turist xidmətlərinin göstərilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), nun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-4661/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 1088628 nömrəli vauçerə əsasən turistlər İddiaçı, Bağırova Səbinə, Bağırzadə Mansur, Bağırzadı Məhəmmədəli üçün Monteneqro şəhərində xx.xx.2024- xx.xx.2024-cü il tarixləri aralığında “Obala Aura 4*” otelində 2 yataq otaqlı “Aura” apartament tipli nömrə Cavabdeh MMC tərəfindən sifariş olunmuşdur.

2. Cavabdeh MMC tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərində otelin adı “Obala Aura”, otağın sayı 2, növü “bedroom apartment” göstərilmişdir.

3. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə Cavabdeh MMC-yə müraciət edərək Azərbaycan Respublikası istehlak hüquqlarının kobud surətdə pozulmasını və eləcə də ona və ailə üzvlərinin istirahət zamanı əsəblərinin pozulmasını nəzərə alaraq ona 3.850 manat məbləğində ziyanın ödənilməsini xahiş etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o, və ailə üzvlərinin istirahətinin kobud surətdə pozulması ilə nəticələnən Monteneqro səyahətində dəymiş maddi ziyanı 3.530 Avro, Mərkəzi Bankın məzənnəsi ilə 6.530 manatı "xxxx" MMC turizm şirkətindən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birgə yay tətilinə getmək üçün "xxxx" turizm şirkətinin əməkdaşı Səbinə xanımla ənənəvi olaraq danışıqlarda Monteneqroda otellərin təklifini Səbinə xanıma votsap vasitəsi ilə təqdim etmişdir. Səbinə xanım təklif edilən otellərin içində Monteneqroda yerləşən “Obala Aura” 4 ulduzlu otel üçün 3.530 avro qiymət vermişdi. O, Səbinə xanıma inanaraq rezerv etmək üçün ilkin ödəniş etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə "xxxx" turizm şirkətinin yuxarıda qeyd edilən ünvanına gəldi. İlkin ödəniş etmədən əvvəl Səbinə xanımın oturduğu masanın kompüter ekranında birgə Monteneqroda yerləşən “Obala Aura” 4 ulduzlu otelin görüntülərinə baxdılar və Səbinə xanım ona bu otel yerləşən “Obala Aura” 4 ulduzlu oteldə dörd nəfərlik ailə üzvləri daxil olmaqla, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arası təyyarə biletləri, səyahət sığortası, transferlər, 2 yataq otağı olmaqla, oteldə yer, səhər yeməyi daxil toplam olaraq 3.530 avro razılaşdılar və o, ilkin olaraq 1.937 manat ödəməklə qeyd edilən şərtlərlə tur almağa razılığa gəldilər. Digər ödəniş xx.xx.2024-cü il tarixdə 3.948 manat "xxxx" turizm şirkətinin ofisində ödənilmişdir və qalıq 400 avro qalmışdır. 400 avro qalıq isə xx.xx.2024-cü il tarixdə Səbinə xanımın razılığı ilə Elşad Ramazanovun adına olan 5239 .... .... 5777 nömrəli avro kart hesabına ödənilmişdir. xx.xx.2024-cü il tarixdə ailəsi ilə birgə Monteneqroya gəldi, amma əfsuslar olsun ki, onları yuxarıda qeyd elədiyi və razılaşdıqları sahil zolağında yerləşən oteldən təxminən 1 km aralıqda olan mənzilə məcbur yerləşdirdilər, mənzildə kanalizasiya tutulması olduğu üçün üfunət iyindən mənzilə girmək mümkün deyildi, etirazlarını bildirsələr də, otelə köçürülmədilər və yorğun şəkildə onları istidə yeriyərək 1 km-dən uzaq olan “Obala Aura” 3 ulduzlu otelə gətirdilər. Oteldə ona bildirildi ki, sizin rezervinizi edən şirkətə etirazınızı bildirin, pulu kimə ödəmisinizsə, onlardan tələb edin. O da çətinliklə “wi-fi” taparaq Səbinə xanımın votsap nömrəsini yığdı və baş verənlərlə bağlı etirazını bildirdi. Əfsuslar olsun ki, Səbinə xanım etirazları qəbul etmədi və üstəlik bildirdi: “mənə etiraz etməkdənsə, xahiş edin görək neyləyə bilirik”. O nə qədər başa salmağa çalışsa da onlar belə danışmamışdılar, ayıbdır, onu və onun işlədiyi şirkətə uzun illərdir ancaq xeyir vermişdir, onu ailəsinin yanında qərib ölkədə rüsvay etməyi, amma əfsuslar olsun ki, Səbinə xanımdan gözləmədiyi cavabı eşitdi: “Biz sizin otağınızı dəyişə bilmərik və ödədiyiniz pullar da sizə qaytarıla bilməz!” Bu hadisədən sonra məyus olub ailə üzvlərinə izah etdi ki, onları uzun illər tanıdıqları və etibar etdikləri "xxxx" turizm şirkəti etibarlarından sui-istifadə edərək aldadıb. Çıxış yolu yalnız otel rəhbərliyindən xahiş etməkdir ki, kanalizasiya qoxusunu təmir etsinlər, əfsuslar olsun ki, yalnız təmizlik personalı göndərdilər və o da bildirdi ki, bu kanalizasiya borusundan gələn qoxudur, təmizləməklə həll olunan məsələ deyil. Beləcə məcbur həmin mənzildə qalası oldular, çalışırdılar ki, ancaq yatmağa gəlsinlər, hər tərəfi açırdılar ki, nisbətən qoxu iyi azalsın. Hər tərəf açıq olduğu üçün kondisioner işlədə bilmdirdilər, eləcə də otaqda TV kanallarının heç biri işləmirdi. Başlarına gələn xoşagəlməz hadisəni xx.xx.2024-cü il tarixdə "xxxx" turizm şirkətinin ünvanına ərizə şəklində yazıb göndərmişdir, amma əfsuslar olsun ki, bu günə qədər heç bir cavab və əlaqə saxlayan olmamışdır. "xxxx" turizm şirkəti etibarından sui-istifadə edərək Azərbaycan Respublikası istehlak hüquqlarını kobud surətdə pozmuşdur.

6. Cavabdeh iddiaya qarşı etiraz verərək göstərmişdir ki, İddiaçı səyahətə getməmişdən qısa müddət əvvəl “Whatsapp” tətbiqi vasitəsilə Cavabdeh MMC-nin əməkdaşına müraciət edərək, link vasitəsilə göndərdiyi “Obala AURA” otelinə 7 günlük tur almasını xahiş etmişdir. Cavabdeh MMC-nin əməkdaşı İddiaçı öz şəxsi istəyinə və seçiminə uyğun olaraq, onlara link vasitəsilə göndərdiyi və getmək istədiyi “Obala Aura”ya müvafiq qaydada tur alaraq, səyəhətə getmək istəyini reallaşdırmışdır. İddiaçı və ailə üzvləri xx.xx.2024-cü ildə qeyd olunan ölkəyə getmiş, lazımı qaydada qarşılanmış, bütün lazımı xidmətlər göstərilmiş, “Obala Aura” otelinə yerləşdirilmiş, tur müddətində qida ilə təmin olunmuşdur. Lakin buna baxmayaraq, iddiaçı ailəsi ilə gedib istirahət etdib qayıtdıqdan sonra, səyahətdən narazı qaldığını bildirmiş, tur üçün ödədiyi məbləğin ona geri qaytarılmasını istəmişdir. İddiaçının əsas gətirdiyi arqumentlər ondan ibarətdir ki, onlar oteldə yox, başqa bina evinə yerləşdirilmişdir, həmçinin onun getdiyi otel 4 ulduzlu yox, 3 ulduzlu imiş. Həmçinin, iddiaçı qeyd edir ki, onun qaldığı oteldə sanuzel hissəsində texniki nasazlıq var idi və bu onu narahat etdiyi üçün onun ödədiyi məbləğ ona geri ödənilməlidir. İddiaçının qeyd etdiyi hallarla əlaqədar olaraq bildirmək istəyir ki, müştəri hər hansı bina evində yox, özünün seçdiyi apartemant tipli “Obala Aura” adlı 4 ulduzlu oteldə qalmışdır, hesab edir ki, iddiaçının “Obala AURA” adlı apartemant tipli oteli, çoxmərtəbəli yaşayış binası kimi təqdim etməsinin heç bir hüquqi, məntiqi əsası yoxdur. Belə ki, sözügedən otelin yerləşdiyi ərazi dəniz sahilində yerləşən turizm ərazidir, orada hər hansı yaşayış binası yerləşmir. Həmin ərazidə yaşayış binasının yerləşməməsini açıq internet mənbələrindən əldə olunan məlumatlar, həmçinin iddiaçının da həmin ərazidə çəkdiyini iddia etdiyi video çəkilişdə özünün də etiraf etdiyi açıq məlum olur. Həmçinin bildirirlər ki, iddiaçının qeyd etdiyi kimi sanuzeldə texniki nasazlığın olması mücərrəd, absurd, heç bir hüquqi əsası olmayan iddiadır. Sözügedən nasazlığın əmələ gəlməsinə müştərinin özünün və ya müştəridən əvvəl həmin oteldə qalmış müştərinin səbəb olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir, ümumiyyətlə belə bir nasazlığın olmasına dair müştəri tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Hər bir halda minlərlə kilometr uzaqlıqda başqa ölkədəki otelin sanuzelində olan texniki səbəbə görə Cavabdeh MMC-nin səbəb olması heç bir əsası olmayan iddiadır və nəzərə almaq lazımdır ki, həmin otelin iddiaçıya alınmasını iddiaçı özü xahiş etmişdir və buna görə cavabdehə ödənilən ödənişin geri qaytarılması heç bir məntiqə sığmır. Açıq mənbələrdən (internet vasitəslərindən) əldə olunan məlumatlar, həmçinin təqdim olunan vaucerlərdən də göründüyü kimi, Obala Aura oteli 4 ulduzludur, və iddiaçının iddia etdiyi kimi 3 ulduzlu otel deyildir. Qeyd edək ki, "xxxx" MMC iddiaçının özünün tapıb seçdiyi, alınmasını istədiyi otelə müvafiq qaydada tur əldə edərək onu və ailəsini aviareys ilə Monteneqroya yola salmış, orada iddiaçının da qeyd etdiyi kimi müvafiq qaydada qarşılamışlar, otelə yerləşdirmişlər, qida ilə təmin etmişlər. Qeyd olunanlardan da göründüyü kimi, MMC və əməkdaşları özünün üzərinə götürdüyü öhdəlikləri tamamilə və vicdanla yerinə yetirmiş və bunun nəticəsində müştəri öz istirahətini həyata keçirmişdir. Yuxarıda bütün qeyd olunanları nəzərə alaraq bildirir ki, iddiaçı qeyd etdiyi hallara dair hər hansı sübut təmin etməmiş, yalnız formal mülahizələrə əsaslanaraq iddia irəli sürmüşdür. Cavabdeh tərəfindən isə iddiaçının qeyd etdiyi halların əksi məhkəmə iclasında təqdim olunan sübutlarla sübuta yetirilir.

7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 4661/2024 nömrəli qətnaməsi ilə (hakim Ü.A.Xəlil) iddia rədd edilmişdir.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin araşdırılan hallarından delikt üzrə məsuliyyətin yaranmasının şərti – zərər vuranın təqsirli və hüquqa zidd əməli, habelə əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmadığından iddia təmin edilməməlidir.

9. Məhkəmə qeyd etmişdir ki, iddianın əsaslı olduğunu sübut etmək ilk növbədə iddiaçının üzərinə düşür. İddiaçı qaldığı yerin Obala Aura 4* olmadığını iddia etsə də, məhkəmə iclaslarında internet üzərindən göstərilmiş şəkillərdə iddiaçının məhz qaldığı yerin inernetdə yerləşdirilmiş şəkilə uyğun gəldiyi, iddiaçıya təqdim olunan vauçerdə onun məhz “apartmant” tipli otel olduğunun qeyd edildiyi müəyyən edilmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 386.1, 1096.1, 1097.1-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, cavabdeh bildirir ki, guya onlar istirahət edib qayıdandan sonra şikayət etmişlər. Bu tamamilə yalandır. Dərhal Monteneqrodan zəng edərək iradını və tələbini bildirmişdir. Cavabdeh, onun etibarından istifadə edərək, razılaşdığı səyəhəti və qalacağı oteli ona göstərərək onu aldatmış, göstərilən otelə deyil, tamamilə bərbad başqa yeri rezerv etmişdir. Cavabdeh onların istirahətinin təşkil edilməsi üçün vəd etdiyi öhdəliyi yerinə yetirmədiyinə görə tam məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsinə təqdim etdikləri disk var, həmin video görüntülərdən tam aydın görünür ki, onun ailəsini oteldə deyil, yaşayış binasında 3 otaqlı mənzildə yerləşdiriblər. Həmin mənzildə dəniz sahilindən təxminən bir kilometr aralı yerləşir. 4 ulduzlu otelin göstəriciləri yaşayış mənzili ilə müqayisə olunmazdır. Cavabdeh öhdəliyini yerinə yetirməyib və bununla da iddiaçıya və ailə üzvlərinə maddi və mənəvi ziyan vurubdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı Cavabdeh MMC-nin əməkdaşı Səbinə xanıma qalmaq istədiyi oteli özü göndərmişdir və həmin otel seçilmişdir. Qeyd olunan otel apartment tipli otel olmuşdur. Həmin ərazi turizm zonası olduğu üçün orada bir çox otellər mövcuddur. İddiaçını çaşdıran məqam Monteneqroda bir neçə “Obala” adlı otelin olmasıdır. İddiaçının istirahət etdiyi otel isə “Obala Aura” otelidir. İddiaçı video görüntü təqdim edib. O, “Obala” adlı oteli görüb, zənn edib ki, həmin otelə getməlidir və həmin “Obala” otel dənizə daha yaxındır. İddiaçı Monteneqroya gedərkən qarşılanıb və “Obala Aura” otelinə yerləşdirilib və qida ilə təmin olunub. Qidalanma isə “Obala” otelində həyata keçirilib. Belə ki, bəzən bir neçə otel ortaq bir restorandan yeməkxana olaraq istifadə edirlər. Cavabdeh tərəfindən bütün öhdəliklər tam olaraq icra olunmuşdur.

15. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilin dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

21. Belə ki, işə baxan birinci instansiya məhkəməsi maddi hüququn tətbiq edilməsində səhvə yol vermiş, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlərin yarandığını nəzərə almamış, qətnamədə mülki hüquq pozuntuları (delikt) ilə bağlı maddi hüququ normalarına istinad etmişdir. Maddi hüquq normalarının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır.

22. İşdən müəyyən olunur ki, iddiaçı cavabdeh MMC-yə müraciət edərək Monteneqro şəhərində yerləşən “Obala Aura 4*” otelində ailə üzvləri ilə xx.xx.2024xx.xx.2024-cü il tarixlərində istirahətin təşkil edilməsi üçün tapşırıq vermiş və bunun üçün cavabdehə 3.530 Avro məbləğində ödəniş etmişdir.

23. İddiaçı iddia edir ki, o, ailə üzvləri ilə birlikdə həmin oteldə deyil, oteldən təxminən 1 kilometr aralıda yerləşən mənzildə yerləşdirilmişdir.

24. Lakin işdə olan ******* nömrəli vauçerdə, cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərində, habelə iddiaçı ilə cavabdeh MMC-nin əməkdaşı arasında olan “Whatsapp” tətbiqində yazışmalarda (iş v.59) iddiaçının “Obala Aura” otelinin 2 yataq otaqlı apartament tipli nömrədə yerləşdiriləcəyi göstərilmişdir. Beləliklə, iddiaçının əvvəlcədən Monteneqro şəhərində yerləşdiriləcəyi otel və nömrə tipi barədə məlumatı olmuşdur.

25. Mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

26. Hazırki işdə isə cavabdeh tərəfindən ona tapşırılan öhdəliyin qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra edilməməsi, habelə iddiaçının yerləşdirildiyi nömrədə kanalizasiya sistemində problemlərin olduğu barədə sübutlar mövcud deyil.

27. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 384.0.2, 385, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 4661/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar