Məhkəmə qərarları › İş №2(103)-220/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-220/2020

16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-220/2020 16.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şamayev Elşad Yaquboviçin sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Murquzov Elmir ilqar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində iddiaçı Ləğv prosesində olan “X5” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-137/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan “X5” ASC ləğvedicisi X1 vasitəsi ilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2012-ci il tarixli 1126 saylı kredit müqaviləsi üzrə yaranmış 3363,33 ABŞ dolları məbləğində əsas borc, 1628,44 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcu, əldən çıxmış faydaya görə 3375 ABŞ dolları olmaqla, cəmi 8366,77 ABŞ dolları məbləğində kredit borcunun və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh məxsus “Azsamand” minik markalı, 2006-cı il buraxılışlı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması yolu ilə əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, avtomobilin satışından əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən cavabdehdən Ləğv prosesində olan “X5” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)- 137/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ödəniş gününə qüvvədə olan məzənnə ilə 3363,33 ABŞ dolları məbləğində əsas borc, 717,78 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 4081,11 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının və 30 manat məbləğində dövlət rüsumunun alınaraq Ləğv prosesində olan “X5” ASC-yə ödənilməsi, tələbin Cavabdeh məxsus “Azsamand” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, həmin avtomobilin satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 4081,11 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının və 30 manat məbləğində dövlət rüsumunun Ləğv prosesində olan “X5” ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 145 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı Ləğv prosesində olan “X5” ASC apellyasiya şikayəti verərək, Bakışəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-137/2019 saylı qətnaməsinin qismən, yəni faiz borcunun qismən tutulması hissəsində və əldən çıxmış faydanın tutulmasının rədd edilməsi hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh kredit borcu üzrə ödənişlərini ödəniş qrafiki üzrə vaxtlı vaxtında icra etmədiyindən ödənilmiş məbləğlər əsas borcdan deyil, kredit müqaviləsinə uyğun olaraq faiz borcundan silinmişdir. Bu səbəbdən əsas borc məbləği üzrə azalmalar olmamış və nəticədə cavabdehin əsas borca hesablanmış 1628,44 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Bu hal məhkəməyə təqdim edilmiş maliyyə arayışı ilə tam təsdiq olunur. Bu səbəbdən iddiaçı məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə razı deyil və hesab edir ki, ekspert tərəfindən hesablamalar düzgün aparılmamış və nəticədə iş üzrə səhv rəy verilmişdir. Bundan əlavə, məhkəmə cavabdehin maliyyə məsuliyyətinin həddini hansı meyarlar əsasında müəyyən etdiyini, həmin həddin nədən ibarət olduğunu qətnamədə göstərməmişdir. Məhkəmə hansı əsaslara görə əldən çıxmış faydanın cavabdehin “həddən artıq” maliyyə məsuliyyətinə cəlb ediləcəyinə səbəb olacağını da qətnamədə əsaslandırmamışdır. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan “X5” ASC ləğvedicisi X1 etibarnamə əsasında nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni faiz borcunun qismən tutulması və əldən çıxmış fayda borcu tələbinin təmin edilməməsi hissələrində ləğv edilməklə, həmin hissələrdə yeni qətnamə qəbul edilməli, qətnamə ümumi borcun müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinəəsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndiriləməmiş, iddiaçı isə iddianın faiz borcunun qismən təmin olunması hissəsində, habelə əldən çıxmış faydanın rədd edilməsi hissəsində mübahisələndirərək, həmin tələblərin də tam təmin olunmasını xahiş etmişdir. Bu səbəbdən hazırki apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin faiz borcunun qismən tutulması və əldən çıxmış fayda borcu tələbinin təmin edilməməsi hissələrinin əsaslılığının və qanuniliyinin yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsində toplanmış sübutlarla müəyyən olunmuşdur ki, “X5” ASC və Cavabdeh arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 1126 nömrəli kredit müqaviləsinə əsasən “X5” ASC borcalan Cavabdeh illik 27 faiz ödəmək şərti ilə xx xxxxxx 2014-cü il tarixədək 3700 ABŞ dolları kredit vermişdir. Daha sonra iş üzrə müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklər vaxtında və lazımi qaydada icra olunmamış və borcu yaranmışdır. İddiaçı cavabdehin əsas borcunun 3363,33 ABŞ dolları, faiz borcunun 1628,44 ABŞ dolları və əldən çıxmış faydaya görə borcun 3375 ABŞ dolları təşkil etdiyini iddia etmiş və həmin borcların cəmi olan 8366,77 ABŞ dolları məbləğində pulun tutulmasını məhkəmədən xahiş etmiş, tələbinin sübutu qismində məhkəməyə maliyyə arayışı təqdim etmişdir. Birinci instansiya məhkəməsində araşdırma zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin xx xxxxxxxx 2018-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh xx xxxxxx 2014-cü il tarixə banka olan əsas borcu 3363,33 ABŞ dolları və faiz borcu isə 717,78 ABŞ dolları məbləğində təşkil edir. Məhkəmə ekspertin həmin rəyini əsas götürərək belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə faiz borcu 717,78 ABŞ dolları məbləğində müəyyən olunmalıdır. Həmçinin birinci instansiya məhkəməsi əldən çıxmış faydaya dair iddia tələbinə hüquqi qiymət verərək, tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olma müddətinin xx xxxxxx 2014-cü ıl tarixdə bitməsini göstərməklə hesab etmişdir ki, borclu yol verdikləri pozuntulara, “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (“pacta sunt servanda”) hüquqi prinsipinə əməl etmədiyinə görə məsuliyyət daşıyır. Lakin, müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra borclunun yol verdiyi pozuntulara görə məsuliyyət daşıması kreditora borcludan iddia ərizəsində göstərilən hesablanmış faizləri hər bir halda tələb etmək huququ vermir. Məhkəmə müqavilə azadlığı, azad sahibkarlıq fəaliyyəti, sosial dövlət və s. kimi Konstitusiya dəyərləri arasında balansı gözlənilməli olması, işlə əlaqədar hər hansı qərar qəbul etməmişdən əvvəl qərarın iqtisadi və sosial nəticələrinin qabaqcadan görülməli olmasını əsas gətirərək qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən faizin hesablanması müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfin, yəni borclunun vəziyyətini daha da ağırlaşdırmaqla yanaşı, bərabərlik prinsipinin kobud surətdə pozulmasına gətirib çıxarar və bu əsasla iddianı həmin hissədə rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İlk olaraq qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulan faiz borcunun kredit müqaviləsi müddəti üçün müəyyən edilməli olmasına dair qənaəti düzgün olsa da, məhkəmə həmin müddəti müəyyən edərkən işin faktiki hallarını tam nəzərə almamışdır. Belə ki, iş materiallarına əsasən tərəflər arasında bağlanmış müqavilə ilə kreditin qaytarma tarixi xx xxxxxx 2014-cü il tarixi müəyyən edilsə də, həmin tarixdə aralarında Kredit müqaviləsinə əlavə razılaşma bağlanılmış və müqavilənin 2.3-cü maddəsinə dəyişiklik edilərək, kreditin qaytarılma vaxtı 12 ay uzadılmaqla, son tarix xx xxxxxx 2015-ci il hesab olunmuşdur. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və alınmış xx xxxxxx 2019-cu il tarixli, 16290 saylı rəyə əsasən Cavabdeh tərəfindən “X5” ASC-yə ödənilmiş pul vəsaitinə dair hesabdan çıxarış məlumatları və xx xxxxxx 2012-ci il tarixli, 1126 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh xx xxxxxx 2015-ci il tarixə (müqavilə müddəti bitən tarixə) banka olan borcu 4989,20 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 3363,33 ABŞ dolları, faiz borcu üzrə 1625,87 ABŞ dolları. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti anlayışları fərqləndirməklə izah edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Həmin Qərara əsasən kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Beləliklə Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi müqavilə müddəti üçün tutulmuş faiz borcunun müəyyən edilməsi hissəsində ləğv olunmalı və həmin borc 1625,87 ABŞ dolları məbləğində müəyyən olunmalı, faiz borcu ilə bağlı apellyasiya şikayətinin dəlili qalan hissədə əsassız hesab olunmalıdır. Əldən çıxmış faydaya dair birinci instansiya məhkəməsinin mövqeyi ilə də məhkəmə kollegiyası razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan Qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. ... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göründüyü kimi qanunvericiliyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən müqavilə müddəti bitdiyi tarixdən sonrakı dövr üçün gecikdirilmiş faizlərin tutulması borclunun öhdəliyi icra etməməsi nəticəsində vurulmuş zərərin mövcud olması ilə əlaqələndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu səbəbdən məhkəmə kollegiyası əldən çıxmış faydanın tutulması ilə əlaqədar apellyasiya şikayətinin dəlillərini qismən əsaslı bilir və iddiaçının ləğv prosesində olan bank olmasını nəzərə alaraq hesab edir ki, həmin tələb yalnız müqavilə müddətinin bitdiyi tarixdən bankın ləğv prosesinə başlanıldığı tarixədək tutula bilər. Belə ki, məhkəmənin qənaətinə görə iddiaçının ləğv prosesinə başlanılmaqla fəaliyyəti dayandırıldığından, sonrakı müddət ərzində kreditin qaytarılmaması ilə onun zərər çəkməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Əldən çıxmış faydanın məbləğini müəyyən edərkən məhkəmə kollegiyası cavabdehin 3363,33 ABŞ dolları əsas borcunun olmasını və həmin borca xx xxxxxx 2015ci il tarixdən “X5” ASC-nin müfli elan edilməsinə və iflas proseduruna başlanılmasına dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı qəbul edilənədək, yəni 44 gün üçün illik 5%-in hesablanmalı olmasını nəzərə alır və borcun 20,68 ABŞ dolları (3363,33 ABŞ dollarının 5% = 168,17 ABŞ dolları/360 gün = 0,47 ABŞ dolları x 44 gün = 20,68 ABŞ dolları) olmasını müəyyən edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, qətnamə faiz borcunun qismən tuluması və əldən çıxmış fayda tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin tələblər qismən təmin olunmalı, cəmi borcun müəyyən edilməsi hissəsində isə qətnamə dəyişirilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2 və 384.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər və qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə borcalanın banka olan əlavə borcun mövcud olması öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, ekspertiza xərci cavabdehə aid edilməlidir. Eyni ilə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edlməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 384.0.3, 385.1.1, 386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan “X5” ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)- 137/2019 saylı qətnaməsi faiz borcunun qismən tutulması və əldən çıxmış fayda tələbinin rədd edilməsi hissələrində ləğv edilsin və həmin hissələrdə yeni qətnamə qəbul edilsin. İddia faiz borcu və əldən çıxmış fayda tələbi hissələrində qismən təmin edilsin. Cavabdehxx xxxxxx 2015-ci il tarixi üçün müəyyən olunan 1625,87 ABŞ dolları (bir min altı yüz iyirmi beş ABŞ dolları səksən yeddi sent) məbləğində faiz borcu və 20,68 ABŞ dolları (iyirmi ABŞ dolları altmış səkkiz sent) məbləğində əldən çıxmış fayda üzrə borc tutularaq (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) Ləğv prosesində olan “X5” ASC-nin xeyrinə ödənilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)- 137/2019 saylı qətnaməsi cəmi borcun müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh Ləğv prosesində olan “X5” ASC-nin xeyrinə tutulmalı olan cəmi borc 5009,88 ABŞ dolları (beş min doqquz ABŞ dolları səksən səkkiz sent) məbləğində (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat Cavabdeh tutularaq Ləğv prosesində olan “X5” ASC-yə ödənilsin. Keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının xərci hesabına Cavabdeh 145 (bir yüz qırx beş) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Elşad Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar