Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2210/2025 14.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Cavabdeh “nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə” ərizəsi əsasında qəbul edilmiş Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-237/2019 nömrəli qərardaddan İddiaçı şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Cavabdeh ərizəsində tələb olunub ki, “X1” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “SCHMİTZ SKİ 24” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun üzərində olan həbsin götürülməsi barədə qərar qəbul olunsun (iş v. 65). Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-237/2019 nömrəli qərardadı ilə qərara alınıb ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli MTT(103)- 86/2022 nömrəli qərardadı ilə həmin avtomobilin və yarımqoşqunun üzərinə qoyulmuş həbs ləğv edilsin. İddiaçı şikayətində tələb olunub ki, Nizami Rayon Məhkəməsinin qərardadı ləğv edilsin və Cavabdeh ərizəsi rədd olunsun. Şikayət qismən təmin olunmalı, qərardad ləğv edilməli və iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Ləğv edilən müvəqqəti təminat tədbiri (həbs) başqa mülki işə aiddir. Belə ki, iki mülki iş olub: birinci, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzin ödənilməsi barədə” iddiasına dair mülki iş; ikinci, İddiaçı cavabdehlər Cavabdeh, Anar Nuriyev, Maraqlı şəxs2, BDYPİ və 53 saylı Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbi barədə” iddiasına dair mülki iş. Ləğv edilən həbs, yəni Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli MTT(103)-86/2022 nömrəli qərardadı (iş v. 76) ilə tətbiq edilmiş həbs ikinci mülki işə aiddir. Bu, həmin qərardadın məzmunundan görünür. Lakin həbsin ləğvi barədə qərardad birinci mülki iş üzrə qəbul olunub. Nəzərə alınmalıdır ki, birinci və ikinci mülki işdə iddialar və işdə iştirak edən şəxslərin tərkibi fərqlidir. Birinci mülki işdə zərərin ödənilməsi tələb olunur və işdə 2 şəxs (İddiaçı və Cavabdeh) iştirak edir. İkinci mülki işdə müqavilənin etibarsız sayılması və pul tələb olunur və işdə 5 şəxs (İddiaçı, cavabdehlər Cavabdeh, Anar Nuriyev, Maraqlı şəxs2, BDYPİ və 53 saylı Notariat ofisi) iştirak edir. AR Mülki Prosessual Məcəlləsinin 162-ci maddəsindən görünür ki, müvəqqəti təminat tədbiri ləğv edilərkən iki qaydaya əməl edilməlidir: birinci, ləğv məsələsinə müvəqqəti təminat tədbirinin aid olduğu mülki işdə iştirak edən şəxslər xəbərdar edilməklə baxılmalıdır; ikinci, ləğv məsələsi həmin mülki işin halları əsas götürülməklə həll olunmalıdır. Lakin Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-237/2019 nömrəli qərardadı qəbul edilərkən bu qaydalara əməl edilməyib, qərardad başqa mülki iş üzrə qəbul edilməklə həmin işə tikilib. Beləliklə, qərardad ləğv edilməli və MPM-in 162-ci maddəsində müəyyən edilmiş qaydalara əməl edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin olunsun. Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-237/2019 nömrəli qərardadı ləğv olunsun və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2210/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2210/2025
14.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver