Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2235/2023 27.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC «Bank Standart» KB-nin (ləğv prosesindədir) Cavabdeh qarşı iş üzrə (Açar sözlər: «kredit borcunun qaytarılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankın nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-377/2023 saylı, 23 yanvar 2023cü il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. 1xx/xx/122965/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən QSC «Bank Standard» KB tərəfindən Cavabdeh 24 (iyirmi dörd) ay müddətinə illik 25 (iyirmi beş) % olmaqla 2139 (iki min yüz otuz doqquz) manat kredit verilmişdir.
2. xx.xx.2019-cu il tarixli, **********556 nömrəli bildirişlə Cavabdeh borcunu ödəməyəcəyi təqdirdə 3 (üç) gün müddətində məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı QSC «Bank Standart» KB (Ləğv prosesindədir) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il tarixli 1xx/xx/122965/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 1180.73 (min yüz səksən manat, yetmiş üç qəpik) manat əsas borc, 865.37 (səkkiz yüz altmış beş manat, otuz yeddi qəpik) manat faiz borcu 1310.58 (min üç yüz on manat, əlli səkkiz qəpik) manat cərimə, 350.56 (üç yüz əlli manat, əlli altı qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 3707.24 (üç min yeddi yüz yeddi manat, iyirmi dörd qəpik) manatın və 57.08 (əlli yeddi manat, səkkiz qəpik) manat dövlət rüsumunun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. İddiada göstərilir ki, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin borcu qalmışdır. Cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Cavabdeh kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2(004)-5782/2019 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restruktrizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər tərəflərindən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restruktrizasiya müqaviləsi imzalanmamışdır.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-377/2023 saylı, 23 yanvar 2023-cü il tarixli qətnaməsi (hakim Toğrul Axundov) ilə iddia tələbinin təmin edilməməsi və iddiaçı tərəfindən ödənilmiş 57,08 manat məbləğində dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 1xx/xx/122965/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin müddəti bitmiş və tərəflər arasında həmin müqaviləsinin uzadılması halı baş verməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etdiyi kimi, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Buna görə iddia müddətinin keçməsini nəzərə alaraq iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə cavabdehin bu ərizəsini iddia müddətinin tətbiq edilməsi barədə ərizə kimi qiymətləndirərək hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini mümkün sayır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.
8. Apellyasiya şikayətində göstərilir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2(004)-5782/2019 saylı qərardadında Fərmanın tətbiqi prosedurlarına sərf oluna biləcək ağlabatan müddət konkret olaraq müəyyən edilməmişdir. Müvafiq Fərmanla əlaqədar iddia ərizələrinin məhkəmələr tərəfindən baxılmamış saxlanılması təcrübəsi öncədən mövcud olmadığından, onun tədbiqinə sərf ediləcək ağlabatan müddətin bank tərəfindən müəyyən edilməsi də mümkün olmamışdır. Məhkəməyə yenidən müraciət olunduğu təqdirdə eyni vəziyyətlə üzləşməmək üçün, həmçinin son dövrlərə qədər apellyasiya məhkəmələrində müvafiq Fərmanla bağlı məsələlər mübahisələndirildiyindən məhkəməyə ancaq xx.xx.2022-ci il tarixdə yenidən müraciət edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən xx.xx.2014-cü il tarixli 1xx/xx/122965/14 saylı kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirilməsindən sonra başlayır. Bu səbəbdən də xx.xx.2014-cü il tarixli 1xx/xx/122965/14 saylı kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün iddia müddətinin axımı başlamamışdır. Həmçinin xx.xx.2014-cü il tarixli 1xx/xx/122965/14 saylı kredit müqaviləsi 24 ay müddətinə bağlanaraq, xx.xx.2016-cı il tarixi kreditin ödənilməli olduğu son tarixdir. Məhkəmə iş materiallarında həmin hissəyə istinad edərək iddia müddətinin 3 il olmasını göstərərək, iddia müddətinin tətbiq olunmasını qeyd etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 378. Öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
18. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) təmin edilməyən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
19. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirib ki, bankdan borc almış və qaytarmışdır, borcu yoxdur. 7-8 ildir onu heç kimi axtarmır. İddia tam əsassızdır. İddia müddətinin keçməsinə görə ona qarşı iddia rədd edilməlidir.
20. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.)
21. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür - ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nədə mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı).
22. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
23. Apellyasiya şikayətində qeyd edilən hallar, yəni kredit müqaviləsi üzrə cavabdehə restruktrizasiya müqaviləsi bağlanmasının təklif olunması, işlərin araşdırılaraq yenidən məhkəməyə müraciət olunmasının uzun müddət vaxt tələb etməsi geniş işçi resurslarına və orqanlara malik hüquqi şəxs olan iddiaçı təşiklata müddətin ötürülüməsinin üzrlü hesab edilməsi üçün əsas verən hallar deyildir.
24. Kredit müqaviləsi üzrə öhdəliklərin icra edilənədək müqavilənin qüvvədə olması ilə bağlı qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.
25. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarı”nda ifadə edilmiş hüquqi mövqeyə görə, “...kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır”.
26. Göründüyü kimi, kredit müqaviləsi üzrə münasibətlərə üç illik müddət tədiq edilir və bu müddətin axmının başlanması müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
27. Baxılan işdə isə kredit müqaviləsinin icra müddəti xx.xx.2016-cı il tarixdə bitmiş, üç illik müddətin axımı həmin vaxtdan başlanmışdır.
28. Ona görə də, öhdəliklərin icra edilənədək müqavilənin qeyri-müəyyən tarixədək qüvvədə olması barədə yanaşma Mülki Məcəllənin iddia müddəti ilə bağlı normalarına və Plenumun istinad edilən qərarlarındakı hüquqi mövqelərə, eyni zamanda iddia müddəti instutunun mahiyyətinə ziddir.
29. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 377/2023 saylı, 23 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-377/2023 saylı, 23 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.