Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2220/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: zərər tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı MMC-nin nümayənədəsi X1, Cavabdeh1 və onun vəkili Cavabdeh2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh1 qaşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5001/2023 saylı 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh1 administrator vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 515 saylı əmrə əsasən, Cavabdeh1 İddiaçı MMC tərəfindən xx.xx.2017-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir.
2. İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “X6 haqqında müqavilə”dən görünür ki, Cavabdeh1 maddi məsul şəxs olaraq ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işin layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürməsi və bununla bağlı vəzifələri icra etməyi barədə öhdəliyi öz üzərinə götürmüşdür.
3. 04.06.2021-ci il tarixli aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, OBA Sabunçu 5 mağazasında 2.809 manat məbləğində olan malların çatışmazlığı müəyyən edilmişdir, məsul şəxs kimi Cavabdeh1 qeyd edilmişdir və Cavabdeh1 həmin akta imza etmişdir.
4. xx.xx.2021-ci il tarixli aktivlər üzrə inventarizasiya siyahısından görünür ki, OBA Sabunçu 5 mağazasında 3.063 manat məbləğində olan malların çatışmazlığı müəyyən edilmişdir, məsul şəxs kimi Cavabdeh1 qeyd edilmişdir. Oba Market MMC tərəfindən xx.xx.2022-ci il tarixli imtina aktından görünür ki, inertarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş, məsul şəxs kimi Cavabdeh1 qeyd edilmiş, lakin Cavabdeh1 akt ilə tanış olmamış, onu imzalamaqdan imtina etmişdir. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2022ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 ilə bağlı təftiş yoxlaması nəticəsində xx.xx.2021-ci il tarixdə 2.113,23 manat və xx.xx.2021-ci il tarixdə 2.177,29 manat çatışmamazlıq müəyyən edilmiş, çatışmamazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 2546.33 manat borc qalmışdır.
5. xx.xx.2022-ci il tarixli, 15 saylı əmrə əsasən, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən xitam evrilmişdir.
6. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 2.546,33 manat məbləğində borcunu qısa müddət ərzində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəkdlr.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı MMC Cavabdeh1 qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2.546 manat və dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pulun Cavabdeh1 tutularaq MMC-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2020ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixli 515 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və “X6” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il il tarixli 15 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh1 iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində İddiaçı MMC-nin - OBA Sabunçu 5 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh1 Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2021-ci il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 2.177 (iki min bir yüz yetmiş yeddi) manat 29 (iyirmi doqquz) qəpik, xx.xx.2021-ci il tarixdə isə, “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 2.113 (iki min bir yüz on üç) manat 23 (iyirmi üç) qəpik məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 2.546 (iki min beş yüz qırx altı) manat 33 (otuz üç) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh1 hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 2.546 (iki min beş yüz qırx altı) manat 33 (otuz üç) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5001/2023 saylı 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 iş üzrə iddiaçı olan İddiaçı MMC-də işçi olduğundan və onlar arasında X6 barədə yazılı müqavilə bağlandığından, o, işəgötürən İddiaçı MMC-yə vurduğu maddi ziyana görə maddi məsuliyyət daşıyır. Buna görə də Cavabdeh1 işəgötürən İddiaçı MMC-yə vurduğu ziyanın faktiki həcminə uyğun olaraq tam ödəməlidir.
11. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2 və 1097.1-ci maddələri; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198, 200, 202 və 203cü maddələri; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5001/2023 saylı 27 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin etməklə əsassız nəticəyə gəlmişdir. Zərərin vurulması ilə bağlı düzgün qiymət verməmişdir. Ümumiyyətlə onun bildirdiklərinə heç bir əhəmiyyət verməmişdir. Tərəfindən təqdim edilən sənədləri qəbul etməyərək onları məhkəmə iclasında tədqiq etməmişdir. Halbuki, təbii fəlakət zamanı mağazada olan əmlaklar demək olar ki, yarasız hala düşmüşdür. Bu barədə dərhal yuxarı rəhbərliyə məlumat verib. Ümumiyyətlə İddiaçı MMC-nin e-mail poçtuna yazaraq məlumat verib. Bugünləri həmin məlumatlar onda var, birinci instansiya məhkəməsində hakimə təqdim edib. Lakin hakim şəkillərə baxaraq kifayətləndi və təqdim etdiyi fotoşəkillər ona qaytarıldı. Halbuki, iş materiallarına əlavə edilərək digər sübutlarla birlikdə qiymətləndirilməli idi. Təqdim etdiyi sübutlar işə aidiyyəti olmaqla mötəbər sübutlardır. Mötəbər sübutları qəbul etməyərək məhkəmə işi düzgün araşdırmamışdır. Ümumiyyətlə bu iş birtərəfli qaydada araşdırılmışdır. İddiaçıdə olan çatışmazlıqların ona heç bir aidiyyəti yoxdur. Oba marketdə mış və siçanlar daxil olmuşdur. Həmin ziyanverici heyvanlar mağazada xeyli əmlaklara ziyan vurmuşlar. Həmin əmlaklar barədə dərhal şəkilləri çəkilməklə yuxarı rəhbərliyə məlumat verilmişdir. Ancaq nədənsə onun verdiyi məlumatlar məhkəmənin işinə yaramadığı üçün sübut kimi qəbul edilməmişdir. Məhkəmə işi düzgün araşdırsaydı onda həqiqət üzə çıxardı və iş düzgün araşdırılardı. Ümumiyyətlə işdə düzgün aydınlaşdırılma aparılmamışdır. Təbii fəlakət zamanı dəymiş zərəin onun tərəfindən ödənilməsi əsassızdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Qeyd etmişdir ki, iddiaçı onu hər hansı nöqsana görə çıxarmayıb, özü işdən çıxıb. Sadəcə olaraq, cavabdeh onun qarşısında şərt qoydu ki (vitrin səliqəsizliyinə görə), səni başqa vəzifəyə təyin edəcəyik. O da həmin vəzifəni istəmədiyi üçün işdən azad olundu. Kəsrlə bağlı onu qeyd etmişdir ki, daxili prosedur və iş prinsipi fərqlidir. Hər şey telefona yönəldilir və telefon vasitəsilə idarə olunur. Keçən məhkəmə iclasında qeyd etdiyi kimi səliqə-sahman bir tərəfə, habelə işçi ehtiyacsızlığı da mühüm rol oynayır. Ştat vahidinə görə onda 4 işçisi olmalı idi. Lakin o, həmin işçiləri tam şəkildə bir arada görməmişdir. O, cavabdehdən işçi göndərilməsini istəmiş, lakin “bu gün-sabah” deyirdi. Bundan başqa, malların göndərilməsi, mağazanın səliqə-sahmana salınması, yeni işçiyə iş prinsipini öyrədənə kimi vaxt gedir. Bu işçinin heç bir məsuliyyəti yoxdur. Həmin işçi gəlib işləyir və ürəyi istədiyi vaxt işdən çıxır. Onlarda 3 aydan bir yoxlanış sayımı keçirilir. İşçi kassada səhv edib malın birini vurmayanda və ya oğurluq hadisəsi baş verəndə sayım günü üzə çıxır. Sayım günü səhər saat 8-dən axşam 1-2-yə kimi davam edir. Sonra onlara 3 gün vaxt verilir ki, malların sayında az və ya çox olmasını qeyd etsinlər. Sadəcə olaraq o bilmir ki, hansı stokda nə qədər mal düzəlibdüzəlməyib. Damı düzgün təmir etməmişdilər deyə iki mağazanı su basmışdır. Həmin vaxt o, məzuniyyətdə olduğu üçün və rəsmi aktlaşdırılmadığı üçün mağazada nə baş verdiyini bilməmişdir. Orada təmizliyə nəzarət mağaza müdirinin vəzifəsi idi. O, 1 ay kassir kimi işlədikdən sonra mağaza müdiri vəzifəsinə keçmişdir. Bu vəziyyətin yaranması səbəbi məsuliyyətsizlikdir. Rəhbərliyə problemlə bağlı rəsmi müraciət (e-mail formasında) olunub. O, orada iki ilə yaxın işləmiş və nə yeyinti, nə də başqa bir şeyə görə töhmət almamışdır. Yoxlamalarda o, öz narazılığını bildirmişdir. Sayım qrupu yenidən mağazasını saymağa gəlib. O sayımın keçirilmə səbəbi malların səhv sayılması ilə bağlı idi. Yekun aktda çatışmayan 2177 manatla əlaqədar münasibəti odur ki, prosedur sənəddə göstərilən qaydada getmir. Ondan həm satış istəyirlər, həm səliqə-sahman istəyirlər, həm də deyirlər ki, bu vaxt ərzində hansı malların yerinə olub-olmadığının müəyyənləşdirsin. Orada imza çəkməyinin səbəbi odur ki, ona düzəldəcəklərini demişdilər. 14 dekabr təhvil-təslim aktından, səhv etmirsə, 1 həftə əvvəl sayım qrupu gəldi, onlar saydıqdan sonra o, etiraz etdi ki, düzgün sayılmayıb. Birinci sayımı dəqiq deyə bilməz, çünki həmin vaxt ona nə qədər kəsr olduğunu təxmini deyiblər. Hər iki akta etirazını bildirmişdir. İltizamda qeyd etməməsinin səbəbi odur ki, onlar bunu e-maillər vasitəsilə göndərmişdi. Onun nöqsanı odur ki, o, işi rəsmiləşdirmədi. Gərək o, bunları bölgə müdirinə bildirib və bu işə baxanları qeyd edib göndərərdi. Sadəcə olaraq, onlar problemləri telefon vasitəsilə bölgə müdirinə bildirmişlər.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Qeyd etmişdir ki, mağazada video-kamera var. Mağazanın digər problemi odur ki, mallar mağazaya daxil olduqdan sonra məlumat kompyuterə daxil edilsə belə, bu baş idarənin mərkəzi kompyuterdə yoxdur. Bundan başqa burada deliktdən söhbət gedir. Cavabdehin təqdim etdiyi sənədlərin heç bir mənbəyi yoxdur. Bir işçi mağazada işə düzəlir və bundan 3 gündən sonra çıxıb gedir və burada məsuliyyət yoxdur. İşçi ilə maddi məsuliyyət müqaviləsi bağlanmır deyə işçiyə nəzarət etmək olmur və çıxıb gedir. Buna görə də bu daxildən araşdırılmalıdır. Bununla bağlı gərək məhkəmə tərəfindən ekspertiza təyin olunardı.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayənədəsi X1 apellyasiya şikayətinə etiraz edərək bilirmişdir ki, iki yoxlanış nəticəsinin birində birində 2.177 manat, digərində isə 2.113 manat qeyd olunub. İş materiallarının 131-ci səhifəsində qarşı tərəfin öz yazdığı iltizamdan görünür ki, qarşı tərəf sayımda iştirak edib, öz xətti ilə qeyd edib və sayımla bağlı heç bir etirazı olmamışdır. Hal-hazırda qarşı tərəf gecikdirilmiş sübutlar kimi məhkəməyə təqdim etdiyi şəkilləri, e-mailləri birinci instansiya məhkəməsində təqdim etməli idi. Bu gecikdirilmiş sübut hesab olunur və onlar tərəfdən qəbul edilmir. Maddi məsul şəxsin vəzifə təlimatı iş materiallarında var. Eyni zamanda adminstratorla X6 haqqında müqavilə bağlanır. Yəni öhdəsinə götürdüyü maddi nemətləri qoruyub saxlamalıdır. Mal satışı, mal qəbulu, malın xarab olması və bu kimi bütün prosedurlara dəqiq riayət olunmalıdır. Müntəzəm olaraq adminstratorların öhdələlərində olan maddi nemətlərin yoxlaması keçirilir. Hal-hazırkı məsələ ilə bağlı cavabdehdə yoxlanış keçirilib və çatışmazlıq aşkar olunub. Şəkillər ilə bağlı münasibəti odur ki, iki dəfə yoxlanış keçirilib. Bu yoxlanışların hər hansı birində qarşı tərəf bildirib ki, burda filan heyvan olub? Bu məsələləri iki yoxlanış keçiriləndə bildirilməli idi. Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən işçi ilə işəgötürən arasında maddi ziyanla bağlı məsələlərdə Əmək Məcəlləsi üstün tutulur. Əmək Məcəlləsində audit yoxlamasının keçirilməli olması kimi qeyd yoxdur, ona görə də onlar inventarizasiya yoxlaması keçirdilər. İkinci yoxlamaya ehtiyac olmasının səbəbi odur ki, yoxlama müntəzəm olaraq aparılıb. Birinci yoxlama zamanı maddi məsul şəxsin dəyişməsi baş verməyib. Sadəcə olaraq planlı yoxlama olub (maddi məsul şəxsin öhdəsində hansı əmlak var? hansı qiymətlər var? uçot məlumatlarında nə var?). 26 may 2021-ci ildə planlı yoxlama həyata keçirilib və maddi məsul şəxsin dəyişməsi baş verməyib. 14 dekabr 2021-ci ildə olan yoxlama isə maddi məsul şəxsin dəyişməsi məqsədilə baş verib. Ödənişləri birinci akta əsasən həyata keçirib, lakin hansı məbləğdə ödədiyini dəqiq bilmir. Eyni zamanda təbii itki normaları və digər güzəştlər nəzərə alınaraq yekun maliyyə arayışında 2.546 manat müəyyənləşib və iddia ərizəsi bunun əsasında qaldırılıb. 26 may 2021-ci ildə tərtib olunan akt 22 yanvar 2021-ci ildən 26 may 2021-ci ilə qədərki dövrü əhatə edir. 14 dekabr aktı isə 29 iyun 2021-ci ildən 14 dekabr 2021-ci ilə qədərki dövrü əhatə edir.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
22.21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnubərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiəedilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 24.1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsinşəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 25.1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrasızamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin
26.10.1-ci maddəsinə görə əmək müqaviləsi üzrə işçinin işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşıması əsas vəzifəsidir. 27.199-cu maddəsinə əsasən, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X6 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər bir dəfə lik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelədigər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada X6 daşıyırlar.
28. 200-ci maddəsinə əsasən, X6 daşınması barədə yazılı müqavilələrin bağlanması istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X6 daşıması barədə yazılı müqavilə bağlaya bilər. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla X6 barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. Bu maddənin birinci və ikinci hissələrində göstərilən X6barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır. - X6 barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibiolan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. 29.202.1-ci maddəsinə görə işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. 30.202.2-ci maddəsinə görə işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. 31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 17 iyul 2023-cü il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
32.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 33.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 34.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (81-ci maddə). 35.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları və etirazın dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir. 37.Məhkəmə kollegiyası qeyd edir ki, əmək qanunvericiliyinin tələblərinə görə, işəgötürən ona vurulan zərərin ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş zərərlə işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş zərərin həqiqi miqdarını araşdırır. İşçinin X6 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlaması təkbaşına çatışmayan mallara görə işçinin məsuliyyət daşıması üçün yetərli deyil. Konkret işçidə hansısa sərvətin faktik surətdə əksik gəlməsi hələ onun maddi məsuliyyətinin yaranması üçün əsas ola bilməz. Zərərin ödənilməsini təmin etmək haqqında qərar qəbul edənədək işəgötürən əmtəə-maddi sərvətlərin yoxlanmasını aparmağa borcludur, işçi isə onun aparılmasını tələb etmək hüququna malikdir. Araşdırmanın (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Zərərin vurulması faktı və onun miqdarı yoxlamanın nəticələri əsasında tərtib edilmiş sənədlə (yoxlama aktı ilə), əmlakın əksik gəlməsi invertarlaşdırma aktı ilə təsdiqlənməlidir. Zərərin yaranması səbəblərini və onun miqdarını təsdiq edən sənədlərin olmaması işəgötürəni bu zərərə görə işçinin üzərinə maddi məsuliyyət qoymaq imkanından məhrum edir. 38.Qeyd edilməlidir ki, işəgötürən ilə işçi arasında X6 haqqında müqavilənin bağlanmasının qanuniliyini və bu işçinin məsuliyyət daşıdığı sahədə çatışmazlığın olmasını sübut edərsə, sonuncu zərərin vurulmasında onun təqsirinin olmadığını sübut etməyə borcludur. 39.Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən əmək qanunvericiliyinin normalarının düzgün tətbiq edilmədiyini qeyd etmiş, zərərin yaranmasına səbəb kimi mağazada qəmiricilərin mövcudluğunu, damın düzgün təmir edilməməsi nəticəsində mağazanı su basdığını göstərmiş, bu barədə rəhbərliyi şifahi qaydada məlumatlandırdığını bildirmişdir. 40.Bu kontekstdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsi üzrə müəssisədə administrator kimi işə qəbul olunmuş, işlədiyi müddətdə işəgötürənə zərər vurulması halından tam maddi məsul olacağına dair üzərinə öhdəlik götürmüşdür. İşlədiyi müddət ərzində cavabdehin fəaliyyətinin yoxlanması üçün müvafiq yoxlamalar keçirilmiş, əmlakın əksik gəlməsi invertarlaşdırma aktları ilə təsdiqlənmiş, cavabdeh də yoxlamada iştirakı ilə əlaqədar iltizam imzalamışdır. Nəticədə çatışmayan məbləğ müəyyən olunmuş, işəgötürən tərəfindən həmin məbləğin bir hissəsinin ödənilməsinə dair məhkəmədə hazırkı tələb irəli sürülmüşdür. 41.Beləliklə iddiaçı əməlin qanunauyğunluğu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqə və dəymiş ziyanın həqiqi miqdarının müəyyən edilməsi ilə bağlı ondan tələb olunan araşdırmanı aparmış, borcun mövcudluğu və onun məbləği ilə bağlı yazılı sənəd tərtib etmişdir. Cavabdeh də tərtib olunmuş invertarlaşdırma aktları ilə tanış olmaqla kifayətlənmiş, həmin aktlarda qeyd edilənlərə hər hansı formada etiraz etməmiş, bu aktları mübahisələndirməmişdir. 42.Cavabdeh həmçinin apelyasiya şikayətində istinad etdiyi, mağazadakı əmlakın xarab olmasına səbəb olmuş hadisələrin qarşısını almaq məqsədilə məsul şəxs olaraq vəzifə təlimatına və maddi məsuliyyət haqqında müqaviləyə uyğun davrandığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Təqdim edilmiş fotoşəkillərdə mağazada qəmiricilərin mövcudluğu, mağazanı su basdığı aydındır. Lakin bu şəkillər əmlakın faktik surətdə əksik gəlməsi üçün onun maddi məsuliyyətinin yaranmadığını sübut etmir. 43.Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. 44.Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır 45.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 46.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 47.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5001/2023 saylı 27 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova