Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2212/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh1 və qeyrilərinə qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-1398/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4 və Cavabdeh5 Hacıbala oğluna qarşı kredit müqavilə üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(003)- 1398/2019 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuşdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh5 Hacıbala oğlu məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verilmişlər. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə apelyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh5 Hacıbala oğlu tərəfindən verilmiş apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 həmin qətnamədən apelyasiya şikayəti vermiş və qətnamədən apelyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1398/2019 saylı qərardadı ilə ərizənin təmin edilməsi, prosessual müddətin cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh2 münasibətdə bərpa edilməsi qərara alınmışıdr İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət – birinci instansiya məhkəməsinin qərardadının əsassız olması, cavabdehlərin müddətin üzürlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı sübut təqdim etməməsi, qətnamənin icraya yönləndirilməsi, bir il ərzində icra tədbirlərinin həyata keçirilməsi, bu müddətdə cavabdehlərin qətnamədən xəbərsiz olmasının qeyri-mümkün olması və s. kimi əsaslandırılmış, məhkəmədən şikayətin təmin edilməsi xahiş olunmuşdur. İzahatlar, prosessual məsələlər: İşdə iştirak edən digər şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası şikayətə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinin tələbinə əsasən, həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-1398/2019 saylı qərardadı ləğv edilməli, iş müddətlə bağlı məsələnin yenidən yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 129.1-ci maddəsinin tələbinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. İşdə olan sənədlərdən (məktub, reyestr, zərflər və s.) görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsinin surətini xx xxx 2019-cu il tarixdə cavabdehlərə göndərilmiş, lakin cavabdehlərin qeydiyyatda olduqları ünvandan köçməkləri əsası ilə məhkəməyə qaytarılmışdır (iş vərəq 87-92). İlkin olaraq qeyd edilməlidir ki, MPM-in 146-cı maddəsinə görə, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. MPM-in 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Birinci instansiya məhkəməsi buraxılmış prosessual müddəti bərpa edərkən qərardadı əsaslandırmamış, cavabdehlərin qətnaməni hansı tarixdə rəsmi əldə etmələrini, müddətin hansı üzrlü əsaslara görə bərpa olunmalı olmasını göstərməmişdir. Eyni zamanda, qətnamənin xx xxxx 2019-cu il tarixdə icraya yönləndirilməsinə (Xəzər rayon İcra və probasiya şöbəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir) baxmayaraq, icra işini tələb edərk ona baxış keçirməmiş, keçən uzun müddət ərzində cavabdehlərin icra icraatına cəlb olunub-olunmaması, qətnamədən hansı tarixdə məlumalı olması, bundan sonrakı hərəkətləri və s. bu kimi zəruri halların aydınlaşdırmamışdır. Qeyd edilməlidir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir və belə olan halda prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq, məhkəmə qərarlarının qətiliyinə xələl gətirmiş olur. Bu hal, həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Çünki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Göründüyü kimi, birinci instansiya məhkəməsi müddətin ötürülməsinin üzrlü səbəblərini tam və hərtərəfli araşdırmamış, bu istiqamətdə qərardadı əsaslandırmamışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, mülki iş müddətlə bağlı məsələnin yenidən yoxlanılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC-nin Cavabdeh1 və qeyrilərinə qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-1398/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)- 1398/2019 saylı qərardadı ləğv edilsin, mülki iş müddətlə bağlı məsələnin yenidən yoxlanılması üçün (ərizəyə yenidən baxılması üçün) həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-2212/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2212/2021
26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver