Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2195/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2195/2025 (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh, onun nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı “X9 Kredit Təşkilatı” MMC-nin Cavabdeh Bikəz oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3582/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 19 mart 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında xx.xx.2016-cı il tarixdə 280/2016 saylı Təminatsız kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 24% olmaqla, 3504 manat məbləğində kredit vermişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini qismən icra etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı 3491,08 manat əsas, 992,23 manat faiz, cəmi 4483,31 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 66 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılır ki, cavabdehlə aralarında xx.xx.2016-cı il tarixində 280/2016 saylı kredit müqaviləsi bağlanmışdır. xx.xx.2016-cı il tarixli 280/2016 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 24 faiz hesablanmaq şərti ilə, 24 ay müddətinə 3504 manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli 280/2016 saylı kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3582/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddianın təmin edilməsi, xx.xx.2016-cı il tarixli, 280/2016 saylı kredit müqaviləsi üzrə 3491,08 manat əsas, 992,23 manat faiz borcu olmaqla, cəmi 4483,31 manat pul və 66 manat dövlət rüsumunun Cavabdeh alınaraq “X9 Kredit Təşkilatı” MMC-yə ödənilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 739.1, 739.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 103.1, 119.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, iddia tələbi üçün nəzərdə tutulan müddət ötürüldüyündən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul olunması və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən yekun məhkəmə aktı çıxarıldığı zaman cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmişdir. İş üzrə qərar qəbul edilən zaman iddiaçı tərəfindən göstərilən sübutlarla kifayətlənərək, iş üzrə zəruri ekspertiza təyin etməmiş, bununla da cavabdehin hüquqlarını kobud surətdə pozmuşdur. Həmçinin, birinci instansiya məhkəməsi iş üzrə zəruri müddət axımına iddiaçı tərəfindən riayət olunmamasını nəzərə almamış və əsassız qərar çıxarmışdır. Belə ki, məhkəmə iclasında zəruri iştirakı təmin olunacağı təqdirdə, tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsi təmin oluna bilərdi. Lakin birinci instansiya məhkəməsi prosessual hüquqlarının pozulmasına məhəl qoymamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Apellyasiya baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi onun iştirakına şərait yaratmamış və iddia müddətinin ötürülməsi məsələsini aydınlaşdırmamışdır.
10. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
11. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin iddia müddətini tətbiq barədə ərizə verməsi üçün kifayət qədər imkanı olmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
13. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
14. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
15. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
17. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlaya bilərlər;
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
23. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
31. Kollegiya ilk növbədə apelyasiya şikayətinin iddia müddətinin ötürülməsinə baxmayaraq iddiaçının xeyrinə məhkəmə qətnaməsi qəbul edilməsi barədə dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar).
32. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
33. Məlum olduğu kimi, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, hətta iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri).
34. Qeyd edilənlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.
35. Göründüyü kimi, apelyasiya şikayətində qeyd olunan halların əsaslı olması halında belə, yəni iddia müddəti keçməsinə baxmayaraq iddiaya hüquqi qiymət verilməsi məsələsinə münasibətdə, birinci instansiya məhkəməsi tərəfindən hər hansı pozuntuya yol verilməmişdir.
36. Qeyd olunan halların araşdırılma predmetinə daxil olunması üçün tərəflər müvafiq, iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət etməlidirlər ki, hazırki işin materiallarından da göründüyü kimi cavabdeh analoji tələblə məhkəməyə müraciət etməmişdir.
37. İddianın əsaslılığına münasibətdə isə işin faktiki hallarından da göründüyü kimi borcalan Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
38. İddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixdə 280/2016 saylı kredit müqaviləsi bağlanmış, cavabdehə 24 ay müddətinə illik 24% dərəcəsi ilə 3504 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilə şərlərini pozmaqla, öhdəlyini tam icra etməmişdir.
39. İddiaçının məhkəməyə təqdim etdiyi Maliyyə arayışında da cavabdehin xx.xx.2024-ci il tarixə 3491,08 manat əsas borcu, 992,23 manat faiz borcu olmaqla, cəmi 4483,31 manat məbləğində borcunun olması qeyd edilmişdir.
40. Beləliklə, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəmələrində aparılan araşdırma zamanı tədqiq olunmuş sübutlara əsasən müəyyən olunmuşdur ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir.
41. Kollegiya apelyasiya şikayətində qeyd olunan məhkəmə ekspertizasının təyin edilməməsi, eləcə də tənasübsüz qaydada yüksək faiz hesablanması barədə dəlillərə münasibətdə isə bildirir ki, qanunvericiliyin bu barədə olan normalarından da aydın olduğu kimi, məhkəmə orqanlarının ekspertiza təyininə dair səlahiyyətləri dispozitiv həddə müəyyən edilmişdir.
42. Bundan əlavə Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Qeyd edilən normaların tələblərindən də göründüyü kimi istər iddianı irəli sürən şəxs, istərsə də həmin iddia tələbi ilə razılaşmayaraq buna etiraz edən müvafiq olaraq öz mülahizələrini əsaslandırmalı və məhkəmə həmin əsaslandırmaların kökündə duran sübutlara qiymət verməli, yalnız həmin dəlillər kifayət etmədikdə məhkəmə tərəfindən bunun üçün əlavə tədbirlərin görülə biləcəyi nəzərdə saxlanılmalıdır. Hazırki iş üzrə cavabdeh iddiaçı tərəfindən hesablanmış borc məbləğləri ilə razı olmadığını bildirsə də, bu mülahizələrini əsaslandıracaq hər hansı dəlili məhkəməyə təqdim etməmiş, iş materiallarında qeyd edilən sənədlərin mübahisəyə qiymət vermək üçün kifayət olmaması və məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinin iş üzrə zəruri olduğunu təsdiq edəcək hər hansı əsaslar aşkarlanmamışdır. Qeyd edilənlərə əsasən kollegiya cavabdehin göstərilən dəlilini də əsassız hesab edir.
44. Kollegiya cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsinə dair dəlillərinə münasibətdə isə qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə zəruri məlumat verilməsinə baxmayaraq, onun tərəfindən iclasda iştirak təmin edilməmiş, buna görə də müvafiq nəticələrə dair hər hansı məsuliyyətin məhkəməyə aid edilməsi istisna olunmuşdur.
45. Belə olan halda kollegiya, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, öhdəlik tərəflər arasında razılaşdırılmış müqavilə ilə şərtləşdirildiyindən və həmin öhdəliyin dairəsinin dəyişdirilməsinə hər hansı qanuni əsas mövcud olmadığından iddiaçının cavabdehə qarşı olan tələbi əsaslıdır və təmin edilməlidir.
46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
48. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
50. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
51. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3582/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev