Məhkəmə qərarları › İş №2(103)-222/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-222/2025

19.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-222/2025 19.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi ziyan ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, X3 Əziz qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı "Azəriqaz" İB tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 19 yanvar 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 04/5811 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsi"nin 1-ci maddəsinə əsasən, Paylayıcı həmin Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir. Cavabdehə xx.xx.2018-ci il tarixli 000344 saylı akt əsasında 331,80 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 20,20 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; - xx.xx.2018ci il tarixli ******* saylı akt əsasında 230,40 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 97,20 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 97,20 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 210 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 84 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 8812,80 manat, cəmi 11537,80 manat məbləğində "Azəriqaz" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmçinin, 2020-ci ilin mart-dekabr ayları üzrə 546,70 manat sərfiyyat borcu və limitdən əlavə 14,70 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 840,05 manat sərfiyyat borcu və limitdən əlavə 24,10 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 694,70 manat sərfiyyat borcu və limitdən əlavə 51,55 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-mart ayları üzrə 13,56 manat sərfiyyat borcu, cəmi 2185,36 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin mart ayından 2023-cü ilin oktyabr ayına qədər cavabdeh 10 manat məbləğində ödəniş etmişdir. Qeyd olunanlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 2165,36 manat məbləğində debitor borcu mövcuddur. Beləliklə, cavabdehin "Azəriqaz" İB-yə ödənilməli borc məbləği hazırda "Abonentin saldo”su üzrə ümumi 13703,16 manat təşkil etməkdədir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "Azəriqaz" İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı "Azəriqaz" İB-yə vurulmuş 11537,80 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 2165,36 manat pulun və 131,11 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 13834,27 manat pulun cavabdehdən tutularaq iddiaçı "Azəriqaz" İB-nin Azərbaycan X2 şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2023-cü ildə 04/5811 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə"si imzalanmış və həmin Müqavilə əsasında "Azəriqaz" İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana "Azəriqaz" İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən Müqavilənin 2.3.2-ci yarımbəndinin (həmin Müqavilənin və "X1"nın tələblərinə əməl etmək) və "X1"nın tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-951/2024 saylı iş üzrə 06 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Paşayeva) iddia qismən təmin edilmiş, cavabdehdən "Azəriqaz" İB-yə vurulmuş 331,80 manat məbləğində zərər, təbii qazdan istifadəyə görə hesablanmış 2165,36 manat debitor borc, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 23,88 manat hissəsi, ümumilikdə 2521 manat 04 qəpik məbləğində pulun iddiaçının xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun qalan 107,23 manat hissəsinin iddiaçıya aid edilməsi, tutulmuş məbləğin İddiaçı Azərbaycan X2 şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, xx.xx.2023-cü il tarixli "Abonent saldosu"na əsasən **********10000 abonent kodu olan Cavabdeh 2020-ci ilin mart-dekabr ayları üzrə 546,70 manat sərfiyyat borcu və limitdən əlavə 14,70 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 840,05 manat sərfiyyat borcu və limitdən əlavə 24,10 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 694,70 manat sərfiyyat borcu və limitdən əlavə 51,55 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-mart ayları üzrə 13,56 manat sərfiyyat borcu, cəmi 2185,36 manat borcu mövcuddur. Cavabdehin təbii qazdan istifadəyə görə borcu 2175,36 (2185,36 – 10 = 2175,36) manat təşkil etsə də, iddiaçı 2165,36 manat pulu tələb edir. Beləliklə, cavabdeh təbii qazdan istifadəyə görə 2165,36 manat pulu iddiaçıya ödəməlidir. Aktlar əsasında sayğacdankənar təbii qazdan istifadə etməsinə görə istehlakçıya 11537,80 manat borc hesablanmışdır. Tərtib edilmiş aktlarda cavabdehin imzasının olmadığını, ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alınır. Həmçinin, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkündür. Beləliklə məhkəmə hesab etmişdir ki, iddia qismən, yəni təqdim edilən aktlar arasında yalnız qanunsuz qoşulmanın aşkar olunma faktına görə ilk tərtib olunmuş xx.xx.2018-ci il tarixli 000344 nömrəli akt üzrə təmin edilməli, həmin akt üzrə hesablanmış 331,80 manat pul cavabdehdən tutulmalıdır. Cavabdehin xx.xx.2023-cü ildə 16306,46 manat borcunun olmasına dair ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, həmin ərizə borcun etirafı kimi qəbul edilərək heç bir araşdırma aparmadan süni şəkildə şişirdilmiş borcun tutulması ilə nəticələnə bilər. Belə ki, cavabehə ərizə imzaladılarkən onun hüquqularının izah edilməsi ərizədə öz əksini tapmır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunmasını və iddia tələbinin həmin hissədə də təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2023-cü il tarixində İddiaçı İB-yə ərizə ilə müraciət edərək təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış dəymiş ziyan məbləğini və sayğac üzrə sərfiyyatla bağlı yaranmış debitor borc məbləğini, cəmi 16306,46 manat borcu qəbul etdiyini bildirmiş və onun hissə-hissə ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Göründüyü kimi, cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda 1-ci instansiya məhkəməsi iddia tələbini tam təmin etməyərək səhv nəticəyə gəlmiş, qismən əsassız qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

«Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir.

Apellyasiya baxışının hədləri

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

12. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı iddianın təmin olunmayan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

14. İşdən göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə borc hesablanarkən 20 akt əsas götürülmüşdür. Aktlarda cavabdehin sayğacdan kənar qaz xəttindən istifadə etdiyi qeyd olunmuşdur.

15. Məhkəmə kollegiyası iddia tələbinə düzgün qiymət verilməsi üçün ilk növbədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “X1”nın və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərini qeyd etməyi zəruri hesab edir.

16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

17. Birinci instansiya məhkəməsi birinci tərtib olunmuş akt - xx.xx.2018-ci il tarixli 000344 saylı akt əsasında 331,80 manat zərərin iddiaçının xeyrinə tutulmasını qət etmiş, digər aktlar əsasında zərərin tutulmasını əsassız hesab etmişdir. Məhkəmə borcun etirafı barədə cavabdehin ərizəsini mötəbər hesab etməmiş, bunun süni şəkildə şişirdilmiş borcun tutulması ilə nəticələnə biləcəyi qənaətinə gəlmişdir. Məhkəmə bu qənaətini cavabehə ərizə imzaladılarkən onun hüquqlarının izah edilməsinin ərizədə öz əksini tapmaması ilə əsaslandırmışdır.

18. Hazırda qətnamədən iddiaçı apellyasiya şikayəti verdiyindən qətnamənin əsaslılığı növbəti 19 akt üzrə zərər tutulması tələbi hissəsində yoxlanılır.

19. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 20,20 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 230,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 97,20 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 97,20 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat; - xx.xx.2020ci il tarixli ******* saylı akt əsasında 252 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 210 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 84 manat hesablanmışdır. Sözügedən aktlarda istehlakçının imzasının olması, fotoşəkillərin məhz iddiaçıya məxsus olan evə aid olması təsdiq olunmur. Bundan əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3/585 nömrəli, 18 iyul 2025-ci il tarixli rəyi ilə tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacıından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.

20. xx.xx.2023-cü il tarixli ******* saylı akta münasibətdə isə Kollegiya qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 25 .02.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa 13.8-1-ci maddəsi əlavə edilmiş və sözügedən maddə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir.

21. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, istinad olunan akt “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə yeni məzmunda 8-1-ci hissə əlavə edildikdən sonra tərtib olunmuşdur və həmin maddənin təsiri altına düşür. Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir.

22. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı məhz cavabdeh tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir sübut təqdim etməmiş, tələbini öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş rəy və aktla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 6.5-ci bəndinin yeni redaksiyasına görə də qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

24. Göründüyü kimi, Qanunun tələbinə əsasən istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin hazırkı işdə cavabdehin sayğaca müdaxilə etməsi, bunun nəticəsi olaraq qazın talanmasında təqsirli olması sübuta yetirilmədən iddiaçı cavabdehdən vurulmuş zərərin ödənilməsini tələb etmiş, abonentin saldosuna həmin zərərin məbləğini daxil etmişdir.

25. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mübahisəli ünvanda qaz sayğacı fərdi yaşayış evinin daxilində, yaxud həyətyanı torpaq sahəsində deyil, küçədə divara bərkidilməklə quraşdırılmışdır və iddiaçının mütəmadi olaraq həmin sayğacın normal işləyib-işləmədiyinə nəzarət etmək, lazım gəldikdə qanunla müəyyən olunmuş tədbirləri görmək imkanı olmuşdur. Lakin iddiaçı bununla bağlı qanunda nəzərdə tutulmuş hər hansı tədbir görməmişdir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «X1»nın 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

27. Baxılan iş üzrə cavabdeh fiziki şəxsdir. İddiaçı məhz cavabdeh tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir sübut təqdim etməmiş, tələbini öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş rəy və aktlarla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

28. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini əsassız sayır.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını müəyyən etməklə iş üzrə düzgün nəticəyə gəldiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

31. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 06 mart 2024-cü il tarixli tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar