Məhkəmə qərarları › İş №2(103)-2216/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2216/2021

26.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2216/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdeh Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin nümayəndəsi Ziya Qənbərovun, cavabdeh “xxxx” MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi və “xxxx” MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Bakı şəhəri, Ak. Əhəd Yaqubov küçəsində yerləşən 2 №-li çoxmənzilli binanın fasadında və dam örtüyündə aparılmış təmir işləri ilə bağlıdır. İddiaçı həmin binanın 8 №-li mənzilində yaşayır. Mənzil hazırda mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçı iddia ərizəsində bildirir ki, binanın fasadında və dam örtüyündə təmir işləri cavabdeh (podratçı) “xxxx” MMC tərəfindən aparılıb. “xxxx” MMC həmin işləri digər cavabdeh (sifarişçi) Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin sifarişi əsasında aparıb. Bu işlərinin aparılması üçün cavabdehlərin arasında xx.xx.2014-cü il tarixli, 27 №-li və xx.xx.2015-ci il tarixli, 41 №-li podrat müqavilələri bağlanılıb. İddiaçı iddia edir ki, bu işlərin aparılması nəticəsində ona zərər vurulub. Belə ki, görülmüş işlərin nəticəsində mənzilin yaşayış otaqlarının və mansardının təbii işıqlandırılması qismən məhdudlaşdırılıb, ona görə də mənzildə əlavə olaraq söküntü işləri və müəyyən dəyişikliklər aparılmalıdır. Bu işlərin aparılması üçün 40.894 manat xərc tələb olunur. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, maddi zərərin əvəzi kimi 40.894 manat, mənəvi zərərin əvəzi 10.000 manat məbləğində pul cavabdehlərdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu, Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin nümayəndəsi Ziya Qənbərov və cavabdeh “xxxx” MMC-nin vəkili və nümayəndəsi Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Qətnamənin yoxlanılması: Binanın fasadında və dam örtüyündə təmir işləri iddiaçının mənzil üzərində mülkiyyət hüququ əldə etdiyi tarixdən əvvəl həyata keçirilib. Belə ki, iddiaçı mənzili xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edib və bu müqavilənin əsasında onun mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə dövlət reyestrində qeydə alınıb. Ona görə də həmin işlərin aparılması nəticəsində iddiaçının mülkiyyət hüququnun pozulması mümkün deyildi. Mülkiyyət hüququnun pozulması mümkün olmadığına görə maddi və mənəvi zərər də vurulması mümkün deyil. İddiaçıya qədər mənzil üzərində “xxxx” MMC-nin mülkiyyət hüququ olub, həmin MMC zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia qaldırmayıb, mənzil indiki vəziyyətdə iddiaçıya satıb, iddiaçı isə mənzili bu vəziyyətdə alıb. İddiaçı bundan əvvəl başqa iş üzrə məhkəməyə iddia verərək binanın fasadında və dam örtüyündə aparılmış təmir işləri ilə əlaqədar onu vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edib, lakin Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia rədd olunub. Qətnamə onunla əsaslandırılıb ki, mənzil üzərində iddiaçının mülkiyyət hüququ rəsmiləşdirilməyib, mənzil iddiaçının əmlakı hesab olunmur, ona görə də iddiaçı hazırkı iddianı irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik deyil. Əgər iddiaçı hesab edirsə ki, mənzilə mülkiyyət hüququ əldə edənə qədər mənzil üzərində subyektiv hüququ və ya qanuni marağı olub, belə halda o, həmin qətnaməni mübahisələndirməli idi. Beləliklə, məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, iddia əsassızdır, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar