Məhkəmə qərarları › İş №2(103)-2204/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2204/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2204/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: nəqliyyat vasitəsinin qaytarılması və ya əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və ya əmlak tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-6114/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nə əsasən X1 xx.xx.2022-ci il tarixdə buraxılış ili 2013-cü il olan “Volkswagen Passat CC minik” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 5.000 manata İddiaçı satmışdır. Həmin gün X1 tərəfindən Cavabdeh nəqliyyat vasitəsinə dair sərəncamvermə hüququ ilə bağlı etibarnamə verilmişdir.

2. “Volkswagen Passat CC minik” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən iddiaçının mülkiyyətindədir.

3. xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən həmin nəqliyyat vasitəsinin 1 il müddətinə istifadə hüququna dair cavabdehə etibarnamə verilmişdir.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli arayışına əsasən iddiaçıya məxsus “Volkswagen Passat CC minik” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi axtarışdadır.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı pul və ya əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobil almaq üçün verdiyi 22.000 manat məbləğində pulunun və ya ona məxsus olan faktiki olaraq Cavabdeh tərəfindən gizlədilərək saxlanılan “Volkswagen Passat CC” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilinin geri qaytarılması, eləcə də ödənilmiş 156 manat dövlət rüsumunun ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2022-ci ilin əvvəllərində ortaq tanışları vasitəsi ilə tanış olmuşdur və aralarında normal münasibətlər olmuşdur. Həmin zaman o, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində polis nəfəri, polis serjantı kimi xidmət edirdi. 2022-ci ilin iyun ayının əvvəllərində Cavabdeh onun təcili pula ehtiyacı olduğunu, aralarında dostluq münasibətləri olduğu üçün ona kömək etməsini xahiş etdi. O, Toğrula kömək edə bilməyəcəyini bildirdi. Toğrul ona kömək etməsini təkidlə xahiş edərək, ailəsində və şəxsi həyatında yaranmış problemlərlə bağlı idarə etdiyi “Volkswagen Passat CC” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobili 5-6 ay müddətinə idarə etməsi şərti ilə ona 22.000 manata satmağı təklif etdi. O, aralarında dostluq münasibətlərinin olmasına, onun polis işçisi olmasına inanaraq avtomobilin 5-6 ay müddətində onda qalması ilə almağa razılaşdı. Cavabdehlə 22.000 manat pul müqabilində həmin avtomobili ona satması ilə razılaşdılar. xx.xx.2022-ci ildə DİN-in BDYPİ-də avtomobilin alqı-satqısını həyata keçirdilər və avtomobil mülkiyyətinə keçirildi. Həmin gün yaşadığı evin qarşısında Toğrula 22.000 manat pul verdi. Toğrul 5-6 ay avtomobili idarə etdikdən sonra ona təhvil verəcəyini öhdəsinə götürdü. Avtomobil Toğrulda qaldı. Bundan sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 24a ünvanında yerləşən 6 saylı notarius ofisində xx.xx.2023-cü il tarixədək müddətinə ona yalnız istifadə üçün etibarnamə verdi. Bundan sonra 2023-cü ilin fevral-mart ayına kimi avtomobil Toğrulda qaldı. 2023-cü ilin mart-aprel aylarında Toğruldan avtomobilini ona qaytarmasını tələb etsə də o, müxtəlif bəhanələrlə vaxtı uzatdı. Bir müddətdən sonra Toğrulun ona avtomobili qaytarmaq niyyətində olmadığını anladı. Toğrul vədinə əməl etmədi, onun avtomobilini qaytarmadı, dəfələrlə ona ya pulunu, ya da avtomobilini qaytarması barədə müraciətlər etdi, lakin nəticəsiz qaldı. xx.xx.2023-cü il tarixdə ona istifadə üçün verdiyi etibarnamə öz hüquqi qüvvəsini itirdi. Toğrul ondan qaçmağa və telefon zənglərinə cavab verməməyə başladı. Daha sonra isə xx.xx.2023-cü il tarixdə avtomobilin axtarışa elan edilməsi barədə DİN-in BDYPİ-nə rəsmi müraciət etdi və avtomobil barədə axtarış elan edilərək cavabdehin sürücülük vəsiqəsindəki ünvanı ünvan 2ı Bakı şəhəri Nərimanov RPİnin DYPŞ-nə həvalə edildi. Sonradan isə eşitdi ki, onun bu kimi əməlləri nəticəsində onu polis orqanlarından xaric etmişlər. Bundan sonra isə onu ümumiyyətlə tapa bilmədi. Gördüyü bütün tədbirlərə baxmayaraq cavabdeh nə avtomobilini, nə də ki, ona verdiyi pulu ona qaytarmadı. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 6114/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Ş.Qədirova) iddia tələbi qismən təmin edilmiş, “Volkswagen Passat CC” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin, həmin əmlak olmadığı təqdirdə onun dəyəri 5.000 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi, Cavabdeh 70 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında dostluq münasibətləri olmuş, cavabdeh iddiaçıdan ona borc pul verməsini xahiş etmiş, iddiaçı cavabdehə borc pul verə bilməyəcəyini bildirdikdə, sonuncu istifadəsində olan “Volkswagen Passat CC” markalı, 90- LU-770 dövlət qeydiyyat nişanlı avtomobili 5-6 ay müddətinə idarə etməsi şərti ilə iddiaçıya 22.000 manata satmağı təklif etmiş, iddiaçı da cavabdehin təklifi ilə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin gün iddiaçı yaşadığı evin qarşısında cavabdehə 22.000 manat pul vermişdir. Bundan sonra, iddiaçı cavabdehə nəqliyyat vasitəsindən istifadə ilə bağlı etibarnamə vermişdir. Cavabdeh 5-6 ay idarə etdikdən sonra avtomobili iddiaçıya qaytaracağına dair vədinə əməl etməmiş, hazırkı vaxtadək nə avtomobili, nə də pulu iddiaçıya qaytarmamışdır. Cavabdehin və avtomobilin olduğu yer məlum olmadığından, iddiaçının müraciəti əsasında xx.xx.2023-cü il tarixdə avtomobil barəsində axtarış elan edilmiş, hazırkı vaxtadək avtomobilin saxlanılması üçün görülmüş tədbirlər nəticə verməmişdir.

9. Hazırda iddiaçı avtomobilin alınması üçün cavabdehə 22.000 manat pul verdiyini iddia edərək, həmin pulu sonuncudan tələb etsə, də bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir ki, sübuta söykənməyən tələb də əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı 22.000 manat məbləğində pulun verilməsi hissəsində tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır.

10. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddia tələbi “Volkswagen Passat CC” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin, həmin əmlak olmadığı təqdirdə onun dəyəri (xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsində avtomobilin satışı dəyəri kimi göstərilmiş) 5.000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində qanuni və əsaslı olduğundan təmin edilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilməlidir.

11. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən, 70 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 385.1, 386.1, 442, 448.1, 567, 568.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4, 222.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddianın qismən təmin olunması, yəni 5.000 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qənaətinə gəlməsi üçün gətirdiyi yeganə əsas həmin avtomobilin notarial qaydada alqısatqısının 5.000 manata rəsmiləşdirilməsidir. Həmin avtomobilin həmin vaxtı bazar dəyəri 22.000 manatdan da yüksək olmuşdur. 22.000 manat pul məbləği İddiaçı tərəfindən şahidlərin yanında Cavabdeh verilmişdir. Avtomobilin alqı-satqısının 5.000 manata rəsmiləşdirilməsi sadəcə olaraq tərəflərin hər ikisinin polis işçisi olması, bir-birinə inanması və müəyyən mənada artıq ödəniş etməkdən yayınmaq üçündür. Bunu şahidlər də öz ifadələri ilə sübut edə bilərlər. Məhkəmə tərəfindən həmin avtomobilin həmin vaxtda bazar dəyərinin 22.000 manatdan da artıq olması aydınlaşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

17. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o (nümayəndəsi), məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı işdə iddia qismən təmin olunduğundan, iddiaçı qətnaməni yalnız avtomobilin dəyəri ilə bağlı hissədə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi nəqliyyat vasitəsinin dəyəri hissəsində dəyişdirilməlidir.

26. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamənin nəticə hissəsində göstərir.

27. İddiaçı nəqliyyat vasitəsinin alınması üçün cavabdehə 22.000 manat pul verdiyini bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir.

28. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır.

29. Bununla belə, apellyasiya araşdırması zamanı kollegiyanın xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin MEB/04-5130/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hesabatına əsasən müəyyən edilmişdir ki, 2013-cü il buraxılışlı, sedan tipli, qara metallik rəngi, “Volkswagen Passat CC” markalı, mühərrikin həcmi “2000” m3 olan nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanan, yəni xx.xx.2022-ci il tarixə olan bazar qiyməti 15.000 manat, hal-hazırda real bazar qiyməti isə 17.100 manat təşkil edir.

30. Məhkəmə avtomobilin dəyərinə münasibətdə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilməli, avtomobilin dəyəri 17.100 manat müəyyən edilməlidir.

31. Belə ki, alqı-satqı müqaviləsində hansı qiymətin göstərilməsinə baxmayaraq (iddiaçı müqavilədə qiymətin 5.000 manat göstərilməsini tərəflərin hər ikisinin polis işçisi olması, bir-birinə inanması və müəyyən mənada artıq ödəniş etməkdən yayınmaq üçün edildiyini bildirir) məhkəmə kollegiyası hesab edir ki, qətnamə icra olunan zaman nəqliyyat vasitəsinin cavabdehdən alınıb iddiaçıya verilməsi mümkün olmadığı təqdirdə onun hazırki real dəyərini təşkil edən 17.100 manat məbləğində vəsait cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 6114/2024 nömrəli qətnaməsi “Volkswagen Passat CC” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyəri ilə bağlı hissədə dəyişdirilsin, həmin məbləğ 17.100 manat müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 70 manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-qiymətləndirmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 500 manatın 112 manatı İddiaçı, 388 manatı Cavabdeh alınaraq "xxxx" MMC-yə hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar