Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2211/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC BOKT-un nümayəndəsi X1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “kredit borcunun qaytarılması” barədə ilkin, Cavabdeh İddiaçı QSC BOKT-a qarşı “müqavilənin etibarsız hesab edilməsi və borcun silinməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı QSC BOKT-un nümayəndəsi və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT (BOKT) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC (bank) və cavabdeh arasında xx.xx.2008-ci il tarixdə kredit müqaviləsi bağlandığını, müqailəyə əsasən cavabdehə illik 15% olmaqla 12 ay müddətinə 186 850 ABŞ dolları məbləğində kredit verildiyini, cavabdehin bank qarşısında öhdəliklərini yerinə yetirmədiyini və 186 850 ABŞ dolları əsas, 240 102,26 ABŞ dolları faiz borcunun yarandığını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə bağlı bankdan Cavabdeh aid sənədlərin xx xxxxxx 2018-ci il tarixli təhvil-təslim aktına əsasən BOKT-a verildiyini, borcun ödənilməsi barədə dəfələrlə cavabdehə müraciət edilməsinə baxmayaraq bunun heç bir nəticəsi olmadığını bildirmiş, cavabdehdən qeyd olunan pul məbləğlərinin, həmçinin 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə İddiaçı QSC BOKT-a qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, bankla arasında bağlanmış xx.xx.2008-ci il tarixli 2580 saylı kredit müqaviləsinin etibarsız hesab olunması və həmin müqaviləyə əsasən hesablanmış 186 850 ABŞ dolları əsas, 240 102,26 ABŞ dolları faiz olmaqla cəmi 426 952,26 ABŞ dolları məbləğində kredit borcunun silinməsi vəzifəsinin BOKT-un üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, adına kredit götürülən zaman o, “xxxx” MMC-də baş direktorun köməkçisi vəzifəsində işləmiş və həmin kredit Dünyamin Xəlilovun xahişi ilə onun adına rəmiləşdirilmiş, kreditin ödənişi barədə narahat olmaması və kreditin qısa müddət ərzində bağlanacağı bildirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə, “xxxx” MMC-nin rəhbəri və direktoru X3 Məcəlləsinin maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, mülki iddia tələbi də təmin olunmuşdur. Həmin cinayət işi ilə bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tərəfindən izahat verilmiş, məlum olmuşdur ki, “xxxx” MMC-nin rəhbəri və direktoru Dünyamin Xəlilov tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə müxtəlif şəxslərin adlarına kredit müqaviləsi bağlamaqla ağır nəticələrə səbəb olan zərər vurulmuşdur. Həmin hökmdən də görünür ki, “xxxx” MMC-nin rəhbəri və direktoru Dünyamin Xəlilov tərəfindən bir çox şəxslərin adına formal müqavilə rəsmiləşdirilmiş və həmin şəxslərin adına kredit müqaviləsi bağlanmaqla pul götürülmüşdür. Həmçinin onun adına formal olaraq xx.xx.2008-ci il tarixdə 2580 saylı kredit müqaviləsi bağlanmış, əslində isə ona heç bir kredit verilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı QSC BOKT-un nümayəndəsi apellyasiya şikayəti verərək onun ilkin iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilməsini və ilkin iddianın tam təmin olunması barədə; Cavabdeh apellyasiya şikayəti verərək qarşılıqlı iddianın rədd olunmasına dair hissədə qətnamənin ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətləri ilkin və qarşılıqlı iddia ərizələrinin məzmunlarına uyğun əsaslandırılmış, BOKT-un apellyasiya şikayətində məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət verilmədiyi, Dünyamin Xəlilovun məhkum edilməsi ilə bağlı hökmdə Cavabdeh götürdüyü kreditlə əlaqədar heç bir halın müəyyən olunmadığı halda, məhkəmənin belə bir hala əsaslandığı, beləliklə də qanunsuz nəticəyə gəldiyi; Cavabdeh şikayətində tətbiq edilməli olan maddi hüquq normalarının tətbiq edilmədiyi, Mülki Məcəllənin 337-340-cı maddələrinin tələbləri nəzərə alınmadığı irəli sürülmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC BOKT-un nümayəndəsi X2 və Cavabdeh hər biri ayrı-ayrılıqda öz apellyasiya şikayətlərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normalarının seçimi zamanı səhvə yol vermiş, iş materiallarında olmayan və tədqiq etmədiyi hökmə istinad etməklə işin halları barədə yanlış nəticəyə gəlmiş, qətnaməni lazımi qaydada əsaslandırmayaraq ilkin iddia tələbinə verdiyi qiymətlə qarşılıqlı iddia tələbi üzrə gəldiyi nəticə arasında ziddiyyət yaratmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Kollegiya bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə ləğv olunmaqla ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki, “xxxx” ASC ilə Cavabdeh arasında xx xxxx 2008-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə görə adı çəkilən şəxsə 12 ay müddətinə, illik 15 % ödəməsi şərtilə 186 850 ABŞ dolları kredit verilmiş, ilkin iddia qaldırılan tarixə onun 186 850 ABŞ dolları əsas, 240 102,26 ABŞ dolları faiz borcunun yarandığı hesablanmışdır. İş materiallarından həmçinin aydın olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” ASC-nin problemli aktivləri, o cümlədən Cavabdeh dair sənədlər xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-nə verilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kollegiya ilk növbədə qeyd edir ki, iş materiallarında “xxxx” ASC tərəfindən Cavabdeh hər hansı məbləğdə pul vəsaitinin verildiyini təsdiq edən sənəd (kassa məxaric qəbzi və s.) mövcud deyildir və apellyasiya baxışı zamanı belə bir sənədin mövcud olmadığını ilkin iddiaçının nümayəndəsi də təsdiq etmişdir. Nəzərə alınmalıdır ki, “Banklar haqqında” Qanunun 39.2-ci maddəsinə əsasən, müştərini eyniləşdirməyə, habelə müştərilərin hesablaşma və köçürmə əməliyyatlarını təsdiq etməyə imkan verən sənədlər müştəri ilə qarşılıqlı münasibətlərə xitam verildikdən və ödənişlər (köçürmələr) başa çatdıqdan sonra azı 5 il müddətində bankda saxlanılmalıdır. Azərbaycan Respublikası Mərkəzi X6 tərəfindən 2013-cü il 30 iyul tarixli 16/3 nömrəli qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”ın İİ fəslinin 55-ci bəndinə görə də, “Kredit dosyesinə aid sənədlər: kredit və təminat müqavilələri, qarantiyalar, borcalanın ödəmə və maliyyə vəziyyəti barədə məlumat, təminatın qiymətləndirilməsinə dair sənədlər, kreditin istifadəsinə nəzarətin nəticələri, kreditin ödənilməsi barədə bank sənədləri və kredit dosyesinə aid digər sənədlər - kredit ödənildikdən və ya balansdan silindikdən sonra 5 il müddətində saxlanılır”. Bu mənada kollegiyanın qənaətinə görə, ilkin iddiaçı iddia tələbini, yəni Cavabdeh həqiqətən də kredit vəsaiti verilmiş olduğunu kifayət qədər mötəbər sübutlarla sübuta yetirə bilməmişdir və apellyasiya baxışında tədqiq edilmiş, Cavabdeh kredit müqaviləsini bağladığı zaman işlədiyi “xxxx” MMC-nin rəhbəri Dünyamin Xəlilov barəsində olan hökmlə müəyyən edilən hallar da belə nəticəyə gəlinməsini ağlabatan edir. Həmin cinayət işində Cavabdeh hər hansı qisimdə cinayət prosesinin iştirakçısı kimi tanınmasa da, hökmdən aydın olur ki, Dünyamin Xəlilov rəhbərlik etdiyi müəssisələrdə, o cümlədən “xxxx” MMC-də işləyən işçilərin adlarına rəsmiləşdirilmiş böyük məbləğlərdə kreditlərin “xxxx” ASC-dən çıxarılmasına nail olmuş, həmin kreditlər faktiki ona verilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Digər tərəfdən kollegiyanın qənaətinə görə, iddiaçı bankın tələbi, tələbetmə müddətinin keçmiş olmasına görə də təmin oluna bilməz. Belə ki, Mülki Məcəllənin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər; 551.1-ci maddəsinə görə isə, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə görə, müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır; 554.1-ci maddəsinə görə, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. İşin hallarından görünür ki, Cavabdeh ilə kredit müqaviləsi xx xxxx 2008-ci il tarixdə 12 ay müddətinə bağlanmış, müqavilə üzrə öhdəliyin icra müddəti xx xxxx 2009-cu il tarixdə başa çatmış, nə müqavilə müddəti ərzində, nə də bundan sonra müqaviləyə görə hər hansı ödəniş həyata keçirilməmiş, ona qarşı iddia tələbi isə xx.xx.2020-ci il tarixdə (müddətin başa çatmasından təxminən 11 il sonra) irəli sürülmüşdür. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “kredit borcunun qaytarılması” barədə iddia tələbi təmin olunmamalıdır. Cavabdeh İddiaçı QSC BOKT-a qarşı “müqavilənin etibarsız hesab edilməsi və borcun silinməsi” barədə qarşılıqlı iddia tələblərini isə kollegiya aşağıda göstərilənlərə əsasən kollegiya əsassız hesab edir: Mülki qanunvericiliyə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir və əqdin (o cümlədən ipoteka müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Yuxarıda qeyd olunduğu kimi qarşılıqlı iddiaçı, mübahisələndirdiyi kredit müqaviləsinin etibarsızlığını onu, həmin dövrdə işlədiyi müəssisənin rəhbərinin istəyi ilə formal bağladığına, kreditin ödəniləcəyi barədə inandırılsa da, aldadıldığına istinadla irəli sürmüşdür. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir; bu isə o deməkdir ki, əqdin uydurma hesab olunması üçün onun bağlanmasında lazımi subyektlər (səlahiyyətli şəxslər) iştirak etməməli, etsələr belə, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu olmamalıdır. Qarşılıqlı iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi müqavilənin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı da irəli sürülməmiş, onu bağlamış şəxslərin arasında iradə vahidliyi isə müqavilənin bağlandığı anda mövcud olmuşdur. Qarşılıqlı iddiaçının müqaviləni aldadılması nəticəsində bağlamış olması arqumentinə münasibətdə isə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 339.3-cü maddəsinə əsasən, üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Göründüyü kimi, Mülki Məcəllənin 339-cu maddəsinin tətbiqedilən olması, kontragentin tərəfi əqd bağlamaq məqsədilə qəsdən, bilərəkdən aldatmış olmasından asılıdır; hazırkı işin halarına görə isə qarşılıqlı iddiaçı, bank tərəfindən hansı şəkildə aldadılmış olduğuna dair heç bir sübut təqdim etməmişdir. Kollegiya həmçinin hesab edir ki, qarşılıqlı iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. X4 Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Kollegiya Mülki Məcəllənin 354.2-ci maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar həm də onu qeyd edir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Maddənin mənasına görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, qarşılıqlı iddiaçının digər tələbi üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünkü əqdin etibarsız hesab olunması tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələbin dispozitiv şərtlərini istisna edir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2041/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “kredit borcunun qaytarılması” barədə ilkin, Cavabdeh İddiaçı QSC BOKT-a qarşı “müqavilənin etibarsız hesab edilməsi və borcun silinməsi” barədə qarşılıqlı iddia tələbləri təmin olunmasın. İddia ərizələrinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2211/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2211/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver