Məhkəmə qərarları › İş №2(103)-2238/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2238/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2238/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borclunun icranı gecikdirməsinin hüquqi nəticələri, gecikdirilmiş vaxtüçün illik beş faiz ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X10 oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi-vəkili X3 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsinin gecikdirilməsinə görə faiz borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-302/2023 saylı 19 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2007-ci il tarixli, 2-2046/07 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiası təmin edilmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh borcun hesablanmasının əvvəlinin 20 fevral 2009-cu il tarixdən olmasının nəzərə alınmaqla iddiaçının xeyrinə 20 fevral 2009-cu il tarixdən 03 avqust 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq 38.715 manat məbləğində borcun və ödənilmiş 206.15 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC (İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanan 21 sentyabr 2006-cı il tarixli kredit müqaviləsinə əsasən borcalana 50.000 manat məbləğində illik 22% olmaqla 12 ay müddətinə kredit verilmişdir. Borcun təminatı olaraq X4 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən, 45 nömrəli evin 11 saylı mənzili 21 sentyabr 2006-cı il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2007-ci il tarixli qətnaməsi ilə bankın iddia tələbi təmin edilmiş, Cavabdeh ümumilikdə 69.479 manat məbləğində borc tutulmuş, tutma ipoteka ilə yüklü edilmiş X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 45 nömrəli evin 11 saylı mənzilinə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2008-ci il tarixli qətnaməsi ilə bankın iddiası təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, işə yenidən baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 fevral 2009-cu il tarixli, 2(102)-499/2009 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2008-ci il tarixli 2(103)-2811/2008 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh banka 20 fevral 2022-ci il tarixdən 03 avqust 2022-ci il tarixinədək 21 sentyabr 2006-cı il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olmaqla (əsas borca hesablanmış 5%) 38.715 manat borcu vardır.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-302/2023 nömrəli, 19 yanvar 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən ipoteka qoyulmuş əmlakın təhvil verilməsi birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin ipoteka qoyulmuş əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2811/2018 saylı, 11 noyabr 2018-ci il tarixli icra vərəqəsi üzrə hərrac 15 iyul 2022-ci il tarixdə keçirilmiş, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə bağlanmışdır. Baxılan iş üzrə Cavabdeh ipoteka predmetinin satışına hər hansı maneələr yaratması işin halları ilə müəyyən olunmur. Qeyd olunanları nəzərə alan məhkəmə hesab etmişdir ki, Cavabdeh pul öhdəliklərinin həyata keçirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2008-ci il tarixli 2(103)-2811/2008 saylı qətnaməsinin gec icra edilməsi ilə bağlı təqsiri olmamışdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2, 445.2.1, 445.7, 448.4 və 449.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

7. İddiaçı ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-302/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

8. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hesab edir ki, Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 21 sentyabr 2006-cı il tarixli kredit müqaviləsi illik 22 faizlə 12 ay müddətinə bağlanmış və bu müddət ərzində Cavabdeh tərəfindən krediti tam ödənilməməsi öhdəliyin lazımınca icra edilməməsinə gətirib çıxarmışdır. Belə olan halda isə Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsində göstərilən halın baş verdiyi aydın şəkildə görünür. Hesab edir ki, kredit müqaviləsi üzrə borc ödənilmədiyindən Bankın illik beş faizlə hesablanmış əldən çıxmış fayda borcu tələb etmək hüququ yaranmışdır. Cavabdeh üzərinə düşən öhdəliyi 21 sentyabr 2007-ci il tarixədək icra etməli olduğu halda, icra etməmiş və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlar 449.1-ci maddənin tərkibini yaradır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Tərəfindən məhkəmə qətnaməsininicra olunmadığına dair kifayət qədər sübutlar təqdim edilmiş, lakin məhkəmə təqdim edilmiş sübutlara obyektiv yanaşmamışdır.

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, ipoteka predmetinə tutma yönəldilib-yönəldilməməsindən asılı olmayaraq borcun ödənilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var, cavadeh həmin həmin borcu belə ödəməyib, halbuki bu onun birbaşa vəzifəsi idi. Hazırda qətnamə icrasız qalıb. Kreditin təminatı kimi ipoteka müqaviləsi olmasından asılı olmayaraq belə, cavabdeh borcu ödəməli idi. Birinci instansiya məhkəməsi düzgün qənaətə gəlməmişdir.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili X6 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş, təmin edilməməsini və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-302/2023 saylı 19 yanvar 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qeyd etmişdir ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi icraya yönəlmiş, cavadeh tərəfindən tam şəkildə olmasa da ödənişlər həyata keçirilmişdir. Hətta bu ödənişləri təsdiq edən qəbzləri şəxsən özü Nərimanov rayon Məhkəməsinə təqdim etmişdir. Hesab edir ki, bankın təqsiri ucbatından qətnamənin icrası gecikib. Belə ki, bankın adı tez-tez dəyişir, dolayısı ilə rəhbəlik, tərkib də dəyişdiyindən işlərdə ləngimə olmuş, qətnamənin icrası nəzərdən yayınmışdır, bununla bağlı lazımi tədbirlər görülməmişdir. Bəlkə də, qətamənin icrasının gecikməsinə ipotekaqoyanın-mülkiyyətçinin ölümü səbəb olub. Lakin hazırki vaxtda hüquqi varislik müəyyən edilməmişdir. Apellyasiya baxışının hədləri

12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 13.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 14.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 15.Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

16.21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 17.443.1-ci və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 18.445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 19.445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

20. 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

21. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

22. 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarında müəyyən edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.

24. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. 25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 29 mart 2023-cü il tarixli Qərarında müəyyən edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

26. Belə ki, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Məcəllənin 443.1 və 443.2-ci maddələri). Həmin maddələr zərərin ödənilməsini zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

27.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).

28. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 29 mart 2023-cü il tarixli Qərarında müəyyən edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. 31.Belə ki, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Məcəllənin 443.1 və 443.2-ci maddələri). Həmin maddələr zərərin ödənilməsini zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. 32.Beləliklə icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. 33.Beləliklə, öhdəliyin gecikdirilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. İddia ərizəsindən də göründüyü kimi iddiaçı Mülki Məcllənin 449.1-ci maddəsini əlavə olaraq qeyd etsə də, məhz 445.7-ci maddənin dispozisiya şərtlərinə istinadən cavabdehdən pulun tutulmasını xahiş edir. Lakin burada nəzərə alınmalıdır ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. 34.Borclunun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz və təqsirli olması halını aydınlaşdırmaq məqsədilə məhkəmə kollegiyası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2007-ci il tarixli, 2-2046/07 saylı icra sənədi üzrə tərtib edilmiş icra işini əldə etmişdir. İcra işində olan sənədlərə əsasən, müvafiq icra sənədi üzrə icraata başlamaq haqqında qərarın xx.xx.2021-ci il tarixdə qəbul edildiyi, könüllü icra barədə bildirişin də borcluya həmin tarixdə ünvanlandığı müəyyən edilmişdir. 35.İcra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən əmlakın qiymətləndirilməsi təşkil edilmiş, daha sonra isə əmlakın açıq hərracdan satılmasına dair sifariş verilmişdir. Təkrar hərrac baş tutumadığından ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ipoteka saxlayana təklif olunmuş, nəticədə Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 45 saylı evin 11 saylı mənzili xx.xx.2022-ci il tarixdə 124.312,50 manata tələbkar "xxxx" ASC tərəfindən əldə edilmişdir. 36.Göründüyü kimi hazırda cavabdehin qanuni qüvvəyə minmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2007-ci il tarixli, 2-2046/07 saylı qətnaməsinin icrasına maneçilik törətməsi (icraatın dayandırılması ya da icranı mümkünsüz etməsi və s.) halları müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instnasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir. 37.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 38.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 39.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-302/2023 nömrəli, 19 yanvar 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar