Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2196/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı “borc tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)-4846/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 6239.32 ABŞ dolları əsas, 4327.08 ABŞ dolları faiz borcu, 373.45 ABŞ dolları cərimə borcu, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 603.05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 11.542,90 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” İKB ASC (İddiaçı) ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 28% olmaqla, 12.700 ABŞ dolları məbləğində kredit verilmiş, digər cavabdehlər X2 və Cavabdeh3 ilə borcun təminatı kimi xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh1 əsas borcu 3340.06 ABŞ dolları azaldılmış, lakin cavabdehlər banka müraciət etmədikərindən qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi mümkün olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 2196/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 6239.32 ABŞ dolları əsas borc (manatın ödəniş gününə olan məzənnəsi ilə) və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, əsassız olaraq zaminlərə münasibətdə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Həmçinin faiz, cərimə və illik 5% ilə hesablanmış borc məbləğinə aid hissədə də səhv nəticəyə gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (nümayəndələri) məhkəməyə gəlməmiş, nə də bunun üzrlü səbəbdən baş verməsini bildirməmişlər. Odur ki, işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarına əsasən, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 27-M-1-0-268-14 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 28% olmaqla, 12.700 ABŞ dolları məbləğində kredit verilmiş, digər cavabdehlər X2 və Cavabdeh3 arasında borcun təminatı kimi xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmış, daha sonra xx.xx.2015-ci il tarixdə bağlanmış müqaviləyə əsasən kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixə banka 6239.32 ABŞ dolları əsas, 4327.08 ABŞ dolları faiz borcu, 373.45 ABŞ dolları cərimə borcu, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 603.05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 11.542,90 ABŞ dolları borcu vardır. İş materiallarında olan xəbərdarlıqdan aydın olur ki, cavabdehlər iddiaçı tərəfindən borcun ödənilməsi barədə xəbərdar edilmişlər. xx.xx.2014-xx.xx.2020-ci illəri əhatə edən hesabdan çıxarışa əsasən xx.xx.2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən kompensasiya edilmiş 3340.06 ABŞ dolları məbləğində pul vəsaiti əsas borcdan silinmişdir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh1, X1 və Cavabdeh3 xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən kreditin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi üçün banka müraciət edilməsinə dair bank tərəfindən SMS bildirişlər göndərilmişdir. Mərkəzi Bankın problemli kreditlərin kompensasiyasına dair çıxarışa əsasən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Cavabdeh1 5747.63 manat məbləğində kompensasiya hesablanmışdır. Restrukturizasiya olunması təklif olunan kredit məbləği 10 606, 84 manat təşkil edir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə işin müəyyən edilmiş hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə sonuncudan 6239.32 ABŞ dolları əsas borcun tutulması qənaətinə gəlmişdir. İddia tələbinin faiz, cərimə və digər xərclər hissəsinə münasibətdə iddianı rədd edən məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanının” təsiri altına düşür. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi və həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermişdir, onda, fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Odur ki, Fərmanın əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədi daşıdığından iddia tələbi faiz, cərimə və digər xərclər hissəsində təmin edilməməlidir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti doğrudur. Kollegiya onu da qeyd edir ki, qalıq borcun restrukturizasiya olunub-olunmaması borcluya dövlət vəsaiti hesabına güzəşt edilməsinin qarşısını ala bilməz, faiz və dəbbə pulunun silinməsi restrukturizasiyadan öncə atılmalı olan addımdır, lakin hazırki işin hallarından görünür ki, bank tərəfindən Cavabdeh1 faiz və dəbbə pulu silinməmiş, eləcə də əsas borcun qalıq hissəsinin restrukturizasiya olunmasında bank maraqlı olmamışdır, belə ki, bank yalnız bir dəfə – xx.xx.2019-cu il tarixdə borclu və zaminlərə SMS bildirişi göndərməklə kifayətlənmiş, həmin bildirişin ünvan sahiblərinə çatıb-çatmaması ilə isə maraqlanmamış, borcluları tapmaq üçün əlavə səy göstərməmişdir (ünvanlarına bildiriş göndərməmiş və s.). Zaminlərə aid hissədə məhkəmə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsaslanaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Həmçinin müəyyən edilir ki, zamin Cavabdeh3 xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsinə əlavəni imzalamamışdır. Azərbaycan Respublikası Mülk Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından göründüyü kimi, bank cavabdehlər X2 və Cavabdeh3 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlamış, daha sonra xx.xx.2015-ci il tarixdə bağlanmış müqaviləyə əsasən kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmış, lakin zamin Cavabdeh3 xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsinə əlavəni imzalamamışdır. Göründüyü kimi, öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixdə bitdiyi halda iddiaçı hazırki iddia ilə məhkəməyə 1 il keçdikdə sonra, yəni xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Qanunun imperativ tələbinə görə isə öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Bununla da müəyyən olunur ki, iddiaçı bank zaminlərə qarşı öhdəliyin icrası tələbini irəli sürmək hüququnu itirmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, Kollegiya hesab edir ki, apelyasiya şikayətində irəli sürülən mülahizələr yalnız formal mülahizələrdir və əsassızdır, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 4846/2020 saylı iş üzrə qətnaməsi mübahisələndirilən – iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2196/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2196/2021
08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver