Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2216/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-1034/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçıKB ASC (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə illik 14% dərəcəsi ilə faiz ödəmək və 36 ay müddətinə qaytarmaq şərti ilə 17.000 manat (xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə ümumilikdə ayrılmış 30.000 manat limitdən) məbləğində kredit verməyi, cavabdeh isə həmin məbləği qəbul etməyi və kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə krediti qaytarmağı, habelə hesablanmış faizləri və gecikməyə yol verdiyi təqdirdə hesablanmış dəbbə pulunu ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Qeyd edilən məbləğ iddiaçı tərəfindən cavabdehin plastik kartına daxil edilmiş və bu, habelə faiz dərəcəsi və aylıq ödəniş məbləği barədə cavabdehə məlumat verilmişdir (sms göndərilmişdir). İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişə əsasən cavabdehə xx.xx.2024-cü il tarixə 9.846,60 manat əsas, 417,26 manat faiz, 986,51 manat cərimə borcunun yarandığı bildirilərək, bu məbləğin 3 iş günü müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə müqavilənin şərtlərinə əsasən həmin borcun ödənilməsi ilə bağlı tərəflərindən tədbirlərin görüləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Həmin bildiriş xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanı üzrə “İbrahimova” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə cavabdehin 9.846,60 manat əsas, 417,26 manat faiz, 986,51 manat dəbbə pulu, cəmi 11.250,37 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2818 saylı ekspert rəyinə əsasən təqdim edilmiş hesabdan çıxarış məlumatları, xx.xx.2023-cü il tarixli, SBNPU-05482/1 saylı kredit müqaviləsinin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixə Cavabdeh İddiaçı ASC-yə olan borcu 10.258,11 manat məbləğindədir. Bu məbləğin 9.846,62 manat hissəsi əsas, 411,49 manat hissəsi isə faiz borcu təşkil edir. Hesabdan çıxarış məlumatlarına əsasən borcalan tərəfindən sonuncu ödəniş xx.xx.2024-cü il tarixində aparılmışdır. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, SBNPU-05482 saylı kredit müqaviləsi əsasında verilmiş xx.xx.2023-cü il tarixli, SBNPU-05482/1 saylı kredit müqaviləsi üzrə 30.000 manat limitdən onun müraciəti ilə ayrılmış 17.000 manat kreditə görə yaranmış 9.846,60 manat əsas, 417,26 manat faiz, 986,51 manat dəbbə pulu, cəmi 11.250,37 manat məbləğində pulun və ödənilmiş 124 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia işin yuxarıda göstərilən faktiki hallarına istinad edilməklə əsaslandırılmışdır.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 1034/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 9.846,60 manat əsas, 417,26 manat faiz, 986,51 manat dəbbə pulu olmaqla, ümumilikdə 11.250,37 manat pulun və ödənilmiş 124 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. (hakim X7)
5. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh “Borcverən” "xxxx" ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Nəticə etibarilə, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin şərtləri və MM-in 421, 462, 739 və 741-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 9.846,60 manat əsas, 417,26 manat faiz, 986,51 manat dəbbə pulu olmaqla, ümumilikdə 11.250,37 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində zəruri sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv təkzibetmə funksiyası həyata keçirilməmişdir. Bu səbəbdən həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinin tələblərinə istinadən belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 124 manat məhkəmə xərci də cavabdehə aid edilməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci, 462ci, 739-cu, 741-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 119.1ci maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunun tələbinə görə məhkəmə işin halarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Lakin hazırki işdə məhkəmə bu maddi hüquq normasını pozaraq, dəbbə pulunun azaldılıb-azaldılmamasına qiymət vermədən, yalnız Mülki Məcələnin 462.1-ci maddəsinə istinad etməklə iddia tələbində dəbbə pulu kimi qeyd edilən məbləği tam olaraq ondan tutmuşdur. Məhkəmə cavabdehin borcdan hər hansı miqdarda ödəniş edib etməməsini yoxlamamış, onun bunda təqsirinin olub-olmaması istiqamətində qiymətləndirmə aparmamışdır. Bundan başqa birinci instansiya məhkəməsi cavabdehin məhkəmə baxışında iştirakını təmin etməmiş, işə cavabdehi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etmədən, məhəkəmə prosesində onun iştirakını təmin etmədən baxmışdır. Nəticədə cavabdeh öz müdafiəsini qura bilməmiş, iddiaya qarşı etirazını və etirazının əsası kimi istinad etdiyi hallara dair sübutlarını təqdim etmək imkanından məhrum olmuşdur. Buna görə məhkəmə yalnız iddia tərəfinin təqdim etdiyi sübutları birtərəfli qayda qiymətləndirməklə qətnamə çıxarmışdır. Bu da qeyd edilən prosessual hüquq normalarının pozuntusunu göstərir. Həmçinin, birinci instansiya məhkəməsi iddianı təmin edərkən, borcun məbləğini xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasın müəyyən etmiş, cavabdehin borcun məbləğindən ödəniş edib etməməsinə aydınlıq gətirməmişdir. Həmçinin borcun məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb edən sahə olduğundan məhkəmə öz təşəbbüsü ilə də ekspertiza təyin edib, borcun məbləğini müəyyən etmək imkanında olsa da, bu prosessual imkandan istifadə etməmişdir. Halbuki borcun məbləğinin müəyyən edilməsində yalnız maliyyə arayışına istinad edilməsi düzgün hesab edilə bilməz. Çünki maliyyə arayışını borcun məbləğinin daha çox olmasında maraqlı olan bank tərtib etmişdir. Buna görə də işə apellyasiya qaydasında baxılarkən mühasibat ekspertizasının keçirilməsi və borcun məbləğinin ekspert rəyinə əsasən müəyyən edilməsi zəruridir. Ekspertiza təyin edilərsə, cavabdehin etdiyi ödənişlər nəzərə alınacağı halda, borcun məbləğinin azalacağı cavabdehdə şübhə doğurmur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İş üzrə xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.
11. İş üzrə xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.4-cü maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur; 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında əks etdirilən hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyinpozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Qərarda həmçinin göstərmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni cavabdehdən iddiaçının xeyrinə tutulan faiz, dəbbə pulu və ümumi borcun, habelə dövlət rüsumunun məbləği hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə qismən təmin edilməlidir.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 14% dərəcəsi ilə faiz ödəmək və 36 ay müddətinə qaytarmaq şərti ilə 17.000 manat (xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə ümumilikdə ayrılmış 30.000 manat limitdən) məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğlərdə krediti qaytarmağı, habelə kredit məbləğinə hesablanmış faiz məbləğini və gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış dəbbə pulunu ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirə bilməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə bildiriş (pretenziya məktubu) göndərilərək, həmin müqavilə üzrə xx.xx.2024-cü il tarixə yaranmış borc məbləği barədə məlumat verilmiş və həmin məbləğin 3 iş günü müddətində ödənilməsi təklif edilmiş, əks halda həmin borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin bu da bir nəticə verməmiş, öhdəlik bundan sonra da lazımi qaydada icra edilməmişdir. İddiaçı həmin müqavilə üzrə cavabdehin xx.xx.2024cü il tarixə 9.846,60 manat əsas, 417,26 manat faiz, 986,51 manat dəbbə pulu, cəmi 11.250,37 manat borcunun yarandığını iddia edərək, bu məbləğin cavabdehdən tutulmasını tələb etmişdir.
20. Cavabdeh iddia üzrə tələb edilən borcun düzgün hesablanmadığını, o cümlədən ödənişlərinin tam müəyyən edilmədiyini, habelə onun borcun yaranmasında təqsirinin olub-olmaması istiqamətində qiymətləndirmənin aparılmadığını bildirir və bu səbəbdən iddianın rədd edilməsini tələb edir.
21. Lakin cavabdeh öz mövqeyinə uyğun olaraq qeyd edilən müqavilə üzrə ödənişləri əks etdirən hər hansı sübut təqdim edə bilmir. Məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsindəki icraatda iştirak etməməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkilinə ödənişləri əks etdirən sübutları təqdim etməyi təklif etmiş və buna şəraitin yaradılması məqsədi ilə işə baxılması təxirə salınmışdır. Lakin yenə də hər hansı sübut təqdim edilməmişdir. Buna baxmayaraq, araşdırma nəticəsində apellyasiya şikayətinin dəlilləri də nəzərə alınaraq, iş üzrə məhkəmə-muhasibat ekspertizası təyin edilmiş və aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli, 9/2818 saylı ekspert rəyində həmin kredit müqaviləsinin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixə Cavabdeh İddiaçı ASC-yə 9.846,62 manat əsas, 411,49 manat faiz borcunun yarandığı göstərilmişdir. Nəticə etibarı ilə cavabdehin həmin kredit müqaviləsi üzrə borcunun olduğu həm iddiaçı tərəfindən təqdim edilmiş mühasibat sənədləri, həm də ekspert rəyi ilə öz təsdiqini tapmışdır.
22. Bununla belə, məhkəmə kollegiyası vurğulayır ki, mülki qanunvericiliyin bu sahəni tənzimləyən yuxarıda göstərilən və digər aidiyyəti normalarının tələbləri, habelə müqavilə şərtləri baxımından tərəflər arasında kredit müqaviləsindən irəli gələn münasibətlər yaranmış və həmin münasibətlər çərçivəsində iddiaçı tərəfindən cavabdehə 17.000 manat məbləğində pul vəsaiti kredit qismində verilmişdir. Lakin cavabdeh bu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.
23. Məhkəmə kollegiyası iddia üzrə tələb edilən əsas borc məbləğinə münasibətdə iş materiallarında olan muhasibat sənədlərini, habelə mötəbər sübut kimi qəbul etdiyi ekspert rəyini əsas götürüb, eyni zamanda, əsas borcun daha az olmasını təsdiq edən hər hansı sübutun cavabdeh tərəfindən təqdim edilmədiyini nəzərə alıb, belə qənaətə gəlir ki, qeyd edilən kredit müqaviləsi üzrə məhz iddia edilən, yəni 9.846,60 manat (ekspert rəyində 2 qəpik artıq, yəni 9.846,62 manat əsas borcun yarandığı göstərilsə də, məhkəmə mübahisəyə iddia tələbi həcmində baxdığından iddia üzrə tələb edilən məbləği əsas götürmüşdür) məbləğində əsas borc yaranmışdır. Birinci instansiya məhkəməsi də haqlı olaraq cavabdehdən iddiaçının xeyrinə həmin məbləğdə əsas borc tutmuşdur.
24. Məhkəmə kollegiyası cavabdehdən tələb edilən faiz borcunun hesablandığı tarixlə bağlı qeyd edir ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə bildiriş (pretenziya məktubu) göndərərək, müqavilə üzrə həmin tarixə 9.846,60 manat məbləğində əsas, 417,26 manat məbləğində faiz və 986,51 manat məbləğində cərimə borcunun yarandığını bildirmiş və bu borc məbləğini 3 iş günü müddətində ödəməsini təklif etmiş, əks halda müqavilənin şərtlərinə əsasən həmin borcun ödənilməsi üçün tərəflərindən tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. Həmin bildiriş xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanı (cavabdehin qeydiyyatda olduğu ünvan) üzrə “İbrahimova” soyadlı şəxs tərəfindən qəbul edilmişdir.
25. Bununla belə, iddiaçı artıq xx.xx.2024-cü il tarixdə cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması ilə əlaqədar hüquqi nəticə etibarı ilə müqavilənin ləğv edilməsi ilə bağlı iradə ifadəsini cavabdehə yazılı qaydada bildirmiş və bunun üçün 3 iş günü müəyyən etməklə, həmin müddət ərzində də bütün borcun ödənilməsini tələb etmişdir. Həmin məsələni özündə əks etdirən bildiriş xx.xx.2024-cü il tarixdə cavabdehin ünvanı üzrə təqdim edilmişdir. Bu baxımdan müqavilə xx.xx.2024-cü il tarixdə birtərəfli qaydada ləğv edilmişdir. Lakin bu hal xx.xx.2024-cü il tarixdən sonra baş vermişdir. Bu səbəbdən məhkəmə kollegiyası faiz borcunun xx.xx.2024-cü il tarixə hesablanmasını məqbul hesab edir.
26. Məhkəmə kollegiyası iddia edilən faiz borcunun məbləği ilə bağlı muhasibat sənədlərini ekspert rəyi ilə müqayisəli şəkildə təhlil edib, bu hissədə də ekspert rəyini mötəbər sübut kimi qəbul edib, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 417,26 manat məbləğində faiz borcunu tutmaqda haqlı olmamışdır. Kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış faiz borcu qismində, cavabdehdən iddiaçının xeyrinə məhz ekspert rəyində göstərilən 411,49 manat məbləğində pul tutulmalıdır.
27. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, kredit müqaviləsinə əsasən ödənişlərin gecikdirilməsinə yol verildiyi halda günlərin sayından asılı olaraq (1-11-ci gecikmə günü / 11-ci gecikmə günündən sonra) gecikdirilmiş məbləğin 0,1/1 faiz həcmində dəbbə pulunun tətbiq edilməsi barədə tərəflər razılığa gəlmişdilər. Bu razılaşma yazılı şəkildə həmin müqavilədə öz əksini tapmışdır. Hazırda da iddiaçı müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 986,51 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir.
28. Məhkəmə kollegiyası işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kreditin, habelə aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alıb, birinci instansiya məhkəməsinin bu hissədə mövqeyi ilə razılaşmır və belə qənaətə gəlir ki, cavabdehə kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək dəbbə pulu hesablanmışdır. Bu səbəbdən iddiaçı tərəfindən kredit müqaviləsi üzrə hesablanmış dəbbə pulunun məbləği endirilərək, 500 manat məbləğində müəyyən edilməli, məhz həmin məbləğdə dəbbə pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
29. Məhkəmə kollegiyası iddianın təmin edilmiş hissəsinin qiymətini (9.846,60 + 411,49 + 500 = 10.758,09) nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun 122,25 manat hissəsinin əvəzi tutulmalı, qalan 1,75 manat hissəsi iddiaçının özünə aid edilməlidir.
30. Məhkəmə kollegiyası ekspert rəyində göstərilən əsas və faiz borcunun məbləği ilə iddia üzrə tələb edilən əsas və faiz borcunun məbləği arasında yaranmış fərqi (cəmi 5,77 manat) nəzərə alıb, belə qənaətə gəlir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti tam şəkildə Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
31. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan faiz, dəbbə pulu və ümumi borcun, habelə dövlət rüsumunun məbləği hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 411,49 manat məbləğində faiz, 500 manat məbləğində dəbbə pulu, cəmi 10.758,09 manat (9.846,60 manat əsas borc + 411,49 manat faiz borcu + 500 manat dəbbə pulu) məbləğində borc və ödənilmiş dövlət rüsumunun 122,25 manat hissəsinin əvəzi tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
32. Hazırkı iş üzrə apellyasiya şikayətinə uyğun olaraq borcun silinən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan iddiaçı qətnamədən kassasiya şikayəti verə bilməz.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-1034/2025 nömrəli qətnaməsi Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulan faiz, dəbbə pulu və ümumi borcun, habelə dövlət rüsumunun məbləği hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 411,49 (dörd yüz on bir manat, qırx doqquz qəpik) manat məbləğində faiz, 500 (beş yüz) manat məbləğində dəbbə pulu, cəmi (əsas borcun 9.846,60 manat olması nəzərə alınmaqla) 10.758,09 (on min yeddi yüz əlli səkkiz manat, doqquz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 122,25 (bir yüz iyirmi iki manat, iyirmi beş qəpik) manat hissəsinin əvəzi tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Cavabdeh Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.