Məhkəmə qərarları › İş №2(103)-2195/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2195/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2195/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Dinara Əliyevanın, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbinə dair” 2(001)-3596/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müştərək qaydada 362,65 ABŞ dolları əsas, 603,03 ABŞ dolları faiz borcu, 97,29 ABŞ dolları cərimə borcu, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 98,65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 1161,62 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” İKB ASC (İddiaçı) ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 26% olmaqla, 2200 (iki min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün kreditin məcburi qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 362,65 ABŞ dolları (üç yüz altmış iki dollar altmış beş sent) əsas borcun (manatın ödəniş gününə olan məzənnəsi ilə) və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh əsas borcu 470,54 ABŞ dolları azaldılmışdır. Bundan başqa “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi üçün kredit müqaviləsi bağlanarkən borclu tərəfindən banka təqdim olunmuş borclu Cavabdeh qızma məxsus **********45 telefon nömərəsinə xx.xx.2019-cu il tarixdə sms göndərilərək banka dəvət edilmişdir. Lakin borclunun banka gəlməməməsi səbəbindən və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın icra müddəti xx.xx.2019cu il tarixdə bitdiyindən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi mümkün olmamışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsində yoxlanılır. İşin müəyyən edilmiş hallarına əsasən, Cavabdeh xx.xx.2015-ci il tarixli, 11-Y-1-0- 153-15 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 26 faiz olmaqla, 2200 ABŞ dolları məbləğində kredit verilmiş və Cavabdeh xx.xx.2020-ci il tarixə banka 362,65 ABŞ dolları əsas, 603,03 ABŞ dolları faiz borcu, 97,29 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün illik faizlə hesablanmış 98,65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 1161,62 ABŞ dolları borcu vardır. Hesabdan çıxarışa əsasən (əhatə dövrü xx.xx.2015-xx.xx.2020) xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 470,54 ABŞ dolları məbləğində pul vəsaiti əsas borcdan silinmişdir. - Mərkəzi Bankın problemli kreditlərin kompensasiyasına dair çıxarışa əsasən Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Cavabdeh 799,91 manat məbləğində kompensasiya hesablanmışdır. Restrukturizasiya olunması təklif olunan kredit məbləği 616,51 manat təşkil edir. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanının” təsiri altına düşdüyündən iddia tələbini faiz, cərimə və digər xərclərin tutulması hissəsində təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Məcəllənin 739.1ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın 6-cı bəndinə əsasən bankalara aşağıdakılar tövsiyə edilmişdir. Həmin fərmanın 6.1-ci bəndinədə göstərilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Fərmanın 6.2-ci bənidən əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmin fərmanın 6.3-cı bəndinə əsasən borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Kollegiya hesab edir ki, qeyd edilən Fərmanda faiz və cərimə borclarının silinməsi banklara məcburi xarakter daşımır. Belə ki, həmin Fərmanın 6-cı bəndində fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağı təqdirdə faiz və cərimə borclarının silinməsi bankalar tövsiyə edilmişdir. Bununla yanaşı, iş üzrə tədqiq edilmiş sənədlərlə təsdiqlənmişdir ki, Cavabdeh ilə güzəştli şərtlər ilə yeni müqavilənin bağlanması dəvət edilməsinə baxmayaraq, onun Banka gəlməməməsi səbəbindən Fərmanın icrası qeyri-mümkün olmuşdur. Beləliklə, cavabdehdən faiz, cərimə və illik 5 faizlə hesablanmış borcun tutulması hissəsində iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, qətnamə həmin hissədə ləğv edilməklə iddia tələbi həmin hissədə təmin edilməlidir. Kollegiya hesab edir ki, iddiaçı 97,29 ABŞ dolları cərimə borcunu tələb etsə də, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri, işin hallarını nəzərə alaraq, dəbbə pulunu tənasübsüz surətdə yüksəkdir və azaldılaraq 20 ABŞ dolları cərimə borcu, habelə faiz və illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və iddia qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 3596/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 401,56 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları cərimə, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 98,65 ABŞ dolları məbləğində əldən çıxmış fayda (manatın ödəniş gününə olan məzənnəsi ilə) tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar