Məhkəmə qərarları › İş №2(103)-2208/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2208/2022

22.02.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2208/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7621/2021 nömrəli, 09.12.2021-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq ünvan 1 ünvanındakı iddiaçıya məxsus fərdi yaşayış evinə giriş-çıxışına cavabdeh tərəfindən yaradılan maneələrin, həyətyanı sahəyə daş hasarın çəkilməsinə yaradılan maneələrin, eləcədə fərdi yaşayış evinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin mütəxəssisi tərəfindən baxış keçirilməsi, o cümlədən yoxlamaölçü işlərinin aparılması üçün şəraitin yaradılması və mütəxəssisə müdaxilənin edilməsinin Cavabdeh qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7621/2021 nömrəli, 09.12.2021-ci il tarixli qərardadına əsasən iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi, tərəflərə izah edilmişdir ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilərək mülki iş üzrə mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə eyni tərəflərdən və eyni tələbdən söhbət belə getmir. Çünki dövlətin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorumalı olduğu və təminat verdiyi xüsusi mülkiyyət hüuququdur. Xüsusi mülkiyyət hüququni təsdiq edən sənəd isə Dövlət Reyesterindən çıxarışdır. Məhkəmə qərardadında da göstərildiyi kimi cavabdeh özbaşına tikilidə yaşamaqla özbaşına özünə 16 A ünvanını vermişdir. “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin 27 noyabr 2008-ci il fərmanına əsasən Ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Belə olan halda, cavabdehin özbaşına özünə ünvan verdiyi tiklinin yanındakı evi DƏDRX tərəfindən 02.02.2021-ci il tarixdə verilmiş, reyestr nömrəsi **********48-10301 olan Çıxarışda göstərilən ev ilə eyni olmaması qənaətinə gəldi. Məhkəmə iddiaçı tərəfindən verilmiş vəsatəti qəbul edərək yerli baxış keçirmişdir. Həmin yerli baxış zamanı iddiaçı və bacısı uşaqlıqda yaşadıqları evi məhkəməyə göstərdilər hətta cavabdeh də etiraf etdi ki, həmin tikilidə valideyinləri yaşamışdır. Bundan başqa iddiaçının mərhum atası X2 11.01.2018-ci il tarixdə oğlu Cavabdeh (hazırki iş üzrə cavabdeh) Sabunçu rayon Məhkəməsində iddia qaldıraraq, ünvan 2 ünvanda hasarın çəkilməyinə qoyduğu maneənin qaldırılmasını tələbinə Sabunçu rayon Məhkəməsinin 2-1673/2018 №li iş üzrə qəbul etdiyi 07.11.2018-ci il tarixli qətnaməylə həmin iddia rədd edilmişdir. Hazırki iş üzrə məhkəmə həmin qətnaməyə istinad edərək tərəfləri eyni tərəf kimi, iddia tələbini eyni iddia tələbi kimi və iddia predmetinin eyni iddia predmeti olduğu qənaətinə gəlmişdir. Halbuki, iddia üzrə tərəflər farqli olmaqla yanaşı iddia tələbləridə fərqlidir. İddiaçı xüsusi mülkiyyətinə texniki şhadətnamə alınmasına yaradılan maneələri aradan qaldırılmasını tələb edir. Buna görə də tələblər eyni tələb kimi tərəflər eyni tərəf kimi qəbul edilə bilməz. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7621/2021 saylı, 28.12.2021-ci il tarixli qərardadına əsasən Sabunçu Rayon Məhkəməsinin 2(008)-7621/2021 №-li 09.12.2021-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən gəldiyi nəticəni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1673/2018 saylı, 07.11.2018-ci il tarixli qətnaməsinə əsaslanmış və gəldiyi nəticənin əsası kimi də Azərbaycan Respublikası MPM-nin 261.0.2 261.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1673/2018 saylı, 07.11.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X3 cavabdehlər X4 və Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın obyekti Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Komsomol döngəsi 16 ünvanında yerləşən evdir və həmin evə iddiaçının (3/4 hissədə) digər şəxslərlə birlikdə birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının bu iddianı qaldırmasına subyektiv hüququ olmadığı üçün iddia tələbi rədd edilmişdir. Hazırkı iş üzrə isə iddia tələbinin predmetini “ünvan 1 ünvanındakı iddiaçıya məxsus fərdi yaşayış evinə giriş-çıxışına cavabdeh tərəfindən yaradılan maneələrin, həyətyanı sahəyə daş hasarın çəkilməsinə yaradılan maneələrin, eləcədə fərdi yaşayış evinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin mütəxəssisi tərəfindən baxış keçirilməsi, o cümlədən yoxlamaölçü işlərinin aparılması üçün şəraitin yaradılması və mütəxəssisə müdaxilənin edilməsinin cavabdehə qadağan olunması” təşkil edir. İddianın obyektləri isə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Komsomol döngəsi ünvanında yerləşən 16 və 16B nömrəli evlərdir. Cavabdeh öz yaşadığı evi “16B” kimi qeyd etsə də, onun mübahisəli ünvana (yəni, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Komsomol döngəsi ünvanında yerləşən 16) hüquqları iddiaçı və digər şəxslər də daxil olma birgə mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı payı 3/5 hissədə, X1 payı ¼ hissədə, cavabdehin payı isə 3/20 hissədə açıq qalmaqla bölünmüşdür. Göründüyü kimi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1673/2018 saylı, 07.11.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi üzrə işdə olan iddiaçı və onun iddiasının mahiyyəti (predmeti, obyekti, əsası) ilə hazırkı iddiaçı və onun iddiasının mahiyyəti (predmeti, obyekti, əsası) eynilik təşkil etmir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar (A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2020ci il 13 may tarixli Qərarı). İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 2016-cı il 12 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq, həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etməklə ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun 5 dekabr 2011-ci il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə icraata xitam verməklə iddiaçını məhkəmə müdafiəsi hüququndan məhrum etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 269, 397-398, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7621/2021 nömrəli, 09.12.2021-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar