Məhkəmə qərarları › İş №2(103)-222/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-222/2020

19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-222/2020 19.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Etibar Qəzənfər oğlu Nəbiyev və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə iddiaçının nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-633/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4671/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: (Birinci mülki iş) İddiaçı «xxxx» MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən “Samsung” markalı paltaryuyan üçün 109 manat ödənilməmiş hissə, 60 manat dəbbə pulu, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən “Midea” markalı soyuducu, yeni qızıl zəmanət (məişət) 2 il üçün 1309 manat ödənilməmiş hissə, 1200 manat dəbbə pulu və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)- 633/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh xx xxxxxx 2016-cı il tarixli K227460 №-li müqaviləyə əsasən 109 manat ödənilməmiş borc, 10 manat dəbbə pulu, xx xxx 2017-ci il tarixli Kİ04600 №-li müqaviləyə əsasən 1309 manat ödənilməmiş borc, 20 manat dəbbə pulu olmaqla, cəmi 1448 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 1478 manat məbləğində pul vəsaitinin alınaraq «xxxx» MMC-yə ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. (İkinci mülki iş) İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Midea” markalı soyuducunun alınmasına dair İddiaçı MMC ilə arasında bağlanılmış xx xxx 2017-ci il tarixli K104600 nömrəli, “Samsung” markalı paltaryuyan maşının alınmasına dair xx xxxxxx 2016-cı il tarixli K227460 müqavilələrin ləğv edilməsi, MMC tərəfindən ona və ailə üzvlərinə vurulmuş maddi ziyana görə 2478 manatın, mənəvi ziyana görə 5000 manatın və iddia tələbinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(004)- 4671/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx xxx 2017-ci il tarixli K104600 saylı müqavilənin ləğv edilməsi, İddiaçı MMC-dən vurulmuş mənəvi ziyana görə 200 manat məbləğində pulun və 1 manat dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Cavabdeh İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh əldə etdiyi soyuducu 2017-ci ilin oktyabr ayında ondan təhvil alınmış, servis mərkəzində diaqnostika edilmiş və zəmanət talonuna uyğun olaraq ödənişsiz şəkildə təmir edilərək tam işlək vəziyyətə gətirilmişdir. Yəni İddiaçı MMC zəmanət talonu üzrə öhdəliklərini tam şəkildə icra etmişdir. Soyuducu daha öncədən ünvanda diaqnostika edilmiş, lakin iddiaçının çoxsaylı müraciətlərindən sonra servis mərkəzinə aparılmışdır. İddiaçının da məlumatlandırılması və razılığı ilə soyuducu ünvandan götürülmüşdür. Lakin iddiaçı təmir edildikdən sonra soyuducunu qəbul etməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin xx.xx.2017-ci il tarixli zəmanət talonu üzrə öhdəliklərini icra etmədiyini əsaslandırmaq istəmiş, lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının soyuducudan imtina etməsi onu soyuducu ilə bağlı ödənişləri etmək öhdəliyindən azad etmir. Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)-633/2019 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh öz öhdəliklərini icra etməmiş və müqavilə şərtlərini pozmuşdur. Həmin iş üzrə məhkəmə araşdırması zamanı Cavabdeh soyuducu ilə bağlı qeyd etmişdir ki, xx xxxxxxx 2017-ci il tarixində təhvil-təslim aktı ilə soyuducu təmir edilməsi üçün ondan alınmış, lakin uzun müddət gözləsə də, bir xəbər çıxmamış və yeni soyuducu almışdır. Göründüyü kimi, Cavabdeh özü də etiraf edir ki, soyuducu ondan təmir üçün təhvil alınmış və buna dair razılığı olmuşdur. Həmçinin Sabunçu Rayon Məhkəməsində də Cavabdeh soyuducu ilə bağlı etirazı olmuş və buna həmin məhkəmə araşdırması zamanı qiymət verilmişdir. Həm Mülki Məcəllənin 624-cü, həm də “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin tələblərinə uyğun iddiaçı öz seçim imkanından istifadə etmiş, soyuducuda yaranmış qüsurun təmir edilməklə aradan qaldırılmasını istəmiş, cavabdeh də zəmanət öhdəliklərinə və qanunvericiliyin tələblərinə əsasən iddiaçının (istehlakçının) seçimini həyata keçirmişdir. Məhkəmə isə həmin hallara diqqət etməmiş, formal mülahizələrə əsaslanmış, soyuducunun təmirinin də iddiaçının seçimi ilə olmasını nəzərdən qaçırmışdır. İddiaçı həm malın təmirini, həm də sonradan müqavilənin ləğv edilməsini seçir və eyni anda iki seçimdən istifadə etməklə İddiaçı MMC-nin hüquq və mənafelərini pozur. Məhkəmə isə soyuducunun təmir edilməsini ona keyfiyyətsiz mal satılma kimi qiymətləndirmiş, bunu rəhbər tutaraq iddianı qismən təmin etmiş, halbuki iddiaçının istehlakçı kimi malın əvəzsiz təmir edilməsini seçmək hüququ vardır və iddiaçı bu hüququndan istifadə etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(103)-906/2020 saylı qərardadı ilə həmin mülki işlər bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 və Cavabdeh özlərinin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, İddiaçı MMC-nin apellyasiya şikayəti isə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin əsaslığı tam, Bakı şəhəri Yasamal Rayon Məhkəməsininxx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin əsaslığı isə yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxxxx 2016-cı il tarixli K227460 nömrəli müqavilə bağlanmış və müqaviləyə əsasən alıcı Cavabdeh satıcı İddiaçı MMC-dən 12 ay müddətinə hər ay 109 manat ödəmək şərti ilə dəyəri 1373 manat olan “Samsung WW70K62E00SDLP” modelli paltaryuyan maşın almışdır. Həmçinin həmin tərəflər arasında xx xxx 2017-ci il tarixli K104600 nömrəli müqavilə bağlanmış və müqaviləyə əsasən alıcı Cavabdeh satıcı İddiaçı MMC-dən 12 ay müddətinə hər ay 119 manat ödəmək şərti ilə dəyəri 1583 manat olan “Midea HD- 585FWE” İNOX modelli soyuducu almışdır. Həmin müqavilə üzrə alıcı Cavabdeh xx.xx.2017-ci il tarixli 1 illik zəmanət talonu verilmişdir. xx xxxxxxx 2017-ci il tarixli 653 saylı təhvil-təslim aktına əsasən “Midea HD-585FWE” modelli soyuducu Cavabdeh geri təhvil alınmışdır. Həmin aktda qeyd olunmuşdur ki, əzik, cızıx yoxdur, problem su verir. «xxxx» MMC bildirir ki, 2017-ci ilin avqust-sentyabr aylarında cavabdeh şirkətə müraciət edərək soyuducunun dəyişdirilməsini xahiş etmişdir. Cavabdehə məhsulun təmir edilməsi təklif edilsə də o, buna razı olmamışdır. Cavabdeh sonradan təmirə razı olduqdan sonra xx xxxxxxx 2017-ci il tarixdə soyuducu cavabdehdən təhvil alınaraq təmirə göndərilmişdir. ATL X4 tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli texniki rəyə əsasən soyuducunun xarab olmuş əritmə datçiki yenisi ilə əvəzlənmişdir. Bundan sonra cavabdehlə əlaqə saxlanılaraq soyuducunu təhvil alması bildirilmiş, lakin o, məhsulu götürməkdən imtina etmişdir. Hazırda soyuducu şirkətin anbarında saxlanılır. Cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuş, nəticədə xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən “Samsung” markalı paltaryuyan üçün 109 manat ödənilməmiş hissə, 60 manat dəbbə pulu və xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən “Midea” markalı soyuducu üçün 1309 manat ödənilməmiş hissə, dəbbə puluna görə 1200 manat borcu yaranmışdır. Cavabdeh həmin iddiaya etiraz edir və yeni iddia irəli sürərək bildirir ki, paltaryuyan maşın qüsursuz işləsə də, soyuducu İddiaçı MMC-yə məxsus “Kontakt Home” mağazasının işçiləri tərəfindən evlərinə quraşdırılan gündən bir neçə gün sonra normal işləməmişdir. Belə ki, soyuducu su vermişdir. Bundan iki gün sonra onun əri mağazaya gedərək soyuducunun bu qüsurları barədə məlumat vermişdir. Həmin müraciətdən bir ay sonra “xxxx” MMC-dən evə servis işçisi gəlmişdir. O, soyuducuya baxıb onun buzxanasının ərzaqla doldurulmasını məsləhət etmiş və bundan sonra heç bir problemin olmayacağını bildirmişdir. O, ustanın dediyi kimi etsə də, heç bir müsbət nəticə olmamışdır. Həmin müddətdən etibarən soyuducudan istifadə edə bilməmişdir. Bununla əlaqədar “Kontakt Home” mağazasına dəfələrlə müraciət olunsa da, yararsız avadanlıq yenisi ilə əvəz edilməmiş və nasazlıq aradan qaldırılmamışdır. Ona görə də o, İddiaçı MMC-yə müraciət edərək, soyuducunun geri götürülməsini xahiş etmiş və yeni soyuducu almışdır. 2017-ci ilin oktyabr ayında soyuducu ondan cavabdeh tərəfindən təhvil alınmışdır. Soyuducudan istifadə edə bilməməsi nəticəsində 2478 manat dəyərində ərzaqları xarab olmuşdur. Bundan başqa hesab edir ki, soyuducuya görə iddiaçıya ödədiyi pul paltaryuyana görə iddiaçıya qalan borcundan çıxılmalıdır. Eyni zamanda İddiaçı MMC-nin iddiasına dair etiraz edərkən Cavabdeh bildirmişdir ki, soyuducu təmir edilməsi üçün ondan geri alınmış, xeyli müddət gözləmiş, şirkətdən ona heç bir məlumat verilmədiyinə görə yeni soyuducu almışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiası qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqısatqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Lakin hazırki işdə mübahisəsiz qaydada müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh satılmış “Midea HD-585FWE” İNOX modelli soyuducuda qüsur aşkar edilmiş və xx xxxxxxx 2017-ci il tarixdə Cavabdeh geri alınmışdır. İddiaçı Cavabdeh öz iddiası üzrə soyuducunun dəyişdirilməsi üçün təhvil verdiyini bildirsə də, İddiaçı MMC-nin iddiasına etirazda soyuducunun təmir üçün verdiyini bildirmişdir. Ona görə də, soyuducunun məhz təmir üçün verildiyi qəbul edilir. Bununla yanaşı soyuducuda olan nasazlığın hansı müddətdə aradan qaldırıldığı və bu barədə alıcıya məlumat verilib-verilmədiyi işin mübahisələndirilən hallarıdır. Belə ki, Cavabdeh xeyli müddət gözlədiyini və heç bir məlumat almadığına görə 2018-ci ilin fevral ayında yeni soyuducu aldığını bildirir. İddiaçı MMC isə bildirir ki, soyuducu xx xxxxxx 2017-ci il tarixdə təmir olunmuşdur. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən bu faktı sübut etmək vəzifəsi İddiaçı MMC-yə aiddir və o, sübutetmə vəzifəsini yerinə yetirmək üçün ATL X1 xx xxxxxx 2017-ci il tarixli texniki rəyin surətini təqdim etmişdir. Lakin həmin rəydəki məlumatın (soyuducunun təmir edilməsi barədə) Cavabdeh çatdırılmasını, həmçinin soyuducunu təhvil vermə barədə təklif edilməsini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Mülki işin 41-ci vərəqəsində olan İddiaçı MMC tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli 9241 saylı məktub isə bu halları təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin məktubda müştəri ilə telefon əlaqəsinin saxlanması, lakin müştərinin məhsulu götürməkdən imtina etməsi göstərilsə də, bunu təsdiq edən heç bir sübut (telefon zənglərini təsdiq edən çıxarış, arayış və s.) təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, İddiaçı MMC üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və qeyd olunan halları sübut edə bilməmişdir. Eyni zamanda mülki işin 24-25-ci vərəqələrində olan məktubun göndərilməsini təsdiq edən poçt qəbzindən və məktubdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh pretenziya məktubu göndərilmiş və satılmış əşyaların dəyərinin ödənilməsi təklif olunmuşdur. Həmin məktub xx.xx.2017-ci il tarixli olsa da, poçt orqanına xx.xx.2017-ci il tarixdə təhvil verilmişdir. Həmin tarixdə isə İddiaçı MMC-nin bildirdiyinə görə artıq soyuducu təmir olunmuş və bu barədə texniki rəy tərtib olunmuşdur. Lakin həmin məktubda bununla bağlı heç bir məlumat göstərilməmişdir. Qeyd olunanları qiymətləndirərək kollegiya hesab edir ki, Cavabdeh soyuducunun təmir edilməsi barədə məlumat verilməmiş və ona soyuducunu təhvil vermə barədə təklif edilməmişdir. Mülki Məcəllənin 587.2 və 587.2.1-ci maddələrində isə təsbit olunmuşdur ki, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Həmçinin “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə görə istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Hazırkı işin də halları ondan ibarətdir ki, soyuducuda olan qüsurlar ağlabatan müddətdə aradan qaldırılıb alıcıya təhvil verilməmişdir. Hamıya bəlli olan və sübuta ehtiyacı olmayan hal isə ondan ibarətdir ki, məişətdə zəruri hesab edilən əşyalardan biri soyuducu hesab edilir və onun uzun müddət olmaması insan üçün kifayət qədər çətinliklər yaradır. Ona görə də, Cavabdeh ilk olaraq soyuducunun təmir edilməsi üçün təhvil versə də, sonradan soyuducuda aşkar olunan qüsurun uzun müddət aradan qaldırılmadığını əsas götürərək alqı-satqı müqaviləsinin icrasından imtina etməkdə haqlı olmuşdur. Mənəvi zərərin ödənilməsi barədə tələblər isə qismən əsaslıdır. Belə ki, “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və X6 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 10-cu bəndində isə göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunan halları və analoji işlər üzrə məhkəmə təcrübəsini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, mənəvi zərərin əvəzi kimi 200 manat ağlabatan və ədalətli məbləğ kimi müəyyənləşdirilməlidir ki, birinci instansiya məhkəməsi də düzgün olaraq həmin məbləğ həcmində iddianı təmin etmiş, qalan hissədə isə rədd etmişdir. Həmçinin kollegiya hesab edir ki, “xxxx” MMC tərəfindən irəli sürülmüş iddia rədd edilməlidir. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Lakin hazırki işdə əşyaların dəyərinin Cavabdeh tutulması üçün heç bir əsas mövcud deyildir. Belə ki, xx xxx 2017-ci il tarixli K104600 nömrəli müqavilə üzrə soyuducu “xxxx” MMC-yə geri qaytarılmış və tərəflər arasındakı müqavilə ləğv olunmuşdur. Belə olan halda isə “xxxx” MMC heç bir halda həmin soyuducunun ödənilməmiş dəyərini Cavabdeh tələb edə bilməz. Həmçinin kollegiya hesab edir ki, “Samsung” markalı paltaryuyan üçün 109 manat əsas, 60 manat dəbbə pulunun tutulması barədə tələblər də rədd edilməlidir. Belə ki, “xxxx” MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxx 2018-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh tərəfindən “Midea HD-585FWE” modelli soyuducuya görə ümumilikdə 274 manat ödənilmişdir. Yuxarıda da qeyd olunduğu kimi həmin müqavilə artıq ləğv edilmişdir. Mülki Məcəllənin 540.1-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, Cavabdeh paltaryuyan maşın üçün yaranmış 169 manat məbləğində borcu, soyuducuya görə ümumilikdə ödədiyi 274 manat məbləğin müvafiq hissəsi ilə əvəzləşdirilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, xx xxxxxx 2016-cı il tarixli K227460 nömrəli müqavilə üzrə borcun tutulması barədə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cavabdeh İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-633/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən “Samsung” markalı paltaryuyan üçün 109 manat ödənilməmiş hissə, 60 manat dəbbə pulu, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən “Midea” markalı soyuducu üçün 1309 manat ödənilməmiş hissə, 1200 manat dəbbə pulu və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə iddia rədd edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4671/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar