Məhkəmə qərarları › İş №2(103)-2222/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2222/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2222/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 1797/2020 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “xxxx” KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1175 manat əsas borc, 173,15 manat faiz borcu, 95,09 manat cərimə olmaqla, cəmi 1443,24 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya istehlak məqsədi ilə 60 ay müddətinə illik 27% ödəmək şərti ilə 1200 manat məbləğində kredit verilmiş, lakin cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazimı qaydada icra etməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 1797/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 1175 manat əsas borc, 173,15 manat faiz borcu, 95,09 manat cərimə olmaqla, cəmi 1443,24 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, maddi və prosessual hüquq normaları pozulmuşdur, onun iştirakı təmin edilməmiş, hesablanmış faiz və dəbbə pulunun şişirdilməsi araşdırılmamış, onun ödənişləri nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin dəlilləri ilə razılaşmayaraq, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh gəlmədiyinə görə, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, faiz və dəbbə puluna aid hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən (faiz və dəbbə pulu) hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarına əsasən, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 27 faiz dərəcəsi olmaqla, 1200 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kreditin qaytarılması və faizlərin ödənilməsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə onun banka xx.xx.2019-cu il tarixə 1175 manat əsas borc, 173,15 manat faiz borcu, 95,09 manat cərimə borcu, ümumilikdə 1443,24 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan aydın olur ki, cavabdeh iddiaçı tərəfindən borcun ödənilməsi barədə xəbərdar edilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Cavabdeh tərəfindən qətnamə faiz borcu və cərimə məbləğinə aid hissədə mübahisələndirilmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etdiyi faiz və dəbbə pulunun düzgün hesablanmaması və şişirdilməsi ilə bağlı Kollegiya qeyd edir ki, iş materialları, həmçinin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış ilə faiz və dəbbə pulu məbləğlərinin düzgün müəyyən olunduğu aşkardır. Cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrinin ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Apellyatorun irəli sürdüyü, məhkəmə tərəfindən çəkişmə prinsipinə riayət edilməməsi barədə dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki, müvafiq məhkəmə bildirişi cavabdehin qeydiyyatda olduğu ünvan üzrə göndərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hazırkı iddia tələbinə sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Belə olan halda apelyasiya şikayətinin bununla bağlı göstərilən dəlili əsassızdır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Beləliklə, Kollegiya hesab edir ki, cavabdeh tərəfindən apelyasiya şikayətində irəli sürülən mülahizələr yalnız formal mülahizələrdir və əsassızdır, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 1797/2020 saylı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar