Məhkəmə qərarları › İş №2(103)-221/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-221/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-221/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 fevral 2009-cu il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə Cavabdeh1 arasında xx.xx.2007-ci il tarixdə bağlanmış MT 01410 №-li “İstehlak krediti və zaminlik müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 1.248 manat, qətnamə çıxan günə təqdim ediləcək arayış əsasında hesablanmış faiz borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 20 manat məbləğində pulun Cavabdeh1 və sonuncunun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına təminat vermiş zamindən – iş üzrə digər Cavabdeh2 müştərək qaydada tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı Bankın nümayəndəsi xx.xx.2009-cu il tarixli 250 №-li “Arayış” təqdim edərək, faiz borcu kimi 325 manat məbləğində pulun tutulmalı olduğunu bildirmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1, onunla Bank arasında xx.xx.2007-ci il tarixdə bağlanmış “İstehlak krediti müqaviləsinə” əsasən Bankdan 24 ay müddətinə illik 30% dərəcəsi ilə 1.725 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 “İstehlak krediti və zaminlik müqaviləsi” üzrə öhdəliklərinin icrasının təminatı kimi hazırki iş üzrə digər Cavabdeh2 həmin müqavilə ilə borcalan Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmiş, Banka olan borcu ödəməmişlər. Nəticədə cavabdehlərin iddiaçı Banka yuxarıda qeyd edilən növlərdə və məbləğlərdə borcu yaranmışdır. Bank həmin məbləğlərin ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq göndərsə də, bu nəticə verməmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 20 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2009-cu il tarixli qətnamə ilə iddianın təmin edilməsini, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2007-ci il tarixli “İstehlak krediti və zaminlik müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 1.248 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 325 manat məbləğində pulun borcalan Cavabdeh1 və onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2 müştərək qaydada tutularaq Banka ödənilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni ona aid olan hissəsinin ləğv edilməsini və iddia tələbinin ona aid olan hissəsinin rədd edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Cavabdeh2 borcalan Cavabdeh1 adlı şəxsi ümumiyyətlə tanımır, Cavabdeh1 iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmamış, o, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış “İstehlak krediti və zaminlik müqaviləsini” imzalamamışdır. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat

8. Cavabdeh2 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

9. İddiaçı Bankın nümayəndələri X2 və X4 apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdilər.

10. İddiaçı Bankın nümayəndələri işə apellyasiya qaydasında baxılmanın sonuncu iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışının sonuncu iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Cavabdeh apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) apellyasiya baxışının hədləri barədə məlumat

11. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi təmin edilsə də, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.

12. Qətnamədən apellyasiya şikayəti vermiş Cavabdeh2 isə qətnaməni qismən, yəni özünə aid hissədə mübahisələndirmişdir.

13. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

15. Məhkəmə apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

16. Belə ki, qətnamənin mübahisələndirilməyən və artıq qanuni qüvvəsini almış hissəsi ilə müəyyən edilir ki, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2007-ci il tarixli “İstehlak krediti və zaminlik müqaviləsinə” əsasən Cavabdeh1 Bankdan 24 ay müddətinə illik 30% dərəcəsi ilə 1.725 manat məbləğində kredit götürmüşdür. Lakin Cavabdeh1 müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmiş, Banka olan borcu ödəməmişdir. Nəticədə onun Bank qarşısında 1.248 manat əsas, 325 manat faiz borcu yaranmışdır.

17. Hazırda mübahisə doğuran məsələ Cavabdeh2 borcalan Cavabdeh1 həmin kredit öhdəliyinə zamin durub-durmaması məsələsidir.

18. İddiaçı Bank bildirir ki, Cavabdeh2 xx.xx.2007-ci il tarixli, “İstehlak krediti və zaminlik müqaviləsinə” zamin kimi imzalamaqla borcun ödənilməsini təminat vermişdir. Belə ki, müqavilənin 3.1-ci bəndinə əsasən, “Zamin” “Bank” qarşısında götürülən bu Müqavilədən irəli gələn pul öhdəlikləri “Kredit alan” tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürür.

19. Cavabdeh2 isə müqavilədəki imzanın ona məxsus olmadığını, Cavabdeh1 tanımadığını və onun Bank qarşısında götürdüyü öhdəliyə zamin durmadığını bildirir.

20. Cavabdeh2 işə birinci instansiya məhkəməsində baxılmasından məlumatlı olmamış, qeyd edilən dəlilləri irəli sürməmiş və Rayon Məhkəməsi tərəfindən bu hal araşdırılmamışdır.

21. Apellyasiya baxışı zamanı həmin müqavilə Cavabdeh2 təqdim edilmiş və o, bir daha bildirmişdir ki, müqavilədə onun tərəfindən icra edilmiş imza yoxdur.

22. Göründüyü kimi, apellyasiya baxışının predmeti olan mübahisənin həlli qeyd edilən imzanın Cavabdeh2 tərəfindən icra olunub-olunmamasından asılıdır. Bu xüsusatın araşdırılması mübahisənin düzgün və obyektiv həlli üçün vacibdir. Bu xüsusatı araşdırmaq üçün xüsusi bilik tələb olunur, Məhkəmə isə bu sahədə xüsusi biliyə malik deyil.

23. Odur ki, Cavabdeh2 vəsatəti əsasında Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

24. Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə vermiş olduğu xx.xx.2024-cü il tarixli, 4/2095 №-li rəyi ilə müəyyən edilmişdir ki, “İstehlak krediti müqaviləsinin” “zamin Cavabdeh2” hissəsində “İmza” qrafasında əks olunmuş imza – Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

25. Beləliklə, Məhkəmə araşdırması zamanı apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmışdır.

26. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.). Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır (maddə 407.2.).

27. Yuxarıda göstərilən xx.xx.2007-ci il tarixli müqavilə Cavabdeh2 tərəfindən imzalanmadığı üçün ona münasibətdə bağlanmış sayılmır. Belə olan halda müəyyən edilir ki, Cavabdeh2 həmin müqavilə üzrə Bank qarşısında hər hansı öhdəliyi yaranmamışdır.

28. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

30. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.

31. Hazırkı mübahisədə Cavabdeh2 öhdəliyini sübut etmək vəzifəsi iddiaçı Bankın üzərinə düşür. Lakin iddiaçı Bank Cavabdeh2 qarşı tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. g) apellyasiya baxışının nəticəsi

32. Odur ki, qeyd edilənləri, MPM-in 385-ci maddəsinin tələblərini və MPM-in 384cü maddəsində təsbit olunmuş səlahiyyətlərini nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı Bankın iddiası Cavabdeh2 aid hissədə rədd edilməlidir.

33. Apellyasiya şikayəti təmin edildiyindən və iddia tələbi Cavabdeh2 aid hissədə rədd edildiyindən məhkəmə xərcləri MPM-in 119.1-ci maddəsinin tələbinə görə iddiaçı Banka aid edilməli, bu məqsədlə apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi 10 manat məbləğində pul iddiaçı Bankdan tutularaq Cavabdeh2 ödənilməli, məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 126 manat məbləğində pul iddiaçı Bankdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.

34. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

35. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddiadır.

36. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 fevral 2009-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh2 aid hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiası Cavabdeh2 aid hissədə rədd edilsin. Nəzərə alınsın ki, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 fevral 2009-cu il tarixli qətnamənin qalan hissəsi, yəni iddianın Cavabdeh1 aid hissədə təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2007-ci il tarixli “Kredit və zaminlik müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 1.248 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 325 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun borcalan Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində apellyasiya baxışının predmeti olmamışdır. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Cavabdeh2 ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 126 (bir yüz iyirmi altı) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar