Məhkəmə qərarları › İş №2(103)-2205/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2205/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2205/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC, Cavabdeh 986,72 manat əsas, 246,37 manat faiz, 749,35 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmiş, ekspertiza tədqiqatlarının dəyəri kimi cəmi 530 manatın İddiaçı ASC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, ekspert rəyində qeyd edilmişdir ki, məxaric edilmiş 1000 manatın 6 aya və 12 aya ödənilməsinə dair razılaşmanın sənədi mövcud deyil, buna görə də, istifadə məbləğinin aylıq ödəniş məbləğini müəyyən etmək mümkün olmamışdır. Halbuki, müqavilənin 1.2-ci bəndində həmin məbləğin hansı qaydada qaytarılması açıq-aydın göstərilmişdir. Həmçinin, müqaviləni şərtlərinə uyğun olaraq ekpert qarşısında sual aydın şəkildə qoyulmuşdur. Bu mənada ekspert üçün heç bir qaranlıq məqam qala bilməzdi. Bundan başqa, iş üzrə çıxarılmış digər rəylərdə də ekspert bankın təqdim etdiyi hesabdan çıxarışı əsas tutaraq, lakin hesabdan çıxarışda göstərilən faiz heabının müqavilədə nəzərdə tutulmadığını əsas gətirərək, bütün ödənişləri əsas borcdan silmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli bank kartı üzrə bank hesabı müqaviləsinə əsasən, sonuncuya 1000 manat məbləğində xx.xx.2015-ci il tarixədək bərpa olunan kredit xətti açılmış və **********684344 nömrəli kart təqdim edilmişdir. Müqavilənin 1.2-ci bəndinə görə, müqavilə üzrə ayrılmış limit daxilində hər bir məbləğ istifadə zamanı seçilmiş ödəniş növünə uyğun olaraq, 1, 6, 12 ay ərzində kredit alan tərəfindən banka geri ödənilməlidir. Bank tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 986,12 manat əsas, 241,71 manat faiz və 30 manat cərimə borcu olmaqla, 1239,83 manat borcu qalmışdır. Hazırda iddiaçı, cavbadehin xx.xx.2012-ci il tarixli müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyini bildirərək, ondan tələbdə qeyd olunan məbləğlərdə borcun tutulmasını tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək, müqavilə üzrə yaranmış bütün borcu vaxtına icra etdiyini bildirir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı işin tam, hərtərəfli, obyektiv araşdırılması məqsədilə tərəflərin vəsatətləri əsasında bir neçə dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş bütün (xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli) ekspert rəyləri ilə Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli bank hesab müqaviləsi üzrə Cavabdeh borcunun olmadığı, hətta onun tərəfindən artıq ödəniş edildiyi müəyyən edilmişdir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 21594 saylı və xx.xx.2019-cu il tarixli, 34129 saylı rəylərinə əsasən, Cavabdeh xx.xx.2012-ci il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsi üzrə banka borcunun olmadığı, borcalan tərəfindən 133,5 manat məbləğində artıq ödəniş aparıldığı müəyyən edilmişdir. Tədqiqat aparılan xx.xx.2012-ci il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsinin qeyd olunan bəndlərində məxaric olunmuş vəsait üzrə faizin hesablanması nəzərədə tutulmadığından borcalana faiz borcu hesablanmamışdır. İddiaçı tərəf ekspert rəyləri ilə razılaşmayraq, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət verərək, bildimişdir ki, ekspert, rəy verərkən müqavilədə göstərilən şərtləri və bankın təqdim etdiyi hesabdan çıxarışda göstərilən faiz (komisyon) borcunu, cərimə borcunu nəzərə almamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iki dəfə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin olunaraq, ekspertlər qarşısında tərəflər arasında xx.xx.2012-ci il tarixdə bağlanmış kredit karı üzrə bank hesabı müqavilə üzrə ödənilmiş məbləğlər nəzərə alınmaqla Cavabdeh müqavilə müddətində banka olan əsas, komisyon və cərimə borcunun nə qədər təşkil etməsi ilə bağlı sual qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 1491 saylı və xx.xx.2020-ci il tarixli, 9/2589 saylı rəylərinə əsasən, Cavabdeh xx.xx.2012-ci il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsinin 1.4-cü və digər bəndlərinə əsasən gecikdirilmiş ödənişlərə görə komisyon haqq və cərimə hesablanmaqla borc qalığının müəyyən edilməsi mümkün deyil. Göründüyü kimi, apelyasiya şilkayətinin dəllilləri iddiaçının təkrar ekspertizanın keçirilməsi vəsatətlərin dəlilləri ilə eynilik təşkil etməklə rayon məhkəməsi tərəfindən bu dəlillərin yoxlanılması məqsədilə ekspertizalar keçirilmiş və bütün ekspert rəyləri ilə cavabdehin iddiaçıya borcunun olmadığı və müqavilə şərtlərinə əsasən komisyon haqq və cərimə hesablanmaqla borc qalığının müəyyən edilməsi mümkün olmadığı müəyyən edilmişdir. Kollegiya vurgulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanları və bu halın xüsusi bilik tələb etdiyini, ixtisaslı şəxslərin rəyi ilə müəyyən olunduğunu nəzərə alaraq, ekspert rəylərinə əsasən hesab edir ki, Cavabdeh bank qarşısında icra edilməmiş hər hansı öhdəliyi yoxdur. Bu isə o deməkdir ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli bank kartı üzrə bank hesabı müqaviləsinə icra səbəbilə xitam verilmişdir. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Qanuna əsasən xitam verilmiş müqavilə üzrə hər hansı haqq və öhdəlik mövcud olmadığından isə “xxxx” ASC-nin Cavabdeh qarşı həmin müqaviləyə söykənən borcun ödənilməsi tələbi əsassızdır. Mülki Prosessual Məcəlləin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi, iddianı rədd edərkən işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-14/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar