Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-219/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2(003)- 3034/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 4308,46 manat məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 4338,46 manat borcun (pulun) iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı 11.01.2017-ci il tarixli, AK2/24383 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə» əsasında cavabdehəoğluna məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana **********00030 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xətinin üzərində G-4 markalı, 1402AZ**********69 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.3 yarımbəndinin və «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinin tələblərini pozaraq istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaq təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktla bağlı birliyin işçiləri tərəfindən tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması» haqqında aktlar tərtib edilmişdir. Belə ki, 16.12.2016-cı il tarixli, ******* saylı akta əsasən 635,50 manat, 27.01.2017-ci il tarixli, ******* saylı akta əsasən 398 manat, 27.03.2017-ci il tarixli, ******* saylı akta əsasən 559,40 manat, 20.04.2017-ci il tarixli, ******* saylı akta əsasən 227,60 manat, 24.01.2018-ci il tarixli, ******* saylı akta əsasən 1011 manat, 30.11.2018-ci il tarixli, ******* saylı akta əsasən 426,60 manat, 28.12.2018-ci il tarixli, ******* saylı akta əsasən 142,20 manat, 31.01.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat, cəmi 3894,10 manat İddiaçı İB-yə ziyan dəymişdir. Cavabdehə birliyin işçiləri tərəfindən 3894,10 manat məbləğin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Bununla yanaşı, cavabdehin ünvanına 2010-2016-cı illər üzrə 414,36 manat borc da hesablanmış, cavabdeh həmin pul vəsaitini də ödəməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2(003)- 3034/2019 saylı qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1137,6 manat borc və 10 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1147,6 manat pulun tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 20 manatının iddiaçıya aid edilməsi qət olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, iddanın tam təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində veridyi izahatına uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onun tərəfindən təbii qazın talanması halına yol verilməmişdir. İddiaçının tərtib etdiyi aktlardan məlumatlı olmamış, aktlar onun iştirakı ilə tərtib olunmamışdır. Birinci instansiya məhkəməsində hüquqi savadı olmadığından iddianı qismən qəbul etmişdir. Belə ki, maddi imkanı tələb olunan pulun hamısını ödəməyə yetərli deyildir. Hesab edir ki, apellyasiya şikayəti əsassızdır, bu səbəbdən də məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayəti həddində (iddianın təmin olunmayan hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Bakı X4 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış «qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı» barədə 11.01.2017-ci il tarixli AK2/24383 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanmışdır. İşdə olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə 1402AZ**********69 nömrəli qaz sayğacına 2010-2016-cı illərdə 536,5 manat borc hesablanmış, ödənişlər nəzərə alınmaqla həmin dövr üçün 414,36 borc qalmışdır. İşdə olan 16.12.2016-cı il tarixli, ******* saylı, 27.01.2017-ci il tarixli, ******* saylı, 27.03.2017-ci il tarixli, ******* saylı, 20.04.2017-ci il tarixli, ******* saylı, 24.01.2018-ci il tarixli, ******* saylı, 30.11.2018-ci il tarixli, ******* saylı, 28.12.2018-ci il tarixli, ******* saylı, 31.01.2019-cu il tarixli, ******* saylı, 28.02.2019-cu il tarixli, ******* saylı, 29.03.2019-cu il tarixli, ******* saylı, 30.04.2019-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların təsdiq edilmiş surətlərindən görünür ki, abonent Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə edir. Odur ki, kənar xəttin kəsilməsi dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunur. İddianın təmin olunmaması hissəsində birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasına iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehdən tələb olunan 2756,50 (3894,10-1137,60) manat məbləğində borcun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları və aktların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür ki, iddiaçı tərəfindən cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Eyni zamanda, məhkəmə 2010-2016-cı illərə dair sənədi tapılmayan dövr üçün tələb edilən 414,36 manat zərərə aid hissəyə münasibətdə hesab edir ki, həmin iddia tələbi əsassız olmaqla təmin edilə bilməz. Belə ki, sübutetmə yükü iddiaçıda olmaqla onun tərəfindən tələb edilən məbləğdə borcun yaranmasına dair əsas olan sənədlərin onlarda olmamağı iddiada qeyd edilmiş, həmçinin məhkəmə iclasında da hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin qəldiyi nəticəni əsaslı sayaraq, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 6.5-ci bəndinə əsasən (bundan sonra, Qaydalar) qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan isehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Yoxlanılan hissədə iddiaçının iddia etdiyi aktlardan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, cavabdehin (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti abonentə təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin, iddiaçı tərəf keçən müddət ərzində cavabdehə ziyanın ödənilməsi istiqamətində rəsmi xəbərdarlığın, bildirişin və s. bu kimi hər hansı sənədin göndərilməsinə dair də sübut təqdim edə bilməmişdir. Eyni zamada, iddia ərizəsinə əlavə olunmuş fotoşəkillərdən də müdaxilə faktının olmasını dəqiq müəyyən etmək olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-nin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Məhkəmə baxışı zamanı isə, iddiaçı təşkilat müxtəlif tarixlərdə tərtib olunmuş aktlarda göstərilən pozuntuların mövcudluğunu, eyni zamanda cavabdehin bu istiqamətdə təqsirli, hüquqa zidd əməllərinin (hərəkətlərinin) olmasını ehtiva edən halları sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən etiraf edilməyən və qanunuliyi mübahisələndirilən aktlar üzrə özünün istinad etdiyi halları, yəni aktların qəbul edilməsi üçün əsas olmuş halları əsaslandıra və sübut edə bilməmişdir. Bununla yanaşı, iddiaçı cavabdehdən 2010-2016-cı illər üzrə 414,36 manat borc da tələb etmiş, lakin bu istiqamətdə məhkəməyə hər hansı sübut (borcun yaranma əsasları və s.) təqdim etməmiş, tələbini həmin hissədə əsaslandırmamışdır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçı tərəf yoxlanılan hissədə tələb və etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edilməlidir ki, işdə olan ekspertiza rəyi də iddianın yoxlanılan hissədə əsaslı olması nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübut kimi qəbul edilə bilməz. Rəydən görünür ki, ekspert iddiaçı tərəfindən birtərəfli qaydada tərtib olunmuş aktlara və abonentin saldosu cədvəlinə istinad edərək, aktlara əsasən pul vəsaitinin 3894,46 manat olmasını göstərmiş, əlavə hər hansı araşdırma aparmamışdır. Bununla yanaşı, ekspert rəydə qeyd etmişdir ki, həmin pul vəsaiti iddiaçı tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə hesablanmış, lakin borcun düzgün olub-olmaması məhkəmə tərəfindən qiymətləndirilə bilər. MPM-nin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, qətnamənin yoxlanılan hissədə ləğv edilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı 200 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2(003)- 3034/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2(003)- 3034/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci İddiaçın aid edilsin. İddiaçıdan aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat tutlaraq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-219/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-219/2021
25.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver