Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2204/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Aqrarkredit QSC BOKT-un cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi, zaminliyə müddətin keçməsinə görə xitam verilməsi, iddia müddəti fərdi müdafiə vasitəsidir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(003)- 951/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 1-xx.xx.2014-MİN57 nömrəli 14 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən borcalana illik 22 faiz tətbiq edilməklə, 24 ay müddətinə 7.500 manat məbləğində və 1-xx.xx.2015-MİN57 nömrəli 29 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, illik 22 faiz tətbiq edilməklə, 6 ay müddətinə 1.000 manat məbləğində pul vəsaiti kredit verilmişdir.
2. "xxxx" ASC ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 1xx.xx.2014- MİN57 nömrəli, 14 oktyabr 2014-cü il tarixli zaminlik müqavilələrinə əsasən, Cavabdeh3 və Cavabdeh2, borclu Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərlərinə götürmüşlər.
3. "xxxx" ASC tərəfindən verilmiş kassa məxaric orderlərinə əsasən, 14 oktyabr 2014-cü il tarixdə 7.500 manat, 29 yanvar 2015-ci il tarixdə 970 manat Cavabdeh1 ödənilmişdir.
4. Cavabdeh1 sonuncu dəfə 2015-ci ildə ödəniş etmişdir.
5. "xxxx" ASC ilə İddiaçı QSC arasında problemli aktivlər üzrə tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqavilə bağlanmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən hər iki kredit müqaviləsi üzrə əsas borc üzrə 5.991,79 manat, faiz borcu üzrə 1.929,21 manat, cəmi 7.921 manat və dövlət rüsumu kimi ödənilmiş 99,21 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Ramilə Xəzri) 2(003)-951/2022 nömrəli iş üzrə 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıda qeyd olunan əsaslara görə hesab edirlər ki, məhkəmə əsaslı araşdırma aparmamışdır. İddiaçı QSC Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanının icrası üçün Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 “əsas və faiz borcunun tutulması” tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsas məqsədi həmin Fərmanının icrasını təmin etmək üçün məhkəmə qaydasında cavabdehlərdən xx.xx.2015-ci il tarixdə, № 1xx.xx.2015-MİN57 saylı kredit müqaviləsi və xx.xx.2014-cü il tarixdə № 1-xx.xx.2014- MİN57 saylı kredit müqaviləsi, ümumilikdə hər 2 müqavilələr üzrə əsas borc üzrə 5991.79 (beş min doqquz yüz doxsan bir manat, 79 qəpik) manat, faiz borcu üzrə 1929.21 (bir min doqquz yüz iyirmi doqquz manat, 21 qəpik) manat olmaqla, cəmi 7921 (yeddi min doqquz yüz iyirmi bir) manat məbləğində kredit borcunun alınaraq dövlət büdcəsinə ödəməkdir. Hesab edir ki, yuxarıdaqeyd olunan halları nəzərə alaraq iddia üzrə məhkəməyə müraciət edildiyi zaman iş üzrə iddia müddətinin ötürülməməsi məhkəmə tərəfindən üzrlü sayıla bilər.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev və Rafael Eyvazov) 2(103)- 4997/2022 nömrəli mülki iş üzrə 1 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır
11. . Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəf iddia tələbinə etiraz edərək, iş üzrə iddia müddətinin ötürüldüyünü bildirmiş, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qeyd edilən hissəsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi tətbiq edilməlidir.
Kassasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı (vəkil X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən işə baxılarkən iş materiallarında olan kredit müqaviləsinin tələblərinə diqqət yetirilməmişdir. Belə ki, kredit Müqaviləsinin tələblərinə əsasən “Borcalan” bu Müqaviləyə əsasən borcu qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Öhdəliyin icra müddəti ilə bağlı şərtlər cavabdehlə bağlanmış kredit müqaviləsində nəzərdə tutulmuşdur. Həmçinin cavabdeh ilə bağlanmış kredit müqaviləsində müqavilənin qüvvədə olma müddəti və xitamı öz əksini tapmışdır. Orada göstərilir: Bu müqavilə aşağıdakı hallarda xitam olunur: Bu müqavilə üzrə Borcalanın öz üzərinə götürdüyü öhdəliklər Borcalan və ya üçüncü şəxs tərəfindən vaxtında və tam həcmdə yerinə yetirildikdə. Cavabdehin banka olan borcu ödənilməmiş, kredit öhdəliyi yerinə yetirilməmişdir. Buradan da göründüyü kimi, bankla cavabdeh arasında müqavilənin qüvvədən düşməsinin konkret vaxtı müəyyən edilməmişdir. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən bütün bu hallar nəzərə alınmamışdır.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2023-cü il tarixli, 2(102)-77/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4997/2022 nömrəli, 1 avqust 2022-ci il tarixli qətnaməsi qismən - kredit müqavilələri üzrə borcun Cavabdeh1, habelə 29 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun Cavabdeh3 və Cavabdeh2 tutulması hissələrində ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası qərarında qeyd etmişdir ki, iddianın xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun zaminlər Cavabdeh3 və Cavabdeh2 tutulmasının rədd edildiyi hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norması – Mülki Məcəllənin 477.0.4-cü maddəsi düzgün tətbiq olunmuşdur. Bu tələb üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə ki, zaminlik də kreditorla zamin arasında bağlanan müstəqil müqavilədir və onlar arasındakı hüquqi əlaqənin yeganə əsasıdır. Bu müqaviləyə görə, zamin, əsas borclunun öhdəliyini yerinə yetirməyəcəyi təqdirdə həmin öhdəliyi özünün icra edəcəyi barədə kreditora şəxsi təminat verir. Zaminlik müqaviləsinin mühüm əlamətlərindən biri də odur ki, zamin qayda olaraq əvəzsiz şəkildə kreditor qarşısında öhdəlik götürür. Bu müqavilə ilə kreditor, adətən zaminə qarşı öhdəlik daşımır, yəni zamin qarşılıqsız borclanır. Bu səbəbdən, qanunverici, zaminliyin yaranma və aradan qalxma əsaslarını dəqiqliklə müəyyən etmiş, zaminin qorunması üçün bir sıra təminatlar nəzərdə tutmuşdur. Bunlara zaminliyin özünün etibarsızlığına dair müdafiə imkanları, onun növünə görə mübahisələr, zaminliyə xitam verilməsi əsasları və s. aiddir. Zaminliyin qanuni təminatlarından biri də onun konkret müddətə bağlı olmasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində zaminliyin müddətlərinin yuxarı həddi dəqiq müəyyən edilmişdir. MM-in 477.0.4-cü maddəsinin məzmunundan göründüyü kimi, zaminliyin verildiyi müddət qayda olaraq müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlikmüqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən avtomatik xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılmasına və məhkəmə qərarının çıxarılmasına gərək yoxdur. . Baxılan işdə zaminlik müqavilələri ilə təminat verilən kredit müqaviləsi üzrə borcun son icra müddəti dəqiq şəkildə göstərildiyindən, MM-in 477.0.4cü maddəsinin ikinci cümləsində nəzərdə tutulan qaydanın hazırkı işə tətbiq edilməsi əsaslı olmuşdur. Belə ki, xx.xx.2014-cü il tarixli müqavilənin müddəti xx.xx.2016-cı il olaraq razılaşdırılmışdır. Əsas öhdəliyin icra vaxtını həmin tarixdən hesabladıqda kreditor, zaminlərə qarşı bir il ərzində - xx.xx.2017-ci ilədək iddia irəli sürməli idi. Lakin həmin dövrdə zaminlərə qarşı iddia qaldırmasına dair sübut məhkəmələrə təqdim olunmamışdır. Hazırkı iddia isə qeyd olunan müddətin bitdiyi tarixdən bir neçə il sonra, yəni xx.xx.2022-ci ildə irəli sürülmüşdür.
16. Həmçinin, qeyd etmişdir ki, iddiaçı, zaminlik müqavilələri ilə təmin edilən əsas öhdəliyin icra müddəti çatdığı gündən bir il ərzində zaminlərə qarşı iddia qaldırmadığı üçün onların zaminliyinə xx.xx.2017-ci il tarixdə qanuna əsasən xitam verilmişdir. Belə olan halda, Cavabdeh3 və O.Qurbanovun zaminlikləri aradan qalxdığı üçün hazırkı iş üzrə iddia qaldırılan vaxt onların iddiaçı qarşısında zamin kimi öhdəliklərinin olmaması barədə gəlinən qənaət əsaslıdır. Ona görə də, iddianın xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun zaminlər Cavabdeh3 və Cavabdeh2 tutulması hissəsində kassasiya şikayəti rədd edilməli, apellyasiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmalıdır. iddianın qalan hissələrində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
17. Qərarda həmçinin qeyd edilmişdir ki, qətnamədən göründüyü kimi 29 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun zaminlər Cavabdeh3 və Cavabdeh2 tutulması tələbi də rədd edilmişdir. Bununla belə məhkəmələrin eyni məzmunlu qətnamələrindən bu tələbin də iddia müddətinin keçməsinə görə, yoxsa zaminlərin həmin əqddən irəli gələn öhdəliklərinin olmadığı üçün təmin olunmamasını müəyyən etmək mümkün deyil. Qeyd edilənlər məhkəmə qətnaməsinin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmadığına dəlalət edir.
18. Kollegiya qeyd etmişdir ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddianın qeyd edilən hissədə həlli maddi və prosessual hüquq normalarına uyğun olmamışdır.
19. Qərarda eyni zamanda qeyd edilmişdir ki, cavabdehin iddiaya qarşı etirazı prosessual mənada müdafiə vasitələrindən istifadə imkanlarını da ehtiva etsə də, maddi hüquqi mənada “etiraz”la “müdafiə vasitəsi” bir-birindən fərqli institutlardır. Belə ki, etiaz bir hüququn yaranmasını və ya davam etməsini inkar edən hadisəyə istinad olunmasıdır. Başqa sözlə, etiraz qarşı tərəfin hüququnun mövcud olmadığını təsdiqləyən bir hadisənin irəli sürülməsidir - məsələn, əqdə əsaslanan iddia üzrə həmin əqdin etibarsızlığı, öhdəliyin icra səbəbilə xətm olması və s. Etiraz hadisə ilə bağlı olduğu üçün əgər həmin fakt iş materialları ilə təsdiqlənirsə hakim öz xidməti vəzifəsinə görə onu nəzərə almağa haqlıdır. Bu baxımdan cavabdehin baş vermiş hadisəni irəli sürməməsi və ya bundan imtina etməsinin hüquqi əhəmiyyəti olmur. Müdafiə vasitəsi isə kreditorun mövcud olan tələbinin təmin olunmasının qarşısını alan hüquqdur. Borclu bu hüquqdan istifadə etməklə öz öhdəliyini yerinə yetirməkdən daimi və ya müvəqqəti olaraq boyun qaçırmaq imkanı əldə edir - məsələn, iddia müddəti, ləngitmə hüququ və s. Qeyd olunduğu kimi, tələb iddia müddətinin keçməsinə görə rədd edildikdə öhdəlik aradan qalxmır, sadəcə məhkəmə yolu ilə təqib edilməsi mümkün olmayan natamam öhdəlik vəziyyətinə keçir (bu səbəbdən müddət keçəndən sonra icra edilmişlər geri qaytarılmır). Müdafiə vasitəsindən istifadə etmək səlahiyyəti hüquq sahibinə cavabdehə məxsusdur və o, hətta öz hüququndan təktərəfli iradə bəyanı ilə imtina da edə bilər. Bu halda məhkəmə həmin vasitəni özü nəzərə almağa və tətbiq etməyə haqlı deyil. mülki qanunvericiliyimiz baxımından kredit müqavilələri üzrə bir qayda olaraq, zaminin iddia müddətini tətbiq etmək ehtiyacı yaranmır. Ona görə ki, müqavilədən irəli gələn üç illik (MM, maddə 373.2) iddia müddətinin axımı başlandığı vaxtdan həm də zaminliyə xitam verilməsi üçün qanunla müəyyən edilmiş (MM, maddə 477.0.4) bir və ya iki illik müddətin axımı hesablanır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
20. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
22. Əvvəki məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, zamin sadəcə olaraq özünə münasibətdə zaminlik münasibətinə xitam verilməsi ilə bağlı iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Dəfələrlə Cavabdeh1, Cavabdeh3lə telefon danışıqları olmuşdur. Borclar barədə hərtərəfli xəbərdar olunublar. Lakin müxtəlif səbəblərdən müraciətlərə laqeyd qalmışlar. Lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası buna hüquqi qiymət verməmişdir. Cavabdeh1lə iki müqavilə bağlanılmışdır. Birinci müqavilə üzrə ümümumiyyətlə zamin yoxdur. İkinci müqavilə üzrə isə iki zamin var.
23. Əvvəki məhkəmə iclasında Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək ,onun təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
25. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
26. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
27. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
28. Maddə 387.1. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur.
29. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
30. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
31. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
32. Maddə 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir.
33. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
34. Maddə 512. Birgə borclulardan biri barəsində müddətin axımının dayandırılmasının və ya xitamının digər borclular barəsində qüvvəsi yoxdur.
35. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
36. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 384.0.2. Apellyasiya insatnasiya Məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
42. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqavilələri üzrə borcun Cavabdeh1, habelə 29 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun Cavabdeh3 və Cavabdeh2 tutulması hissələrində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Kollegiya kassasiya instansiyası məhkəməsinində qeyd etdiyi mövqeyə uyğun olaraq qeyd edir ki, hər iki kredit müqaviləsi üzrə borcun borcalan Cavabdeh1 tutulması iddiası zamin Cavabdeh3 iddia müddətinin tətbiqi haqqında ərizəsi əsasında rədd edilmişdir. Kollegiya bu mövqe ilə razılaşmır ona görə ki, əvvəla, Cavabdeh3 zaminliyinə xx.xx.2017-ci ildən qanuna əsasən xitam verildiyi üçün o, həmin tarixdən kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətindən çıxmışdır. Cavabdehin olmayan öhdəlikdən iddia müddətinin keçməsi ilə müdafiə olunmasına isə gərək yoxdur. Bu baxımdan Cavabdeh3 iddia müddətinin tətbiqi haqqında ərizəsinin nəinki başqa cavabdehə, hətta özünə münasibətdə hüquqi əhəmiyyəti olmamışdır. Əks yanaşma, o cümlədən cavabdehlərdən birinin ərizəsi əsasında digərinə qarşı da iddianın rədd edilməsi iddia müddətinin mahiyyəti və təyinatı ilə uzlaşmır. 44.Belə ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Göründüyü kimi, tələb hüquqlarına bir qayda olaraq iddia müddəti şamil edilir. Bu müddətin tətbiqi tələb hüququnun özünü aradan qaldırmasa da, həmin tələbin məhkəmə qərarı ilə təmin edilməsinin (və məcburi icrasının) qarşısını alır. Başqa sözlə, iddia müddəti özünümüdafiə mahiyyətində olmaqla, tələbin məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Nəzərə alınmalıdır ki, iddia müddətinin keçməsi iddiaçı (və onun tələb hüququnun varlığı) baxımından bir dəyişiklik yaratmır. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Qeyd edilənlər ona dəlalət edir ki, iddia müddətinin keçməsindən istifadə etmək hər bir borclunun (cavabdehin) ona qarşı irəli sürülmüş tələbdən fərdi müdafiə vasitəsidir. Belə olan halda, bir neçə cavabdehə qarşı yönəlmiş iddia üzrə iddia müddətinin tətbiqi və ya hesablanması məsələsi hər bir cavabdehə münasibətdə fərdi olaraq yoxlanılmalı və həll edilməlidir. zaminin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürmək imkanına dair Mülki Məcəllənin 474.1-ci maddəsi bu mövqeyi istisna edən müddəa kimi qiymətləndirilə bilməz. 45.Eyni zamanda kollegiya qeyd edir ki, dolayısı ilə, (əgər tərəflər zaminliyi daha uzun müddətə razılaşdırmamışlarsa) iddia müddəti keçənədək zaminliyə kəsici müddətin bitməsinə görə xitam verilir və ona münasibətdə kreditorun tələb hüququ aradan qalxır. Cavabdeh (zamin) bu halı iddiaya qarşı etiraz kimi irəli sürmək imkanına malik olduğu halda, onun müdafiə vasitəsi kimi iddia müddətindən istifadə etməsinin hüquqi baxımdan əhəmiyyəti qalmır. İddia müddəti birgə borclular üçün ortaq müdafiə vasitəsi deyil. Bu imkandan sadəcə müddətin tətbiqi haqqında ərizə vermiş cavabdeh yararlana bilər. Odur ki, hazırki iş üzrə cavabdehlərdən birinin iddia müddətini tətbiq etməsi, bu barədə ərizə verməmiş cavabdehə qarşı iddianın rədd edilməsinə əsas ola bilməz. 46.Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddia müddəti birgə borclular üçün ortaq müdafiə vasitəsi olmamaqla bu imkandan sadəcə müddətin tətbiqi haqqında ərizə vermiş cavabdeh yararlana biləcəyindən hər iki kredit müqaviləsi üzrə kredit borcunun əsas borclu Cavabdeh1 tutulmasının təmin edilməməsi barədə nəticəyə gələrkən birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Buna görə də həmin hissədə qətnamə ləğv edilməklə Cavabdeh1 1-xx.xx.2014-MİN57 nömrəli 14 oktyabr 2014-cü il tarixli və № 1-xx.xx.2015-MİN57 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 5991.79 (beş min doqquz yüz doxsan bir manat, 79 qəpik) manat, faiz borcu üzrə 1929.21 (bir min doqquz yüz iyirmi doqquz manat, 21 qəpik) manat olmaqla, cəmi 7921 (yeddi min doqquz yüz iyirmi bir) manat məbləğində kredit borcu alınaraq İddiaçı QSC Bank olmayan kredit təşkilatının xeyrinə tutulmalıdır. 47.Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi № 1-xx.xx.2015-MİN57 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borc məbləğinin də cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməli həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.
48. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi, 29 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun Cavabdeh3 və Cavabdeh2 zaminlər kimi tutulması tələbi də rədd edilmişdir. Bununla belə, məhkəmənin qətnaməsindən bu tələbin də iddia müddətinin keçməsinə görə, yoxsa zaminlərin həmin əqddən irəli gələn öhdəliklərinin olmadığı üçün təmin olunmamasını müəyyən etmək mümkün deyil. Yəni bu xüsusat üzrə qətnamə aydın şəkildə əsaslandırılmamışdır. Nəzərə alınmalıdır ki, zaminlərə qarşı iddianın istər zaminliyə xitam verilməsi müddətinin, istərsə də iddia müddətinin keçməsinə görə rədd edilməsi ona dəlalət edir ki, kreditorun tələb hüququ, zaminin isə öhdəliyi mövcud olmuşdur. Halbuki, həm iddiaçı, həm də məhkəmə qətnaməsində Cavabdeh3 və Cavabdeh2 29 yanvar 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyə zamin durmadıqlarını bildirmişlər. Buna baxmayaraq, məhkəmə göstərilən müqavilə üzrə borcun sonunculardan tutulmasına dair tələbi hansı əsasla rədd etdiklərini aydın şəkildə göstərməmişdir. Hazırki halda kollegiya hesab edir ki, 29 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun Cavabdeh3 və Cavabdeh2 tutulması tələbi məhz onların həmin müqavilə üzrə öhdəliyin icra edilməsinə münasibətdə hər hansı öhdəlik götürməmələri əsası ilə təmin edilməməlidir. 49.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(003)- 951/2022 saylı qətnaməsi kredit müqavilələri üzrə borcun Cavabdeh1, habelə 29 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun Cavabdeh3 və Cavabdeh2 tutulmasının təmin edilməməsi hissələrində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, həmin hissədə iddia qismən təmin edilməli, Cavabdeh1 1-xx.xx.2014-MİN57 nömrəli 14 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 5812,27 manat əsas, 1869,63 manat faiz borcu olmaqla cəmi 7681,9 manat, № 1-xx.xx.2015-MİN57 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 179,52 manat əsas, 59,58 manat fazi borcu olmaqla cəmi 239,1 manat, ümulikdə cəmi 7921 (yeddi min doqquz yüz iyirmi bir) manat məbləğində kredit borcu alınaraq İddiaçı QSC Bank olmayan kredit təşkilatının xeyrinə tutulmalı, 29 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun Cavabdeh3 və Cavabdeh2 tutulması hissəsinə iddia tələbi təmin edilməməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı QSC Bank olmayan kredit təşkilatının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(003)-951/2022 saylı qətnaməsi kredit müqavilələri üzrə borcun Cavabdeh1 tutulmasının, habelə 29 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun Cavabdeh3 və Cavabdeh2 tutulmasının təmin edilməməsi hissələrində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh1 1-xx.xx.2014-MİN57 nömrəli 14 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 5812,27 manat əsas, 1869,63 manat faiz borcu olmaqla cəmi 7681,9 manat, № 1-xx.xx.2015-MİN57 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 179,52 manat əsas, 59,58 manat fazi borcu olmaqla cəmi 239,1 manat, ümulikdə cəmi 7921 (yeddi min doqquz yüz iyirmi bir) manat məbləğində kredit borcu alınaraq İddiaçı QSC Bank olmayan kredit təşkilatının xeyrinə tutulsun. 29 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun Cavabdeh3 və Cavabdeh2 tutulması hissəsinə iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.