Məhkəmə qərarları › İş №2(103)-2223/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2223/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2223/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-5835/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-5835/2020 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 24.110,52 manat əsas borc, 2.310,74 manat faiz borcu, cəmi 26.421,26 (iyirmi altı min dörd yüz iyirmi bir manat, 26 qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin dəyişdiriməsini, qalıq əsas borc məbləğinin və faizlərin müəyyən edilməsinə və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, şadlıq sarayının təmiri ilə bağlı bankdan kredit götürmüş, lakin bütün dünyada yayılmış koronovirus pandemiyasına görə tətbiq edilmiş karantin rejimi ilə bağlı fəaliyyət göstərmək, qazanc əldə etmək mümkün olmamışdır və bu səbəbdən də götürülmüş kreditin ödənişlərində çətinliklər yaranmışdır . İddiaçı tərəf bunu nəzərə almamış və faizləri dayandırmalı olduğu halda dayandırmamışdır və faizləri hesablamaqda davam etmişdir. Tərəfindən bir müddət aylıq ödənişlər edilmişdir və hesab edir ki, bu qədər əsas borcun və faiz borcunun olması mümkün deyildir. Bank tərəfindən əsassız olaraq edilmiş ödənişlər faizlərə hesab edilmiş, əsas borcdan çıxılmamışdır. Kreditor tərəfindən həm əsas borc , həm də faiz düzgün hesablanmamışdır , əsas və borc məbləği borcun və faizin düzgün hesablanıbhesablanmaması aydınlaşdırılmalı və qeyd edilən amillər müəyyən edilməlidir. Məhkəmə yalnız iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı və s. sənədlərə əsaslanaraq düzgün mövqe nümayiş etdirməmişdir . Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, 4 aydır ki, hər ay 1000 manat olmaqla ödəniş edir. Artıq normal qaydada pulu ödəyir. Bütün ödənişlərin qəbzləri də var. Digər aylar üçün də məbləğlər müəyyənləşdirilib, ödənişləri edir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, digər cavabdehlər isə gəlməmə səbəbini göstərməmişdir. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə iddiaçı tərəfindən Cavabdeh1 36 ay müddətində, illik 30 faiz ödəmək şərti ilə 30.000 manat kredit verilmişdir. xx xxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin 24.110,52 manat əsas, 2.310,74 manat faiz borcu olmaqla, cəmi 26.421,26 manat borcu vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Əvvəla, iddiaçı tərəfindən əsas və faiz borcunun düzgün hesablanmadığı, bank tərəfindən əsassız olaraq edilmiş ödənişlər faizlərə hesab edildiyi göstərilsə də bu dəlillər əsassızdır. Çünki, cavabdeh düzgün hesablanmamağın nədən ibarət olmasını açıqlamır. Edilmiş ödənişlərin həm əsas, həm də faiz borcuna hesablanması da ödəniş cədvəlinə uyğun olaraq düzgün həyata keçirilmişdir. Ona görə də cavabdeh nəyin aydınlaşdırılmalı olduğunu konkret dəlillərlə göstərmir. İddia tələbi üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət və əsas olmamışdır. Çünki, iddia tələbində göstərilən əsas və faiz borcunun məbləğləri işin faktiki hallarına uyğundur və düzgünlüyü şübhə yaratmadığından ekspertizanın keçirilməsinə də əsas mövcud deyildir. İkincisi, cavabdehin göstərdiyi digər dəlillər də onu iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx xxx 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, ... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirdiyi hissədə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki, qətnamə mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla dəyişdirilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 5835/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar