Məhkəmə qərarları › İş №2(103)-2203/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2203/2025

29.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2203/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2203/2025 (Açar sözlər: yarımstansiyanın yaşayış binasının daxilindən çıxarılması və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “yarımstansiyanın yaşayış binasının daxilindən çıxarılması, bu mümkün olmadıqda digər yaşayış sahəsi ilə əvəzlənməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-273/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh MMC-yə qarşı, "xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla, “yarımstansiyanın yaşayış binasının daxilindən çıxarılması, bu mümkün olmadıqda digər yaşayış sahəsi ilə əvəzlənməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə bağlanmış 12 avqust 2021-ci il tarixdə, 344/D1 saylı müqavilə üzrə ona verilmiş ünvan 1 ünvanının alt mərtəbəsində cavabdeh "ArchiCo” MMC tərəfindən yerləşdirilmiş elektrik transformator məntəqəsinin yaşayış binasının daxilindən çıxarılması, mümkün olmadığı halda iddiaçıya oxşar şəraitdə və ölçüdə mənzilin əvəzlənməsi öhdəliyinin cavabdeh "ArchiCo” MMC-nin üzərinə qoyulması, həmçinin cavabdeh "ArchiCo” MMC tərəfindən iddiaçıya dəymiş ziyanın əvəzi olan 7500 pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Archico MMC arasında bağlanmış 09 mart 2018-ci il tarixli müqavilə əsasında cavabdeh təşkilat tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov 56 ünvanda yerləşən, 1 mərtəbəli yaşayış evinin söküntüsü eləcə də, həmin ərazidə yeni hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirməklə mülkiyyətçinin söküntüsü nəzərdə tutulan mənzil mülkiyyətində sahəsində 45% əlavə etməklə tikiləcək binanın 132 blokunda ümumi tikinti sahəsi 120, 37 kv metrdən ibarət 2 mərtəbə 3 otaqlı təmirli 93 nömrəli mənzili mülkiyyətçinin sərəncamına verməsi öhdəsinə götürür, həmin müqavilədə 500 manat məbləğində mülkiyyətçiyə müvəqqəti yaşayış məqsədi üçün kirayə götürdüyü mənzilə görə 500 manat vəsait ödənilməsi müəyyən edilmişdir. Lakin sonradan iş üzrə digər şəxslər olan Sara Abbasova, Fəridə Rəhimova və Archico MMC-nin iddia tələbi əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-1695/2020 saylı qətnaməsi ilə Archico MMC ilə bağlanmış 09 mart 2018-ci il tarixli müqavilə etibarasız hesab edilmişdir. Bundan sonra iddiaçı ilə 12 avqust 2021-ci il tarixdə, 344/D1 saylı müqavilə bağlanmış və ona həmin müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov 56 ünvanda yerləşən mülkiyyətçinin istifadəsində olmuş ümumi tikinti sahəsi 140,74 təşkil edən fərdi yaşayış evinin boşaldılaraq sökülməsi qarşılığında "şirkət" Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi ev 10 (b2 bina) 2-ci mərtəbədə inşa edilən ümumi tikinti sahəsi 83,84 m2 təşkil edən təmirli, 2 otaqlı, 88 nömrəli mənzili mülkiyyətinə veriməsi barədə razılaşmışlar. Qeyd edilən mənzilin 2021-ci ilin sentyabr ayında təhvil verilməsi nəzərdə tutulsa da həmin mənzillər yalnız 2022-ci ilin may ayında hazır olmuş və iddiaçıya təklif edilmişdir. Həmin tarixdə şirkətə məxsus mobil telefondan iddiaçının ünvanına mənzilin 2022-ci ilin may ayından təhvil ala biləcəyi barədə sms bildiriş göndərilmişdir. İddiaçı tərəfindən qeyd edilən dövrdə mənzilə baxış keçirərkən məlum olmuşdur ki, həmin mənzilin altında şirkət tərəfindən müvafiq qanunverciliyin tələbini pozulmaqla yarımstansiya yerləşdirilmiş, həmin transformator birbaşa olaraq iddiaçının mənzilin altında olmaqla güclü səs küy yaratmış və iddiaçının həmin mənzildə yaşamağını imkansız etmişdir. Bu səbəbdən həmin transformatorun götürülməsi barədə şirkətə müvafiq olaraq dəfələrlə şifahi formada haqlı narazlıq bildirilmiş, şirkət həmin transformatorun izoliyasiya ediləcəyini və həmin problemin tezliklə aradan qaldırılacağını qeyd etsə də, ötən müddətdən hazırkı tarixə kimi qeyd edilən vəziyyət aradan qaldırılmamışdır. Nəticədə iddiaçı tərəfindən qeyd edilən müddətdən 2023-cü ilin mart ayına kimi o, kirayələrdə qalmağa məcbur olmuş, nəhayət şirkətə bu barədə rəsmi bildiriş və məkub ünvanlanmağına baxmayaraq heç bir əməli tədbir görülməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı ötən müddət ərzində qeyd edilən səbəblərdən evə köçə bilmədiyindən kirayələrdə qalmaq məcburiyyətində qalmış, daha sonra müvafiq maddi imkanı əl vermədiyindən və şirkət tərəfindən ona hər hansı yardım ediləmədiyindən məcburiyyət qarşısında qalıb 2023-cü ilin mart ayında həmin evə köçmüş, lakin hazırda həmin evdə qeyd edilən transformator səsi ona yaşamaqa imkan vermir. Hesab edir ki, həmin transformatorun orada quraşdırılması iddiaçının hüquqlarının pozulmasına səbəb olur və cavabdeh şirkət tərəfindən müqavilə öhdəliklərinin tam icra edilməməsi və qüsurlu icra edilməsi ilə nəticələnmişdir. Hazırda həmin Transformatorlar qanunverciliyin tələbini pozmaqla iddiaçıya müvafiq olaraq məhrum edilmiş mülkiyyət hüququ əvəzində şirkət tərəfindən təqdim edilmiş ünvan 3 ünvanında yaşamaq hüququnu məhdudlaşdırılmaqla təxminən 2022-ci ilin mayından 2023-cü ilin mart ayına kimi yaşamaq hüququndan məhrum etmiş, habelə hazırkı tarixdə də yaşamaq hüququnu məhdudlaşdırır. Buna görə də, iddiaçı tərəfindən ya transformatorun götürülməsi və ya müvafiq olaraq onun oxşar başqa mənzillə təmin edilməsi barədə müraciətlərini cavabsız qoymuşdur. Qeyd edilən şirkət tərəfindən həmçinin iddiaçının həmin transformatorun qoyulması səbəbindən orada yaşaya bilmədiyi müddəti üçün, habelə 2021-ci ilin sentyabr ayında təhvil verilməli olan mənzilin verilməməsinə görə, ötən müddət ərzində qaldığı kirayəyə görə iddiaçıya vurduğu dəymiş ziyanı ödəməmiş, hazırda da ödəməkdən yayınmışdır. Hazırda şirkət tərəfindən iddaçıya müvafiq olaraq müəyyən zərər pulun ödənilməsi təklif edilsə də, həmin məbləğ əvəzində iddiaçıdan tamamı ilə qanunsuz140,7 kv.m-dən ibarət, 4 otaqlı mənzilin Dövlət Reyesterdən çıxarışda göstərilmiş ümumi tələblər irəli sürülərək, bütün iddialarından imtina edilməsi təklif edilmişdir. Şirkət tərəfindən isə iddiaçıya yazılmış cavab məktubunda bildirilmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə kirayə haqqı ödənilməsi nəzərdə tutulmamış, habelə, bunla bağlı iddiası Nərimanov rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. İddiaçı tərəfindən mübahisəli mənzili söküldüyü yəni mülkiyyət hüququndan məhrum olunduğu müddət üçün müvafiq mənzillərin iddiaçıya verilməli olduğu dövr 09 mart 2018-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər olan dövrdür və həmin dövrdə iddiaçı ilə cavabdeh arasında bununla bağlı iki müqavilə imzalanmışdır. Birinci müqavilə 09 mart 2018-ci il tarixli olmaqla, həmin müqavilə üzrə cavabdeh şirkət tərəfindən iki il üçün ümümilikdə iki mənzilə görə 1000 manat yəni hər mənzil üçün o cümlədən həmin mənzillərdən biri olan hazırkı mənzilin təhvil verilməsinə görə 500 manat ödənilməsi nəzərdə tutulmuş və şirkət tərəfindən ilkin olaraq iki il üçün İddiaçı 24 000 manat pul ödənilmişdir. Bundan sonra "xxxx" MMC-in və qeyrilərinin iddiası əsasında 09 mart 2018-ci il tarixli müqavilə etibarsız sayılarkən, qanununu qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixlii, 2(103)-1695/2020 saylı qətnaməsi həmçinin ArchiCo MMC-in İddiaçı kirayə haqqı kimi ödənilmiş pulun geri tələb edilməsinə dair iddiasını rədd etmiş. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat İddiaçı paylı mülkiyyətində olan fərdi yaşayış evini sökməklə sonuncunu kirayədə yaşamaq və kirayə haqqı kimi ödəmək məcburiyyətində qoyduğundan həmin pulun geri tələb edilməsi əsassızdır. Bu baxımdan mübahisəli mənzilin İddiaçı təklif edildiyi vaxt 2022-ci ilin may ayı olsa da, lakin cavabdehin təqsiri ucbatından iddiaçı qeyd edilən mənzilə 2023-cü ilin mart ayında köçdüyündən həmin dövr üzrə də, cavabdeh təşkilat tərəfindən iddiaçıya dəymiş ziyan kimi müvafiq kompensasiya ödəməlidir. Cavabdeh təşkilat tərəfindən iddiaçıya kirayə pulu ödəməli olduğu dövr 2020-ci ilin mart ayından 2022-ci ilin may ayınadək olan dövrü və 2022-ci ilin may ayından 2023-cü ilin mart ayınadək olan dövrə əhatə edir. (21-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları qanunu qüvvəsini almış qətnamə olduğu üçün həmin dövr nəzərə alınmadan). Həmin dövr üçün isə cavabdeh təşkilat iddiaçı ilə bağladığı müqavilə üzrə bir qism ödəniş etmişdir. 2020-ci ilin aprel ayından 2021-ci ilin avqust ayı üzrə ödəməli olduğu kirayə haqqını 12 avqust 2021-ci il tarixdə, 344/D1 saylı müqavilə üzrə ödəmişdir. Həmin yeni müqavilə bağlanarkən aparılmış danışıq zamanı şirkət tərəfindən mübahisəli evin sentyabr ayında təhvil veriləcəyini bildirildiyindən kirayə pulu nəzərdə tutulmamışdır. Habelə kompensasiya kimi göstərilən 8500 manat ödəniş isə məhz əvvəlki müqavilə bağlanan dövrədək yəni 2020-ci ilin aprel ayından 2021-ci ilin avqust ayınadək olan dövr üçün şirkət tərəfindən ödənilməli olan kirayə pulu hesablanaraq daxil edilmişdir. Yəni hazırkı müqavilədə nəzərdə tutulmuş kompensasiya kimi göstərilmiş 8500 manat məbləğində pul yeni müqavilə üzrə kirayə pulu əvəzinə ödənilən pul məbləği olmamışdır. Belə bir halda həmin dövrdən sonra yəni, yeni müqavilə bağlanan dövrdən hər hansı bir ödəniş nəzərdə tutulmamışdır. Qeyd edilən mənzilin hansı tarixdə təhvil verilməsi ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmayaraq, nəticə etibarı ilə iddiaçının hüquqları pozulmuşdur.Cavabdeh şirkət tərəfindən müqavilə öhdəliklərinə vaxtında icra edilmədiyi və qüsürlu icra edildiyini 2022-ci ilin yanvar ayı da daxil olmaqla -2023-cü ilin mart ayınadək olan dövr üçün əvvəlki formada yəni 500 manat olmaqla iddiaçıya dəymiş ziyanın əvəzi kompensasiya şəkilində ödənilməlidir. Çünki, məhz qanunu qüvvəsini almış məhkəmə qətnaməsində də qeyd edildiyi kimi cavabdeh təşkilat İddiaçı paylı mülkiyyətində olan fərdi yaşayış evini sökməklə sonuncunu kirayədə yaşamaq və kirayə haqqı kimi ödəmək məcburiyyətində qoyuduğundan iddiaçıya yuxarıda qeyd edilmiş dövr üzrə yəni 2022-ci ilin yanvar ayı da daxil olmaqla-2023-cü ilin mart ayınadək olan vurduğu ziyanın əvəzini 7500 manat olan pulu ödəməlidir. Cavabdeh təşkilatın aqrumenti ondanibarətdir ki, məhz müqavilədə kirayə pulunun ödənilməsi nəzərdə tutulmamış, habelə bunla bağlı müvafiq məhkəmə qərarı mövcuddur. Müqavilədə kirayə haqqının ödənilməməsinin nəzərdə tutulması müddəası cavabdeh təşkilatın iddaçı İddiaçı məhrum etdiyi mülkiyyət hüququ üzrə müvafiq mənzilə təmin edəcəyi dövrə kimi ona vurduğu zərərin əvəzini ödəmək məsuliyyətindən azad etmir və həmin dövr üzrə iddiaçının düşdüyü ziyanın əvəzini ona ödəməlidir. Yəni İddiaçı məhrum olunmuş evinə görə kirayədə qaldığı dövr üçün ödədiyi məbləğin əvəzi cavabdeh təşkilat tərəfindən qarşılanmalıdır ki, həmin öhdəlik qismən icra edilmişdir.(bu fakt özü də qanunu qüvvəsini almış məhkəmə qərarında bir daha təsdiqini tapmışdır). Müqavilədə kirayə haqqının ödənilməməsi nəzərdə tutulmamışdırsa, həmçinin mənzilin cavabdeh təşkilat tərəfindən hazırlanıb təhvil verilmə vaxtı da nəzərdə tutulmamış, mahiyyət etibari ilə cavabdehin məntiqi ilə nəzər yetirsək onda cavabdeh şirkət mənzili təhvil vermə kimi öhdəliyi də yoxdur və bu da olduqca absurt yanaşma olduğunu təsdiq edir. Digər tərəfdən sözügedən müqavilədə kompensasiya ödənilməsi nəzərdə tutulsa da yuxarıda qeyd edildiyi kimi o haqqını 12 avqust 2021-ci il tarixdə, 344/D1 saylı müqavilə üzrə ödənilmiş yox, məhz 2020-ci ilin aprel ayından 2021-ci ilin avqust ayınadək olan dövrün ödənişi olmuşdur. Cavabdehin öhdəliyi icra etməməsi və qüsurlu icra etməsi nəticəsində iddiaçı yeni mənzilinə köçə bilməmiş, bu halda həmin dövr üçün də cavabdehin öhdəliyi yaranır və bu zaman hüquqdan sui-istifadə edilməsinə yol verilə bilməz.

3. Birinci instansiya məhkəməsinin sonuncu iclasında iddiaçı mübahisəli mənzili satdığını bildirmiş, bu səbəbdən də hazırda 12 avqust 2021-ci il tarixdə, 344/D1 saylı müqavilə öhdəliklərinin tam icra edilməməsi və qüsurlu icra edilməsi səbəbindən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi ev 10, mərtəbə 2, 88 saylı mənzildən istifadəsi qeyrimümkün olduğundan iddia tələbini yalnız dəymiş ziyanın əvəzinin ödənilməsi hissəsində müdafiə etdiyini bildirərək, iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-273/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 7.000 manat maddi ziyanın əvəzinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh MMC-dən 88,66 manat məbləğində dövlət rüsumunun Dövlət büdcəsinin xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat xərcin Cavabdeh MMC-dən tutulması qət etmişdir.

5. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 21.1, 21.2, 385, 386.1, 425, 448.1, 448.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 1.1, 12.2, 13.2, 13.3-cü maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın 1.1, 1.2, 1.3-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 88, 106.1, 119.1, 217.4, 218.1, 220.5-ci maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın tam rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir

7. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının 140,74 kv.m. köhnə təmirli fərdi yaşayış evinin əvəzində ümumi güzəştlərlə verilmiş yeni 120,37 kv.m., 3 otaqlı və 83,84 kv.m. , 2 otaqlı mənzillərdə əmtəə şəklində 17,27 kv.m əlavə güzəşt sahəsinin 34 540 manat dəyəri nəzərə alınmadıqda belə, kirayə pullarının ödənilməməsi qarşılığında 41 000 (qırx bir min) manat şəklində pul təzminatı hər ay 500 manat olmaqla 82 aylıq dövrü əhatə edir. Bu isə 6 il 10 ay deməkdir. 2018-ci ilin mart ayında İddiaçının əvəzləşmə qaydasında mənzili söküldüyü halda 82 aylıq təzminatla 2025-ci ilin yanvar ayı daxil olmaqla kirayə haqqları ödənilmişdir. Halbuki 2023-cü ilin mart ayınadək kirayələrdə olması İddiaçı tərəfindən etiraf edilmişdir. Qeyd olunanlar ona əsas verir ki, işin faktiki halları tamam fərqlidir və Cəmiyyət söküntüsü aparılmış fərdi yaşayış evlərinin sahiblərinə zərər vurmadığı kimi İddiaçı da zərər vurmamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatı

9. Apellyasiya baxışında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Bütün tikinti şirkətləri 20% artıqlamasıyla köhnə mənzillərin sahiblərinə yeni mənzillər təqdim edir. İddaçıya 140 kv.mer sahəyə mslik mənzilin qarşılığında 204 kv.metr sahəyə malik mənzil, 75.000 manat pul da vermişik. Qarşı tərəfin kirayədə qalmasını təsdiq edən sübut da yoxdur.

10. İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iş üzrə ekspertiza da təyin edilmişdir, səs-küydən evdə yaşaya bilməmiş, məcbur qalıb evi satmışdır. Satana qədər kirayədə qalmışdır.

11. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

20. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbi qismən təmin edildiyindən və yalnız cavabdeh tərəfindən qətnamənin iddianın təmin edilən hissəsindən apellyasiya şikayəti verildiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

25. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir ki, bu da qətnamənin ləğvinə səbəb olur.

26. Kollegiya qeyd edir ki, hazırda iddia tələbi əsas etibarilə iki hissədən ibarətdir: 1) 2022-ci ilin yanvar ayından cavabdeh tərəfindən iddiaçıya müqavilə ilə nəzərdə tutulmuş mənzilin verildiyi may ayınadək aylıq 500 manat məbləğində kirayə haqqının ödənilməsi; 2) 2022-ci ilin may ayından 2023-cü ilin mart ayınadək iddiaçının binadakı səs-küy səbəbilə başqa yerdə kirayə qalması nəticəsində həmin dövrü əhatə edən aylıq 500 manat məbləğində kirayə haqqının ödənilməsi.

27. Məhkəmə ilkin tələbin əsaslı olub-olmamasına münasibətdə aşağıdakıları qeyd edir.

28. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021- ci il tarixli 344/S/D1 №-li müqaviləyə əsasən, ümumi sahəsi 140.74 kv.m təşkil edən mübahisəli fərdi yaşayış evinin boşaldılaraq sökülməsi qarşılığında MMC Bakı şəhəri, Nəsimi rayonu, H.Sarabski küçəsi, ev 10 (B2 bina), 2-ci mərtəbəsində inşa edilən, ümumi tikinti sahəsi 83.84 kv.m təşkil edən, təmirli, 2 otaqlı, 88 nömrəli mənzili İddiaçı mülkiyyətinə verməyi, birdəfəlik kompensasiya qismində 8.500 manat ödəniş etməyi öhdəsinə götürmüş, müqavilə ilə kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır.

29. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 345/S/D1 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ümumi sahəsi 140.74 kv.m təşkil edən mübahisəli fərdi yaşayış evinin boşaldılaraq sökülməsi qarşılığında MMC Bakı şəhəri, Nəsimi rayonu, H.Sarabski küçəsi, ev 10 (B2 bina), 2-ci mərtəbəsində inşa edilən, ümumi tikinti sahəsi 120.37 kv.m təşkil edən, təmirsiz, 3 otaqlı, 86 nömrəli mənzili İddiaçı mülkiyyətinə verməyi, birdəfəlik kompensasiya qismində 8.500 manat ödəniş etməyi öhdəsinə götürmüş, müqavilə ilə kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır.

30. İddiaçı hazırda cavabdehin yuxarıda adları çəkilən müqavilələr üzrə öz öhdəliklərini lazımi qaydada icra etmədiyini və mənzili vaxtında təhvil vermədiyini əsas gətirərək həmin dövrü əhatə edən kirayə haqqının ödənilməsini xahiş etmişdir.

31. Lakin sözügedən müqavilələrin yuxarıda göstərilən şərtlərindən də göründüyü kimi, cavabdeh mənzillərin inşa olunacağı dövrdə iddiaçının müvafiq təminatının təşkil edilməsini aylıq kirayə haqqı formasında deyil, birdəfəlik kompensasiya qaydasında aparmış, həmin ödənişin edilməsini tərəflərin hansısa biri mübahisələndirməmişdir.

32. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Hazırki iş üzrə də tərəflər azad surətdə müqavilə bağlayaraq adı çəkilən təminatın məhz birdəfəlik kompensasiya formasında aparılmasını təsbit etmişlər. Bu halda cavabdehin üzərinə müqavilə ilə nəzərdə tutulmayan öhdəliyin qoyulmasının hər hansı hüquqi əsası mövcud deyildir.

33. Bundan əlavə qeyd edilməlidir ki, hazırki iş üzrə İddiaçı yenə eyni cavabdehə qarşı, lakin digər aylar (sentyabr, oktyabr, noyabr və dekabr ayları) üzrə kirayə haqlarının ödənilməsini nəzərdə tutan iddia tələbi olmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 673/2022 saylı qətnaməsinə əsasən həmin iddia məhz hazırda göstərilən əsasa görə təmin edilməmişdir. Bu halda yalnız tələbin əsaslandığı ayların dəyişilməsi qanunun fərqli formada tətbiqi və nəticədə əks nəticəyə gəlinməsi üçün əsas qismində çıxış edə bilməz.

34. Kollegiya iddia tələbinin 2022-ci ilin may ayından 2023-cü ilin mart ayınadək iddiaçının binadakı səs-küy səbəbilə başqa yerdə kirayə qalması nəticəsində həmin dövrü əhatə edən aylıq 500 manat məbləğində kirayə haqqının ödənilməsi hissəsinə münasibətdə isə aşağıdakıları qeyd edir.

35. Belə ki, iddiaçı həmin hissədə öz iddiasını onunla əsaslandırmışdır ki, onun mənzilinin yerləşdiyi yerdə quraşdırılan transformatorun səsi onun həmin mənzildə yaşaması üçün mane törətdiyindən başqa yerdə qalmağa məcbur olmuşdur və nəticədə ödədiyi kirayə haqlarının ona geri qaytarılmasını xahiş edir.

36. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2024-cü il tarixli 3-16-16/2-4/77 №-li ekspert rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında keçirilmiş baxış və laborator müayinələr zamanı aparılmış ölçmələrin nəticələrinə görə qeyd olunan ünvanda səs-küyün səviyyəsi “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalan”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin, xx.xx.2008-ci il tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları”na uyğundur.

37. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2024-cü il tarixli 3-16-16/2-4/949 №-li ekspert rəyindən görünür ki, 13 avqust 2024-cü il tarixdə saat 22:00-da ünvan 4 ünvanında keçirilmiş baxış və laborator müayinələr zamanı aparılmış ölçmələrin nəticələrinə görə qeyd olunan ünvanda səs-küyün səviyyəsi “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalan”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin, xx.xx.2008-ci il tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları” ilə gecə saatları üçün müəyənləşdirilmiş yol verilən səviyyədən artıq olmuşdur.

38. Kollegiya ilk növbədə bildirir ki, yuxarıda göstərilən ekspert rəylərinin məzmunundan da göründüyü kimi mübahisəli mənzildə səs-küyün səviyyəsi gündüz və gecə saatlarında fərqli olmaqla iddiaçının hüquqlarının pozulmasını birmənalı olaraq təsbit etməmiş, onun məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində həmin mənzildə yaşamasının mümkünsüz olması öz təsdiqini tam formada tapmamışdır.

39. Bununla belə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, göstərilən hal öz təsdiqini tapsa belə, iddiaçının həmin mənzildə yaşamadığı müddətdə məhz kirayədə qalması və bununla bağlı maddi zərərə uğramasına dair hər hansı dəlil mövcud olmamışdır.

40. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum qərarında da göstərildiyi kimi mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3) ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.

41. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

42. Yuxarıda da qeyd edildiyi kimi mülki hüquq pozuntusunun mövcudluğu ilə bağlı 3 vacib ünsürdən biri də həmin əməlin nəticəsində şəxsə faktiki zərərin vurulması olsa da, hazırki işdən də göründüyü kimi iddiaçının həmin mənzildə, həqiqətən, yaşamaması, bu halın məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi, həmin dövrdə iddiaçının başqa yerdə ödənişli əsaslarla qalması və nəticədə iddiaçıya real zərərin dəyməsi hansısa mötəbər sübutlarla öz əksini tapmamış, öz çatmağa ümid etdiklərindən məhrum olmamış və həmin dövr aralığında götürə biləcəyi hər hansı fayda qarşı tərəfin hərəkətləri ucbatında əlindən çıxmamışdır.

43. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının 2022-ci ilin may ayından 2023-cü ilin mart ayınadək başqa yerdə kirayə əsasında qalması ilə bağlı ödənişin edilməsinə dair iddia tələbinin də hər hansı hüquqi əsası mövcud olmamışdır.

44. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir və nəticədə qətnamə ləğv olunaraq iddia tələbi təmin edilməməlidir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

46. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

48. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-273/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat xərc İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) keçirilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 44.60 AZN (qırx dörd manat altmış qəpik) məbləğində pul Dövlət Büdcəsindən alınaraq Cavabdeh MMC-yə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar